Yeni dünya nizamında Mərkəzi Asiya və Orta Dəhlizin artan əhəmiyyəti
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Dünya nizamının transformasiyası və çoxqütblü sistemə keçid prosesi Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətini daha da artırır. Regionun əlverişli coğrafi mövqeyi, zəngin iqtisadi potensialı və beynəlxalq nəqliyyat marşrutları üzərində yerləşməsi Çin, Rusiya, ABŞ və Avropa İttifaqının diqqətini cəlb edir. Böyük güclər arasında artan rəqabət Mərkəzi Asiya ölkələrini xarici siyasətdə balans axtarmağa və müxtəlif tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirməyə sövq edir. Bu şəraitdə çoxvektorlu diplomatiya region dövlətləri üçün həm yeni imkanlar yaradır, həm də müəyyən geosiyasi riskləri gündəmə gətirir. Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu “XQ”nin mövzu ilə bağlı sualını cavablandırıb.
- Qlobal güclərin Orta Asiyaya artan marağı fonunda region ölkələrinin tətbiq etdiyi "çoxvektorlu diplomatiya" onlara böyük güclər arasındakı rəqabətdə necə manevr imkanları qazandırır və hansı riskləri ehtiva edir?
-Hazırda çoxqütblü dünyanın formalaşması prosesi gedir. İkinci Dünya müharibəsindən sonra qurulmuş dünya nizamının tədricən çökməsi qlobal geosiyasi rəqabəti artırır. Bir sıra aparıcı güclər arasında rəqabətin dərinləşməsi və ziddiyyətlərin yaranması, təbii ki, dövlətlərarası münasibətlər sisteminə də ciddi təsir göstərir.
Bu proses öz növbəsində yeni risklər yaradır. Çoxqütblü dünyanın formalaşması dövlətlərarası münasibətlər sisteminin yenidən şəkillənməsinə təsir etməklə yanaşı, yeni beynəlxalq təşkilatların və hərbi blokların yaranması ehtimalını da gündəmə gətirir.
Xüsusilə Mərkəzi Asiya böyük maraq doğuran regionlardan biridir. Çünki bu bölgənin həm nəqliyyat dəhlizləri baxımından əlverişli coğrafi mövqeyə malik olması, həm də ciddi iqtisadi potensialı onu cəlbedici regiona çevirir. Buna görə də qlobal güclər öz geosiyasi maraqlarını təmin etmək məqsədilə Mərkəzi Asiya ölkələrinə xüsusi diqqət yetirir və bölgədə mövqelərini gücləndirməyə çalışırlar. Nəticədə region geosiyasi rəqabət meydanına çevrilir. Təbii ki, bu vəziyyət özü ilə müəyyən risklər də gətirir.
Lakin region ölkələri çoxşaxəli siyasət yürütməyə və manevr imkanlarını genişləndirməyə məcburdurlar. Bu baxımdan onların müxtəlif güc mərkəzləri ilə münasibətləri balanslaşdırmağa çalışması təbii qarşılanmalıdır.
Digər tərəfdən, istər Yaxın Şərqdəki hadisələr, istərsə də Ukrayna müharibəsi beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində müəyyən problemlər yaradıb. Bu isə Orta Dəhlizin əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır. Buna görə də Orta Dəhliz qlobal güclərin maraq dairəsindədir. Bütün ölkələr bu marşrutda pay sahibi olmağa və onun imkanlarından yararlanmağa çalışırlar.
Hesab edirəm ki, hazırda təkcə Mərkəzi Asiyada deyil, ümumilikdə bütün dünyada ciddi ziddiyyətlər mövcuddur. Qarşıdurma və rəqabətin güclənməsi, geosiyasi böhranın dərinləşməsi bütün dövlətlər və xalqlar üçün yeni təhdidlər yaradır.
Lakin yaranmış vəziyyətdən, yəni geosiyasi böhrandan maksimum faydalanan ölkələr də var. Onlardan biri Azərbaycandır. Azərbaycan geosiyasi böhranın yaratdığı imkanlardan öz lehinə istifadə etməklə Qarabağ problemini də həll etdi. Artıq ölkəmizin qarşısında yeni hədəflər dayanır.
Eyni zamanda, Orta Dəhlizdə Azərbaycanın mövqeyi əvəzolunmazdır və bu amil ölkəmizə əlavə dividendlər qazandırır. Hesab edirəm ki, Azərbaycanın həyata keçirdiyi siyasət ölkəni təhdidlərdən sığortalamaqla yanaşı, qlobal böhranı fürsətə çevirməyə də imkan verib. Azərbaycan kimi ölkələrin dünyada çox az nümunəsi var. Düşünürəm ki, bundan sonra da geosiyasi proseslərə adekvat siyasətin yürüdülməsi ölkəmizə əlavə dividendlər qazandıra bilər.
Südabə MƏTANƏTLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 06 Noyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















