Icma.az
close
up
RU
10cü görüşün astanasında...

10cü görüşün astanasında...

Yeni nizama doğru: ABŞ Rusiya danışıqları nə vəd edir?

Kreml Ağ ev ilə razılığa gələ biləcəkmi?

3 planın müzakirəsi gözlənilir...

Üç ilə yaxındır ki, davam edən Rusiya ilə Ukrayna arasındakı müharibə yaxın dövrdə sona çata bilər. Belə ki, hələ ötən il seçki kampaniyası dövründə müharibəni bitirmək üçün səy göstərəcəyini bəyan edən ABŞ-ın yeni prezidenti Donald Tramp vədinə əməl etmək üçün real addımlara hazırlaşır. Başqa sözlə, ABŞ liderinin rusiyalı həmkarı ilə görüşünə hazırlıq gedir. Qeyd edək ki, hər iki tərəf görüşlə bağlı real addımların atılması haqda fikirlərini bölüşüblər.

Görüşün proqramı haqda geniş məlumat verilmir, amma əsas müzakirə predmetinin yeni geosiyasi nizamın formalaşması olacağını güman etmək mümkündür. Bu strateji mərhələdə ABŞ-Rusiya münasibətləri, hərbi strukturlaşma (Ukraynanın NATO üzvlüyü məsələsi), nüvə silahlarının yayılmasının qarşısının alınması, yeni iqtisadi münasibətlər sistemi və daha çox enerji təhlükəsizliyi məsələsi, hətta Yaxın və Orta Şərq məsələsi də iki liderin müzakirə mövzusu ola bilər.

Təbii ki, “siyahının” ilk sətrini iki dövlət arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri təşkil edəcək - nəzərə alınmalıdır ki, keçmiş Prezident Cozef Baydenin “birqütblü dünya” proqramı ABŞ-ın nəinki Rusiya, eyni zamanda, digər böyük güclər və ayrı-ayrı dövlətlər ilə münasibətlərinə xələl gətirmişdi. Trampın yeni yanaşması bu məsələdə də həlledici ola bilər - düzdür, respublikaçı Prezidentin birinci dəfə dövlət başçısı olduğu illərdə ABŞ-Rusiya münasibətləri zaman-zaman gərginləşsə də, bir çox hallarda qarşılıqlı dialoq və anlaşmalar da nəzərə çarpırdı.

Görüş haqda: müsbət ilk addım...

Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals iki prezidentin görüşünün tarixini və yerini hələlik açıqlamasa da, tərəflər arasında əməkdaşlıq və mövcud beynəlxalq məsələlərin müzakirə ediləcəyini bildirib.  Rusiya mətbuatının yaydığı xəbərdə bildirilir ki, Vals Rusiya-Ukrayna cəbhəsində vəziyyətin sabitləşməsini ilkin şərt adlandırıb - bu baş verməlidir ki, biz istənilən növ sazişi bağlaya bilək: “İstərdik ki, atəşkəs olsun. Düşünürəm ki, bu, hər iki tərəf üçün inanılmaz dərəcədə müsbət ilk addım olardı. O zaman biz danışıqlar əsasında hansısa həll yoluna daxil ola biləcəyik. Hamı bilir ki, hər şey hansısa diplomatik yollarla bitməlidir”.

Görüş mövzusu: masa üstündə 3 təklif...

Qeyd edək ki, yeni ilin ilk günlərində, görüşlə bağlı məsələ xarici KİV-lərdə aktiv müzakirə olunduğu zaman, Donald Trampın müşavirləri açıq və özəl şəkildə Ukraynada müharibəyə son qoymaq üçün ABŞ prezidentinin sülh planının potensial konturlarını təklif edən fikirlər irəli sürürdülər. “Reuters”in bununla bağlı məlumatında bildirilirdi ki, Trampın bir neçə müşaviri hələ ötən ilin noyabr ayında sülh planı ilə bağlı bəzi təkliflər irəli sürmüşdülər. Belə ki, Trampın ilk prezidentlik dövründə milli təhlükəsizlik üzrə köməkçilərindən biri bildirib ki, hazırda üç əsas təklif var - bu təkliflərdən biri Ukrayna və Rusiya üzrə xüsusi elçi Keyt Kelloqa məxsusdur. Kelloqun ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Fred Fleytz ilə həmmüəllifi olduğu plan Kiyevin Moskva ilə danışıqlara başlamaması halında Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandıracağını nəzərdə tutur. Rusiyanın danışıqlardan imtina etməsi, əksinə, Amerikanın Ukraynaya dəstəyinin artmasına səbəb olacaq. Plana görə, tərəflər “mövcud cəbhə xətti” əsasında atəşkəs barədə razılığa gəlməlidirlər. Keyt Kelloq bildirib ki, Tramp yaxın gələcəkdə Ukraynada müharibəyə son qoymaq üçün məqbul həll təklif etməyə qadir liderdir. Xüsusi nümayəndəliyə namizəd hesab edir ki, son tarix 100 gün müəyyən edilə bilər - Kelloq onu da təsdiqləyib ki, Baydenin Putinlə dialoqdan imtina etməsi böyük səhv idi...

İkinci planı isə yeni seçilmiş vitse-prezident Ceyms Devid Vensə aiddir. O, öz planını hələ sentyabr ayında açıqlamışdı - plana əsasən razılaşma mövcud cəbhə xəttində hərbsizləşdirilmiş zonanı əhatə etməlidir və bu zona Rusiyanın növbəti müdaxilələrinin qarşısını almaq üçün möhkəmləndiriləcək. Onun təklifi Ukraynanın NATO-ya üzvlüyünü inkar etməyi nəzərdə tutur.

Nəhayət, üçüncü plan ABŞ-ın Almaniyadakı keçmiş səfiri və Milli Kəşfiyyatın keçmiş direktoru Riçard Qrenelliyə məxsusdur. Tramp tərəfindən prezidentin xüsusi nümayəndəsi vəzifəsinə namizəd göstərilən Qrenellinin təklifi Ukraynanın şərqində “muxtar bölgələr” yaratmaqdır. O da Ukraynanın tezliklə NATO-ya daxil olmasına qarşı çıxır. Xatırladaq ki, Qrenelli sentyabrda Nyu-Yorkda Tramp və Zelenski arasında keçirilən görüşdə iştirak edən azsaylı diplomatlardan olub.

Qeyd edək ki, ABŞ-a məxsus hər üç təklifdə Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdən çıxarılıb. Bu mənada, Avropa mətbuatı hətta razılaşmanın əldə olunmasından sonra Aİ-nin real nəticələrlə razılaşma ehtimalını zəif adlandırır. Çünki Zelenski də özünün “sülh şərtində” NATO-ya daxil olmanı hədəfi kimi götərmişdi. Siyasi analitiklər isə bildirirlər ki, nəticədə sülh razılaşması Tramp, Putin və Zelenski arasında birbaşa şəxsi əlaqələrdən asılı olacaq.

Görüş təsdiqi: Kreml “Oval kabinetə” girişi gözləyir...

Görüşə hazırlıq prosesinin başlandığını Moskva da təsdiqləyib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Prezident Putin dünya liderləri ilə, o cümlədən Trampla təmaslara açıq olduğunu dəfələrlə bəyan edib”. “Bunun üçün heç bir şərt tələb olunmur. Dialoq aparmaq, mövcud problemləri dialoq yolu ilə həll etmək üçün qarşılıqlı istək və siyasi iradə tələb olunur”, - deyə Peskov bildirib. “Biz görürük ki, cənab Tramp da problemləri dialoq yolu ilə həll etməyə hazır olduğunu bəyan edir. Biz bunu alqışlayırıq”, - deyən Peskovun sözlərinə görə, görüşün təşkili məsələsi ilə bağlı hələ heç bir konkretlik yoxdur: “Biz görüşə qarşılıqlı hazırlıqdan irəliləyirik. Görünür, cənab Tramp “Oval kabinet”ə daxil olduqdan sonra müəyyən hərəkətlər olacaq”.

Görüş sayı: SSRİ liderləri 10, Rusiya isə...

Qeyd edək ki, tarixən həm SSRİ, həm də Rusiya liderinin ABŞ dövlət başçısı ilə görüşü beynəlxalq aləm tərəfindən diqqətlə izlənir - bu, daha çox yeni siyasi nizamın başlamasından xəbər verir. Xatırladaq ki, SSRİ və ABŞ liderləri arasındakı rəsmi görüşlər əsasən soyuq müharibə dövründə baş tutub. Bu görüşlərin bir çoxu üçüncü ölkələrdə, neytral ərazilərdə təşkil olunub. Məsələn, 1945-ci ildə Yalta Konfransında Franklin Ruzveltlə İosif Stalin arasında İkinci Dünya müharibəsindən sonrakı dünya nizamı müəyyənləşib. Həmin il gerçəkləşən Potsdam Konfransında isə Harri Trumenlə Stalin arasında müharibədən sonrakı Almaniyanın gələcəyi, bölünməsi razılaşdırılıb. 1955-ci ildə Cenevrədə baş tutan görüşdə liderlər Duayt Eyzenhauer ilə Nikita Xruşşov arasında soyuq müharibənin gərginliyinin azaldılması məsələsi müzakirə edilib. Xruşşovla Con Kenedi arasında 1961-ci ildə keçirilən Vyana Zirvəsində isə Berlin və nüvə silahları müzakirə olunub. 1972-ci ildə Moskva Zirvəsində masa arxasına oturan Riçard Nikson ilə Leonid Brejnev SALT-1 müqaviləsi və gərginliyin azaldılması haqda danışıblar. Brejnev 1979 - cu ildə Vyana Zirvəsində Cimmi Karterlə SALT-2 müqaviləsini imzalayıb. Sonrakı 3 görüş ABŞ prezidenti Ronald Reyqanla SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov arasında baş tutub. 1985 -ci il Cenevrə Zirvəsində soyuq müharibənin azaldılması və nüvə təhlükəsizliyi, 1986-cı il  Reykyavik Zirvəsində nüvə silahlarının məhdudlaşdırılması, 1988-ci il Moskva Zirvəsində isə nüvə razılaşmaları və soyuq müharibənin sonlandırılması müzakirə olunub. İki dünya nəhənginin liderləri arasında son görüş isə 1989-ci ildə Maltada baş tutub. Bu görüşdə  Corc Buş və Mixail Qorbaçov soyuq müharibənin rəsmi olaraq sona çatdığını bəyan ediblər.

SSRİ dağıldıqdan sonra ABŞ və Rusiya prezidentləri arasında keçirilən görüşlər də həm yeni siyasi niazımın formalaşmasına, həm də böyük marağa səbəb olurdu. Belə ki, 1992 -ci ildə baş tutan Vaşinqton Zirvəsində Corc Buşla Boris Yeltsin soyuq müharibədən sonrakı münasibətlərin qurulması və START-II müqaviləsi barədə razılığa gəliblər. 1993 -cü il Vankover Zirvəsində isə Yeltsin Bill Klintonla Rusiya iqtisadiyyatına dəstək və demokratiyanın inkişafı haqda danışıblar. 1995 -ci ildə Hayd Parkda baş tutan görüşdə Klintonla Yeltsin Balkanlardakı münaqişə və Bosniya məsələsi haqda razılığa gəliblər. 2000 -ci il Moskva Zirvəsində görüşən Bill Klinton və Vladimir Putin Rusiya-ABŞ əlaqələrinin gələcəyinin əsasını qoyublar. 2001-ci ildə oğul Buş və Putin arasında keçirilən Lyublyana Zirvəsi silahların məhdudlaşdırılmasına həsr olunub. 2022-ci ildə Moskvada baş tutan iki lider arasında növbəti görüşün mövzusu Moskva Müqaviləsi (strateji hücum silahlarının azaldılması) olub. 2009-ci ildə Moskvada Barak Obama ilə Dmitri Medvedev  arasında yeni START müqaviləsi və əməkdaşlıq müzakirə edilib. 2018-ci ildə Helsinki Zirvəsində isə Donald Tramp Vladimir Putinlə ABŞ-Rusiya münasibətlərini, kiber təhlükəsizlik, Suriya və Ukrayna məsələlərini danışıb. Nəhayət, ABŞ ilə Rusiya arasında liderlər səviyyəsində son görüş 2021-ci ildə Cenevrədə baş tutub. Burada Co Bayden Vladimir Putinlə Ukrayna gərginliyini, kiber təhlükəsizlik, insan haqları və nüvə sabitliyini müzakirə edib.

Görüş yerini “dəyişmək” olmaz...

Hazırda dünya KİV-ində müzakirə olunan məsələlərdən biri də görüşün harada baş tutmasıdır. İki dünya qrandının görüş yerləri arasında İstanbul, Bakı, Doha, Dubayın adları çəkilir. Qeyd edək ki, Bakı əvvələr də bu kimi görüşlərə ev sahibliyi edib. 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Gerasimov arasında keçirilən görüş Bakıda baş tutmuşdu. 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüşmüşdü. 2018-ci ilin aprelində isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasında ilk görüş də Bakıda keçirilib. Bləliklə, keçmiş təcrübələrə əsaslanaraq, Azərbaycan bu gün də danışıqlar - sülh uzlaşması üçün ideal məkan sayıla bilər...

Pərviz SADAYOĞLU

seeBaxış sayı:77
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri