Icma.az
close
up
RU
Zəngəzurla bağlı gizli razılaşma iddiası

Zəngəzurla bağlı gizli razılaşma iddiası

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

TRIPP niyə gecikir? Putin Zəngəzur layihəsində pay istəyibmi - ABŞ Rusiyaya güzəştə gedə bilərmi?

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan TRIPP layihəsinin praktiki icrasına başlanması gecikir. Hələ ötən ayın əvvəlində fiziki işlərin 2026-cı ilin sonunadək başlayacağı bildirilirdi. Son məlumata görə isə tikintinin başlanması 2027-ci ilin ilk aylarına keçirilib.

Xarici işlər naziri Ceyhun Bayramov əsas danışıqların ABŞ və Ermənistan arasında aparıldığını bildirib. Nazir qeyd edib ki, Vaşinqton Azərbaycanı proses barədə müntəzəm məlumatlandırır. Çünki Bakının iştirakı olmadan layihənin həyata keçirilməsi mümkün deyil. Bayramovun sözlərinə görə, danışıqlar uğurla davam edir. Buna baxmayaraq, əvvəl 2026-cı ilin sonuna gözlənilən fiziki işlərin başlanması artıq 2027-ci ilin ilk aylarına planlaşdırılır.

TRIPP-in Ermənistan ərazisindən keçəcək əsas hissəsinin təxminən 42 kilometr olacağı bildirilir. Yaradılacaq layihə şirkətində ABŞ-nin 74, Ermənistanın isə 26 faiz paya sahib olması nəzərdə tutulur.

Ermənistan sərhəd, gömrük, vergi və təhlükəsizlik məsələlərinin öz suverenliyi çərçivəsində qalacağını bəyan edir. Lakin marşrutun dəqiq texniki xəritəsi, maliyyələşdirmənin tam mənbələri, yük və sərnişinlərin hansı gömrük rejimi ilə hərəkət edəcəyi, eləcə də təhlükəsizliyin kim tərəfindən təmin olunacağı barədə bütün detallar hələ ictimaiyyətə açıqlanmayıb. Buna görə başlanğıc tarixinin dəyişməsi adi texniki gecikmə ilə yanaşı, tərəflər arasında həllini tapmayan hüquqi və siyasi məsələlərin mövcudluğu ehtimalını da gündəmə gətirir.

Azərbaycan isə öz ərazisindəki işləri dayandırmayıb. Ölkənin əsas hissəsində dəmir və avtomobil yollarının Ermənistan sərhədinə qədər uzadılması davam etdirilir. Naxçıvanda təxminən 180 kilometrlik köhnə dəmir yolu xəttinin bərpasına başlanıb, layihə üçün maliyyə ayrılıb. Bu işlərin də 2027-ci ildə tamamlanması planlaşdırılır.

Bu arada belə bir ehtimal var ki, Trampın elçiləri ilə Rusiya prezidenti arasında danışıqlarda Zəngəzur dəhlizi ilə bağlı razılaşma olub. İddiaya görə, Rusiyanın Zəngəzur dəhlizinə necə qoşulması məsələsi barədə danışılıb. Ekspertlərin ehtimallarına görə, Putin Zəngəzur dəhlizində Rusiyanın da olması barədə Trampın elçiləri ilə razılaşıb. Bu da Ermənistanın xoşuna gəlməyib. Ekspertlər bu ehtimalı necə dəyərləndirir? Rusiyanın dəhlizə təsiri nə dərəcədə güclüdür və ABŞ Rusiyaya öz payından güzəştə gedə bilərmi?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-nin Zəngəzur dəhlizində öz payından Rusiyanın xeyrinə güzəştə getməsi kimi bir məsələni tam mümkünsüz sayır: "Ən azından özünü Rusiyanın caynağından xilas etmək yolunda ciddi mücadilə göstərən Ermənistan buna razı olmayacaq. Ermənistanın razılığı olmadan ABŞ-nin belə bir addım atması mümkün deyil. Əslində Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq kimi bir kursu addım-addım reallaşdıran ABŞ-nin indiki dönəmdə Zəngəzur dəhlizində şimal qonşumuza hər hansı bir formada güzəştə getməsi qeyri-mümkündür.

Yolun tikintisinin bu ilin ikinci yarısından etibarən başlanacağı nəzərdə tutulurdu. Gecikmə onu göstərir ki, Ermənistanla ABŞ dəhlizin idarəçilik mexanizmlərini hələ tam razılaşdıra bilməyiblər. Heç şübhəsiz, Ermənistan bir dövlət kimi sərhəd idarəçiliyinin ona verilməsini istəyir. Lakin Birləşmiş Ştatlar bu idarəçiliyi özü həyata keçirməyi nəzərdə tutur. Əslində ən doğrusu da budur və bu yanaşım həm də Azərbaycanın maraqlarına xidmət edir. Çünki Azərbaycan vətəndaşları bu sərhəddən heç bir yoxlama olmadan gedib-gələ bilməlidirlər".

F.Yusifov qeyd etdi ki, Zəngəzur dəhlizinin Azərbaycan üçün fəaliyyət prinsipi yalnız və yalnız belə olmalıdır və bunun alternativi yoxdur: “Əgər biz Zəngəzur dəhlizindən Ermənistan sərhəd hərbçilərinin yoxlanışı vasitəsilə keçəcəyiksə, onda bu dəhliz bizim üçün heç bir əhəmiyyət daşımayacaq və deməli, bu məsələdə biz Ermənistanla yenidən qarşıdurma yaşamalı olacağıq. Ermənistan avantüraya getməməlidir. Bu mövzuda məsələ təsəvvür etdiyimizdən də qat-qat ciddidir.

Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün öz üzərinə düşən bütün işləri yüksək səviyyədə görür və indi də yolun Naxçıvandan keçəcək hissəsində intensiv iş aparılır. Yolun Ermənistandan keçəcək hissəsində işlərin daha tez başlaması bütün tərəflərin marağındadır. Odur ki, Ermənistan ərazisində işlərin ABŞ ilə Ermənistan arasında razılaşmalar tam başa çatdıqdan dərhal sonra başlaması yaxşı olardı".

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın Zəngəzur dəhlizinin tikintisində və ümumiyyətlə, layihədə pay almasında iştirakı bölgə ölkələri ilə yanaşı, Amerika Birləşmiş Ştatlarının da maraqlarına cavab vermir: “Bu baxımdan ABŞ Prezidenti Donald Trampın Zəngəzur məsələsində rusiyalı həmkarı Vladimir Putinə güzəştə getməsi inandırıcı deyil. Belə bir güzəşt Trampa lazım deyil. Ağ Ev sahibi Putinlə dialoqu davam etdirsə də, iki ölkə rəqibdirlər. "Tramp layihəsi" ABŞ-yə iqtisadi zəmində Cənubi Qafqazda möhkəmlənməyə şərait yaradır. Belə olan halda ABŞ Zəngəzur yolunu niyə Rusiya ilə paylaşmalıdır ki? Buna baxmayaraq, dəhliz hazır olandan sonra bu dəmir yolundan digər ölkələr kimi Rusiya da istifadə edə, məhsullarını müxtəlif ölkələrə daşıya bilər".

E.Şahinoğlu qeyd etdi ki, bu arada, Ermənistan hökuməti dəhlizin tikintisi məsələsində ləng tərpənir: “Azərbaycan dəmir yolunu və avtomobil yolunu Ermənistanla sərhəddə çatdırarkən, Ermənistan cəmi 42 kilometr olan dəmir yolunun tikintisinin müzakirəsini hələ bitirməyib. Görünür, baş nazir Nikol Paşinyan hələ də dəhlizlə bağlı müəyyən tərəddüd içərisindədir. Halbuki ortada Vaşinqton razılaşması var və dəhliz Ermənistanın özü üçün faydalıdır. Birincisi, Ermənistan bu dəhliz vasitəsilə həm böyük Orta dəhlizin tərkib hissəsinə çevriləcək, həm də daşınacaq məhsullara görə gəlirlərini artıracaq. Bundan başqa, dəhlizlə paralel elektrik xətləri və qaz boru xəttinin tikintisi də mümkündür. Nikol Paşinyan gələn il həm dəhlizin tikintisinə başlamalı, həm də referendum vasitəsilə konstitusiyanı dəyişdirməlidir ki, Azərbaycanla sülh sazişi imzalansın. Bu məsələləri gələn il həll etmək lazımdır. Paşinyan gözləmə mövqeyində dayanmaqla Rusiyanın ona qarşı təzyiqlərinin artmasına şərait yaradacaq. Sülh sazişi imzalandıqdan və Zəngəzur dəhlizi vasitəsilə Ermənistanın geosiyasi və iqtisadi qazancları artdıqdan sonra Rusiyanın bu ölkəyə təzyiqlərinin effekti olmayacaq. Çünki Ermənistan artıq Azərbaycan və Türkiyə ilə əlaqələri gücləndirmiş olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Sentyabr 2026 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri