Yetmiş yaşında cavan VAQİF BƏHMƏNLİ 70
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaqif BƏHMƏNLİ
Yetmiş yaşında cavan
2025-ci il may ayının 23-də Azərbaycanın Əməkdar mədəniyyət işçisi, şair, publisist Vaqif Bəhmənlinin 70 yaşı tamam olur. Oxucularımıza yaxşı bəllidir ki, ədibin 55 il ərzində qələmə aldığı poeziya əsərləri axıcı dili, parlaq koloriti, zərif yumor çalarlarıyla fərqlənir. “525-ci qəzet” bunu nəzərə alaraq yetmiş yaşda da gənclik ruhunu möhkəm qoruyub saxlayan Vaqif müəllimin gülərüzlü, nikbin ovqatlı şeir çələngini təqdim etməyə qərar verib. Müdriklik yaşına gülə-gülə qədəm qoyan şairi bir daha ürəkdən salamlayır, ona möhkəm cansağlığı, uzun ömür, təravətli əsərlər arzulayırıq.
“525-ci qəzet”
Sevgi şeirləri
Bal eləyib dilimi
yazdım ömrün yazında.
Yoluşdurub telimi
yelə verdim... yazanda
sevgi şeirlərimi...
Doyulmaz dadla-tamla
çəkilib bir qırağa,
Gözümdən damla-damla
ələdim ağ varağa
sevgi şeirlərimi.
...Söz dinirdi dərində -
Sevənə döz deyirdi,
Xatirə dəftərində
qızılgül bəzəyirdi
sevgi şeirlərimi.
Anası izləyirdi,
qız düşürdü təlaşa,
Çaparaq gizləyirdi
alt üzündə balışın...
sevgi şeirlərimi.
Bəyənir Kərəm lələ,
Məcnun da qollayırdı.
Oğlan xətt sala-sala
yarına yollayırdı
sevgi şeirlərimi.
Yar sözümə, - qızıl dən,
gülab axdı, deyirdi...
Elə bil ürəyimdən
tikan çıxdı, deyirdi
sevgi şeirlərimə.
İndisə çəkib ahı
başın sallayıb dinmir...
Başıma kül, İlahi,
arvadım da bəyənmir
sevgi şeirlərimi!
Rədiflər
Gülüşünə tay hanı? -
qəmzələrin süzgün ox.
Qansız gözələ canım
qurban olsun, yoxsa yox?
Dərdin dəvəsi sinəm –
dartır həvəsi sənə...
Zınqırov səsi sənə
mehman olsun, yoxsa yox?
Zülm eylədin o ki var;
canda leysan yükü var -
göz yaşımdan səhralar
ümman olsun, yoxsa yox?
Bu qədər ağlarıqsa,
ağlayıb çağlarıqsa,
Dövran bizik... varıqsa,
dövran olsun, yoxsa yox?
Çıxarı nəfdən baha
bir söz qalmadı daha...
Vaqif səntək dərgaha
qurban olsun, yoxsa yox?
İki pəri
“Gördüm iki pəri gəlir” adlı
gözəl bir özbək mahnısı var.
Naz-qəmzəyə yaraşan
söz araşdır, söz ələ,
Yerişindən yer aşan
gözələ bax, gözələ –
ikisi birdən gəlir.
Allah, belə sirr olar? –
üzlər işıq təkidi.
Göydə günəş bir olar,
Yerdə niyə ikidi? –
ikisi birdən gəlir.
Yəqin bu günə görə
Tanrı məni yaradıb.
Boşqabda alma kimi
qəlbim iki paradı –
ikisi birdən gəlir!
Qəm, bilirəm oyundu –
arxalıdı, qoşundu!
Bəs iki nur hayanda
bikir oldu, qoşuldu? –
ikisi birdən gəlir.
Yer də yoxdu durmağa,
Titrədi, dizim əsdi.
Dədəmə od vurmağa
bunun biri də bəsdi –
ikisi birdən gəlir.
Yolum üstə bitən gül
Əllər dəyib əlimə,
çatıb mənə çatan gül.
Məni yoldan eləmə,
yolum üstə bitən gül.
Yubanmağım havayı,
qoy gedim, zaman axır.
Göz yaşından savayı
mənim nəyim var axı?
Nə yollarda bitən gül,
nə bu yollar tükənir.
Barmağımda göynəyir
çox güllərin tikanı.
Nəğmə bilmə səsimi,
göz yaşımı şeh bilmə.
Quruca nəfəsimi
nəsim bilmə, meh bilmə.
Baxtımı tuş eləmə
dünyanın günahına.
Səni and verirəm mən
güllərin allahına...
Yolum üstə bitən gül,
bu dünya ölüm-itim.
Mən bir fağır oğlanam...
Qoy öz yolumnan gedim!
Külək
Saçlarımı daraqladı
sən tərəfdən əsən külək.
Ötən günü varaqladı
sən tərəfdən əsən külək.
Bir dəlisov atdı mənə,
Çapıb-çapıb çatdı mənə,
Dəsmalını atdı mənə
sən tərəfdən əsən külək.
Küləyin də var incisi,
Hər əsimi dürr incisi...
Küləklərin birincisi
sən tərəfdən əsən külək!..
Gözlərin
Xətası az olmaz –
aladı gözlərin.
Bu sayaq göz olmaz,
lalədi gözlərin.
Hökm edir Günəşə,
istəyir danışa...
Qanımı atəşə
qaladı gözlərin.
Hər şamın öz nuru –
yaşadır qız nuru...
Gözümə göz nuru
caladı gözlərin.
Qaşların qaranquş,
Kitabmış, Quranmış...
Xilqətdən yaranmış
bəladı gözlərin.
Sən ki şah, sən ki xan,
Gözlərin günçıxan –
Deyəsən mən çıxan
yoladı gözlərin?
Qapımı döy
Dodağımda yalvarış;
Küsmüsən, gəlim, barış.
Üşüsən bir qarlı qış
qapımı döy, qapımı.
Çıx yola bahar kimi,
Nur dolu səhər kimi.
Şah kimi, sərdar kimi
qapımı döy, qapımı.
Gün ötdü, ay doğdu, gəl,
Hicran məni boğdu, gəl!
Ruhum candan çıxdı, gəl
qapımı döy, qapımı.
Vaqif ki div deyilmiş,
Sənsiz qəddi əyilmiş!
Ay qapısı döyülmüş,
qapımı döy qapımı...
Səni
Tapılarmı, özün denən,
gözəllikdə ötən səni?
Bircə dəfə görməyinən
sevdim, ey gülbədən, səni!
Gecələri kimdi yatan,
Gözlərimdə sökülür dan...
Mən yanında olsam haçan
tez görürülər nədən səni?
Görüşünə qoymur gəlim,
Zalım dədəndi “düşmənim”!
Gəl qəlbimdə gizlən mənim,
onda görməz dədən səni!
Bu gözəl
Ürəyimi üzüb mənim,
üzüb bu gözəl, bu gözəl.
Sinəmə od düzüb mənim,
düzüb bu gözəl, bu gözəl.
Nur yayılır çöhrəsindən,
Könül qızır nəfəsindən.
Mələklərin dəstəsindən
azıb bu gözəl, bu gözəl.
Könlüm-gözüm səksənmədə,
Kədərliyəm bəs mən nədən?
Yazıq Vaqif Bəhmənlidən
küsüb bu gözəl, bu gözəl!
Mənim nənəm sizdədi?
Sənlə keçən günlərm
ürəkdədi, gözdədi,
Ucalardı cır səsin:
“Mənim nənəm sizdədi?”
Doqqaz dinsə takka-tak...
biləydim bu səs nədi.
Soruşardın çaparaq:
“Mənim nənəm sizdədi?”
Nə çəkindin bir kərə,
nə qəlbini gizlədin.
Qalxdın bizim çəpərə:
“Mənim nənəm sizdədi?”
O günlərin istisi
bir cüt qoşa izdədi...
İzlərin gəlir səsi:
“Mənim nənəm sizdədi?”
Əhdimi düz saxladım,
yalnız səni gözlədim...
Nənəm gəlin axtarır,
mənim nənəm sizdədir?
Aramızda
Sevda körükləyir iki sinəni,
Nə yaman alışır köz aramızda.
İsti sinən sini, sinəm səməni,
yavaş ol, əzilər yaz aramızda.
Əmələ gəlməyib daxma havayı,
Sel töküb daxmamı yıxma havayı,
Gözünün yaşını sıxma havayı,
Axı nə baş verib, qız, aramızda?
Hər naza umsunan it oğrusudu!
Nazından usanan it oğlusudu!
Elə bil ərköyün toy toğlusudu –
Sabahdan hərlənir naz aramızda.
Suçlu can can atsa xətti keçməyə,
Seyidin belqıran cəddi keçməyə!
Çətin imkan verər səddi keçməyə
Sərhəd məftilidi diz aramızda.
Əcrin qar ələyir alçaq başıma,
Qarları, buzları al, çax başıma –
Qoy dönsün ağappaq çaxmaq daşına,
Qığılcım törətsin buz aramızda.
Sürtüb-işıldadıb şüşə gözünü
Bədnəzər dirəyib daşa gözünü...
Üzərrik tüstüsü deşə gözünü,
Gərək hazır dura duz aramızda.
Lütf elə, bu sirri kimsə bilməsin,
Kəsik baş gəzdirən kisə bilməsin,
Məscid eşitməsin, kilsə bilməsin,
Qalsın Allah ilə öz aramızda...
Birinci mərtəbə
Həyatım boyu bir dəfə gördüyüm və görən kimi bir könüldən min könülə aşiq olduğum, hansı səbəbdənsə az müddət içində unutduğum bütün gözəllərə ithaf olunur. Bu şeiri də ona görə yazdım ki, gözəl qızlar yeriyəndə heç olmasa ayaqlarının altına baxsınlar...
Qənirsiz ismi pünhan
qəfil qarşıma çıxdı.
Ürəyim tutmadı qan,
qanım başıma çıxdı –
birinci mərtəbədə,
birinci mərtəbədə!
Daldım xülya zilinə,
Tanrı verib siftəmi.
Məhəbbət mənzilinə
sandım dartar lift məni...
birinci mərtəbədən,
birinci mərtəbədən.
Hanı addım irəli,
hanı bir addım geri?
A daş, bir tərpən görüm,
yeri, a kəssək, yeri -
birinci mərtəbədə,
birinci mərtəbədə!
Kim gəlib tapar məni;
yerə yapışıb bədən.
Bəlkə çırpıblar məni
yeddinci mərtəbədən
birinci mərtəbəyə,
birinci mərtəbəyə?
Fələk darlığa mail -
Vədi dalanda alır...
Bəlkə elə Əzrail
canı alanda alır
birinci mərtəbədə,
birinci mərtəbədə?..
Qafil quldu həvəsə -
sağ canım zədən-zədən...
Namərdəm bir də ensəm
yeddinci mərtəbədən
birinci mərtəbəyə,
birinci mərtəbəyə...
Əlim çatmayan budaq
Fələk mənim əzəl başdan
könlümü mələr yaradıb.
Qanad alım hansı quşdan? -
Tanrı gör nələr yaradıb
əlim çatmayan budaqda.
Yarpaqları saçaq-saçaq,
Çox baxmışam ağlım itib.
Sinəm boşdu, əməlli bax,
Ürək gedib harda bitib -
Əlim çatmayan budaqda.
O şax tale qanadımı -
Necə əyim, özüm dərim?
Qəm boşaltdı qanadımı,
həsrət oldu gözüm dərən -
əlim çatmayan budaqdan.
Buğum-buğum hörsəm qəmi
yetər olmaz hər divanə.
Boy-buxunu göylər kimi
hardan tapım nərdivanı
əlim çatmayan budağa?
İstək bəxti oyatmadı;
oyatmadı, oyatmasın.
Mənim ki, əlim çatmadı
heç kimin əli çatmasın
əlim çatmayan budağa.
Barmağını qatla görüm
Ürəyim gül parçasıdı;
hər nə edib, dilim edib.
İnsaf kimi seçəsidi,
kim kimə çox zülüm edib? -
Barmağını qatla görüm.
Hicran ki, var şükür yenə...
Bu da bir növ ərmağandı.
Dağ sinəmdə çatıb minə,
Əllərində barmaq ondu -
Barmağını qatla görüm.
Mənə yağan, məndən yağan
acı qalsın, şirini say.
Uşaqlığı qoy qırağa,
on yeddidən birini say -
Barmağını qatla görüm.
Qəm düzündə xışı çəkən
yaddan çıxıb dönüb yada.
Dərdi məndən yaxşı çəkən
adam varmı bu dünyada? -
Barmağını qatla görüm.
Aramızdan nə yel əsib
namərd olub duymamışam?
Yar yolunda indiyəcən
kim özünü qurban kəsib,
mən canıma qıymamışam -
Barmağını qatla görüm?
Bəs deyirdin sevirəm?
Xatirənlə hər səhər
dolur, çırpınır sinəm.
Nə oldu, ay bəxtəvər,
bəs deyirdin sevirəm?
Tamarzıdı, deyirdin,
bizə həsəddi aləm,
Tellərimi sayırdın,
bəs deyirdin sevirəm?
Halımı bildin daha,
öldürəcək məni qəm...
Vəd verib hər sabaha
bəs deyirdin sevirəm...
Nə kəlməyik, sözük nə -
kiprik islaq, yanaq nəm.
Barmağında üzük nə? -
Bəs... deyirdin... sevirəm...
Saçlarım
Canım-gözüm, elə baxma tənəli,
qızqaytaran vaxtım olub mənim də.
Qara telli,
eşq oynayan sinəli,
günəvərli baxtım olub mənim də.
Baş vurmuşam Quruçaya - qaynayıb,
sərt inadım sel gücünü sındırıb.
Qara telim daraqda diş qoymayıb,
dəlləklərin ülgücünü sındırıb.
Axşamacan əl çəkməyib güzgüdən
Xoruz kimi qaldırmışam kəklimi.
Pul istəyib əlli qəpik özgədən
Horadizdə çəkdirmişəm şəklimi.
Qayda budu,
düşməlidi xəzəllər,
dinməlidi ürək bir gün kövrəlib.
Canım-gözüm, mənə baxan gözəllər
nə olsun ki, saçım kimi seyrəlib.
Günlərimi pay elədim savaba
onçun ömrüm çox ələmə tuş oldu.
Saçımla bir başımdakı hava da
uçdu getdi, yaz yelinə qoşuldu...
Canım-gözüm,
mənə tənə eləmə,
saçlarımı sərt qış üçün yandırdım.
Bir zümrüdün lələyidi hər telim,
hər telimi bir iş üçün yandırdım...
Gözəllər
Bu qızlar nə qədər gözəlləşiblər,
Bu qızlar qabaqlar belə deyildi.
Hərəsi bir günəş; yerə düşüblər,
Çevrilib baxmaqdan boynum əyildi...
Oduna düşsəm də, od baxışların
Bu qədər gözəli görməmişəm mən.
Bu maral qızların, quzu qızların
Saçına gül-çiçək hörməmişəm mən.
Qəşəngi bir deyil, iki deyil ki,
Qəlbimi hansına açsam yaxşıdır?
Könlümə yatanı ürək deyir ki,
Bulaqdan götürüb qaçsam yaxşıdır...
Yanmışlar yamanca yeyin böyüdü
Dünən lap balaca uşaq idilər.
Bu qızlar nəyidi, sevgi nəyidi
Vüsaldan, həsrətdən uzaq idilər.
Keçdilər qəlbimdən cərgəbəcərgə,
Zülfü dəstələyib qoşa saldılar.
Qızlar böyüdülər, mənimlə birgə
Yazıq nənəmi də işə saldılar...
Yenə
Səni gördüm, nazlı gözəl,
huş başımdan azdı yenə.
Damla-damla əridim, gəl...
Sən deyirsən: azdı yenə!
Gecə keçdi, açmadı şam,
Şama həsrət qalan quşam,
Ürəyimi açmamışam
istəyimə az deyənə.
Eşqin yolu səadətim -
Nə olsun ki, çox istədim...
Vaqif deyər son qismətim
azdı yenə, azdı yenə!
Eyvana çıx
Səndən yaman nigaranam -
eyvana çıx, eyvana...
Gizli-gizli, aram-aram
eyvana çıx, eyvana...
Aramızda nə söz oldu?
Gözləməkdən göz yoruldu,
Bağrım başı köz-köz oldu -
Eyvana çıx, eyvana.
Göz danışsın, dilsiz dinək,
Heç olmasa gendən-genə
salamlaşaq yenə, yenə...
Eyvana çıx, eyvana.
Bir can olsun, min can olsun,
Can qurbana imkan olsun,
Mənim könlüm eyvan olsun,
eyvana çıx, eyvana.
Sevginin adı
Altmış il geridə...
o əziz nənən
“Şahanə” adını gör haçan deyib?!
Adın dura-dura “Gülsüm” deyirəm,
Zülfündən öpürəm, “Gülüstan” deyib.
Bilməyən doğman yox “Əsli” adını -
Amma mənə görə “Günəş”di adın.
“Qəmər”sən, “Ulduz”san, gözü “Badam”ım,
“Şəhla”dı, “Şəbnəm”di, “Minəş”di adın.
Həm də “Zümrüd”ümsən, “Sərvinaz”ımsan,
“Can” adın bəllidi, bu öz yerində.
İncimə, söyləsəm “Qumral” quzumsan,
Desəm “Qu-quşu”msan son nəfəsimdə.
Sinəmdən qalxanda ah pərdə-pərdə
“Şamama” üzünə halə deyirəm.
Baxıb ciyərində qaralan dərdə
Sənə bağrıyanıq “Lalə” deyirəm.
Hər yaz unuduram adını sənin;
Eləcə “Çiçəy”im, “Gülü”m eləcə.
“Ballı”dan alıram dadını sənin,
Sanc məni, bal arım, ölüm eləcə!
Çəkəndə qar altda “Bənövşə” təklik
Haraya yetişən “Nərgiz”, “Süsən”sən.
“Naxış”lı “Tovuz”san, “Kəhraba”, “Kəklik”,
“Pəri” sən, “Hürü” sən,
“Məleykə” sənsən.
Sən “Reyhan”, “Təzəgül”, “Qönçə”, “Narıngül”,
“Şəkər”sən, “Şirin”sən, həm də “Nabat”san.
“Sədaqət”, “Lətafət”, “Məhəbbət”, “Könül”
“Ülfət”, “Həqiqət”lə dolu “Həyat”san.
“Zeynəb”im, “Ayişə”m, “Nanə”m, “Əminə”m,
“Gülgün” “Gülüş”ünə “Bahar” deyirəm.
Qəlbinə “Səkinə”, boyuna “Sənəm”,
“Laləzar” çöhrənə “Gülzar” deyirəm.
Adama verilən ad bir naxışdı
Adı doğrultmursa yerə girsin ad!
Ad sənə yaraşır, “Ahu” baxışlım,
“Ceyran” yerişlimsən, mən də ki, səyyad!
Ayrıydıq, ayrıydı adımız əzəl
Bircə adımız var -
sənin və mənim.
Adıntək “Münəvvər” ad hanı, “Gözəl”,
“Vəfa”lım, “Vüsalə”m, “Vəsilə”m mənim.
Ad verib, “Rəhilə” çağırıb anan
Qırx ildi yanıram oduna sənin.
“Gülbuta” adını qoyub bir yana
Nahaq ad qoşuram adına sənin.
“Qızbacı”, “Gülxanım”, indi də “Nənəş”,
Bir adda min ad var; bu necə sirdi?
Doxsan doqquz adın məlumdu mənə,
Yüzüncü adının adı səbrdi!
Rusca kino
Yarımçıq zarafat
Hanı gözü Gündən qamaşan yaşım,
Eh, gör hara qalxdı eşqin kilosu?!
Keçdi səhnə yaşım, tamaşa yaşım
başladı ömrümün rusca kinosu.
Dilimdən qopardı sözü kəlbətin -
Getdi "пока" deyən gülüm, dönmədi.
"Дорагая" dedim, töküldü ətim,
"люблю" deməyə dilim dönmədi.
O vaxtlar mən külbaş "дa"da çaşırdım
Kəlmə anlamırdım "нeт"dən savayı.
Allahdan aşağı söz yox eşidim
"пащol"dan savayı, "get"dən savayı.
Gəzdim rus elini diyarbadiyar
Görən - "человек" yox, yol bildi məni.
"Что случилас, парен?" - sordular;
Dinmədim, gözəllər lal bildi məni!
Gülmə bu şeirimə, cənublu “tülkü”,
Bu halət sənə də şəksiz tanışdı.
Yad eşqin dilini dadmadım, çünki
Eşq, mənnən əcnəbi dildə danışdı...


