“Yüz il qabaq Türkoloji Qurultayın Bakıda keçirilməsinin özəl səbəbləri vardı“ MÜSAHİBƏ
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədov "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir:
- Məhərrəm müəllim, Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam, şübhəsiz ki, milli və elmi baxımdan böyük əhəmiyyət daşıyır. Sizcə, bu qərar türkologiyanın bugünkü inkişafına və gələcək perspektivlərinə necə təsir göstərəcək?
- 1926-cı ildə Türkoloji Qurultayın Bakıda keçirilməsinin müəyyən səbəbləri vardı. Qurultay Bakıda keçirilməmişdən bir il öncə onun İstanbulda təşkil olunması planlaşdırılırdı. Türkiyə Cümhuriyyətinin başçısı Atatürk bu istiqamətdə görkəmli türkoloq alim Fuad Köprülüzadəyə tapşırıq və tövsiyələr də vermişdi. Amma sonra fikir dəyişdi və qurultayın Bakıda keçirilməsi qərara alındı.
Səbəblərə gəldikdə, birincisi, Bakı belə bir qurultayın keçirilməsi üçün əlverişli coğrafi məkan idi. Həm əcnəbi alimlərin, həm də digər türk xalqları nümayəndələrinin Azərbaycan paytaxtına gəlişi daha əlverişli idi.
İkincisi, ərəb əlifbasından latına keçid fikri ilk dəfə azərbaycanlı alimlər tərəfindən irəli sürülmüşdü. 1920-ci illərdən Bakıda əlifba islahatı ilə bağlı müzakirələr aparılırdı.
Bundan başqa, bir çox məşhur alimlər həmin dövrdə Bakıda yaşayırdılar, öz tədqiqatlarını burada həyata keçirirdilər. Bu alimlərdən, məsələn, Bəkir Çobanzadənin, çuvaş alimi Aşmarinin adlarını qeyd edə bilərik. Əsas səbəblərdən biri də o idi ki, əlifba islahatına Bakıda dövlət səviyyəsində nəzarət olunurdu. Buna görə də qurultayın Bakıda keçirilməsi münasib hesab edildi.
Qurultayda 131 nümayəndə iştirak etmişdi. Onlardan 93-ü milli, 38-i isə qeyri-milli, qeyri-türk əsilli idi. Qurultaya 20 əcnəbi alim də qatılmışdı. Nümayəndələr arasında yeganə qadın müəllimə Aynaz Sultanova idi.
Qurultayda türk dillərinin inkişafı üçün 7 mühüm məsələ müzakirə olunmuşdu: əlifba məsələsi; imla-orfoqrafiya məsələsi; tədris-metodika məsələsi; terminologiya; qohum və qonşu dillərlə interferensiya; ədəbi dil və ortaq dil problemi; ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi məsələləri.
Qurultayda 17 iclas keçirilmişdi, onun 13-ü dil məsələsinə həsr olunmuşdu. Beş iclasda əlifba məsələsi müzakirə edilmişdi. Əlifba məsələsində iki fikir mövcud idi: ərəb əlifbası üzərində islahat və latın əlifbasına keçid. Səsvermədə latın əlifbasının tərəfdarları 101 səs qazandı, ərəb əlifbasını dəstəkləyənlər cəmi 7 nəfər oldu, 9 nəfər isə səsvermədə iştirak etmədi. Beləliklə, latın əlifbasına keçid təsdiqləndi.
Amma bu keçid uzun çəkmədi. 1939–1940-cı illərdən SSRİ-də yaşayan türk xalqları Kiril əsaslı əlifbaya keçməyə məcbur edildilər.
Qurultayda terminologiya məsələsi ilə bağlı geniş məruzələr edildi. Məruzəçilər arasında Bəkir Çobanzadə, Hənifə Zeynallı, Həbibullah Odabaş, Əhməd Baytursun kimi nüfuzlu alimlər vardı. Çobanzadə bildirdi ki, terminlər əsasən milli mənbədən götürülməlidir, əgər buna imkan yoxdursa, ərəb, fars və Avropa mənbələrinə müraciət etmək olar. Terminlər təkmənalı, sinonimsiz olmalıdır. Bu prinsiplər bu gün də işləkdir.
Ədəbi dil məsələsində çıxışçılar ədəbi dil normalarının təkmilləşdirilməsini, bəzi türk xalqları üçün yeni ədəbi dilin yaradılmasını vacib saydılar. Orfoqrafiyanın əsas prinsipləri kimi fonetik və etimoloji-morfoloji yanaşmalar uyğun hesab olundu. Fuad Köprülüzadə qədim türk yazılı abidələrinin dilini ümumtürk ədəbi dili adlandırdı. Divani-lüğət-it-türk və Xəqaniyyə türkcəsində bunun izlərini görmək mümkündür.
Qurultayda ortaq ünsiyyət dili məsələsi də vacib hesab edildi, amma məsələ reallaşmamış qaldı. Maraq doğuran məruzələrdən biri Altay xalqının nümayəndəsi Sabaşkının çıxışı oldu. O bildirdi ki, bəzi türk xalqları öz etnik kimliyini belə tanımır. Sabaşkin alimlərə çağırış etdi ki, bu xalqların tarixini və kimliyini araşdırsınlar.
Qurultayda Bəkir Çobanzadə qeyd etdi ki, türk dilləri Orxon-Yenisey abidələrindən əvvəl mövcud idi, onların tarixi yazılı abidələrlə ölçülməməlidir. Çobanzadə türk dillərinin eramızdan əvvəlki IV minillikdən başlandığını bildirdi.
Monqolşünas alim Poppe və Genko da məruzə etdilər. Poppe türk dillərinin monqol, tunguz-mançu dilləri ilə genetik qohum olduğunu dedi. Genko isə türk dilləri ilə Qafqaz dilləri (yafəs dilləri) arasında tipoloji uyğunluq olduğunu vurğuladı.
Malovun məruzəsində isə türk əlifbasının mənşəyi və yazılı abidələrin dili diqqətə çıxarıldı. O göstərdi ki, qədim türk əlifbası damğalardan deyil, soğd əlifbasından təsirlənib. Orxon abidələrinin dili oğuz, Yenisey abidələrinin dili isə qırğız tayfalarına daha yaxındır.
- Sizcə, türkologiyanın mahiyyəti nədən ibarətdir? Bu sahənin bu gün qarşıda duran ən mühüm və aktual elmi problemləri hansılardır?
- Türkologiya qədim tarixi, mükəmməl tədqiqat metodları, zəngin ənənələri olan bir elm sahəsidir. Türkologiyanın əsas məqsədi türk dillərinin tarixini, dilini, ədəbiyyatını, mədəniyyətini, etnoqrafiyasını öyrənməkdir. Müasir dövrdə də türkologiya elmi sürətlə inkişaf edir. Amma sovet dönəmində türkologiya müəyyən sahələrdə inkişaf etsə də, bir sıra əsas məsələlər diqqətdən kənarda qalmışdı. Məsələn, həmin dövrdə müasir türk dillərinin hər birinin ayrıca tarixi, fonetikası, qrammatikası, leksikologiyası, leksikoqrafiyası, dialektologiyası öyrənilirdi. Amma türk dillərinin ümumi tarixi, ümumi qrammatikası, ümumi dialektologiyası tədqiqatdan kənarda qalmışdı.
1990-cı illərdə, müasir türk xalqları müstəqillik qazandıqdan sonra bu ümumi tədqiqatlara maraq artmağa başladı. Hazırda türkologiyanın qarşısında duran əsas vəzifələr bunlardır:
Türk dillərinin geneoloji və tipoloji təsnifatı – indiyədək mövcud təsnifatlar birtərəfli və qeyri-dəqiq aparılıb.
Türkologiya tarixinin dəqiq müəyyənləşdirilməsi – sovet dövründə bu tarix yalnız Rusiyadakı tədqiqatlarla məhdudlaşdırılırdı. İndi isə əksər türkoloqlar bu elmin Mahmud Kaşğarinin "Divani-lüğat-it-türk" əsəri ilə başladığını qəbul edirlər.
Türk dillərinin dövlət dili statusu – hal-hazırda yalnız 6 türk xalqının dili dövlət dilidir, lakin 25-dən çox türk xalqı mövcuddur. Bir çoxlarının dili yox olmaq təhlükəsi ilə üz-üzədir. Bu dillərin qorunması, inkişafı və ədəbi dilinin formalaşdırılması əsas vəzifələrdəndir.
Orta əsrlər türk ədəbi dilinin tədqiqi – İslamın qəbulundan sonra türk xalqları arasında ortaq bir ədəbi dil formalaşmışdı. Bu dilin təşəkkülü, təkamülü və tənəzzülü müasir türkologiyanın mühüm tədqiqat sahələrindəndir.
Ortaq türk ünsiyyət dilinin yaradılması – bu sahədə türkoloqlar aktiv işləyir və mübarizə aparırlar.
Xatırladaq ki, 2024-cü ildə Bakıda keçirilən Beynəlxalq Türk Akademiyasının iclasında ortaq türk əlifbasının layihəsi təsdiqlənib və bu istiqamətdə işlər davam etdirilir.
- 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın türkologiya elminin inkişafındakı rolu necə idi?
- Birinci Türkoloji Qurultayı türk xalqları birliyinin simvolu adlandırmaq olar. Çünki ilk dəfə bu xalqlar bir yerə toplaşıb köklərinin, soylarının, dillərinin birliyini müzakirə elədilər. Bundan sonra türkologiya elminə maraq artdı. Təəssüf ki, Birinci Türkoloji Qurultaydan sonra orada iştirak edən və SSRİ-də yaşayan alimlərin demək olar ki, hamısı repressiyaya məruz qaldılar.
Sovet dönəmində, qeyd etdiyim kimi, vahid türk xalqı anlayışını qəbul olunmurdu. Sovet ideoloqları çalışırdılar ki, milli respublikalarda yaşayan xalqları bir-birindən ayırsınlar. Məsələn, Azərbaycan xalqının ayrıca mənşəyi, dili, ədəbiyyatı, tarixi olduğunu deyirdilər. Uyğuru, özbəyi, qazaxı - hər birini ayrıca xalq kimi təqdim edirdilər.
1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra bu sahədə dönüş yarandı. Bakı Dövlət Universitetində türkologiya kafedrası açıldı. Elmlər Akademiyasında türk dilləri şöbəsi quruldu. Bu, türkologiyaya marağın rəsmi şəkildə artdığını göstərirdi. Universitetin tədris planına türkologiya ilə bağlı fənlər daxil edildi. “Türkologiyaya giriş”, “Qədim türk yazılı abidələri”, “Türk xalqları ədəbiyyatı” kimi fənlər tədris olunmağa başlandı. Dərsliklər yazılmağa başlandı, Fəxrəddin Zeynalovun, Əlişir Şükürlünün dərslikləri çap olundu.
O vaxta qədər dərsliklərdə azərbaycanlıların türk mənşəli olduğu qeyd edilmirdi. Bizə bu məlumat verilmir, bu barədə danışılmırdı. Amma ümummilli liderimizin dövründə vəziyyət dəyişdi və müasir dövrdə də bu siyasət davam edir.
- Sovet dövründə bolşevik ideologiyası və totalitar idarəçilik bir çox sahələrdə olduğu kimi, türkologiyanın da inkişafına ciddi maneələr törətdi. Həmin dövrdə bu sahənin qarşılaşdığı çətinliklər və elmi mühitin məhdudiyyətləri barədə nə deyə bilərsiniz?
- Sovet dönəmində, yəni ümumiyyətlə türk xalqlarına qarşı bir qısqanclıq və basqı siyasəti var idi. Əslində, bu, daha əvvəllərdən – I Pyotr dövründən başlayıb. Onun gizli məktublarında da bu mövzuya rast gəlmək olur. Pyotr Sibirdə yaşayan türk xalqlarının assimilyasiyası məsələsini qarşıya məqsəd kimi qoymuşdu. Hər vəchlə çalışırdılar ki, türk xalqlarının tarixini saxtalaşdırsınlar.
Orxon-Yenisey abidələri üzə çıxarılanda bu abidələri tədqiq edən alimlər onların mənşəyini öz adlarına çıxmağa çalışırdılar. Ruslar istəyirdilər ki, bu abidələri və onun tarixini özlərinə sənədləşdirsinlər.
Türkologiya ilə bağlı dərsliklərdə iddia edilirdi ki, bu elm sahəsi yalnız XIX əsrdə Rusiyada başlayıb. Azərbaycan tarixi kitablarında da belə bir konsepsiya irəli sürülürdü ki, guya türklər bu ərazilərə XI əsrdə – Səlcuqlular dövründə gəliblər, yerli xalqları assimilyasiya ediblər və dil dəyişib.
Halbuki tarixi faktlara əsasən, bu ərazilər qədimdən bəri türk xalqlarının yaşadığı torpaqlar olub. İndinin özündə də Rusiyanın nəzarətində olan tatarlar, başqırdlar, çuvaşlar, yakutlar və digər türk xalqlarına qarşı müxtəlif formalarda təzyiqlər davam edir.
Sovet İttifaqı dağılandan sonra, yəni 1990-cı illərdən bu yana, Azərbayucanda milli zəmində aparılan araşdırmalarla xeyli müsbət nəticələr əldə olunub. Bu prosesin daha böyük vüsət alacağı heç bir şübhə doğurmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 29 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















