Icma.az
close
up
RU
20 Yanvar hadisələrinə özəl baxış

20 Yanvar hadisələrinə özəl baxış

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Akif ƏLİ,

Əməkdar jurnalist,

Fəlsəfə doktoru,

Yazıçı-publisist.

Sovet imperiyasının 70 il ərzində törətdiyi qanlı əməllərdən ən dəhşətlisi 20 Yanvar faciəsi oldu. Bu fövqəladə hadisə Azərbaycan xalqının tarixində həm kədər, həm də qəhrəmanlıq səhifəsi kimi əbədi iz saldı.

Kremlin vəhşi əməliyyatı haqqında çox deyilib, çox yazılıb, müxtəlif fikirlər, mövqelər bildirilib. Şahidi olduğum Yanvar olayları barədə ötən ilin sonlarında çapdan çıxmış “Salam, cənab Baş nazir” adlı kitabımda mən də öz fikir-düşüncələrimi, şəxsi mülahizələrimi qələmə almışam.

Kitab Nazirlər Kabinetində işlədiyim dövrlərə, xüsusən, Ulu öndər Heydər Əliyev komandasının layiqli nümayəndəsi, Prezident İlham Əliyevlə uzun illər çiyin-çiyinə çalışmış Baş nazir Artur Rasi-zadənin zəngin və maraqlı həyat yoluna işıq salır.

Düşünürəm, həmin kitabdan “20 Yanvar teleqramı” adlı hissənin bu gün hörmətli oxucuların diqqətinə təqdim etmək yerinə düşərdi.

***

“20 Yanvar teleqramı”

Müxaliflər bir ara A. Rasi-zadənin “20 Yanvarda Moskvaya teleqram vurub qoşunu Bakıya çağırması” barədə eyni periodikliklə hər il təkrarlanan iddianı dövriyyəyə buraxmışdılar. Ancaq bu versiyanın azacıq analizi həqiqətin harada olduğunu göstərirdi.

Üç yüz illik nəhəng imperiyanın dövlət siyasəti prizmasından baxanda sadə bir həqiqəti görmək olar ki, Kremlin özünün strateji mülahizəsi, geopolitik maraqları, ali siyasi qərarı və bu qərarın ideoloji təminatı hazırlanmasa, əyalətdən vurulan bir teleqramla Moskva yerindən tərpənməz! O ki ola qoşunu ayağa qaldırmaq!

O dövrün xronikasını xatırlamaq kifayətdir ki, Azərbaycana qarşı xəyanət planının həmin qanlı gecədən xeyli əvvəl məhz Kreml divarları arasında hazırlandığı və mərhələ-mərhələ həyata keçirildiyi aydın olsun.

...Moskvanın yüksək vəzifəli emissarları və xüsusi təyinatlılar şəbəkəsi faktiki olaraq 20 Yanvardan xeyli əvvəl xüsusi tapşırıqla Bakıda idilər. Aldıqları böyük rüşvətlər müqabilində ermənilərin əlaltısına çevrilmiş Mixail Qorbaçovun və Qorbaçovu idarə edən Raisa Maksimovnanın əsas tapşırığı – nə yolla olur-olsun “qədim erməni arzusunu” həyata keçirmək, “Dağlıq Qarabağı” Azərbaycandan qoparıb Ermənistana vermək idi.

1988-ci il dekabrın 6-da BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn M.Qorbaçovla erməni lobbisinin görüşü olmuşdu və ermənilər M.Qorbaçova xristianlığa aid qədim əlyazma, İ.Ayvazovskinin bahalı rəsm əsərini və vaxtilə ingilis krallarına məxsus qiymətli zərgərlik əşyaları, Raisa Maksimovnaya isə məxsusi brilliant üzük və qolbağı hədiyyə etmişdilər. SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkova “Şəbəkə” üslubunda hazırlanan qızıl məcməyi və qızıl stəkanaltı dəsti göndərmişdilər. Belə səxavətli reveranslardan qanadlanan M.Qorbaçov hətta BMT-dəki beynəlxlaq sessiyanı yarımçıq tərk edib, Nyu-Yorkdan birbaşa Ermənistana, Spitakdakı zəlzələ zonasında “mərhəmət gəzisinə” uçmuşdu.

Kreml rəhbərliyinin qurduğu məkrli plana əsasən, SSRİ-nin DTK və QRU şəbəkələri hələ yaydan Bakıda və sərhəd zonalarında işləyir, bilərəkdən təxribatlar törədir, sonucda Azərbaycan xalqının gözünü qorxutmaqla tapşırılan məqsədə nail olmaq üçün zəmin yaradırdılar. Parallel olaraq mətbuat və KİV-lərdə “Baş Plan”ın ideoloji təminatı hazırlanırdı.

Gərginlikdə seytnot vəziyyətinə düşən komsomolçu-entuziast Ə.Vəzirov imperiya kanselyariyasının qurduğu mürəkkəb kolliziyalar içində başını itirmişdi, Moskva-Bakı arasında vurnuxurdu. Sonra isə tamamilə anlaqsız vəziyyətdə idarəetməni də itirdi və sükanı emissarlar verdi.

Hələ bundan iki il əvvəl, 1988-də xüsusi səlahiyyətlərlə Azərbaycana göndərilən Sov.İKP MK-nın şöbə müdiri A.Volskinin rəhbərliyi altında birbaşa Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi yaradılmışdı. O, Stepanakertə (Xankəndi) gələndən separatçıların əl-qolu açılmışdı, quldurluq artmışdı. 1989-cu ilin mayında isə Nikolay Rıjkov aldığı payın müqabilində “DQMV”-dakı bütün müəssisələrin Azərbaycan Respublikasının tabeçiliyindən çıxardılıb Mərkəzə tabe etdirilməsi barədə Qərar imzalamışdı.

Azərbaycana qarşı saymazyana bu qədər hüquqi zorakılıqlar törədildiyi halda, təəssüf ki, həmin vaxt SSRİ Xalq Deputatlarının qurultayında çıxış edən Azərbaycan SSR Nazirlər Sovetinin sədri (A.Mütəllibov) nə bu təhqiramiz qərardan, nə ermənilərin Azərbaycana qarşı ərazi iddialarından, nə də “Dağlıq Qarabağ”da baş verən separatizmdən bir kəlmə də danışmadı. Respublikaya qarşı baş verən böyük haqsızlıqlar barədə qurultaya məlumat verməyə cürəti çatan bir deputatımız da olmadı.

Əvəzində elə həmin vaxt Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər Sovetinin sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko, Azərbaycan SSR Daxili İşlər nazirinin Birinci müavini V.Barannikov Bakıya əlavə qüvvələr göndərilməsi barədə Kremldə xəlvəti danışıqlar apardılar...

Nəhayət, 1990-cı il yanvar ayının 13-də guya “bir erməninin iki azərbaycanlını öldürməsinə” cavab olaraq DTK-nın agentura şəbəkəsi Bakıda ermənilərə qarşı iğtişaşlar törətdi. O vaxt artıq əvvəlki danışıqlara əsasən, Bakıda olan (!) SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvələri hadisələrə seyrçi qaldı. Şəhərdəki “seçilmiş” ermənilərə qarşı qəddarcasına talanlar, qırğınlar, şiddətlər törədən “xüsusi dəstənin” ucaboy, iri cüssəli, vahiməli qara kitel geymiş naməlum üzvləri qəfildən şəhərdə peyda olub “əməliyyatı” keçirdikləri kimi, qəfildən də yoxa çıxdılar...

Qurama “erməni talanlarının” ardınca Siyasi Büro üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov, Sov.İKP MK katibi A.Girenko, SSRİ Nazirlər Soveti sədrinin müavini V.Doqujiyev Bakıya gəldilər. Onların gəlişi ilə eyni vaxtda şəhər ətrafına müxtəlif kontingentli əlavə qoşun hissələri və ağır texnikalar endirildi. SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi. Hətta AKP Mərkəzi Komitənin binasının daxilinə də təpədən-dırnağadək silahlanmış rus əsgərləri doldurulmuşdu. Onlar bütün günü dəhlizlərdə, pilləkənlərdə, qapılar arxasında yatışır, məqamı gözləyirdilər...

Şəhəri mühasirəyə alan ordunun tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş şübhəli dəstələr, o cümlədən, erməni millətindən olan zabit və əsgərlər, hərbi məktəblərdə təhsil alan erməni kursantları daxil edilmişdi. SSRİ MN, QRU, DTK-nın 300-dən artıq yüksək rütbəli zabit və generalları neçə ay idi ki, Bakıda oturub “ekstremistlərlə döyüş” taktikası qurmaqda idilər. Ajiotajın dozasını artırmaq üçün şəhərdə cürbəcür “qorxulu şaiyələr” gəzdirilirdi. Hətta ermənilər “Azərbaycanın Livana, Bakının Beyruta çevriləcəyindən” danışırdılar!

Yuxarı Qarabağda azərbaycanlıları qətlə yetirən, kəndlərə basqın edib evləri yandıran erməni quldurlarının davranışına isə Moskva səssiz qalırdı.

Yanvarın 17-də “atmosfer təzyiqi” bir az da yüksəldi: MK-nın qarşısında simvolik dar ağacları quruldu. İzdihamlı mitinqlər başlandı. Y.Primakov və A.Girenko Xalq Cəbhəsinin nümayəndələri ilə görüşdülər. Səhərisi gün AXC fəalları Biləsuvar və Cəlilabad rayonlarının ərazisində sərhəd qurğularını sökməyə başladılar...

Beləliklə, artıq məsələ tam lazımi “kondisiyaya” çatmışdı. Son olaraq yanvarın 19-da Y.Primakov və A.Girenko Azərbaycan KP MK-nın binası qarşısındakı “dar ağacı” mitinqinin təşkilatçıları ilə görüşdülər və “qoşunun şəhərə girməyəcəyini” vəd edib, eyforiyada olan “cəbhəçi” liderləri arxayın saldılar. Liderlər isə xalqı...

Ancaq Kreml V.İ.Leninin inqilabi təcrübəsindən məharətlə bəhrələndi: “Bu gün tezdir, sabah gecdir – bu gecə!”

Yanvarın 19-dan 20-nə keçən - həmin “arxayın” gecədə hücum əmri verildi. Və gecə səhərədək şəhərdə qan su yerinə axdı... “Göz yaşlarına inanmayan” Moskvanın sinizmi o dərəcədə idi ki, yalnız səhər saat 7-də Azərbaycan Radiosu ilə xalqa elan edildi ki, sən demə dünən axşamdan Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqi barədə M.Qorbaçovun Fərmanı var imiş və küçəyə çıxmaq olmazmış... Bu elan verilənə qədər artıq iş-işdən keçmiş, gecə səhərədək xeyli dinc sakin qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, itkin düşmüş, şəhər tar-mar edilmişdi.

Hadisələrin sxematik tablosu budur. Və bu tabloya ötəri baxışdan da aydın olur ki, uzun müddət ərzində məqsədli şəkildə mərhələ-mərhələ qurulan, SSRİ-nin güc strukturlarının hazırlayıb həyata keçirtdiyi irimiqyaslı "Zərbə" əməliyyatını “Nazirlər Soveti sədrinin müavini teleqram vurdu, qoşun dərhal Bakıya gəldi” - səviyyəsinə endirmək özü səviyyəsiz söhbətdir.

Üstəlik, 1994-cü ildə Heydər Əliyevin iştirakı ilə keçirilən iclasda Milli Məclis 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verərək, Sovet Silahlı Qüvvələrinin Bakı şəhərində və respublikanın bir neçə rayonunda silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejiminin düşünülmüş hərbi cinayəti kimi qiymətləndirib. Faciəni təşkil edən Sovet İttifaqı Kommunist Partiyası, Sovet Dövləti və Hökuməti rəhbərliyinin, o cümlədən, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi rəsmən təsbit olundu.

Bəli, məhz rejimin düşünülmüş hərbi cinayəti!

Daha bir ədəd teleqramla başa gələn spontan qırğın yox...

Axı, nə qədər ağlabatandır ki, ierarxiya qaydasında Azərbaycan KP MK-nın 1-ci katibi, rus 2-ci katibi, Ali Sovetin sədri, sədrin müavinləri, Nazirlər Sovetinin sədri dura-dura, subordinasiyaya görə onların hamısından aşağı pillədə dayanan müavin özbaşına götürüb Kremlə müraciət yaza və dünyaya meydan oxuyan Kreml də həyəcana düşüb qoşunu ayağa qaldıra ki, gedin qırın camaatı...

Yəni təsəvvür edin, Kremldə oturan M.Qorbaçov hansısa əyalətdən gələn bir teleramla əl-ayağa düşür. Və nəhəng SSRİ-ni idarə edən adam qərar çıxartmaq üçün labüd olan araşdırma aparmadan, nə Azərbaycanın rəhbəri Ə.Vəzirovdan, nə teleqramı vuran müavinin rəhbəri A.Mütəllibovdan, nə xüsusi təhlükəsizlik orqanlarından heç nə soruşmadan, onların rəyini öyrənmədən Dmitri Yazovu çağırır, deyir bəs çox qorxulu teleqram gəlib, tez Bakıya qoşun göndər...

Əlbəttə, gülməlidir!

Bu işlər belə olmur! Belə absurd versiya ancaq dövlət idarəçiliyindən az xəbəri olan çox iddialı adamın ağlına gələ bilər. Baş nazir əleyhinə kompromat quraşdıran versiya müəllifləri sadə bir detalı da unudublar ki, 20 Yanvar qırğınından sonra Kreml “teleqramı ilə onlara xidmət göstərən” Artur Rasi-zadəni yox, Əbdürrəhman Vəzirovu hərbi təyyarədə Moskvaya qaçırtdı. Və 20 Yanvar qırğınından sonra Kreml Artur Rasi-zadəni yox, Ayaz Mütəllibovu Azərbaycan KP MK-nın birinci katibi, Həsən Həsənovu Nazirlər Sovetinin sədri vəzifələrinə təyin etdi...

Mübarizə metodu kimi “qurşaqdan aşağı zərbələrin” dəb olduğu şəraitdə populistlərin anoloji manipulyasiyaları təəccüblü deyil. Daha çox təəccüblü olan nahaq şərə, böhtana, haqsız ittihamlara tuş gələn adamların abrına qısılaraq susmaq məcburiyyətində qalmalarıdır. İllər uzunu ən müxtəlif subyektiv motivlərlə qarayaxmalara tuş gələn Artur Tahir oğlu əsassız uydurmalara heç vaxt niyə cavab vermək istəmədiyini belə izah edirdi: “Mən o səviyyəyə enib yalanın, iftiranın nəyinə təkzib verim?! Olmayan uydurmalar haqqında nə danışım?!”

Bəli, “ayaqların baş olduğu”, cahilliyin meydan suladığı məqamlarda müdriklər həmişə səbrlə susub. Hələ 1991-ci ildə qələmə aldığım və bir neçə mətbu orqanda dərc edilən “Peyğəmbərin cavabı” adlı pritçada olduğu kimi.

***

Peyğəmbərin cavabı

...Belə rəvayət edirlər ki, Tanrının Elçisi hər gün eyni vaxtda eyni bir məhəllədən keçib ibadətə gedərmiş. Və hər dəfə O, həmin məhlədən keçib gedəndə cahillər Ona söz atıb dininə lağ edərlərmiş, peyğəmbərliyini ələ salıb gülərlərmiş, uşaqlar bu müqəddəs insanı daşa basarmış…

Peyğəmbər isə heç vaxt onlara məhəl qoymaz, yanındakılara da cavab qaytarmağa izn verməzmiş. Dinməzcə başını aşağı salıb öz yolu ilə Tanrının məbədinə doğru gedərmiş.

Bir belə, beş belə, axır bir gün Peyğəmbəri sevən möminlərdən biri dözmür, deyir, ya Peyğəmbər, sən bu avam, cahil adamlara niyə dinmirsən? Niyə qayıdıb onların cavabını vermirsən? Niyə o söyüşlərin müqabilində susursan? Bizi də susdurursan...

Peyğəmbər həmən mömin bəndəyə üzünü tutub deyir:

“Övladım, mən hər cahil adamla ağız-ağıza versəm və hər yetənə cavab qaytarsam, onda Tanrıma layiq Peyğəmbər olmaram ki?! Olaram həmən nadanların tayı…”

Mömin yenə qayıdır ki, axı nə qədər dözmək olar? Siz səbr göstərib məhəl qoymursunuz, onlarsa cahillik edib söyüşdən, küfrdən doymurlar. Siz müdriklik edib onlara baş qoşmursunuz, insanlıq edib onların təhqirinə təhqirlə cavab vermirsiniz, ədəb-ərkan göstərib onların söyüşünü özlərinə qaytarmırsınız, onlarsa əl çəkmək bilmirlər...

Peyğəmbər diqqətlə dinləyib yenə dərin düşüncələr içərisində deyir:

“Bax, övladım, əgər o daş atan, o söyüş söyən, şər deyən nadanlar pis əməllərindən əl çəkmirlərsə, mən niyə öz yaxşı əməlimdən əl çəkib cahillərə baş qoşmalıyam, dilimə nalayiq söz gətirib ədəb-ərkanımı pozmalıyam?! Səbr elə, Tanrı böyükdür!”

20.01.2026


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Yanvar 2026 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see188

Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?

12 May 2026 12:47see185

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

13 May 2026 03:20see183

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

13 May 2026 12:20see182

Samsunda aramsız yağışlar daşqına səbəb olub

13 May 2026 00:45see175

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

13 May 2026 08:35see175

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

13 May 2026 02:00see172

PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı

12 May 2026 15:24see171

İmtahansız ikinci ali təhsil almaq istəyən şəxslər nələri bilməlidir? EKSPERT DANIŞDI

12 May 2026 17:32see159

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

13 May 2026 12:13see156

“Atletiko”dan səfər qələbəsi

13 May 2026 02:16see153

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

13 May 2026 06:39see153

Ronaldu “Əl Nəsr”in qapıçısının avtoqolundan sonra emosiyalarını gizlədə bilməyib FOTO

13 May 2026 02:06see151

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

13 May 2026 01:29see150

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

13 May 2026 02:56see150

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

13 May 2026 03:27see150

Həyatı əbədi dəyişəcək 4 bürc

13 May 2026 12:13see149

Dünyanın ən dinc ölkəsi açıqlandı

13 May 2026 07:15see147

Tramp tibbi müayinədən keçəcək Xəstəlik aşkarlanıb?

12 May 2026 07:54see147

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib FOTOLENT

13 May 2026 02:47see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri