Vaqif Bəhmənli sinəsində söz göyərdən şair Vaqif Bəhmənli 70
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"525-ci qəzet"in redaksiyasına.
Hörmətli Rəşad müəllim, sizə bəllidir ki, qələm və ürək dostunuz, şair Vaqif Bəhmənlinin müstəqillik illərində işıq üzü görən bədii əsərlərdən ibarət bütün kitablarının (istisnasız olaraq) redaktorluğu mənim üzərimə düşüb. Sözün düzü, bu cəhdim şairin təmənnasız tərzdə, heç də hamıya qismət olmayan ata instinkti ilə ailəmizə - mənə, övladlarımıza, özünün və mənim əqrabalarıma, dostlarımıza fasiləsiz və səxavətlə xərclədiyi zaman-vaxt sərvətinin kompensasiyasıdır. Yəni istəmişəm, heç olmasa onun yaradıcılığına aid bir işin qulpundan yapışım ki, o da ədəbi çalışmalara mümkün qədər yetərli vaxt ayıra bilsin. Ha yandan baxılsa, Vaqif Bəhmənli çəkdiyim zəhmətə layiqdir, üstəlik, gözümün önünda yaranan bu yazıları yenidən oxumaq və düzüb-sıralamaq mənə görə həqiqətən də zövq mənbəyidir. Hazırda 15 kitabdan ibarət "Vaqif Bəhmənli. Axırdan əvvələ" adı altında çoxcildlik çap olunur; 8 cild oxucuların ixtiyarına verilib. Bu kitablara Azərbaycan elmi-ədəbi cameəsinin Nizami Cəfərov, Bədirxan Əhmədli, Rahid Ulusel, Nizaməddin Şəmsizadə, Qulu Ağsəs, Qulu Məhərrəmli, Elnarə Akimova, Bəsti Əlibəyli, Nizami Tağısoy kimi görkəmli söz xiridarları ön sözlər yazmışlar. Nəşrin 13-cü cildi isə bütövlükdə müəllif haqqında təhlili yazılar, müsahibələr əsasında tərtib olunmuşdur. Qismət olsa, cildlərin çapı bir il müddətinə başa çatacaq.
Bu günlərdə şair barəsində son illər yazılan və müxtəlif nəşrlərdə işıq üzü görən məqalələrin az bir qisminə göz gəzdirib Vaqif müəllimin ədəbi portretini canlandıran bəzi statları bir yerə topladım. Düşünürəm ki, şairin 70 illk yubileyinin qeyd edildiyi günlərdə bu seçmələrin hörmətli oxucularımıza təqdim edilməsi yerinə düşür.
Hörmətlə,
Rəhilə GÜLGÜN, Yazıçı-publisist
Bədirxan ƏHMƏDLİ, Filologiya üzrə elmlər doktoru, professor
Çağdaş poeziyanın 70-ci illərindən sonrakı inkişaf yolunda Vaqiflərin - Vaqif Səmədoğlu, Vaqif Bayatlı və Vaqif Bəhmənlinin imzası onun poetik xəritəsinin mənzərəsini müəyyən edir. Görünür, Azərbaycan poeziyasının mövzu, rəng palitrasını dəyişmək, yeniləşdirmək Molla Pənah Vaqifdən çağdaş Vaqiflərə bir estafet olaraq keçmiş və bu şeir estafetində Vaqiflərin hər birinin özünəməxsus yolu, üslubu var. Onlardan yaşca ən kiçiyi - təkrarsız şeirləri ilə bədii düşüncədə qırx ildən çox yol gələn Vaqif Bəhmənli yaradıcılığı bir çox cəhətdən diqqəti cəlb edir.
Son qırx ilin poeziyasına nəzər salarkən Vaqif Bəhmənli poeziyasının, şair fərdiyyətinin artıq ədəbiyyat tarixindəki yerini, mövqeyini müəyyənləşdirdiyini aydın şəkildə görmək olar. Poeziyamızdakı Vaqiflərin sonuncusu kimi çağdaş ədəbiyyatımızda özünəməxsus yeri olan Vaqif Bəhmənli zəngin poetik palitralı, çoxsəsli bir yaradıcılığa malikdir. Onun çağdaş poeziyanın gəlişməsinə həsr etdiyi Sizif əməyi həm də onun ədəbiyyat tarixindəki yerini, mövqeyini, yolunu bəlirləmiş olur. Minillik ədəbiyyat tarixinin çağdaş lojasındakı yerini möhkəmləndirmək üçün təkcə Sizif əməyi də kifayət etmir, həm də poetik məkanda özün olmalısan, necə yazmağı bacardığın kimi, nədən yazmağı da bilməlisən. Vaqif Bəhmənli şeirləri ədəbi prosesə daxil olduğu vaxtdan bu düstura əməl etməyə çalışmış, orijinal poetik struktur, mövzu və problematika, təkrarsız bədii təsvir və ifadə vasitələri ilə yenilikçiliyi təmsil etmişdir.
Vaqif Bəhmənlinin poeziyası dil və ifadə vasitələri etibarilə də polifonikdir; şeirdə sözlərin sırası fikrin emosional imkanlarını üzə çıxarır. Onun şeirləri forma, məzmun sərhədləri tanımır, lakin müəllif bu sərhədsizlikdə itib-batmır, fikrin maksimal deyimindən daha çox onun effektivliyinə, səmimiliyinə yönəlmiş olur. Bu cəhətdən onun şeirlərindəki müdriklik hər hansı bir misrada, bənddə (xüsusilə sonuncu) deyil, bütün misralara səpələnmiş olur. İlk misradan sona qədər poetik yüklülük bu şeirlərin yaşarılığını, ömrünü daha da uzadır. Vaqif Bəhmənlinin şeirləri forma, struktur cəhətdən də yeni və orijinaldır; istər hecada, istərsə də sərbəstdə yazdığı şeirlərinin səssiz, sakit axarda davam etməsi yalnız ona məxsusdur.
Nizami CƏFƏROV, Akademik
"Əzizim Vaqif! Mən həmişə sənin haqqında yazmaq istəmişəm, ancaq hər dəfə özümü toplayana, sənin yaradıcılıq nəbzini tutana qədər daha irəli getmisən, özün haqqında daha çağdaş (və tarixi!) bir mənzərə - təsəvvür yaratmısan.
Sən elə şairsən ki, yaradıcılığının mükəmməlliyini, ideya-bədii qüdrətini göstərmək yazıların arasından müvafiq şeirlər, yaxud şeirlərindən müvafiq misralar seçməyə, inan ki, ehtiyac görmədim... Kitablarındakı istənilən şeiri, yaxud istənilən şeirin istənilən misralarını nümunə gətirmək və sənin şair qüdrətini sübut eləmək olar.
Və sənin şeirlərində yalnız şeiriyyət - sözdən şair kimi istifadə eləmək, sözə "ehya vermək" qabiliyyəti yox, həm də zəngin ovqat, fikir-təfəkkür materialı var...
Və istedadının ən mühüm göstəricilərindən biri ana dilinə bu qədər həssaslığın, sözə bu miqyasda hökm eləmək bacarığındır. Sən bir şeiri bir cümləyə yerləşdirə, bir neçə söz-cizgi ilə bütöv bir lövhə-mənzərə yarada, zərif bir zarafatla ciddi mətləblərdən bəhs edə bilirsən... Həm də şagird yox, ustad səviyyəsində...
Şübhəsiz, sözə, dilə bir nemət kimi yanaşmağının, israfçılıqdan qaçmağının nəticəsidir ki, şeirlərində nahamvar bircə misra tapmaq belə mümkün deyil. O qələm əhlindənsən ki, nə deyəcəyini, nə yazacağını çox-çox əvvəldən bilirsən..."
"Vaqif Bəhmənli eyni zamanda publisistdir, nasirdir, tərcüməçidir, redaktordur... Və bu bədii yaradıcılıq sahələrinin hər birində tarixi onillərlə ölçülən xidmətləri, təcrübəsi, uğurları vardır.
Yaradıcılıq imkanlarının genişliyini unutmamaq şərtilə mən də o fikirdəyəm ki, bugünə qədərki bioqrafiyasında Vaqif, hər şeydən əvvəl, şairdir... Həm də XVIII əsrdə yaşayıb-yaratmış, yeni Azərbaycan ədəbiyyatının əsasını qoymuş əcdad Molla Pənah Vaqifdən sonra onun məşhur (və müqəddəs!) təxəllüsünü daşıyan, beləliklə, şairlik missiyasını dünyaya gələndən təhtəlşüur bir şəkildə öz üzərinə götürüb böyüdükcə bir az da bu təxəllüs-adın mistik təsiri altında yazmaq iddiasına düşən şairlər arasında istedadının mükəmməlliyi (və özünəməxsusluğu) ilə seçilən böyük şairdir!..
Vaqif Bəhmənli hər mənada bütöv bir ömür yaşayır. Və hərdən düşünürəm, onun tərcümeyi-halı (bioqrafiyası) elə bütöv, elə mistik standartlara, sxemlərə, tabedir ki, özü də cəhd eləsə, dəyişə bilməz... Ona görə də müqavimətlərlə qarşılaşanda öz həyatının deyil, dünyanın "harmoniya"sını "pozmaq" istəyir."
Nizaməddin ŞƏMSİZADƏ, Filologiya elmləri doktoru, professor
Vaqif poetik istedadının qədrini bilən, özünə güvənən, başlıcası isə sözün qeyrətini çəkməyi bacaran şairdir. Bəlkə elə buna görə də şair yazır:
Sinəm üstə cərgələnən kəlməyə bax,
Mən ki, sözün güllər açan talasıyam.
Həqiqətən də Vaqif Bəhmənli sinəsində söz göyərdən şairdir. Onun poeziyası söz əzabından doğulur. Vaqif əzabla yazır, onun şeirlərində şair qəlbinin iztirabı poetikləşir, bu şeirlər oxucunu da iztirab aləminə çəkib aparır. Vaqif Bəhmənlinin iztirabı poetik iztirabdır. Poetik iztirab gözəlliyi idrak üsuludur. Vaqif Bəhmənlinin poeziyası yüksək təlqin gücünə malikdir, çünki şair öz "mən"ini milyonların adından danışmaq vasitəsinə çevirə bilir. Bu poeziyanın yükü bər-bəzəksiz həqiqətdən tutulub. O, poetik və estetik zövq verməkdən ziyadə, düşündürür. Vaqif Bəhmənli lirik şairdir. Bu, fəlsəfi lirikadır. "Lirik olmağa yalnız birinci dərəcəli dahilərin ixtiyarı vardır, çünki yalnız nəhəng şəxsiyyət cəmiyyətin diqqətini özünün xüsusi, şəxsi və psixi aləminə cəlb etdikdə ona fayda verə bilər" (D.Pisarev). Vaqifin lirikasında da bir işıq, bir nur var. Bu nur şair "mən"indən, onun xalq həyatı ilə təmasda və vəhdətdə formalaşmış şəxsiyyətindən gəlir.
Vaqif YUSİFLİ, Filologiya elmləri doktoru
Vaqif Bəhmənlinin poeziyası Sözlə davranmağın, Sözün canından musiqini, ritmi, mənanı, enerjini çıxarıb şeirə çevirməyin bir örnəyidir. "Artıq çoxdan unutmuşam, həyatım mənim həyatımdır, yoxsa şeirlərimin həyatıdır" - bu da qırx ilə yaxın bir söz vurğununun gəldiyi qənaətdir. Vaqifin şeirləri haqqında ilk məqalələrdən birini də mən yazmışam. Onun yetmişinci illərdə, "Azərbaycan" jurnalının öz qapılarını istedadlı cavanların üzünə taybatay açdığı dövrdə "Heykəllər" silsiləsindən şeirləri dərc edilmişdi. O şeirlərə Vaqifin böyük ədəbiyyatda ilk qələbəsi desəm, - yanılmaram. Bəhmənli Azərbaycan şeirinin həm qoşma-gəraylı-heca, həm də sərbəst şeir məkanına yaxşı bələddir. Qoşmalarında, heca şeirlərində klassik texnologiyanı nöqtəsinəcən hifz edir, amma unutmur ki, o, XX-XXI əsrlərin şairidir və oxucuya təzə söz deməlidir... Vaqifin "Heyrət", "Belə", "Quyu", "Xoşbəxt yalquzaq", "Cinli adam", "Kişinin göz yaşı", "Sağlığında cəza verin insanlara" şeirlərini son illərdə yazdığı ən yaxşı poeziya nümunələri hesab edirəm. Bu şeirlərdə yaşının bu çağında da axtarışdan yorulmayan bir qələm əhlinin poetik uğurları ilə qarşılaşırsan.
Rəşad MƏCİD, Şair-publisist, AYB-nin sədr müavini
Demək olar ki, mən Vaqif Bəhmənlinin yaradıcılığını həmişə diqqətlə izləmişəm. Azərbaycan şeirinin əvvəlki mərhələlərini yaradan sələflərinin etiraf mədəniyyəti, hesab edirəm ki, onun ən nəcib məziyyətlərindəndir.
Vaqiflərlə dünya dolu,
Hərəsinin bir cür yolu.
Hamısının ağsaqqalı
"Görmədim"i yazan Vaqif.
Ədəbiyyata hələ təzə gəldiyi dövrdə yazdığı şeirlərdən biriydi bu. Şeirdəki vurğu yalnız Molla Pənah Vaqifin böyüklüyünün təsdiqi deyildi, eyni zamanda, Vaqif Bəhmənlinin milli poeziyaya, klassiklərə münasibətdə hansı mövqe tutacağının nümayişidi. 70-ci illərdə ədəbiyyata gələn yazarların bir çoxunda, xüsusən, yolu kənddən başlayanlarda kəndin şəhərə qarşı qoyulması tendensiyası özünü göstərirdi. Vaqif Bəhmənlinin də kənd - şəhər mövzusunda xeyli şeirləri var. "Mən bir gül kolpanı", "Ürəyimi qorudum" adlı şeirləri, deyərdim ki, bu silsilənin zirvəsiydi. Vaqif Bəhmənli poeziyayla bahəm, jurnalistikada da özünü təsdiq etmişdi. Səksəninci illərdə onun imzası Azərbaycan mətbuatında ən işıqlı imzalardan biriydi. "Kommunist" , "Sovet kəndi" kimi nüfuzlu qəzetlərdə çap olunan mükəmməl, tutumlu publisistik yazıları bu gün də janrın dəyərli nümunələri kimi çəkisini saxlayır.
Ədəbiyyatımızda, jurnalistikamızda elə adamlar olur ki, uzaqdan sözü parıltılı görünür. Yaxınlaşıb tanış olanda isə görürsən ki, onun şəxsiyyəti yazılarının səviyyəsini aşağı endirir, sözü də gözündən düşür. Vaqif Bəhmənli isə elə yazarlardandır ki, onun özünü şəxsən tanıyandan sonra sözünü daha çox sevməyə başlayırsan. O, söz meydanına gələnlər üçün işığıyla yol tutulub gediləsi şəxsiyyətdir. Özü də hər mənada. Ümumiyyətlə, o, Azərbaycan ziyalısının qədir-qiymətini və hər kəsin də yerini biləndir. Bəzən görürsən ki, başqa-başqa qruplara, fərqli mövqelərə malik yazarlar, istər-istəməz, digər yöndən olan istedadları danırlar. Vaqif müəllimin fərqi ondadır ki, o, hansı qrupda, mövqedə dayanmasından asılı olmayaraq, istedadı həmişə etiraf edir, hörmətini bildirir və heç zaman Sözü şəxsi münasibətlərin ayağına vermir. Çünki özü uca, nəcib, ləyaqətli söz adamıdır.
Elnarə AKİMOVA, Millət vəkili, Filologiya elmləri doktoru, AMEA Ədəbiyyat İnsitutunun şöbə müdiri
Özünəməxsus poetik ədası və üslubu ilə seçilən şair Vaqif Bəhmənli müasir şeirimizin ön sıralarında görünməkdə və kökdən düşməyən fəaliyyətini uğurla sərgiləməkdədir. Yaradıcılığa nə az, nə çox, ötən əsrin 70-ci illərində başlayan bir şair üçün yeni epoxa ilə ziddiyyətə girmədən yaşayıb-yaratmaq əsl hünərdir. Vaqif Bəhmənli artıq yaşının və yaradıcılıq yolunun elə bir mərhələsindədir ki, indi yalnız təcrübələrdən çıxış etmək, dünyaya, zamana və tale oyunlarına zirvədən - ömrün məna qatından nəzər yetirmək gücünü uğurla nümayiş etdirir. O mərhələlər ki, orada tale oyunları var - şairin tərcümeyi-halından keçən; zamanın oyunları var - bütün xalqın və dövlətin taleyini qapsayan, bir də bunların hər ikisinin yaradıcılıqda cəmləşdiyi, izini, ləpirini buraxdığı həssas insan ömrü var - şairliyin ustad səviyyəsini yaradan...
Əslində, Vaqif Bəhmənli poeziyası üçün bütün mövzular keçərli sayıla bilər. Onun lirikası hecaya da, modern üslublu şeirə də nə qədər özgür və açıqdırsa, monotonluq, mövzu məhdudiyyəti, əksinə, bu, poeziyadan bir o qədər kənardır.
Səlim BABULLAOĞLU Şair, mütərcim, Azərbaycan Yazıçılar Birliyinin katibi
Vaqif Bəhmənli şeirin sirlərinə, texnikasına vaqif olan usta şairdi, bir çox şeirləri ilə milli poeziyamızın Vaqiflər zəncirində (Molla Pənah Vaqif, Vaqif Səmədoğlu, Vaqif Bayatlı) elə bir bənddir ki, olmazsa olmaz. Nə olmaz? O qədər çox şey ki... Sadalanması uzun çəkən bu suala professor Nizami Cəfərov, Əbülfət Mədətoğlu, Ağacəfər Həsənli, Etibar Cəbrayıloğlu və çoxları cavablar da veriblər, cavablar da axtarıblar...
O Borxes idi ki, onlarla poetik və nəsr əsərinin toplandığı bir qalın kitab haqqında rəyi bir kiçik hekayə həcmində, yığcam, amma olduqca dolğun, yəni elə bədii mətnin özü qədər maraqlı yaza bilirdi, hətta müstəqil janra da çevirmişdi resenziyanı. Təəssüf ki, mən də bir çoxları kimi, o adam deyiləm. Amma yaxşı anlayıram ki, əgər "şair ənənəyə sədaqət göstərib yazacaqsa, yazdığının ən yaxşı məziyyətlərinin belə yazdığı dilin ayağına yazılmaq qorxusu var". Vaqif Bəhmənli bunu əlbəttə ki, bilir, amma bilə-bilə yazır:
Sevda körükləyir iki sinəni,
Nə yaman alışır köz aramızda.
İsti sinən sini, sinəm səməni,
Yavaş ol, əzilər yaz aramızda...
Çünki arxayındır, təhtəlşüur olaraq bilir ki, daha fərqli, daha gözəl məqamı var bu şeirin. Bəndi təkrar-təkrar oxuyanda əvvəl qeyd elədiyim, az qala aksioma kimi görünən fikir dağılır, puç olur. "Ənənəvi qat və ənənəvilik duyğusu" öz yerində, bənddəki alliterasiya ("s"lar; Sevda, iSti, Sini, Sinə, Səməni) və təkrir (sinəni, sinəm, sinən), səs sırasının gücü bir tərəfdən, aşiqanə mahiyyəti və xəlqi lüğət tərkibi də digər tərəfdən bu şeiri milli poeziyamızın müntəxəbata çevrilmiş şah nümunələri (məs.: "Çərşənbə günündə çeşmə başında" (Aşıq Ələsgər) ilə bir sıraya qoyur.
Rahid ULUSEL,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru
Müasir Azərbaycan ədəbiyyatının seçkin nümayəndəsi Vaqif Bəhmənlinin yarım əsrlik dövrdə öz daxili dinamikası ilə inkişaf edən yaradıcılığı mövzu, problematika və janr əhatəsinə görə yetərincə masştablı və dolğundur. Bu yaradıcılıq azhecalı, yığcam poetik mətnlərdən - ikilik, dördlük, bayatı və rübailərdən tutmuş, epik əsərlərə, ədəbi-publisistik araşdırmalara qədər zəngin bədii dünyanın mərhələ-mərhələ yaradılması ilə ərsəyə gəlmişdir.
Bədii yaradıcılığa çox erkən başlayan Vaqifin ilk qələm təcrübələri kövrək ehtiyatlılığı ilə yanaşı, həm də qüsursuzluğa canatımı ilə diqqəti cəlb edir. Eyni zamanda, bu axtarışların sırf poetika baxımından ciddi sənətkarlıq keyfiyyətlərinə tədriclə yiyələnmək bacarığı da üzə çıxır.
Vaqif Bəhmənlinin milli ədəbi irsimizə yaradıcı münasibəti onun bədii dünyagörüşünün, davamlı poetik axtarışlarının ən üstün keyfiyyətlərindəndir. Belə bir münasibət onun dünya ədəbiyyatı ənənələrini mənimsəməsində, klassikadan faydalanmasında da özünü göstərir. Beləliklə, milli və dünya ədəbiyyatının vəhdət qaynağında təşəkkül tapan Vaqif Bəhmənli yaradıcılığı öz növbəsində hər iki xəzinəni zənginləşdirmək məramı daşıyan bir sənət örnəyidir.
Vaqif Bəhmənli poeziyasının 1980, 1990 və 2000-ci illərin əvvəllərini əhatə edən inkişaf dönəmləri onun poetik baxımdan daha da cilalanaraq, sosial-mənəvi siqlətini, siyasi hadisələrə refleksiya gücünü yetərincə artırdığı, vətənsevərliyin vətəndaşlıq amallarına yüksəldiyi mərhələlərin bir-birini tamamlamasıdır. Ən əsası Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi ilə yanaşı, bu böyük tarixi-siyasi hadisənin həm də Qarabağın işğalı faktı ilə çulğaşması Vaqif Bəhmənli poeziyasında "üsyankar ruhun" doğuluşu fonunda yeni poetik səciyyə qazanır.
Qulu MƏHƏRRƏMLİ, Filologiya elmləri doktoru, professor
Torpaq altda ölülər də oyaqdı...
Dərə dağa, dağ dərəyə dayaqdı.
Nəki dik var, səcdə yeri ayaqdı -
Ayağına bağlanan baş qurumaz.
Bir şair kimi Vaqifin ruhu, xəyalı göylərdə olsa da, ayağı yerdən üzülmür. İnsan torpağın gücünü ona bağlı olanda hiss edir. Bir şair kimi ayağı torpaqda olduğu üçündür ki, Vaqifin poeziyasında elə-obaya, yurda bu qədər bağlılıq, tükənməyən məhəbbət var.
Bu ömrün sevinci və nəşəsi də, kədəri və əzabı da var. Amma bütün hallarda V.Bəhmənli bu ömrü vicdanla yaşayır. Özünün mənəvi ərazisi, öz yaradıcılıq üslubu, daimi mövzuları, təbii ki, həm də öz dəst-xətti var. Onun zəngin yaradıcılığı üçün yalnız şeiriyyət - sözdən şair kimi istifadə eləmək, sözə "ehya vermək" qabiliyyəti yox, həm də zəngin ovqat, fikir-təfəkkür materialının bolluğu xarakterikdir (N.Cəfərov). Zəngin duyğuların hopduğu bu söz materialı bir şair kimi V.Bəhmənlinin həyatının yaşantılarını güzgü kimi əks etdirir.
Ağacəfər HƏSƏNLİ, Şair-publisist
Andrey Voznesenski yazır ki, mayadan, qandan gələn təbiilik həmişə orijinal və gözlənilməz olub. Vaqifin bədii sözü mayadan durudu, kökdən-binədən safdı, özününküdü. Elə bil o, min illərdi sözlə işləyir: onunla çarpışır, əlləşir-vuruşur, hərdən qılığına girib nazını çəkir. Vaqif sözünün yaşı özünün yaşından qabaqdı. Sözünün yaşı gözünün yaşından da qabaqdı: ondan qocadı, müdrikdi, ahıldı. Bəlkə də o söz Dədə Qorqud yaşındadı, Nəsimi, Xətai, Füzuli, adaşı Molla Pənah Vaqif yaşındadı və bu qan qohumluğu, sələf-xələf yaxınlığı adama doğma gəlir. Bax belə həzin, bax belə qəmli, bax belə təsirli...
O sel hanı, hanı çağlar gurultu?
Qaçar oldum, yoxuşlarda yoruldum,
Uçar oldum, qanadımdan vuruldum,
Hayıf mənə, hayıf mənim ömrümə!
Bəsti ƏLİBƏYLİ, Şair, publisist, tənqidçi
Vaqif Bəhmənli stixiyalara tabe olmayan, modern şeirin üstün mövqedə olduğu dövrdə ana yol kimi xalq şeirini tərcih edən şairlərdəndir. Lakin bu seçim şairi formanın təyin etməsi anlamına gəlməməlidir. Onun, istər sərbəst, istər ənənəvi şeirlərində forma ilə məzmun bir-birini qarşılıqlı surətdə təyin edir. Yəni janr lokomotiv funksiyasında çıxış etmir, əksinə, janrı poetik mətnin qayə və enerjisi şərtləndirir. Vaqif Bəhmənli modern şeirdə nə qədər sərbəstdirsə, ənənəvi şeirdə də bir o qədər sərbəstdir və poeziyanın hər iki təmayülünü öz yaradıcılığında uğurla birləşdirilir. Formasından, məzmun və funksiyasından asılı olmayaraq, Vaqif Bəhmənlinin poeziyası bütün ruhuyla milli poeziyadır. Onun estetik təfəkkür qaynağı şifahi və yazılı xalq şeiridir. Yaradıcılığının kardinal istiqamətini də məhz bu qaynaqlar müəyyənləşdirir. Poetik təfəkkürünün xarakterini isə bir neçə sözlə ifadə etmək olar; lirizm, gözəllik fəlsəfəsi, nikbinlik və realizm.
Esmira FUAD, Filologiya elmləri doktoru
Vaqif Bəhmənlini bir fərd, bir şəxsiyyət kimi tanımaq, yaradıcılığına azacıq bələd olmaq üçün, təbii ki, xarakterinin bəzi cizgilərini göz önünə gətirmək lazım gəlir. Bax, bu tanışlıq məqamında ortaya çıxan tərəfləri onun qan yaddaşına söykəndiyinə, "kökünün üstündə bitdiyinə" şübhə yeri qoymur. Bir sözlə, inanırsan ki, həlim təbiətinin, mehriban rəftarının mayasında da məhz nəsil şəcərəsindən gələn irsi cəhətlər dayanır və bu, "bəy babalarından" ona qalmış ən böyük mirasdır.
Və bu yaxşılıqların yerini pisliklərin, haqsızlıqların tutduğunu görən şairin real müqayisələri düşündürücüdü... "Yeger" şeirində bu müqayisələr qabarıqdı; şair meşədə yolunu itirir, azaraq yegerə (meşə gözətçisi) rast düşür və dərdləşir onunla... sizin tərəflərdə yağış əsasdı, bizim tərəflərdə göz yaşı, sizin tərəflərdə qarışqa marşı, bizim tərəflərdə maşın tıxacı, sizin tərəflərdə quşlara güllə atırlar, bizim tərəflərdə quş ürəklərə, sizin tərəflərdə quşlar qırılıb, bizim tərəfləri "quş" basıb, ən dəhşətlisi isə bizim tərəflərdə qoyun və canavarın qapıbir qonşu olması, maral anaların ağlaması və kişilərin sınmasıdı...
Əsrlər boyu şairlər göz yaşı axıdıblar. Bəzilərinin isə göz yaşı axıb, amma heç qurumayıb və tükənməyib, misralarda mirvarilərə dönüb... Şübhəsiz ki, Vaqif Bəhmənli ikincilər qisminə aiddir. Çünki Vaqif Bəhmənli poetik sözün təsir gücünə həmişə inanıb, elə onun yaradıcılığına şöhrət və ucalıq gətirən də bu inam olub.
Qulu AĞSƏS, Şair
Vaqif Bəhmənli yol adamıdır - hardan gəldiyini də bilir, hara getdiyini də. Vaqif Bəhmənli çöl adamıdır - doqquz mərtəbəli evin balkonunda bitməyinə baxmayın! Vaqif Bəhmənli yük adamıdır - yoxsa dərdi, azarı olanlar məhz onu qırağa çəkib ürəklərini boşaltmazdılar ki! Qələm adamıdır, hal adamıdır, iç adamıdır, Allah adamıdır. Mənə elə gəlir ki, Vaqif müəllimin indiyəcən nə xətrinə dəyən olub, nə də o bir kimsənin ürəyini qırıb. O, bu dünyada bu dünyayla hesabı açmadan yaşayır - 0:0. Amma şeirləri belə deyil, ürəyi qırılanı da var, ürək qıranı da, sənə toxunanı da tapa bilərsən, sənin toxunduğunu da! Şeirlərində hesab çoxdan açılıb. Kimin xeyrinə, bax bunu HESAB SAHİBİNDƏN xəbər almaq lazımdır.


