Şəkidə qədim qəbirstanlıqda məzarlıqlar qazılıb, yoxsa? FOTO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ərazidə yaşayan sakinlər məsələdən narahatdır. Ehtimal olunur ki, qəbirləri vəhşi heyvanlar da eşə, ətrafını aça bilər. Hüquq-mühafizə orqanları məsələdən agahdır, araşdırma aparılır.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən Şəkinin Gəncəli məhəlləsində, dağın qoynunda yerləşən və yerli sakinlərin Sona adlandırdıqları qəbiristanlıqda bir neçə qəbrin üstü müxtəlif formada açılıb. Məsələdən yaxınlıqda yaşayan sakinlər agah olub və onlar dərhal lazımı təşkilatlara xəbər veriblər.
Sakinlərin sözlərinə görə qəbiristanlığın XVIII əsrdə salınması barədə məlumatlar var.
Bu səbəbdən o, Şəkinin ən qədim dəfn yerlərindən biri hesab olunur. Yeri gəlmişkən, Gəncəli məhəlləsində yaşayan sakinlər bu gün yaxınlarını ərazidə dəfn edir. Məhəllə sakinlərinin sözlərinə görə, açılan qəbirlər 18–19-cu əsrlərə aiddir. Bəzi iddialara əsasən, qəbirların kimlərsə tərəfindən maddi maraqla qazıldığı ehtimal olunur. Digər bir inandırıcı fərziyyə isə vəhşi heyvanların bunları etməsidir.
Qəbiristanlığın Şəkinin “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşməsini nəzərə alaraq Dövlət Turizm Agentliyinin regional bölməsi hüquq-mühafizə orqanlarına müraciət edib.
Sakinlərin narahatlığı barədə Şəki Rayon Polis Şöbəsində də məlumatlıdırlar. Məsələnin nəzarətdə saxlanıldığı, araşdırma aparıldığı və nəticələr barədə yaxın günlərdə məlumat veriləcəyi bildirilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu


