Yeni fəlakətlərə aparan yol: Sukhoi Superjet təyyarələrində qüsurlar aşkarlandı
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın yeganə müasir sərnişin təyyarəsi olan "Sukhoi Superjet 100"də ciddi konstruktor çatışmazlıqları üzə çıxıb.
Qaynarinfo "The Moscow Times"a istinadən xəbər verir ki, ümumilikdə 14 təyyarədə gövdə bərkidilməsində qüsurlar müəyyən edilib.
Problemlər pilot kabinəsi ilə ön qapılar arasındakı hissəyə aiddir. Mütəxəssislərin sözlərinə görə, istismar zamanı həmin sahədə çatlar, deformasiyalar və bükülmələr yarana bilər. Əgər texniki baxış bu çatışmazlıqları təsdiqləsə, qüsurlu təyyarələr uçuşlardan kənarlaşdırılaraq təmirə göndəriləcək.
Hazırda belə təyyarələr "Yamal", "Rossiya", "Azimut" və digər aviaşirkətlərin donanmasında istismar olunur.
"Sukhoi Superjet 100" postsovet dövründə istehsal olunan ilk Rusiya sərnişin təyyarəsi hesab olunur. Onun yaradılmasında Avropadan tərəfdaş şirkətlər də iştirak edib. Təyyarənin seriyalı istehsalı 2007–2022-ci illərdə aparılıb və bu müddətdə təxminən 230 ədəd istehsal olunub. 2022-ci ildən isə "idxal əvəzləyici" yeni versiyanın hazırlanması davam etdirilir.
Hazırda Rusiya mülki aviasiyasının əsas ümidlərindən biri MS-21 layihəsidir. Təyyarənin seriyalı istehsalına 2026-cı ildən başlanacağı bildirilir. Lakin mütəxəssislər onun baha qiymətinin "Boeing" və "Airbus" təyyarələri ilə rəqabətdə ciddi maneə ola biləcəyini qeyd edirlər.
Aydın


