Yuxuya dönən xatirələr
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin avqust ayının 15-də Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əməkdar mədəniyyət işçisi, uzun illər uşaq mətbuatında çalışmış tanınmış yazıçı, tərcüməçi, peşəkar redaktor, jurnalist Nəriman Qoca bəy oğlu Süleymanovun 95 yaşı tamam olur. Nəriman müəllim haqqında müxtəlif vaxtlarda üç-dörd dəfə yazmışam. Bəziləri mətbuatda, ayrı-ayrı kitablarda dərc olunub, saytlarda yerləşdirilib. Oxuculara təqdim etdiyim bu yazı da çoxdan yazılıb. Dərc olunanlara, olunmayanlara yenidən nəzər saldım. Nədənsə bu yazı diqqətimi daha çox cəlb elədi. Bəzi məqamları dəqiqləşdirdim, əlavələr elədim. Onu da deyim ki, dilimizdə nə qədər xoş sözlər, ifadələr varsa, hamısı Nəriman müəllim kimi yüksək mədəniyyəti olan böyük şəxsiyyətə yaraşır. Çünki Nəriman Qoca bəy oğlu Süleymanov yaşadığı 65 ildə həyatda və ədəbiyyatımızda elə bir iz qoyub ki, daim xatırlanır, yada düşür və unudulmur.
Nəriman müəllimi birinci dəfə nə vaxt gördüyümü xatırlamıram. Ancaq onu doğma Yuxarı Körpülü kəndinə gələndə bizdə, qohumlarımın evində görmüşəm, saatlarla söhbətinə qulaq asmışam. Və mənə həmişə elə gəlib ki, gözümü bu dünyaya açandan mən Nəriman müəllimi görmüşəm. Onu da xatırlayıram ki, Nəriman müəllimi kənddə gözləyənlər çox idi. Belə ki, doğma Körpülü kəndi Qərbi Azərbaycanın şimal, gözdən-könüldən uzaq bir bölgəsində yerləşdiyi üçün Azərbaycandan gələn ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər, konsertlər böyük bayrama çevrilərdi. Özü də bunlar həmişə olmurdu. Kəndin kənarda yaşayan, xüsusən də yazıçıları, jurnalistləri və elm adamları bu yerlərə gələndə hamı onlara böyük maraq göstərərdi. Onların mətbuatda və radio-televiziyada olan çıxışları diqqətlə izlənirdi. Bu adamların içində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, tərcüməçi, jurnalist “Pioner” (indiki “Günəş”) jurnalının baş redaktoru Nəriman Qoca oğlu Süleymanovun gəlişi daha çox yaddaqalan olurdu. Nəriman müəllimlə kəndin və məktəbin klubunda dəfələrlə keçirilən görüşlərin canlı şahidi olmuşam. Onun Azərbaycan radiosu ilə səsləndirilən hekayələrini heyranlıqla dinləyər, qəzet-jurnallardakı çıxışlarını diqqətlə oxuyardıq. Nəriman müəllimin “Balaca atlı”, “Qaraçı qızı”, “Sovqat”, “Novruz gülü”, “Yetər nənə”, “Babamın bağı”, “Göy qurşağı”, “Tək çiçək”, “Əsas ürəkdir”, “Ömrün iki payızı” və s. kitablarını maraqla oxuyardıq. Nəriman müəllimin atası Qoca bəy (ona Körpülüdə bu cür müraciət edirdilər) Körpülünün ən hörmətli ziyalılarından və ağsaqqallarından sayılırdı. Qoca bəy Qori müəllimlər seminariyasında oxumuşdu. Babam İsa koxanın dəvəti ilə Qazax mahalının 2-ci Şıxlı kəndindən Körpülüyə gəlmişdi. Kəndin cavanlarına elm, təhsil vermək məqsədilə məsləhətləşmişdilər. Aralarında böyük yaş fərqi olsa da yaxından dostluq etmişdilər. Hətta İsa koxanın dəstəyi ilə Körpülünü özünə yurd yeri seçmiş və ailə qurmuşdu. Sonralar Qoca bəy oğlu Nərimanı İsa koxanın nəvəsi Şəfiqə xanımla evləndirmişdi. Qoca bəy İsa koxaya verdiyi sözə əməl edərək Körpülüdə ilk ibtidai məktəb açmışdı. Ancaq məktəbin açılması İsa koxanın vəfatından xeyli sonra baş vermişdi. Atam Qoca Binnət oğlu, anam Məleykə Abbas qızı həmin məktəbdə Qoca bəyin şagirləri olmuşdular. Atam həm də onun böyük oğlu Süleyman müəllimlə dostluq edirdi. Atam Qoca bəy haqqında maraqlı xatirələr danışardı. Söhbətlərin birində danışırdı ki, Qoca bəy seminariyada “ellər atası” İosif Stalinlə bir vaxtlarda oxuyub. Və Qoca bəy həmvətənlərinə seminariyada tələbələr arasında hərdənbir yumruq davası olanda Stalinin aid olduğu (sonralar Stalinin yumruğu milyonlarla insanların taleyini birdəfəlik yox etdi) dəstə həmişə qalib gələrmiş. Atamın bir söhbətini də yaxşı xatırlayıram. Qırmızı imperiyanın amansız repressiya illərində özünün yaratdığı təhsil ocağında gənc nəslə bilgi verən, sakit həyatını yaşayan Qoca bəyin ailəsində də narahatçılıqlar yaşanmağa başladı. Böyük oğlu Süleymanı antisovet təbliğatçısı kimi həbs etdilər. Guya sovet hakimiyyəti əleyhinə danışır. Beləliklə, yalan məlumatlar əsasında Süleyman həbs edilir, 3 ay İrəvandakı həbsxanada dizi qədər suyun içində saxlanılır, çox əziyyətlər görür. Qoca bəy oğlunun günahsız həbsi ilə əlaqədər Stalinə geniş məktub yazır, Süleymanın sadə bir gənc olduğunu, yalan və qurama məlumatlar əsasında tutulduğunu və həsdən azad olunmasına kömək göstərilməsini xahiş edir. Bir müddət sonra Süleyman həbsdən azad edilir. Bu məsələdə Stalinin münasibətini bilmədik, ancaq Süleyman azadlığa qovuşdu. Dedilər ki, ona qarşı ittihamlar təsdiqini tapmayıb. Ancaq bir Azərbaycan türkünün İrəvanda, erməni millətçilərinin əlindən asanlıqla azad olması inandırıcı görünmür, çox güman ki, Stalinə müraciət və onun müsbət reaksiyasından sonra Süleyman ağır işgəncələrdən canını qurtara bilmişdi.
Qoca bəyin şagirdləri sonralar Bakının müxtəlif ali məktəblərində təhsil almışlar. Nəriman müəllim də Qoca bəy kimi işıqlı bir ziyalının ailəsində böyümüşdü, tərbiyə almışdı. Körpülü də orta təhsilini bitirdikdən sonra Bakıya gəlmiş, indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirmişdi. Və taleyini birdəfəlik “Pioner” (indiki “Günəş”) jurnalına bağlamışdı. Jurnalın ədəbi işçisi vəzifəsindən baş redaktor vəzifəsinədək uzun bir yol keçmişdi. Azərbaycan Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü olmuşdu. Ondan çox, hekayə və povestlərdən ibarət kitablar yazmışdı. Azərbaycan uşaq ədəbiyyatının ən körkəmli nümayəndələrindən sayılırdı. Neçə-neçə cizgi filmlərinin ssenarisini yazmışdı, dünya ədəbiyyatının nümunələrindən, müxtəlif kinostudiyalar tərəfindən istehsal olunmuş bir sıra filmləri Azərbaycan dilinə çevirmişdi. Körpülü kənd orta məktəbini bitirmiş, sonradan ədəbiyyat, mətbuat sahəsində çalışan xeyli sayda tanınmış yazı əhlinə və bu sətirlərin müəllifinə böyük qayğı göstərmişdi, ilk addımlarının atılmasında yardımçı olmuşdu.
Nəriman müəllimlə yaxından münasibətim o, yaylar kəndə gələndə olardı. Körpülünün meşələrini, Kəmənd Qayanı, Çinarın dərəsini, Yekə Yalı, Qaracanın dərəsini, Açıq tərəni, Pirinin talasını, Tənbəkəri, Böyük Kolu, Koroğlunun qayası, Zoğal bulağını, Ballı bulağını, Qocarvanı, Babakəri, Yel Dağını, Yuvalı dərəsini, Xaçın dərəsini, Hayvalını, Şiştərəni və s. yerləri doyunca gəzərdi. Bizi də, qohum-əqrabanın uşaqlarını da özü ilə ararardı. Doydum deməzdi. Özü də hər il, yay gələndə bu baş verərdi. Nəriman müəllimin növbəti hekayələrini, rovestlərini oxuyanda artıq hər şeyi başa düşürdüm. Gördüklərimizin əksəriyyəti Nəriman müəllimin yazılarında özünü göstərirdi. Hərdən zarafatlaşırdıq, şöytəli (biz tərəflərdə şaftalını belə adlandırırlar) körpülülərin simvoludur, deyirdik. Körpülünün meşələrindən, çöllərindən zoğalı, armudu, çiyələyi, yemişanı özü yığmağa çalışardı. “Bunun ayrı ləzzəti var”, deyərdi.
Düzü, mən bunun doğrudan da ləzzətini çox sonralar, bir qədər yaşa dolandan sonra başa düşdüm. Uşaqlıqda isə Nəriman müəllimlə yoldaşlıq edib meşələrə gedəndə onun bu hərəkətini başa düşmürdüm. Bunu adicə sadə bir hərəkət kimi anlayırdım. İndi mən Nəriman müəllimin bu hərəkətini tam aydınlığı ilə dərk edirəm. Çox təəssüflər ki, indi o yerlər erməni tapdağının altındadır. O yerlərə həsrətik. İndi Körpülünü ancaq yuxularımızda görürük. Və içimizdən qırıla-qırıla qalırıq. Körpülünün işğalından bir qədər əvvəl Nəriman müəllimlə söhbətim indi də yadımdan çıxmır. Dedim ki, ay Nəriman müəllim, son vaxtlar nədənsə Körpülü məni yaman çəkir, əvvəllər imkan düşən kimi keçmiş sovetin şəhərlərinə, istirahət yerlərinə tələsirdim. İndi isə Körpülüyə tələsirəm. Və elə bilirəm ki, bax, bu dəfə də gedə bilməsəm, sanki nəyisə itirəcəm. Nəriman müəllim özünəməxsus tərzdə deyərdi ki, bu, həyatın qanunudur. İnsan oğlu yaşlandıqca doğma torpağa, elə-obaya tələsir. Çünki torpaq onu çəkir. Və birdən sifətimə diqqətlə nəzər salıb “sənin qocalmağına çox var, hələ nə yaşın var ki? Birdən inciyib eləyərsən”, deyə zarafatla əlini çiynimə vurdu. Təbii ki, mən Nəriman müəllimin dediklərini doğrudan da həyatın qanunu olduğunu özüm də başa düşürdüm.
.jpeg)
Açıq təpədə də, Qaracanın dərəsində də, Pirinin talasında da, Tənbəkərdə də, həyətdə də kabab çəkəndə rəhmətlik özü çəkməyə çalışardı. Deyirdi ki, kababı şəhərdə də yemək olar, ancaq kababı özün çəkəndə həm istirahət edirsən, həm də ləzzətli olur. Bir sözlə, kəndi-kəsəyi sevən adamıydı, rəhmətlik. Xüsusən də Körpülünün təbiətinin vurğunu idi. Kəndlə bağlı bir erizodu rəhmətlik Nəriman müəllim mənə azı beş-on dəfə danışdırıb. Özü də xahiş edirdi ki, tələsik danışma, sakit, həmişə danışdığın kimi danış, deyirdi. İndi bir də xatırlamaq istəyirəm, Nəriman müəllim, o epizodu. Və inanıram ki, sizin ruhunuz mənim həmin erizodu necə danışdığımı sakitcə, təmkinlə dinləyir: 1988-ci ilin payızı idi. Ermənistandan, azərbaycanlılar yaşayan bölgələrdən ürək ağrıdan xəbərlər gəlirdi. Rabitə əlaqəsi kəsilmişdi. Valideynlərimdən, qohum-əqrabadan xəbərim yoxuydu. 1988-ci ilin noyabr ayının 29-da Bakıdan Qazağa gəldim. Burada Ermənistandan gələn azərbaycanlılar üçün xüsusi qərargah yaradılmışdı. Bizimkilərdən qeydiyyata düşən olmamışdı. Qazaxdan 2-ci Şıxlı kəndinə gəldim. Bizim kəndin əhalisinin əksər hissəsinin 2-ci Şıxlı kəndinin sakinləri ilə qohumluq əlaqəsi vardı. Gümanım bura gəldi. Fikirləşdim ki, yəqin ki, burada, atamın dayısıoğlu Yolçu əmimgildə olacaqlar. Kəndin kənarında, yolboyu köç düzülmüşdü. Arvad-uşaq, qoca-cavan bir-birinə qarışmışdı. Bir-iki nəfər kəndçilərimlə rastlaşdım. Bizimkiləri soruşdum, dedilər görməmişik. Narahatçılığım bir azda artdı. Qəfildən əmimin maşınını uzaqdan gördüm. Nə qədər hay-küy saldımsa, xeyri olmadı. Ömründə sürətlə maşın sürməyən Musa əmimin dalınca çata bilmədim. Elə bu vaxt yanımda bir maşın saxladı. Kəndçimiz idi. Oturdum. Nə qədər əmimin dalınca siqnal verdik, yenə də xeyri olmadı. Çata bilmədik. Əmim Gürcüstanın Qaçağan kəndini keçərək Sadaxlıya tərəf getdi. Çox sonradam bildim ki, yoldaşı rəhmətlik Təhminə bibim kənddə tək qaldığından oraya tələsirmiş. Kəndçim maşını Qaçağanda saxlayıb dedi ki, daha gedə bilməyəcək. Burada vacib işi var. Xeyli gözlədim. Bir də baxdım ki, uzun bir yük maşını torpaq yolla, kəsə Körpülüyə tərəf gedir. Tullanıb mindim. İçəridə xeyli qadın və kişi oturmuşdular. Hamısını da yaxşı tanıyırdım. Hiss etdim ki, hamı başını itirib, danışmağa halları yoxdur. Birdə ki, hər kəs özünü, ailəsini, haraya, kimin qapısına gedəcəyini düşünürdü. Heç kimi qınamıram. Heç mənə baxan da olmadı. Halbuki dünyanın düz vaxtında kəndə gedəndə kimin evində bir tikə çörək kəsməsən, inciyərdi, küsərdi. Ancaq indi belə bir vaxt idi ki, incimək olmazdı, hərə öz hayında idi. Kənddə az adam qalmışdı. Ancaq kişilər gözə dəyirdi. Anam və atamla tələsik görüşdükdən sonra tez hazırlaşmağa başladıq. Qəfildən yadıma düşdü ki, qaynım pul vermişdi anasına çatdırmağa və demişdi ki, birdən lazım olub-eliyər. Onların evi kəndin lap kənarında, Yekə Yalın ətəyində yerləşirdi. Yavaş-yavaş üzü aşağı düşdüm. Səs-səmir gəlmirdi. Özümdə qəribə bir narahatçılıq hiss etdim. Ətrafda nəfəs yox idi. Bir az da vahimələndim. Ömründə ilk dəfə idi ki, boş kənd görürdüm, bədənim ürpəşməyə başladı. Ayağımı güclə atırdım. Qarabulağın yanında narahatçılığım bir az da artdı. Kəndin bu hissəsi aşağıda yerləşirdi. Sözün düzü bir neçə dəfə geriyə qayıtmaq barədə düşündüm. Elə geri qayıtmağın özü də asan deyildi. Özümü ələ alıb dikdiri çıxdım. Bu da axtardığım ev. Həyətdə, düz qapının ağzında it uzanmışdı. Qorxdum irəli getməyə. Bir-iki dəfə çağırdım. Səs gəlmədi. İt başını ağır-ağır qaldırdı, tənbəl-tənbəl mənə tərəf baxdı, bir də başını yerə qoydu. Ürəklənib bir-iki dəfə də qışqırdım. Səs gəlmədi. Qayıtdım. Necə qayıtmağımı xatırlamıram. Bəlkə də on-on beş dəqiqəlik yolu bir-iki dəqiqəyə qayıtmışam. Bilmirəm, bu gün də mənə aydın deyil. Evə yaxın bir yerdə anamın səsini eşitdim. Məni çağırırdı. Hələ özümə gəlməmişdim, on-on beş dəqiqə ərzində nələr çəkdiyimi bir bizi yaradan Allah bilir. Kənddən valideynlərimlə birlikdə necə çıxmağımız da bir başqa söhbətin mövzusudur. Nəriman müəllim erməni silahlılarının avtomatlı-pulemyotlu dağ yolunu kəsmələri və uzun söhbətdən sonra Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndinə necə gəlməyimizi də dönə-dönə soruşmuşdu. Nəriman müəllimi bu söhbətdə ən çox tərpədən boşalan kənd və mənim bununla bağlı söhbətlərim idi. Qocabəylərin evlərinin yanından necə keçdiyimi, Qarabulağa düşdüyümü və s. diqqətlə soruşardı. Onu da deyim ki, Nəriman müəllimgilin nəslini kənddə atasının adı ilə, Qocabəylər kimi tanıyırdılar.
Ermənistandan azərbaycanlılar öz doğma dədə-baba yurdlarından qovulduqdan sonra bizim kəndin sakinləri də müxtəlif rayonlara səpələnmişdilər. Rəhmətlik həmişə deyərdi ki, əgər kənd dağılsa, dəhşət olacaq. Ona görə də hara getsəniz də bir yerdə olun, deyirdi. Nəriman müəllimin yaradıcılığında Körpülü, onun adamları, məişəti geniş yer tuturdu və bu yazılarında daha çox maarifçi kimi çıxış edirdi. Görünür, bu xüsusiyyət Nəriman müəllimə Körpülü kəndində hamının müəllimi olan atası Qoca bəydən keçmişdi. Akademik Bəkir Nəbiyev doğru olaraq yazır ki, Nəriman Süleymanovun yaradıcılığında bir cəhət daha qabarıqdır; hansı mövzuda, nədən yazırsa yazsın, ya məktəb, ya kənd həyatı, ya meşə, ya dağ-dərə olsun, fərqi yoxdur, bütün əsərlərində bir tərbiyəçi kimi, bir müəllim kimi çıxış edir.
Redaksiyaya gəlib-gedənlərlə, münasibətdə olduğu adamlarla, özündən vəzifəcə aşağı olanlarla, uşaqlarla o qədər səmimi, təmkinli söhbətlər edirdi ki, onun yüksək mədəniyyətinə heyran qalırdım. Danışığında bir kəlmə xətirə dəyən söz tapa bilməzdin. Bəzən mənə elə gəlirdi ki, Nəriman müəllim səhər tezdən yuxudan duranda artıq bu gün kimlə görüşəcəyini bilirdi. Və hamı ilə edəcəyi söhbətə hazırlaşırdı. Təbii ki, bu mümkün deyildi. Bütün bunlar onun təbiətindən, qanından, yüksək mədəniyyətindən irəli gəlirdi. Çox təəssüf ki, həyatda belə adamları barmaqla göstərmək olar. Qəzet-jurnal redaksiyalarının yerləşdiyi “Azərbaycan” nəşriyyatında onu tanımayan, hörmət etməyən adam tapılmazdı. Hərdən dördüncü mərtəbədəki çayxanada qəzet-jurnal redaktorları (həmin vaxtlar Bakıda on-iyirmi qəzet-jurnal çıxırdı) və onların təmizliyi, mədəniyyəti barədə söhbət düşəndə görkəmli şair Məmməd Arazın, yazıçı Nəriman Süleymanovun, şair Tofiq Mahmudun adı çəkilərdi. Açığı mən bundan ləzzət alırdım. Deməli, Nəriman müəllimi hamı bizim kimi sevirdi, hörmət edirdi. Kiçik də, böyük də, qohum da, qardaş da, bir sözlə, onu tanıyanların hamısı, onun haqqında eşidənlərin hamısı. Məncə, bundan böyük xoşbəxtlik yoxdur. Və onu da deyim ki, bütün bunlar Nəriman müəllimin sağlığında baş vermişdi. Axı, müsəlmanda adətdir, ölənin dalınca danışmazlar, deyirlər. Ancaq yenə də deyirəm, bütün bunlar Nəriman müəllimin sağlığında baş verirşdi. Çünki, Məmməd Araz demişkən, “o, çox təbii adam idi: necə vardı - elə də görünərdi, necə görünərdi - elə də vardı... O çox səmimi adam idi: kiminsə üzünə tərifləsin, arxada tənələsin, bu sifət ona yad idi”.
Münasibətdə olduqca mehribandı. Qarşısındakı adamın çəkindiyini, sıxıldığını hiss edən kimi söhbəti elə ustalıqla qururdı ki, qarşısındakı sözünün canını, istəyini deyə bilsin. Redaktor stolunun arxasında da, evdə yazı masasının dalında da, oxucularla görüşdə də, həyətdə nərd oynayanda da, rəsmi dövlət tədbirlərində çıxış edəndə də Nəriman müəllim rəsmiyyətdən çox-çox uzaqdı.
Filologiya elmləri doktoru, professor Yaşar Qarayev yazır ki, “Ahıllığı ilə uşaqlığı arasında məsafə sıfıra bərabər idi. Üzündəki təbəssümün altmış yox, altı yaşı vardı. Təəccüb edirdim ki, qəzadan, fələkdən, yağan daşlar onun cocuq, körpə ürəyinə necə dəyir və necə parçalanıb ətrafa sərələnir. Bəlkə elə ona görə də ürəyindən bu qədər şikayət edirdi. Nəsri şəxsiyyətinə, şəxsiyyəti isə Torpağa və Təbiətə bənzəyirdi. Odur ki, ona bu qədər yaxın, doğma torpağa və təbiətə qovuşacağı günü çox sakit, daxili təmkinlə, müdrikliklə gözləyirdi. Nərimanın varlığı o dünyaya da körpə, cocuq ruhu kimi yüngülcə, ağrısız uçub getdi”.
Saatlarla söhbətimizi xatırlayıram, sadəcə hansından danışmağımı müəyyənləşdirə bilmirəm. O qədər şirin söhbətlərimiz olurdu ki. Bəzən çətinliyə düşəndə də, sadəcə mənəvi təsəlliyə ehiyacım olanda da Nəriman müəllimin yanına tələsirdim. Nədən danışmamışıq. İndi bunlar mənə sadəcə yuxu kimi gəlir. İnana bilmirəm Nəriman müəllimin yoxluğuna, mənə elə gəlir ki, yenə də harasa ezamiyyətə gedib. Nə vaxtsa qayıdacaq və yenə də saatlarla oturub dərdləşəcəyik.
Ölümünə yaxın cəmisi iki dəfə görüşmüşdük. Görkəmli yazıçı ilə son görüşlərimizdən birini xatırlamağa çalışıram. Düzdü, bu barədə Nəriman müəllimin “Ruhlar çağırır” kitabı ilə əlaqədar yazdığım yazıda azacıq da olsa toxunmuşam. Ancaq son günlər bu görüşü tez-tez xatırlayır, yada salıram. Yazının həmin hissəsini olduğu kimi bu yazıya əlavə edirəm. Fikrimcə, belə daha yaxşı olar. Nəriman müəllimin də, böyük şairimiz Məmməd Arazın da ruhları şad olar.
“Azərbaycan” nəşriyyatının girişində, pilləkanların üstündə Nəriman müəllim Məmməd Arazla söhbət edirdi. Məmməd Araz Nəriman müəllimin qollarından tutmuşdu, aradabir özünə tərəf çəkir, nəsə deyirdi. Bir-biri ilə o qədər mehribancasına danışırdılar ki, mane olmaq istəmədim. Gözlədim. Və qəfildən hər ikisi məni gördü. Məmməd Araz dedi: - Çoxdandır səni görmürəm, haralardasan? Qısaca iş yerimi söylədim. Nəriman müəllim ona iş yerimi dəqiqliyi ilə dedi və məni təbrik etdi: - Eşitdim işində irəliləyiş var, xeyirli olsun.
Məmməd Araz məsələni bilən kimi məni təbrik etdi və dönüb Nəriman müəllimə, - “oralarda qələm əhli nə qədər çox olsa, o qədər yaxşıdır, xeyirli-uğurlu olsun”, - dedi. Nəriman müəllim böyük şairə tərəf döndü: - “Bax, nə istəyirsən, Məmməd müəllim də öz xeyir-duasını verdi, yaxşı olar, inşallah”.
Böyük hörmətim və rəğbətim olan insanların təbriki və xeyir-duaları məni çox sevindirdi, ürəkləndim. Ancaq yazmağı unutma, dedilər, yazdığın qalacaq.
Sonuncu görüşümüz rəhmətlik əmim Hidat müəllimin hüzründə oldu. Bir gün əvvəl zəng etmişdi ki, o yeri tanımır, mümkünsə birlikdə gedək. Səhər tezdən bir də zəngləşdik, “Elmlər Akademiyası” stansiyasının qabağında görüşdük. Açığı səhhəti məni açmadı, nəsə nasaz görünürdü. “Yaman pis iş oldu, yazıq Hidat müəllim”, dedi. Hüzrdə qohum-əqrəba çoxuydu. Xeyli söhbət elədi, qohumlarla, tanışlarla hal-əhval tutdu. Ancaq rəngi-rufu özündə deyildi. Qəbirsanlığa getmədi. Daha doğrusu, biz qoymadıq. Gedənlər qayıtdılar. Burada həmişəki kimi xeyli söhbət etdik. Aradabir dedi ki, ayaqlarımı güclə atıram, yeriyə bilmirəm. Bu, mənim unudulmaz müəllimim, özümü ömrümün sonunadək mənəvi borclu hesab etdiyim, ustadım Nəriman Qoca bəy oğlu Süleymanovla son görüşüm oldu.
Axşamçağı qohumlardan kimsə zəng çaldı. Səsindən narahatçılığı elə o dəqiqə hiss olunurdu. “Nəriman müəllim, keçindi!” Onda Nəriman müəllimin heç 65 yaşı tamam olmamışdı. “Nə isə... bu görüşlər, bu xatirələr yuxuya dönür, qalan isə sənət olur, ədəbiyyat olur. Nərimanın ədəbiyyatı qaldı, sənəti qaldı. Lakin hələ yazılası çox əsərlərini özüylə arardı. Ruhuna baş əyirəm, qəbrinə baş əyirəm, xatirənə baş əyirəm, əziz Nəriman (M.Araz).
İndi Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, yazıçı-jurnalist, tərcüməçi, gözəl insan, unudulmaz Nəriman Qoca bəy oğlu Süleymanovun anadan olmasından 95 il keçir. Sağ olsaydı, 15 avqustda Nəriman müəllimin doğum günü hamılıqla, birlikdə qeyd ediləcəkdi. Çox təəssüf, bu dəfə doğum günü də onsuz keçiriləcək. Ancaq inanıram ki, onun ölməz ruhu əzizləri, qohumları, yaxınları və qədirbilən insanlarla birlikdə olacaq, bizi dinləyəcək. Doğum günün mübarək, ustad! Doğum günün mübarək, əziz Nəriman Qoca bəy oğlu!
Elşad Qoca

