Icma.az
close
up
RU
Zərdabi yolunun davamçısı

Zərdabi yolunun davamçısı

Xalq qazeti-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir Zərdabi yolunun davamçısı.

Müstəqil jurnalistikamızın məfkurə sükançısı

Bu il iyunun 22-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd ediləcək. Bu bayramın təməlini görkəmli publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim Həsən bəy Zərdabi ­1875-ci ildə ilk media qaranquşumuz olan “Əkinçi” qəzetini yaratmaqla qoyub. Onun redaktorluğu ilə çıxan bu qəzetdə Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunub. 

Demokratik ruhlu, maarifpərvər ziyalılarımızın ilk dövri tribunası sayılan “Əkinçi”nin 1875–1877-ci illərdə cəmi 56 nömrəsi çıxsa da, qoyduğu ənənələr davam edib, səpdiyi saf toxumlar cücərib bitməklə mənəvi bar-bəhər verib. Hər sözü bir iz, hər sətri bir irs olan “Əkinçi”nin başladığı şərəfli yol “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət”, Açıq söz”, “Həyat”, “Ziyayi Qafqaziyyə”, “Kaspi”, “Kəşkül”, “İrşad”, “Tərəqqi”, “Təkamül”, “Dəbistan” ilə davam edərək özünün hazırkı zirvə həddinə çatıb.

“Əkinçi”dən sonrakı dövrlərdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qələm əhlindən ibarət böyük bir ordu qədər ardıcılları yetişib. Əlimərdan bəy Topçubaşov, Əli bəy ­Hüseynzadə, Hacı Səid Əfəndi Ünsizadə, Məhəmməd bəy Şahtaxtinski, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Əhməd bəy Ağayev, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri ehtiramla yad edirik.
Ötən əsrdə sovet rejimi hakim olsa da, Azərbaycan milli mətbuatı tərəqqisindən qalmayıb, bir çox ünlü jurnalistlər nəsli yetirib. Onlardan biri də bu gün 100 yaşı tamam olan Hacı Hacıyev olub. Xatirəsinə ehtiram əlaməti olaraq hazırladığımız bu səhifəni milli ruhlu, nüfuzlu media xadimi, tərcüməçi Əməkdar jurnalist kimi yaddaşlarda özünə abidə ucaldan Hacı Hacıyevə həsr etmişik.

Elçin Şıxlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri:

– Bu il 150 illiyini qeyd edəcəyimiz Milli Mətbuat Gününün təsis olunmasının təşəbbüskarı Hacı Hacıyevin bu gün 100 yaşı tamam olur. Hacı müəllim 1991-ci ildə AJB-nin sədri olaraq, rəsmi məktubla ovaxtkı prezident Ayaz Mütəllibova müraciət etmişdi. Məktubda bildirilmişdi ki, “Əkinçi” qəzetinin yaranma gününü Jurnalistika Günü kimi qeyd edək. Sonradan bu bayramın Milli Mətbuat Günü adlandırılmasına icazə verildi. Heydər Əliyev hakimiyyətə gələndən sonra Milli Mətbuat Günü dövlət səviyyəsində daha yüksək qədirbilənliklə qeyd edilməyə başladı. 

Hacı müəllim Azərbaycan jurnalistikasına uzun illər xidmət edib. O, daha öncə televiziyada da uzun müddət məhsuldar çalışıb. AJB-nin “Müxbir” jurnalının baş redaktoru olub. Həm də dünya miqyaslı bir sıra yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə edib. O, həm sovet dövrü, həm də müstəqillik illəri üçün əsl jurnalistika məktəbi olub. 

Azərbaycan Jurnalistlər İttifaqı SSRİ Jurnalistlər İttifaqının tərkibində idi. ­1990-cı ilin 20 Yanvar faciəsindən sonra Bakıda kütləvi tədbirlərin keçirilməsi mümkün olmadığından, məhz Hacı müəllimin təşəbbüsü ilə Gəncədə fövqəladə plenum çağrılaraq, SSRİ məkanında bir ilk olaraq, Azərbaycan Jurnalistlər İttifaqının SSRİ Jurnalistlər İttifaqının tərkibindən çıxması barədə qərar qəbul olunur. Beləcə, ittifaq birlik adlandırılır və tam müstəqil olur. 

Hacı müəllim milli ruhu yüksək olan işıqlı şəxsiyyət, Azərbaycanın dövlət müstəqiliyinə qəlbən sevinənlərdən biri idi. Tarixçi olmadığı halda, onun Azərbycan Xalq Cümhuriyyətinin liderləri, aparıcı simaları barədə ayrıca kitabı var. O, son dərəcə təvazökar, üzdə olmağı sevməyən bir ziyalı idi. Adi bir misal: Bu yaxınlarda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Hacı Hacıyevin 100 illiyi ilə bağlı toplantı keçirirdik. Mərasim üçün onun şəkillərini axtardıq və təsəvvür edin ki, daim ictimai-siyasi fəallığı ilə seçilən, əlinin altında çoxsaylı mətbu orqanlar olan Hacı müəllimin vikipediyada cəmi bir şəklini tapa bildik. Çalışacağıq ki, tezliklə həmin boşluğu dolduraq. 

Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru:

– Hacı Hacıyevi tələbəlik illərimdən tanıyıram. O, məni işləmək üçün radioya yönləndirmişdi. Ötən əsrin 90-cı illərində biz artıq “525-ci qəzet”i çap etməyə başlayanda Hacı müəllim mətbu orqanın baş redaktoru olaraq “Həsən bəy Zərdabi” media mükafatını mənə təqdim etdi. Bu mənim aldığım mükafatlar içərisində ilk təltif idi. Bu yaxınlarda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Hacı Hacıyevin 100 illik yubileyində həmin mükafatı iftixarla göstərdim. O diplom fakültənin Mətbuat Şurası otağındadır, əziz xatirə kimi saxlayıram. Hacı Hacıyevin dövründə “Həsən bəy Zərdabi” mükafatı layiqli şəxslərə verilmişdi. 

Hacı müəllimlə tez-tez görüşür, mətbuatla bağlı tədbirlərdə rastlaşırdıq. Türk dünyasına dərin məhəbbət bəsləyən, maraqlı həmsöhbət, mətbuatımızın tarixinə bələd olan ziyalı idi. 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin I qurultayında Mətbuat Şurasının yaradılması ilə bağlı rəyasət heyətində ilk çıxışçılardan biri də Hacı Hacıyev idi. O zaman deyirdi ki, bu, jurnalistlərin ilk qurultayı deyil. Azərbaycan Jurnalistlər İttifaqı bu qurultaylar əsasında fəaliyyət göstərib.

İndiki vaxtda düşünəndə 2003-cü ildə səhv etdiyimizi anlayıram. Çünki mətbuatımızda qurultayın tarixi daha keçmişə – ötən əsrin 50-ci illərinə gedib çıxır. 2003-cü ilə qədər Azərbaycan jurnalistlərinin bir neçə qurultayı olmuşdu. 
Hacı Hacıyevin 100 yaşının qeyd olunması vəfa borcu, etibarlıq, minnətdarlıq borcudur. 
Qulu Məhərrəmli, BDU-nun professoru, Əməkdar jurnalist:

– Azərbaycanın 150 illik mətbuat tarixində bəzi jurnalistlər var ki, onlar daim yada düşür. İnsanlar şəxsiyyətinə, yaxşı qələminə görə yadda qalır. Hacı müəllim uzun illər teleradio çalışıb, “Xəbərlər”in baş redaktoru olub. Bütün xəbərləri oxuyurdu, dinləyirdi, redaktə edirdi. Peşəkar idi, yaradıcılıq məsələsində güzəşt etmirdi. 

Hacı müəllim axına qarşı getməyi bacaran mərd adam idi. 90-cı illərdə Şah İsmayıl Xətai ilə bağlı bir eyforiya var idi. Bu məsələ ilə əlaqədar Hacı müəllim kəskin məqalə yazmışdı. Hamı heyran idi ki, bu məlumatları haradan bilirdi. O, tarixə doğru baxmağı, düzgün qiymət verməyi bacaran şəxsiyyət idi. Hadisələrə konseptual baxışı var idi. “Həsən bəy Zərdabi” mükafatını verəndə də elə jurnalistləri seçirdi ki, əsl layiqlilər olsunlar. 

Bir müddət “Telefilm”in də direktoru işlədi. Onun dövründə orada çəkilən filmlərə baxın, hamısında millilik, mənəviyyat var. O vaxt film çəkilməsi üçün maliyyə problemi var idi. İndi hamısı var – pul da, texnika da. Amma o milli dəyərləri ifadə edə bilən filmlər yoxdur. Bu istək və bacarıq da yoxdur. 

O, prosesləri, jurnalistikanı dərindən izləyirdi. Jurnalistlər Birliyinin sədri olanda, demək olar ki, bütün jurnalistlərlə görüşürdü, həmsöhbət olurdu. Jurnalistlər Birliyinə yeni sədr təyin etmək üçün Arif Əliyevlə məni də çağırmışdı. Əvvəl rəy soruşurdu, kimi düşündüyümüzü öyrənirdi. Biz o vaxt deyilən adamlar içərisində Elçin Şıxlınının adını çəkmişdik. O, digərləri kimi deyildi. Vəzifədə olan bəzi adamlar kreslodan elə yapışır ki, getmək istəmir. Hacı müəllim isə özü öz yerinə namizəd gəzirdi. İçində bir narahatlıq var idi ki, belə təşkilatı kimə əmanət etsin, sədr kim olsun. Elçini seçməyi təsadüfi deyildi. Sözünü deyə bilən adam idi. 

Arzu edərdim ki, Hacı müəllim haqqında sənədli film hazırlayaq. Ümumiyyətlə, milli mətbuatın 150 illiyi ilə bağlı yaddaqalan bir iş görək. Hacı müəllimin “Gənc jurnalistlərə xitab” kitabı var. Mümkün olarsa, onu yenidən çap edək. Orada xəbər yazmaqla bağlı dərin tövsiyələr var.

Mir Şahin Ağayev, Real TV-nin baş direktoru, Əməkdar jurnalist:

– Hacı müəllim mətbuatımızın ağsaqqalı idi. Hazırda mövcud olan Azərbaycan Jurnalistlər Birliyinə o dövrdə Hacı Hacıyev rəhbərlik edirdi. Bu birlik zamanında əhəmiyyətinə, əhatə etdiyi nüfuz miqyasına, təsir dairəsinə görə tamamilə fərqli təşkilat idi. O qurumun nüfuzu, xarizması Hacı müəllimlə bağlı idi. O dövrdə Jurnalistlər Birliyi də bütün ideoloji qurumlar kimi Lenin, kommunizm ideyalarına xidmət eləməli idi. Hacı Hacıyev sovet dövrünün yetirməsi olsa da, o zamanın imkan verdiyi həddə çox demokratik adam idi. 

Haqqı nahaqqa verməyən ziyalı idi. Onun dilindən kifayət qədər kəskin fikirlər də çıxırdı. Yeri gələndə ölkədəki siyasi sistemin nöqsanlı cəhətləri haqqında çox cəsarətli ifadələr işlətməkdən çəkinmirdi. Ümumiyyətlə, Hacı Hacıyevin xarakteri belə idi ki, o, həm jurnalistikanı, həm də jurnalistlərin cəmiyyətə təsir gücünü qoruyurdu. 

Yadımdadır, o vaxt mətbu orqanların səhifələrində müxtəlif çatışmazlıqları ciddi şəkildə tənqid etməyə müəyyən imkan, icazə var idi. Məmməd Sadıq, Polad Qasımov, Rəfail Nağıyev, Hacı Hacıyev kimi dövrün ünlü jurnalistləri “Kirpi” jurnalı, “Kommunist” qəzeti kimi mətbuat orqanlarında çatışmazlıqları çox kəskin formada, iti qələmlə tənqid edirdilər. Bu adamları xatırladıqca gözümün qarşısına şəkillərdən ibarət “şərəf lövhəsi” kimi möhtəşəm mənzərə cəmlənir. Bu lövhədə Hacı müəllim mərkəzdə dayanıb. 

Onun insanlara maraqlı yanaşma tərzi var idi. Özünəməxsus qaydada, ağsaqqalyana nəsihətləri ilə, həyatından gətirdiyi nümunələrlə adamı doğru yola dəvət edirdi. O deyirdi ki, addım atanda əsəbisinizsə, 10-a qədər sayın, ya da 3 dəfə ürəyinizdə “səbir” deyin. Hacı müəllimin əlindən “Həsən bəy Zərdabi” mükafatı almışam. Mükafatı təqdim edərkən mənə dedi ki, bura kimi sən Mir Şahin idin, bundan sonra olacaqsan Mir Şahin Zərdabi. 

Hacı müəllim 100 ildə bir dəfə doğulan jurnalistimizdir. Ümid edək ki, növbəti 100 ildə də belə bir adam dünyaya gələcək. Allah rəhmət eləsin. 

Arif Əliyev, Bakı Mətbuat Klubunun təsisçisi, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri:

– Hacı müəllimi, təəssüf ki, gec tanımışam. Mən jurnalistikaya gələndə Hacı müəllim mənim indiki yaşımda idi. Təəssüf ki, belə fenomenal şəxsiyyəti hazırkı dövrdə çoxları tanımır. O, jurnalistikamızın inkişafı üçün çox işlər görüb. Milli Mətbuat Gününün qeyd edilməsi onun təşəbbüsü ilə qəbul edilib. Azərbaycan Jurnalistlər Birliyinin qurultayını da Hacı müəllim keçirə bildi. Hacı müəllim jurnalistikada bütün istiqamətləri qəbul edirdi. 

Ölümündən bir neçə il əvvəl onun ad gününün keçirilməsi barədə qərara gəldik. O vaxt ANS-in rəhbəri Vahid Mustafayev Hacı müəllimə bahalı saat hədiyyə etmişdi. Mərasimdə Qazaxıstanın, Özbəskistanın jurnalist təşkilatlarının da rəhbərləri iştirak edirdilər. Orada “Xalq qəzeti”, “Yeni Müsavat”, “Azadlıq” və digər qəzetlərin baş redaktorları ürəkdən gələn xoş sözlər söylədilər. Məclis yetərli qədər şən əhval-ruhiyyədə keçdi, yaddaqalan oldu. Bir də nə zaman iqtidar–müxalifət jurnalistləri birgə bu şəkildə kiminsə ad gününü qeyd edəcəklər deyə, düşündüm. 

Hacı müəllimi bütün jurnalistlər sevir, ondan yararlanırdılar. O isə qələm sahiblərinin peşəkar, məfkurəvi birliyinə, həmrəyliyinə nail olmağa çalışırdı. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qərbi Azərbaycan Xronikası: Alçalı Təpə, Amağu, Amasiya Türk tarixinin izi

19 Fevral 2025 01:48see114

“Biz onlardan qorxmuruq” Zelenski

19 Fevral 2025 03:17see113

Zelenski Ərdoğana sığındı: Türkiyə meydana girir

19 Fevral 2025 07:01see112

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see112

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see112

Pakistanla strateji tərəfdaşlığın hədəfləri

19 Fevral 2025 08:08see110

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see110

Rubio: Qərb Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirməli olacaq

19 Fevral 2025 01:08see110

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see110

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see109

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

19 Fevral 2025 10:50see109

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see109

Kiyevdə ardıcıl partlayışlar baş verdi

19 Fevral 2025 01:31see109

Xanım sürücünün maşınını təpiklədi

19 Fevral 2025 12:06see108

Makron Putinlə dialoq istəyir

19 Fevral 2025 01:00see108

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see108

Sensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ

19 Fevral 2025 05:33see108

Ər Riyad danışıqları Avropanı qorxuya salıb “Le Parisien”

19 Fevral 2025 00:08see107

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see107

Niyə avtobuslarda tərs oturacaqlar var?

19 Fevral 2025 00:18see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri