Yeni siyasi dövrün başlanğıcı ŞƏRH
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin yeni tarixi mərhələyə qədəm qoymasının siyasi göstəricilərindən biri kimi diqqəti cəlb edir. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra YAP-ın ilk qurultayı olması ilə xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan VIII Qurultayı yalnız partiyanın fəaliyyətinə yekun vuran təşkilati tədbir kimi qiymətləndirmək düzgün olmazdı. Qurultay, ilk növbədə, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərin fonunda qarşıdakı mərhələnin siyasi və ictimai prioritetlərini müəyyənləşdirən mühüm platformadır.
Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti ölkənin müstəqillik tarixinin əsas mərhələləri ilə sıx bağlıdır. 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya sonrakı dövrdə Azərbaycanın siyasi sistemində aparıcı qüvvələrdən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan son onilliklər ərzində iqtisadi və siyasi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq mövqelərini möhkəmləndirib və nəhayət, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Bu gün YAP-ın siyasi fəaliyyətini məhz bu yeni reallıq müəyyənləşdirir.
44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və sonrakı proseslər Azərbaycan dövlətinin qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradıb. Əgər əvvəlki mərhələnin əsas strateji məqsədlərindən biri işğalın aradan qaldırılması və ərazi bütövlüyünün təmin edilməsi idisə, artıq qarşıda daha geniş və uzunmüddətli vəzifələr dayanır. Əldə olunmuş Zəfərin siyasi və iqtisadi nəticələrinin möhkəmləndirilməsi, dayanıqlı sülhün təmin olunması, azad edilmiş ərazilərin bərpası və ölkənin hərtərəfli inkişafının davam etdirilməsi yeni mərhələnin başlıca istiqamətləridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri yalnız dağıdılmış şəhər və kəndlərin bərpası deyil. Burada müasir infrastrukturun yaradılması, yeni iqtisadi imkanların formalaşdırılması, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin Azərbaycanın ümumi inkişaf sisteminə inteqrasiyası məqsədi daşıyan uzunmüddətli strategiya həyata keçirilir.
Bu strategiyanın uğurla davam etdirilməsi ölkənin siyasi sabitliyindən, iqtisadi imkanlarından və cəmiyyətin həmrəyliyindən birbaşa asılıdır. YAP-ın qarşısında dayanan əsas vəzifələrdən biri də məhz dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılmasına, milli həmrəyliyin qorunmasına və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində ictimai dəstəyin gücləndirilməsinə töhfə verməkdir.
Müasir dövrdə bu vəzifənin əhəmiyyəti daha da artır. Çünki siyasi mübarizə artıq yalnız ənənəvi siyasi institutlar və vasitələrlə aparılmır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial medianın ictimai rəyə təsiri, süni intellektin yaratdığı yeni imkanlar və informasiya müharibələrinin genişlənməsi cəmiyyətlərin qarşısında yeni çağırışlar yaradır.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər mühüm olduğuna diqqət yetirməsi də təsadüfi deyil. Dövlətin gücünü yalnız iqtisadi və hərbi imkanlarla ölçmək kifayət deyil. Milli kimliyin, tarixi yaddaşın, dövlətçilik düşüncəsinin və cəmiyyətin informasiya dayanıqlığının qorunması da müasir dövlət üçün strateji əhəmiyyət daşıyır.
Bu baxımdan təhsil və bilik xüsusi rol oynayır. Tarixi prosesləri dərindən bilən, müxtəlif informasiya mənbələrini müqayisə edə bilən və manipulyativ məlumatları ayırd etməyi bacaran cəmiyyət xarici təsirlərə qarşı daha dayanıqlı olur. YAP üçün də yeni mərhələdə ideoloji fəaliyyətin məhz dəyişən informasiya mühitinin tələblərinə uyğun qurulması mühüm vəzifələrdən biridir.
Azərbaycanın qarşısında duran digər mühüm istiqamət isə iqtisadi və geosiyasi imkanların daha da genişləndirilməsidir. Son illərdə həyata keçirilən enerji, nəqliyyat və regional əməkdaşlıq layihələri ölkənin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional nəqliyyat və kommunikasiya layihələrinin mühüm iştirakçısı, Şərq-Qərb və Şimal-Cənub bağlantılarında strateji mövqeyə malik dövlət kimi çıxış edir.
Bu imkanların daha da genişləndirilməsi Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi ilə yanaşı, onun beynəlxalq siyasi çəkisinin artmasına da xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət və milli maraqlara əsaslanan yanaşma Azərbaycanın regional və qlobal proseslərdə rolunu genişləndirən əsas amillərdəndir.
VIII Qurultay YAP-ın özünün də yeni mərhələnin tələblərinə uyğunlaşmasını zəruri edir. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklərin edilməsi, yeni İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibinin təsdiqlənməsi təşkilati baxımdan qarşıdakı dövrə hazırlığın mühüm elementləridir. Qurultaya hazırlıq çərçivəsində partiyanın 84 yerli təşkilatında hesabat konfranslarının keçirilməsi və 960 nümayəndənin qurultaya seçilməsi isə bu prosesin geniş təşkilati əsasda aparıldığını göstərir.
Lakin yeni mərhələnin əsas məsələsi yalnız təşkilati strukturun təkmilləşdirilməsi deyil. Əsas məsələ Azərbaycanın dəyişən siyasi, sosial və informasiya reallıqlarına uyğun olaraq partiyanın cəmiyyətlə münasibətlərini daha da gücləndirməsi, xüsusilə gənclərlə işə yeni yanaşmalar formalaşdırması və dövlətçilik ideyalarının müasir vasitələrlə daha effektiv şəkildə təbliğ edilməsidir.
Yeni Azərbaycan Partiyasının qarşısında artıq fərqli miqyasda məqsədlər dayanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə mühüm tarixi vəzifə yerinə yetirilib. İndi isə həmin Zəfərin dayanıqlı inkişaf, güclü dövlətçilik və yüksək rifah modelinə çevrilməsi əsas hədəflərdən biridir.
Bu baxımdan VIII Qurultay bir dövrün yekunu olmaqla yanaşı, yeni dövrün başlanğıcıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında müəyyənləşdirilən strateji hədəflər YAP-ın siyasi fəaliyyətinin də əsas istiqamətlərini formalaşdırır. Dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, ideoloji dayanıqlığın artırılması, iqtisadi inkişafın dəstəklənməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi bu mərhələnin əsas prioritetləridir.
YAP-ın VIII Qurultayının əsas siyasi mesajı da məhz bundan ibarətdir: Azərbaycanın əldə etdiyi tarixi Zəfər son deyil, yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu mərhələdə əsas vəzifə qazanılmış nailiyyətləri qorumaq, dövlətin gücünü daha da artırmaq və Azərbaycanı qarşıdakı yeni çağırışlara daha hazırlıqlı vəziyyətə gətirməkdir.
Həsənli Cəlal
YAP Culfa rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 07 Oktyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















