Yeni geosiyasi reallıq: Qardaş xalqların strateji tərəfdaşlıq modeli
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
“2025-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın nüfuzlu “Kazinform” informasiya agentliyinə verdiyi geniş müsahibə həm regionda, həm də beynəlxalq mediada böyük rezonans doğurdu”.
Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, bu müsahibə təkcə iki ölkə arasındakı münasibətlərin bugünkü səviyyəsini deyil, həm də onların gələcək inkişaf trayektoriyasını aydın şəkildə göstərdi:
“Prezidentin fikirləri həm siyasi, həm iqtisadi, həm də mədəni və humanitar aspektlərdə Azərbaycan-Qazaxıstan əlaqələrinin dərinliyini nümayiş etdirdi. İlham Əliyev söhbətə Azərbaycanla Qazaxıstanı birləşdirən mənəvi və tarixi bağlardan başladı.
O vurğuladı ki, bu münasibətlərin təməlində yalnız diplomatik maraqlar deyil, qardaşlıq, ortaq köklər və qarşılıqlı etimad dayanır. “Bizim münasibətlərimiz dostluqdan da artıqdır, bu qardaşlıq münasibətləridir”, - deyə Prezident bildirdi.
Bu cümlə, əslində, müsahibənin tonunu müəyyənləşdirdi: söhbət iki dövlət arasında sadəcə əməkdaşlıqdan deyil, ümumi dəyərlər üzərində qurulmuş birlikdən gedir. Daha sonra dövlət başçısı Azərbaycanla Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəklədiyini xatırlatdı.
Türk Dövlətləri Təşkilatında əməkdaşlığın mühüm istiqamətlərindən danışan İlham Əliyev bu platformanın türkdilli xalqlar arasında həmrəyliyin, qarşılıqlı inkişafın və ortaq maraqların qorunmasının əsas dayaqlarından birinə çevrildiyini qeyd etdi”.Onun sözlərinə görə, müsahibənin ən çox diqqət çəkən hissələrindən biri iqtisadi münasibətlərə aid idi:
“Prezident bildirdi ki, son illər Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi rekord səviyyəyə çatıb. 2024-cü ildə ticarət həcmi 470 milyon ABŞ dolları təşkil edibsə, 2025-ci ilin ilk səkkiz ayında bu rəqəm artıq 547 milyon dollara yüksəlib.
Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artım deməkdir. Azərbaycan tərəfindən Qazaxıstana yatırılan sərmayənin 225 milyon dollara, Qazaxıstandan Azərbaycana yönəldilən investisiyanın isə 136 milyon dollara çatması əlaqələrin qarşılıqlı faydalı və etimadlı xarakter daşıdığını təsdiqləyir.
İlham Əliyev vurğuladı ki, bu iqtisadi dinamikanın arxasında qarşılıqlı siyasi iradə və strateji planlaşdırma dayanır. Hazırda Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən 250-yə yaxın şirkətin olması, eyni zamanda Azərbaycan iş adamlarının Qazaxıstan bazarında fəal iştirakı iki ölkə arasında biznes körpüsünün artıq tam formalaşdığını göstərir. Prezidentin toxunduğu digər mühüm istiqamət nəqliyyat və loqistika sahəsi idi.
O qeyd etdi ki, Xəzər dənizi üzərindən keçən “Orta Dəhliz”, yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq regionun strateji reallığına çevrilib. 2024-cü ildə bu marşrut vasitəsilə daşınan yüklərin həcmi 3,5 milyon tonu ötüb, bu da əvvəlki illərlə müqayisədə təxminən 20 faiz artım deməkdir”.
O qeyd edib ki, Azərbaycan və Qazaxıstan hökumətləri bu istiqamətdə infrastrukturun modernləşdirilməsi üçün mühüm addımlar atır:
“Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı və Aktau limanı arasında əlaqələrin gücləndirilməsi, həmçinin Xəzərin dibi ilə fiber-optik kabelin çəkilməsi layihəsi nəqliyyatla yanaşı rəqəmsal inteqrasiyanı da sürətləndirəcək.
Müsahibədə diqqət çəkən başqa bir məqam “yaşıl enerji” sektoruna dair fikirlər idi. Prezident İlham Əliyev bu sahənin gələcək əməkdaşlıq istiqamətlərindən biri olduğunu, xüsusilə də külək və günəş enerjisi potensialının birgə layihələr vasitəsilə reallaşdırılmasının planlaşdırıldığını açıqladı.
Bu, həm enerji təhlükəsizliyinin təmin olunmasına, həm də iki ölkənin ekoloji hədəflərinə xidmət edəcək. Azərbaycan Prezidentinin çıxışı yalnız iqtisadi və enerji məsələləriylə məhdudlaşmadı.
O, mədəni və humanitar əlaqələrin əhəmiyyətini də xüsusi vurğuladı. Ortaq tarix, dil və ənənələr əsasında qurulan bu münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə hər iki ölkədə mədəniyyət günlərinin, tələbə mübadilələrinin və birgə elmi layihələrin təşkil olunduğunu xatırlatdı.
Prezidentin sözlərinə görə, “Azərbaycanla Qazaxıstan arasında mədəni yaxınlıq, bizim dostluğumuzu daha da dərinləşdirən mənəvi bağdır”. İlham Əliyevin “Kazinform”a müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri təkcə regional əməkdaşlıq nümunəsi deyil, həm də qardaş xalqların müasir dövrdə strateji tərəfdaşlıq modelidir”.
Jalə Əliyeva diqqətə çatdırıb ki, bu müsahibə həm Qazaxıstan ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya aydın mesaj verdi:
“Türkdilli dövlətlər arasında həmrəylik, qarşılıqlı etimad və strateji əməkdaşlıq XXI əsrin mühüm istiqamətlərindən biridir.
Bu müsahibə təkcə iki ölkənin bugünkü birliyini deyil, həm də ortaq gələcək vizyonunu nümayiş etdirdi - siyasi iradənin, iqtisadi inkişafın, mədəni yaxınlığın və qardaşlıq ruhunun harmoniyasını göstərdi”.
Elmir
“Cebheinfo.az”
Açar sözlər: Prezident Müsahibə
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


