Türkoloji qurultayın ideyalarına həyat vermiş alim
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı ildə Bakıda keçiriləcək Türkoloji qurultayın 100 illik yubileyi ilə bağlı Prezidentin Sərəncamı ölkəmizdə türkologiya elminin tarixinə geniş miqyasda nəzər salmaq üçün də meydan açmışdır. Türk dünyasının, Azərbaycanın mədəniyyət, elm və siyasət tarixində 1926-cı il 1-ci Bakı Türkoloji qurultayı mühüm tarixi əhəmiyyətə malikdir. Bu barədə yazmaq, danışmaq, şərh vermək özü bir məqaləyə sığan reallıq deyil.
Birinci Bakı Türkoloji qurultayı türkologiya elmi tarixinin XX əsrdə təməl daşını qoyub. 1926-cı ilin 26 fevralında başlanan bu qurultay məzmunca qəmli, faciəli, mahiyyətcə 100-dən artıq iştirakçısının, say-seçmə elm xiridarlarının kül halında repressiya qurbanı olması, sürgün həyatına məcbur edilməsi, bir sözlə, ziyalıların, görkəmli elm nümayəndələrinin soyqırım sənədidir. Bəşər tarixində yaşanan İnsanlıq dramlarından biri də məhz 1926-cı ilin 26 fevralından başlanıb. Bu sətirləri ona görə qələmə aldım ki, XX əsrin 50-ci illərinin ortalarına kimi Türk sözü ilə xalqımızın başına gətiriən müsibətləri kiçik bir sərlövhə kimi xatırlamaqla tarixin aynasına üz tutdum.
Türkologiya elmi XX əsrdə dünyanın siyasi xəritəsinə öz təsirini elə göstərmişdir ki, ömrünü bu elmə həsr edən, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan sonra fırtınalar içərisində boğulan, talelərinin çırağı Stalin repressiyasında söndürülən böyük bir türkoloqlar ordusu məhv edilməklə yanaşı, Türk sözü, Türkologiya elmi də cəllad əllərində, dar ağacında boğülmuşdur. 1926-cı ildə Bakıda keçirilən 1-ci Türkoloji qurultay hər şeydən əvvəl bir siyasi tarixdir. Çünki Sovet İmperiyasında slavyanlardan sonra kəmiyyətcə çoxluq təşkil edən türklərə qarşı yönəlmiş dil, əlifba, mədəniyyət pərdəsi altında manqurtlaşdırma, soyqırım və emiqrasiya siyasəti məhz 1926-cı ilin 26 fevralından sonra ildırım sürəti ilə çaxmağa başlamışdır. Bu mənada XX yüzillikdə yazılanlar və baş verənlər xüsusi olaraq tarixiləşmişdir. Məhz belə bir tarixi şəraitdən sonra türkologiyanın, Turan ellərinin qapısı qıfıllanmışdı. Türkün sözü də, imzası da ürəklərdən daş kimi asılmışdı. Bütün bu qadağalara baxmayaraq, XX əsrin 50-ci illərinin ortalarından başlayaraq siyasi rejimdəki yumşalma Türkologiyanın bir elm sahəsi kimi yenidən meydana çıxmasına təkan vermişdir. Türk dünyasında yeni nəfəslər, yeni Aydınlar doğulmuşdu... Dövran nə dövran... türkologiyanın taleyinə biganə qalmamaq, bu elmdə yeni bir cığır açmaq, elmdə zəhmət çəkmək, tər tökməklə yanaşı, böyük bir cəsarət, fədakarlıq tələb olunurdu. SSRİ adlandırılan nəhəhg imperiyanın içində “Mən türkəm, bizim soyumuz, kökümüz türkdür” deyən cavan bir ali məktəb müəlliminin, elmdə novatorluqluğu ilə seçilən bir alimin mübarizliyi və təkrar edirəm, qətiyyəti sayəsində 1969-cu ildə Azərbaycan SSR-nin flaqman ali məktəbində - Azərbaycan Dövlət Universitetində Türkologiya kafedrasının açılması o dövrdə -sovetin qılıncının “dal-qabağının” kəsdiyi vaxtda mühüm ictimai- siyasi və səs-küylü elmi hadisə idi. Bu həm də o dövr idi ki, Azərbaycanda siyasi hakimiyyətə yeni Milli Rəhbər gəlmişdi...
Bu böyük hadisənin əzab-əziyyətinə qatlaşan Türk dünyasının görkəmli türkoloqu Fərhad Ramazan oğlu Zeynalov elə bir cəsarət sahibi idi ki, türkologiya kafedrasını Azərbaycan Dövlət Universitetinə gətirən gündən başlayaraq bu sahənin cəfakeşlərini arayıb-axtarırdı, qardaş Türkiyənin yolları üzümüzə bağlı olduğu, Türkiyə sözü pıçıltı ilə deyiləndə, radio dalğalarında həzin türk ləhcəsinə qulaq asmaq, dinləmək müşkülə dönəndə belə türkologiya elminin görkəmli nümayəndələri ilə əlaqə yaratmaq üçün bacardığını edir, qorxu nədir belə ruhuna yaxınlaşdırmırdı. Əksinə, Azərbaycan və Türk dünyası üçün yeni gənc nəsl türkoloqlarının yetişməsinə çalışan Fərhad Zeynalov zamanın fövqündə dayanmışdı.
Türkologiya elmində yeni bir Fədai meydana atılmışdı. Çox təəssüf ki, amansız ölüm türkologiyanın fədaisinin arzularını yarımçıq qoydu...
Fərhad müəllimin tələbəsi olmuş və onun razılığı sayəsində türkologiya kafedrasının qapısı üzünə açılan, hazırda ömrünün ahıl çağını yaşayan, əziz müəllimim, professor Elbrus Əzizovu soraqladım. Onu da öyrənmişdim ki, Elbrus müəllim Fərhad Zeynalovun vəfatından sonra onun haqqında elmi ictimaiyyətə ilk dəfə müfəssəl bilgi verən, müəlliminin və həmkarının ölməz xatirəsinə elmi-biblioqrafik yazı ithaf edən vəfalı və qətiyyətli elm cəfakeşidir. Onun 1984-cü ildə haqqın dərganına qovuşan Fərhad Zeynalovun xatirəsinə həsr olunmuş məqaləsi Azərbaycan Dövlət Universitetinin “Lenin Tərbiyəsi Uğrunda” mətbu orqanında işıq üzü görüb. Respublikanın elm jurnallarında çap olunub. Həmin illərdə filologiya fakültəsinin mərhum professoru, böyük ürək sahibi Abbas Zamanov Elbrus Əzizovun məqaləsini Türkiyədəki elmi ictimaiyyətə göndərir və yazı Türkiyədə “Görkəmli türkoloq” adı ilə çap olunur. O illərin unudulmaz xatirəsini yaddaşlarda əbədiləşdirən, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru Elbrus Əzizovla həmdəm bir söhbətimiz oldu.
- Elbrus müəllim, türkoloq alim, professor Fərhad Zeynalovun xidmətləri bu günümüzün aynasından necə görünür?
- Azərbaycanda türkologiya elminin inkişafında böyük xidmətləri olmuş mərhum professor Fərhad Zeynalov ölkəmizin elm və təhsil tarixində özünəməxsus yer tutan görkəmli dilçi alimdir. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil aldığım illərdə onun mühazirələrini dinləmiş bir tələbə, Fərhad müəllimin müdir olduğu Türkologiya kafedrasının ilk aspirantı, nəhayət, onunla birgə işləmiş bir müəllim kimi bu böyük elm xiridarı haqqında təkrar-təkrar yazmağı özüm üçün həmişə mənəvi borc bilmişəm. Bu gün onun haqqında yazmaq bəlkə də Fərhad müəllimin adından çox, yeni nəsil üçün lazımdır. Görkəmli alimin həyat yolu, zəngin elmi-pedaqoji fəaliyyəti elm və təhsil sahəsində çalışan yeni nəsil üçün örnək ola bilər.
Fərhad Ramazan oğlu Zeynalov 1929-cu il iyunun 22-də Naxşıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Onun uşaqlıq illəri çətinliklər içərisində keçmişdir. Atası II Dünya müharibəsində həlak olmuş, az sonra anasını da itirmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin f ilologiya fakültəsinə daxil olmuş, 1953-cü ildə həmin fakültəni Azərbaycan dili və ədəbiyyatı, məntiq və psixologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır. 1953-1956-cı illərdə Moskva Dövlət Universitetinin Ümumi və tipoloji dilçilik kafedrasının aspirantı olmuş, məşhur türkoloq, professor Nikolay Aleksandroviç Baskakovun elmi rəhbərliyi ilə 1957-ci ildə “Nitq hissələrinin təsnifi prinsipləri (adlar)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Fərhad Zeynalov özünün pedaqoji fəaliyyətinə 1957-ci ildə ADU-nun Ümumi dilçilik kafedrasında başlamışdır. Alimin elmi fəaliyyətinin əsas istiqamətini türk dillərinin qrammatik quruluşunun öyrənilməsi təşkil edirdi. Bu sahədəki gərgin əməyinin nəticəsi olaraq o, 1966-cı ildə “Müasir türk dillərində köməkçi nitq hissələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1968-ci ildə professor elmi adını almışdır. Fərhad Zeynalov 1969-cu ilin noyabrından ömrünün sonunadək universitetdə özünün təşəbbüsü ilə açılmış Türkologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Azərbaycanda ilk türkoloji araşdırmalar XX əsrin 20-30-cu illərində aparılmış, lakin 1930-cu illərin məlum repressiyaları nəticəsində sonrakı illərdə bu sahədə tədqiqatlar, demək olar ki, dayanmışdı. Yalnız həmin əsrin 50-ci illərinin axırlarından respublikamızda türkologiyanın ikinci dirçəliş mərhələsi başlayır. Fərhad Zeynalovun türkologiyaya gəlişi məhz həmin dövrə təsadüf edir.
Azərbaycanda türkologiyanın inkişafında professor Fərhad Zeynalovun mühüm xidmətləri olmuşdur. O, “Türkologiyaya giriş”, “Qədim türk yazılı abidələri”, “Türk dillərinin müqayisəli qrammatikası” fənlərinin Azərbaycan Dövlət Universitetində tədrisində bu fənlərə aid proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması və nəşri sahəsində böyük işlər görmüşdür. Türk dillərinin görkəmli tədqiqatçısı az müddət ərzində 2 hissədən ibarət olan “Türk dillərinin müqayisəli qrammatikası” (1974; 1975), “Qədim türk yazılı abidələri” (1980) dərs vəsaitlərini, “Türkologiyanın əsasları” (1981) dərsliyini hazırlayıb çap etdirmişdir. Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün yazılmış “Türkologiyanın əsasları” dərsliyi keçmiş sovet məkanında ilk təşəbbüs kimi elmi-pedaqoji ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdı. “Maarif” nəşriyyatında dörd min tirajla nəşr olunmuş bu əsər təkcə mütəxəssislərin deyil, filoloq olmayan oxucuların da marağına səbəb olmuş və tez bir zamanda satılıb qurtarmışdı. Dərslikdə türk dillərinin qədim tarixi, onların inkişaf dövrləri, mənşə ümumiliyi, fonetik, leksik, qrammatik quruluşu, habelə ayrı-ayrı dillərin ortaq və fərqli xüsusiyyətləri haqqında dəyərli məlumatlar yer almışdı. Nəhayət, bu da qeyd olunmalıdır ki, sovet rejiminin güclü olduğu bir dövrdə belə bir əsərin nəşri Azərbaycanda türkoloji dilçiliyin inkişafına təkan vermişdir. Sonralar müstəqillik dövründə bu əsərin təsiri ilə “Türkologiyaya giriş” adlı bir neçə dərslik də nəşr olunmuşdur.
- Elbrus müəllim, Fərhad Zeynalovun müasir türk dillərindəki araşdırmaları ilə bağlı elmi fəaliyyətinin əhatə dairəsi barədə də danışmağınızı xahiş edirəm.
Fərhad Zeynalovun çap olunmuş əsərlərinin sayı 70-dən çoxdur. Sağlığında onun 12 kitabı nəşr olunmuşdur. Bu əsərlər içərisində “Müasir türk dillərində köməkçi nitq hissələri” (1971) monoqrafiyası türkologiyada yüksək qiymətləndirilmiş bir araşdırmadır. Görkəmli alimin türk dillərinin fonetikasını, leksikasını və morfologiyasını əhatə edən irihəcmli “Türk dillərinin müqayisəli qrammatikası” (353 s.) əsəri müəllifin vəfatından 24 il sonra 2008-ci ildə işıq üzü görmüşdür.
Türkologiyanın aktual problemləri Fərhad Zeynalovun tədqiqatlarının diqqət mərkəzində olmuşdur. Bu cəhətdən onun “Tərz kateqoriyası və onun türk dillərində təzahürü məsələsi” (1972), “Müasir türk dillərində analitik yolla yaranan feil formaları” (1977), “Türk dillərində mürəkkəb feil problemi” (1983) və s. məqalələri türkologiyanı daha da zənginləşdirmişdir. Alimin bir sıra məqalələri keçmiş SSRİ-nin elmi mərkəzlərində, Berlində, Parisdə, Budapeştdə, Ankarada və İstanbulda nəşr olunmuşdur.
- Fərhad Zeynalovun elmi fəaliyyətinin mühüm bir hissəsi türk dillərinin yazılı abidələrinin araşdırılmasına, tədqiq olunmasına həsr olunub. Bu barədə türkoloq alim kimi fikrinizi öyrənmək istərdik.
-Bəli, Fərhad müəllim türkologiyanın novator tədqiqatçısı idi. Yəqin ki, ömür vəfa qılsaydı, o, türkologiyanın açılmayan səhifələrini qətiyyəti və zəhməti sayəsində yazıb üzə çıxaracaqdı. Fərhad Zeynalov ömrünün son illərində türk dillərinin yazılı abidələrinin öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Onun kafedramızın fədakar alimlərindən biri, mərhum professor Samət Əlizadə ilə birlikdə tərtib etdiyi “Kitabi-Dədə Qorqud” eposu 1988-ci ildə görkəmli türkoloqun vəfatından dörd il sonra nəşr olundu. Bu nəşr abidənin əvvəlki nəşrlərindən bəzi məziyyətləri ilə fərqlənir. Belə ki, burada əsərin Drezden və Vatikan nüsxələri nəzərə alınmaqla elmi-tənqidi mətn verilmiş, mətnin transkripsiyası əlyazmanın orfoqrafiyasına xeyli yaxınlaşdırılmışdır. Bundan başqa, tərtibçilərin kitaba mətnin sadələşdirilmiş variantını da daxil etməsi onun oxucu dairəsini daha da genişləndirmişdi.
Fərhad Zeynalovun 1974-1975-ci illərdə 2 hissədə nəşr olunmuş “Türk dillərinin müqayisəli qrammatikası” əsərinin Yusif Çedikli tərəfindən türk dilinə tərcümə edilərək 1993-cü ildə İstanbulda “Türk lehçelerinin karşılaştırmalı dilbilgisi” adı ilə nəşr edilməsi də alimin xatirəsinə böyük ehtiram əlamətidir.
- Elbrus müəllim, özünüzün də qeyd etdiyiniz kimi, Fərhad müəllim türkologiyanın cəfakeşi olmaqla yanaşı, həm də qarşısındakı tələbənin qiymətini, elmi dəyərini bilən, universitetə potensial imkanlı kadrların cəlb olunmasında milli təəssübkeşlik göstərməkdə də onun zəhməti danılmazdır.
- Bəli, Fərhad müəllim yeri görünən, sözün böyük mənasında: xeyirxah bir müəllim, əsl ziyalı idi. Bu barədə saatlarla danışmaq olar. Yeri gəlmişkən, bu barədə maraqlı faktlar açıqlayacağam. Elmi kadrların hazırlanması sahəsində də Fərhad Zeynalovun xidmətləri çox olmuşdur. Onun elmi rəhbərliyi ilə bir neçə tədqiqatçı namizədlik dissertasiyası müdafiə edib. Bir sıra türk xalqlarının (qazax, qaraqalpaq, qumuq, balkar, çuvaş) nümayəndələri Fərhad müəllimin rəhbərlik etdiyi Türkologiya kafedrasının yaxından köməyi nəticəsində alimlik dərəcəsi alıb.
Gərgin elmi axtarışlar aparması, həyatda və elmdə öz sözünü deyə bilmək bacarığı, nəhayət, gözəl təşkilatçılıq qabiliyyəti işlədiyi kollektivdə və elmi ictimaiyyət arasında ona böyük nüfuz qazandırmışdı. Fərhad Zeynalov görkəmli bir alim olmaqla yanaşı, eyni zamanda həssas, qayğıkeş insan, tədris işini yaxşı bilən, öyrətməyi bacaran tələbkar bir müəllim idi. Hər kəsin öz müəllimi olur. O, bizim nəslin müəllimi idi. Fərhad müəllim adam tanıyan, zənnində yanılmayan bir insan idi, elmə gələn və ya gəlmək istəyən tələbələrinə qayğı göstərər, köməyini əsirgəməzdi. Bu sətirləri yazarkən Fərhad müəllimin mənə göstərdiyi etimaddan danışmaya bilmirəm. Dördüncü kursda oxuyanda o, bizim qruplarda (518, 520) “Türkologiyaya giriş” fənnindən mühazirə oxudu. Bu fənnin mövzusu aşağı kurslarda keçdiyimiz dil dərslərinin mövzusundan tamamilə fərqlənirdi. “Türkologiyaya giriş” fənnindən mühazirələrdə türk dillərinin tarixindən, bu dillərin quruluşundan, ortaq və fərqli xüsusiyyətlərindən danışılırdı. Bütün bunlar bizim üçün yeni idi. Buna görə də Fərhad müəllimin mühazirələrini səbirsizliklə gözləyir, böyük maraqla dinləyirdik. 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib Yevlax şəhərində orta məktəbdə dil-ədəbiyyat müəllimi vəzifəsində işləsəm də, yenidən universitetə qayıdıb təhsilimi aspiranturada davam etdirmək istəyirdim. 1971-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya qəbulda yeni açılmış Türkologiya kafedrasına da “Türk dilləri” ixtisası üzrə bir yer verilir. Fərhad müəllim həmin yer üçün təcili olaraq əlaçı bir məzun axtarır. Universiteti “əla” qiymətlərlə bitirib filologiya fakültəsində saxlanmış tələbə yoldaşım bu məsələdən söhbət düşəndə mənim adımı çəkir. Fərhad müəllim deyir ki, mən onu tanıyıram, xəbər ver, istəyirsə gəlsin. “İstəyirsə gəlsin” nədir, bu xəbəri eşidəndə uçmağa qanadım olmadı. Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin ora. Bakıya gəlib sənədlərimi aspirantura şöbəsinə verdim, may ayında keçirilən qəbul imtahanlarında iştirak etdim və qəbul oldum. Bu mənim həyatımda unudulmaz günlərdən biridir. Yeri gəlmişkən deyim ki, Fərhad müəllimin mənə göstərdiyi etimadı doğrulda bildim. Fərhad müəllim kafedrada elə bir nizam- intizam yaratmışdı ki, zəhmətə qatlaşan və gələcəyi olan tələbələrə, elmi potensiallı gənc tədqiqatçılara müəllimlər hərtərəfli qayğı göstərirdilər.Və mən bu etimadı, xalq üçün, elmimiz üçün fədakarlıq edən əsl pedaqoq ziyalıları türkologiya kafedrasında görmüşəm. Professor Tofiq Hacıyevin elmi rəhbərliyi ilə namizədlik dissertasiyasını 1974-cü ilin mayında vaxtından əvvəl, yəni əyani aspirant müddətinin bitməsinə üç ay qalmış müdafiə etdim.
Bəli, Fərhad Zeynalov Türkologiya elminin cəfakeşi olmaqla bərabər, görkəmli pedaqoq idi.
Bu bir həqiqətdir ki, Fərhad müəllim həyatda həmişə tələsən, daima irəliyə doğru can atan bir insan idi. Azərbaycanda türkologiya elminə böyük töhfələr vermiş bu alim və mahir pedaqoq 1984-cü il oktyabrın 16-da 55 yaşında ağır xəstəlikdən vəfat etdi. Görkəmli türkoloqun qəfil ölümü onu tanıyanların hamısını sarsıtdı. Professor Fərhad Zeynalovun adı Azərbaycan Dövlət Universitetində Türkologiya kafedrasının yaradılmasında, respublikamızda sovet dövründə türkologiyanın inkişafında və bu elm sahəsinə aid fənlərin tədrisində böyük xidmətləri olmuş bir alim və pedaqoq kimi həmişə hörmətlə anılacaqdır.
- Bu gün Fərhad Zeynalovun əkdiyi Türkçülük ağaclarının kökü Türan dünyasına yeni bir nəfəs, yeni bir ruh gətirib. Əlbəttə, yaşasaydı, nələr etməzdi bu türk sevdalısı, türkologiyanın aşiqi!
Söhbəti apardı:
Kəmalə Abdinova
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















