15 trilyon dollarlıq “sülh”
Cebhe info az-dan alınan məlumata görə, Icma.az xəbər verir 15 trilyon dollarlıq “sülh”.
Rusiya-Ukrayna müharibəsinin qısa zamanda başa çatması üçün ABŞ Prezideti Donald Trampa olan ümid hələlik özünü doğrultmur.
Tərəflər bir-birini ittiham edir, bunun fonunda isə döyüş bölgəsindən hər gün itki və dağıntı xəbərləri gəlir. Proses necə irəliləyəcək? Müharibənin taleyini kim və necə həll edəcək?
“Cebhenfo.az” israilli politoloq, siyasi elmlər namizədi, “Aziznews.com” saytının redaktoru Yuri Boçarovun mövzu ilə bağlı məqaləsini təqdim edir.
![](https://images.oxu.az/2019/08/07/16/10/19/285f4e01-fbf1-4398-a91d-c430377c5902/1:1200.jpg)
ABŞ Prezidenti Donald Tramp siyasətə praqmatik yanaşması ilə tanınır və prezidentliyinin ilk günlərindən etibarən onun əsas motivasiyasının iqtisadi fayda olduğu aydın görünür.
Fərq etməz, dövlət, yoxsa şəxsi maraqlar, əsas olan faydadır. Bu yanaşma onun xarici ölkələrə yardım siyasətində və Ukrayna ilə münasibətlərində açıq şəkildə özünü göstərir. Tramp prezident seçildkdən sonra Ukraynaya yardım məsələsinə baxış xeyli dəyişdi. Yardım artıq yalnız iqtisadi baxımdan səmərəli və qarşılıqlı faydalı şərtlərlə veriləcəkdi. Başqa sözlə, ABŞ üçün real resurslar və maliyyə qazancı olmalıdır ki, yardım göstərilsin.
Ukrayna sərvətlərini girov qoymağa hazırdır
![](https://iqtisadiyyat.az/storage/posts/66eaecfb537aca7.webp)
Ukrayna rəhbərliyi bunu tez başa düşdü. Hadisələrin gedişatı göstərir ki, hakimiyyətdə qalmaq naminə Zelenski komandası artıq indidən hər şeyi, hətta özlərinə aid olmayanı da satmağa hazırdır. Hətta yalnız kağız üzərində mövcud olan və bəzi Ukrayna siyasətçilərinin təxəyyülündə canlanan sərvətləri belə satışa çıxarmaq mümkündür.
Əsas odur ki, alıcı tapılsın. O, keçən ilin payızında Trampla görüşdə məhz bu məsələnin müzakirə olunduğunu bildirmişdi. Lakin o zaman “Forbes” yazırdı ki, Ukraynanın təxminən 15 trilyon dollar dəyərində ola biləcək faydalı qazıntılarının 70%-dən çoxu Donbas və Dnepropetrovsk bölgəsində cəmləşib.
Bu sərvətin böyük bir hissəsi artıq Ukraynanın nəzarətində deyil. Maraqlıdır ki, Ukrayna tərəfinin rəsmi məlumatlarına görə, müharibədən əvvəl ölkənin nadir yeraltı sərvətlərinin ümumi ehtiyatı təxminən 5 trilyon dollar dəyərində qiymətləndirilirdi. Bu da kiçik məbləğ deyil, amma sual yaranır: 10 trilyon dolları kim "əlavə edib"?
Üstəlik, tam araşdırılmamış ehtiyatlar əsasında belə bir rəqəmin yazılması şübhə doğurur. Həqiqətən də, Ukrayna nadir yeraltı elementlərin ehtiyatlarına görə Avropanın ən zəngin ölkələrindən biridir. Lakin bir məqamı da unutmaq olmaz ki, bu sərvətlərin böyük hissəsi hələ də tam araşdırılmayıb.
Ona görə də onların dəqiq həcmini və dəyərini hesablamaq çətindir. Obyektiv qiymətləndirmə yalnız real olaraq torpaqdan çıxarıla bilən və satışa çıxarılan ehtiyatlar üzərində aparıla bilər. Geoloji İnvestisiya Qrupunun təsisçisi İrina Suprun vaxtilə demişdi:
"Bizim uran, mis və qrafit yataqlarımız var. Amma onların üstündə bütöv şəhərlər, kəndlər və qəsəbələr yerləşir. İnfrastruktur, yollar, boru xətləri, qaz kəmərləri, elektrik xətləri – hamısı mövcuddur. Heç kim bir şəhərin yarısını və ya 2-3 kəndi köçürüb yataqları kəşfiyyat üçün açmayacaq”.
Bu, müharibədən əvvəlki "azad" Ukrayna idi. İndiki reallıqda isə əgər investorlar tapılsa, qanunları gözardı etmək və təhlükəli zonalardan insanları çıxarmaq heç kimi narahat etməyəcək. Çünki hətta uran yataqlarının kəşfiyyatı belə insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Ukraynanın “satış prosesi”
![](https://i.imgur.com/stELObZ.png)
İndi əsas məsələ Trampı Ukraynanın xammal ehtiyatlarına maraq göstərməyə razı salmaqdır. Çünki bu ehtiyatlar girov kimi qoyulsa, ABŞ-nin Ukraynaya müharibədə yardımını davam etdirməsi üçün bir şans yaranar. Məhz bu yanaşma, yəni 15 trilyon dollarlıq sərvət iddiası ilə Zelenski ötən ilin sentyabrında ABŞ-yə səfər edib. Orada həm demokratlara, həm respublikaçılara, o cümlədən Donald Trampa Ukraynanın qələbə planını təqdim edib.
“Financial Times” jurnalistlərinin apardığı araşdırmaya görə, bu planın beş əsas bəndindən ikisi birbaşa Tramp üçün hazırlanıb.
•Birinci təklif: Müharibə bitdikdən sonra ABŞ ordusunun Avropadakı mövcudluğunu Ukrayna hərbçiləri ilə əvəzləmək.
• İkinci təklif: Ukrayna özünün strateji təbii sərvətlərini Qərb tərəfdaşları ilə bölüşməyə hazırdır.
Bu məqsədlə Ukrayna əvvəlki illərdə olduğu kimi, potensial “alıcıların” ətrafında lobbi axtarmağa başladı. “Fox News”-a müsahibəsində Ukraynanın “satış” prosesində iştirak edən respublikaçı senator Lindsi Qrem belə demişdi:
"Avropada nadir torpaq elementlərinə görə ən zəngin ölkə Ukraynadır. Bu nadir metalların dəyəri təxminən 2-7 trilyon dollar arasındadır. Ukrayna inkişaf edən dünya üçün taxıl anbarıdır. Afrikaya göndərilən ərzağın 50%-i məhz buradan təmin edilir. Ukraynalılar bizimlə əməkdaşlıq etməyə hazırdırlar, ruslarla yox. Buna görə də biz maraqlı olmalıyıq ki, Rusiya bu əraziləri ələ keçirməsin”.
Lakin real vəziyyət göstərir ki, Ukraynanın buna gücü çatmadı və artıq nadir torpaq elementləri yataqlarının təxminən yarısını itirib. Ukraynanın Dövlət Geologiya və Yeraltı Sərvətlər Xidmətinin məlumatına görə, ölkə qrafit ehtiyatlarına görə dünyanın ilk beşliyində yer alır. Lakin Ukraynada olan altı əsas qrafit yatağından yalnız biri – Kirovoqrad vilayətində yerləşən yataq işlənir. Mariupol və Azov bölgəsində yerləşən iki yataq isə artıq Ukrayna üçün itirilib.
Titan ehtiyatları əsasən Jitomir, Kirovoqrad, Dnepropetrovsk və qismən Kiyev vilayətlərində yerləşir. Uran yataqları isə Dnepropetrovsk və Kirovoqrad bölgələrindədir, yəni onların bir hissəsi artıq nəzarətdən çıxıb. Bununla yanaşı, nadir metalların çıxarılması hər nə qədər gəlirli görünsə də, çox bahalı və uzunmüddətli prosesdir.
Lazımi sənədlərin hazırlanmasından ilk ton filiz çıxarılana qədər on ildən çox vaxt tələb oluna bilər. Bundan əlavə, bu sahədə irəliləyiş əldə etmək, həm filizi çıxarmaq, həm də onu emal etmək üçün yüz milyonlarla dollar investisiya və müasir texnologiya lazımdır.
Əslində, Qərb investorları olmadan Ukraynanın bu layihələri həyata keçirməsi artıq mümkün deyil. Sual yaranır ki, Ukraynadakı nadir metalların ehtiyatları illərdir məlum idisə, niyə indiyə qədər heç bir xarici investor bu layihəyə maraq göstərmirdi? Niyə məhz indi bu məsələ aktuallaşıb? Ukraynalı iqtisadçı və investisiya bankiri Serqey Furse bu məsələyə olduqca pessimist yanaşır. O, “Настоящее Время” kanalına verdiyi müsahibədə bildirib:
"Müharibədən əvvəl heç bir amerikalı investorun Ukraynadakı yataqlara maraq göstərdiyini görməmişik. Bu yataqların nə qədər dəyərli olduğu, oradakı filizin tərkibi və keyfiyyəti barədə konkret qiymətləndirmələr aparılmayıb.
Ümumiyyətlə, nə amerikalılar, nə də digər beynəlxalq investorlar bu sahəyə maraq göstərir, bu, birinci məqamdır. İkincisi, bu gün əsl dəyər artıq yeraltı sərvətlərin çıxarılmasında deyil. Əsas dəyər texnologiya və yüksək texnoloji sektorlardadır. Məhz bu sahələrə investisiya yatırılır, çünki əsl qazanc oradadır. Torpaqdan nəsə çıxarmaq isə ikinci dərəcəlidir və bu sahədə qazanc o qədər də yüksək deyil”.
Qərb investorlarının Ukraynaya marağının səbəbi
Bu, hələ müharibədən əvvəl belə idi. İndi isə vəziyyət tamamilə dəyişib, xüsusilə də Trampa açıq-aşkar elə bir təklif edilib ki, ondan imtina çətindir. Ona Ukraynanı, demək olar ki, koloniya kimi idarə etmək imkanı təqdim edilib. Amerikalılar Ukraynada eynilə fransızların Afrikada etdiyi kimi hərəkət edə biləcəklər – ucuz işçi qüvvəsindən istifadə yolu ilə nadir torpaq elementləri yataqlarını istismar edəcəklər. Əslində isə talan edəcəklər. Məsələn, Nigeriyada uran hasilatının necə idarə olunduğunu deyək.
Nə real vergilər ödənilir, nə də ekoloji normalara əməl edilir. Belə bir layihəyə sərmayə qoymağa hazır investorların tapılacağı şübhəsizdir. Bəlkə də Zelenski Trampa məhz belə bir təklif irəli sürüb. Daha doğrusu, əvvəlcə "havadan gəlir" ideyasını real pula satmağa çalışıb. Amma Trampın siyasi yanaşmasının necə olduğunu bilirik, o, hər zaman praqmatizmi və iqtisadi faydanı əsas tutub.
Bu baxımdan, Tramp ilk növbədə Ukraynaya iqtisadi yardımı dondurdu. Çünki onun fikrincə, ABŞ-nin hesabına yaşayan bir çox ölkələr təkcə minnətdarlıq göstərməməklə kifayətlənmir, hətta bəzən açıq-aşkar "əlini dişləyirlər".
Üstəlik, ABŞ-nin iqtisadi maraqlarına real töhfə vermədən bundan istifadə edirlər. Bu yanaşmanın bariz nümunəsi Ukraynaya yardımı dayandırmaq qərarı oldu. Bu, Kiyevin ABŞ-yə nadir torpaq elementləri yataqlarına çıxış verməsinə qədər davam edəcək. Tramp açıq şəkildə bəyan etdi ki, Ukraynaya yalnız o halda kömək etməyə hazırdır ki, bunun qarşılığında ABŞ onun resurslarına tam giriş əldə etsin.
Onun üçün Ukrayna strateji xammal mənbəyidir və bu resurslar ABŞ iqtisadiyyatına birbaşa fayda verə bilər. Bu yanaşma isə bir çox ekspertlər tərəfindən tənqidlə qarşılandı. Onlar bunu sərt və qeyri-etik addım kimi dəyərləndirdilər. Amma tarix boyu ABŞ heç vaxt xalqın və ya BMT strukturlarının tənqidinə əhəmiyyət verməyib. Trampın atdığı addımlar onun hər şeydən əvvəl iş adamı olduğunu sübut edir.
O, siyasətə iqtisadi maraqlar prizmasından baxır və xarici ölkələrə yardımı da ancaq ABŞ-nin qazancı naminə həyata keçirir. Onun əsas məqsədi "Amerikanı yenidən böyük etmək" şüarıdır. Tarix göstərir ki, Amerika öz böyüklüyünü həmişə başqalarının hesabına qurub.
Trampın Ukrayna “haqq-hesabı”
![](https://www.rbc.ua/static/img/_/t/_tramp__2025__gettyimages_2188134900_2a4a1a76db74793bfceaf435a30e6ec0_1200x675.jpg)
ABŞ Ukraynaya yardımı artıq yalnız real resurslar və maliyyə gəlirləri qarşılığında veriləcək. Bu çərçivədə Tramp təklif edib ki, Ukrayna öz nadir torpaq elementləri yataqlarını işlətmək üçün Amerika şirkətlərinə güzəştlər versin. Bu, ABŞ-yə qiymətli resurslara çıxış imkanı yaradacaq və onların iqtisadiyyatını gücləndirməyə, texnoloji müstəqilliyini artırmağa kömək edəcək. Bununla yanaşı, Tramp israr edir ki, Amerika şirkətləri Ukraynada vaxt məhdudiyyəti və vergi öhdəlikləri olmadan fəaliyyət göstərə bilsinlər.
Məhz bu şərtlər Ukraynanı xarici sərmayələr üçün daha cəlbedici edəcək və Amerika biznesinin rahat şəkildə inkişafına imkan yaradacaq. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2030-cu ilə qədər vacib minerallara olan ehtiyacın ödənilməsi üçün onların hasilatı əhəmiyyətli dərəcədə artırılmalıdır. Lakin bu resursların çıxarılması olduqca enerji tələb edir, ciddi karbon izi buraxır və böyük həcmdə tullantı yaradır. Tramp isə bu problemləri Ukraynanın üzərinə atmaq niyyətindədir.
Beləliklə, hasilat zamanı yaranan bütün ekoloji fəsadlar Ukraynanın adına yazılacaq, tullantılar orada qalacaq, təmizlənmiş nadir torpaq elementləri birbaşa ABŞ-yə daşınacaq. Siyasi vəziyyət göstərir ki, Kiyev bu sxemi qəbul etməyə hazırdır. Zelenskinin komandası elə bir çarəsiz vəziyyətdədir ki, hakimiyyətdə qalmaq naminə Ukraynanın tamamilə xaricilərin idarəsinə keçməsinə belə razı olur.
Başlanğıcda Zelenski vəziyyətdən çıxış yolu kimi Trampa artıq Rusiya nəzarətində olan yataqları təklif etməyə çalışdı. Amma səhv addım atdı. Görünən odur ki, Tramp ilk növbədə Ukraynanın qərb bölgələrindəki yataqlara sahib çıxmaq istəyir, çünki əks halda, bu sərvətlərə Polşa iddia edə bilər.
Unutmaq olmaz ki, müharibənin ilk ilində Polşanın dostluğunu və dəstəyini almaq üçün Zelenski Ali Radaya bu ölkənin vətəndaşlarının ukraynalılarla bərabər hüquqlara malik olması barədə qərar qəbul etdirdi. Bu, polşalılara Ukraynada istənilən vəzifədə işləmək, əmlak almaq və digər hüquqlardan istifadə etmək imkanı verdi. Hazırda Polşa-Ukrayna münasibətləri gərgin olsa da, vəziyyət tez dəyişə bilər, əgər Varşava İkinci Dünya müharibəsində itirdiyi torpaqları geri qaytarmaq imkanı tapsa, bu baş verəcək.
Beləliklə, Ukraynanın resurslarının satılması, daha dəqiq desək, talan edilməsi artıq başlayıb. Amma Tramp hələ ki, onun maraqlarına tam cavab verən rəsmi sənədlərə imza atmayıb. Ona görə də müharibə hələ davam edəcək. Məhz Ukraynanın bütün təbii sərvətləri ABŞ elitasının nəzarətinə keçəndə, Tramp Putinlə real sülh danışıqlarına başlayacaq. Çünki u yataqları işlətmək üçün çox sayda ucuz işçi qüvvəsi lazımdır. Bu isə yalnız müharibədən sonra mümkün olacaq.
Həmçinin, ölkənin yenidən qurulması bəhanəsi ilə mərkəzdən idarə olunan bir hökumət lazımdır ki, ekologiyanı və əmək hüquqlarını bir kənara qoyaraq, xarici şirkətlərə geniş imkanlar yaratsın. Məhz bu şərtlər ABŞ-nin yenidən güclənməsinə, Ukraynanın isə tükənməsinə səbəb olacaq. Tramp üçün isə əsas olan yalnız öz maraqlarını təmin etməkdir.
Tərcümə etdi: Səbinə Uğur
"Cebheinfo.az "
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)