Zəfərimiz mübarək olsun!
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
8 Noyabr Azərbaycan tarixinin ən şanlı və unudulmaz səhifələrindən biri, xalqımızın milli qürurunun, birliyinin və sarsılmaz iradəsinin təcəssümüdür. Bu əlamətdar gün Azərbaycan xalqının uzun illər ərzində həsrətində olduğu tarixi ədalətin bərpa edildiyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan mübarizənin böyük Zəfərlə nəticələndiyi gündür. Məhz 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi Vətən müharibəsinin taleyində həlledici dönüş yaratdı və ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazıldı.
Zəfər Günü Azərbaycan dövlətinin gücünü, xalqımızın və ordumuzun sarsılmaz birliyini nümayiş etdirən tarixi hadisədir. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarını azad etmək əzmini, milli həmrəyliyini və qəhrəmanlıq ruhunu bütün dünyaya göstərdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, böyük döyüş əzmi və misilsiz qəhrəmanlıq nümayiş etdirərək düşmən üzərində tarixi qələbə qazandı. Bu qələbə illərlə davam edən işğala son qoyulması ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu.
Şuşanın azad edilməsi Zəfər tariximizin ən parlaq hadisələrindən biridir. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşanın azadlığı xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıyırdı. Mürəkkəb relyefə malik olan şəhərin qəhrəman Azərbaycan əsgərləri tərəfindən böyük şücaət və fədakarlıqla azad edilməsi ordumuzun döyüş qabiliyyətinin və Vətən sevgisinin bariz nümunəsinə çevrildi. Şuşanın azad olunması müharibənin gedişinə həlledici təsir göstərdi və düşmənin kapitulyasiyasını şərtləndirən əsas amillərdən biri oldu.
Bu böyük Zəfər, ilk növbədə, canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın birliyi hesabına əldə edildi. Vətən torpaqlarının azadlığı naminə həyatlarını qurban verən igid oğullarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Bu gün azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin sevinc dolu anları qazanılmış Zəfərin real nəticələrini əks etdirir.
Zəfər Günü həm də Azərbaycanın gələcək inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli birliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tarix gənc nəslə Vətənə bağlılıq, milli dəyərlərə hörmət, dövlətçilik ənənələrinə sədaqət və torpağa sahib çıxmaq kimi ali keyfiyyətləri aşılayır. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, bu gün əldə etdiyimiz əmin-amanlıq və qürur hissinin arxasında minlərlə qəhrəmanın fədakarlığı dayanır. 8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu gün Azərbaycan xalqı qalib xalq, Azərbaycan dövləti isə öz gücünə, iradəsinə və milli birliyinə arxalanan qüdrətli dövlət kimi tarixə öz möhürünü vurub. Qazanılmış tarixi Qələbə gələcək nəsillərə ötürüləcək ən böyük milli miraslardan biridir. Zəfərimiz mübarək olsun! Qarabağ Azərbaycandır!
Nazim BÜNYATOV,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Baxış sayı:100
Bu xəbər 04 Noyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















