Icma.az
close
up
RU
Yurdun şirin bərəkəti

Yurdun şirin bərəkəti

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçirilən 25-ci Arıçılıq məhsulları sərgi-satış yarmarkasından reportaj

Arıçılıq son illərdə respublikamızda böyük maraq göstərilən sahələrdən biridir. Bunun da özünəməxsus səbəbləri var. Bir tərəfdən dövlətin bu sahənin inkişafına göstərdiyi hərtərəfli qayğı, digər tərəfdən arıçılığın gəlirli sahə olması bu işə marağı daha da artırıb. Odur ki, arıçılıq həm əhalinin məşğulluğuna, həm də yerli istehsalın inkişafına öz töhfəsini verir. Mütəxəssislərin fikrincə, qiymətli ərzaq, həm də dəyərli müalicə vasitəsi olan arıçılıq məhsulları, eyni zamanda, respublikamıza böyük məbləğdə valyuta gətirə bilər.

Bakıda Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən 25-ci Yubiley Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası öz işinə başlayıb.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə media nümayəndələrinə açıqlamasında bildirdi ki, yarmarkada bu il 43 regiondan 280-dən çox arıçı fermer iştirak edir. Satışa çıxarılan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunə götürülərək laboratoriyada analiz olunub. Əvvəlki illərdə ballarda diastaz göstəricisini yoxlayırdıqsa, bu ildən etibarən isə əlavə olaraq sakaroz göstəricisinin də təyininə başlanılıb. Diastaz göstəricisinin minimum 5, sakaroz göstəricisinin isə maksimum 15 faiz həddində olması satış üçün əsas şərtdir. Bu göstəricilərə cavab verməyən ballar yarmarkaya buraxılmır.

Sədr daha sonra qeyd etdi ki, yarmarkada təqdim olunan bütün ballar standartlara tam uyğundur və saxta məhsul yoxdur. Bu göstəricilər balın təmizliyinin və keyfiyyətinin əsas meyarlarındandır. Yoxlamalar nəticəsində yalnız normativlərə cavab verən məhsullar satışa buraxılıb. Bu, həm istehlakçıların sağlamlığı, həm də yarmarkanın etibarlı və keyfiyyət nişanlı satış platforması kimi mövqeyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yarmarkada, ümumilikdə, 100 tondan çox və 15-dən artıq müxtəlif növ təbii bal, arı südü, mum, propolis, gül tozu və digər arıçılıq məhsulları satışa çıxarılıb. Yarmarkada bu il bir sıra yeniliklər də tətbiq edilib. Belə ki, arıçılara yaradılmış şərait tamamilə ödənişsizdir. Məhsulların brendləşdirilməsi və satış imkanlarının genişləndirilməsi məqsədilə qablaşdırma və etiketləmə xidmətləri “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən ödənişsiz şəkildə təmin edilir. Bu dəstək gələcəkdə məhsulların ixrac potensialının artırılmasına da xidmət edəcək.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında, “Gənclik” metrostansiyasının yaxınlığında noyabrın 9-na kimi fəaliyyət göstərəcək yarmarkada əsl qələbəlikdir. Yüzdən artıq müxtəlif növ balın təravətli qoxusu bir-birinə qarışıb.

...Gəl ay müştəri, təmiz cökə balıdır, min bir dərdin dərmanıdır, bu baldan bir qaşıq dadanın canı heç zaman ağrı-acı görməz. Kimisi isə deyir, satdığı bal yüzlərlə dağ çiçəyindən toplanıb, qiymətsizdir, şəfa mənbəyidir, alan heç zaman uduzmaz… Bunu eşidən nurani bir ağsaqqal ucadan “alan aldanmaz, evdə dannanmaz” deyərək yarmarkaya xoş ovqat qatır.

Alıcılar isə ciblərinə uyğun bal axtarışındadırlar. Balın qiymətdə ucuz, keyfiyyətdə daha yaxşı olması üçün xeyli çək-çevir edirdilər. Odur ki, suya qatıb, pürrəngi çay ilə dadanlara da rast gəlinirdi. Qiymətlər isə müxtəlifdir, 15 manatdan başlayaraq 50 manata qədər dəyişir.

Qəbələ rayonundan olan Davud Balalıyev uzun illərdir ki, arıçılıqla məşğuldur. Təsərrüfatında 200 arı ailəsi var. Yarmarkaya 400 kiloqram bal, 30 pətək və 8 çeşiddə bal gətirib. Amma təsərrüfatları bununla bitmir. Qoz, fındıq, şabalıd və alma bağları da ailənin əsas dolanışıq mənbəyidir. Burada yaradılan şəraitdən çox razıdır. Ən əsası yarmarkanın metroya yaxın olduğundan alıcı baxımından əziyyət çəkməyəcəklərinə əmindir. Yenicə başlamış yarmarkada müəyyən qədər satış da etmişdi.

Ərəstun Məmmədov isə Kəlbəcər rayonundandır. 45 ildir ki, arıların “nazı” ilə oynayır. Bəslədiyi hər arı ailəsi ona necə deyərlər, qazanc gətirir. Həmsöhbətim arıçılıqla bağlı olduqca geniş məlumata malikdir. Qeyd edir ki, Azərbaycan balı dünyanın iyirmi beşədək ölkəsinə ixrac olunur və bazarlarda yüksək qiymətləndirilir. Balımız öz keyfiyyəti ilə bir çox ölkələrin ballarını üstələyir ki, bunun da əsas səbəbi tərkibinin vitaminlərlə zəngin olmasıdır.

Ərəstun dayının arıçılıq təsərrüfatları Bərdə rayonunda yerləşir. Təsərrüfatında üç növ çiçək, qaratikan və cökə balınınkı istehsal olunur. Məhsulların hamısını yüksəkkeyfiyyətli və təbii üsullarla əldə edir. Çiçək balının qiyməti 40 manat, dağ (şam) balının isə 50 manatdır. Fermer dövlətimizə belə bir yarmarkanın təşkilinə görə minnətdarlıq edir: “Bu, həm istehsalçılar, həm də alıcılar üçün çox faydalıdır”.

Orxan Ağayev Ağdərənin Canyataq kəndindəndir. Amma arılarını Kəlbəcərdə bəsləyir. İkinci dəfədir ki, yarmarkada iştirak edir. 350 kiloqram bal gətirib. Satacağına da əmindir. Çünki Kəlbəcər balının öz dadı-tamı var. Satış qiymətləri isə 35-40 manat arasında dəyişir. Orxan bir məsələdən narazılığını da dilə gətirərək bildirir ki, bəzi satıcılar Kəlbəcər balı adından sui-istifadə edərək məhsullarını bu adda təqdim edir. Özü də elə qiymət təklif edir ki... Bu sözsüz ki, yarmarkanın təşkilatçılarına aid olmayan bir məsələdir. Bu cür xoşagəlməz hallar xalis Kəlbəcər balı satan bir fermer kimi məhsulumun tez bir zamanda satılmasını əngəlləyir. Kəlbəcərin dağlarında bitən güllərin, çiçəklərin, kəklikotunun, qantəpərin, gülxətminin şirəsindən toplanan balın ətri uzaqdan duyulur.

Müşahidələrimiz göstərdi ki, Kəlbəcər və Laçın rayonlarından gətirilən bal və arıçılıq məhsulları dadına və qiymətinə görə digərlərindən seçilir. Satıcılar bu bölgələrdən gətirilən balın daha keyfiyyətli olduğunu bildirdilər.

Yarmarkaya alıcı kimi gəlmiş Bakı sakini Xaqani Mehrəliyev yarmarkanın keçirilməsindən razılığını belə ifadə edir:

– Hər il yarmarkadan müxtəlif çeşiddə on kiloqrama yaxın bal alıram ki, ailəmin bu qidaya olan tələbatını tam ödəyir. Demək olar ki, arıçı fermerlərin daimi müştərisiyəm. Elə region yoxdur ki, balından istifadə etməyim. Bir neçə ildir ki, Kəlbəcər balına üstünlük verirəm. Qiymətləri də münasibdir. Bu yarmarkanın təşkilatçılarına təşəkkürümü bildirirəm.

Saatın əqrəbi nahar fasiləsinə doğru yaxınlaşsa da, yarmarka alıcı ilə dolub-boşalırdı. Satıcılarla müştərilər bəzən qiymətlə bağlı uzun-uzadı söhbətlər etsələr də, yekunda sövdələşərək razılaşır, üstəlik də bir barmaq baldan dadandan sonra, necə deyərlər, dillərini şirin edirdilər...

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see369

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see367

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see342

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see341

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see340

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see317

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see312

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see311

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see303

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see298

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see297

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see292

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see280

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see245

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see235

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see232

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see215

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see206

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see196

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri