2025 ci ilin təhsil xəritəsi: Sözdən əmələ nələr keçdi?
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
2025-ci il Azərbaycan təhsili üçün çox önəmli hadisələrlə yadda qaldı. Aparılan islahatlar, qəbul edilən strateji qərarlar ilin aktiv statistika ilə yekunlaşmasına səbəb oldu. Təhsilin beynəlxalq standartlara uyğunlaşması, rəqəmsal təhsil platformalarının geniş tətbiqi, müəllimlərin peşəkar inkişafı ilə bağlı yeni mexanizmlərin işə salınması, eləcə də imtahan və qiymətləndirmə sistemində atılan addımları xüsusi qeyd etmək lazımdır.
Həmçinin ali və orta ixtisas təhsilində əmək bazarının tələblərinə uyğun ixtisaslaşmanın gücləndirilməsi, məktəb infrastrukturlarının yenilənməsi və regionlarda təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər 2025-ci ilin əsas gündəm mövzularından oldu.
Bəs detallı baxsaq, 2025 Azərbaycan təhsilində hansı önəmli hadisələrlə və rəqəmlərlə yadda qaldı?
Oxu.Az-ın əməkdaşı 2025-ci ildə Azərbaycan təhsilində baş verən bəzi önəmli hadisələri araşdırıb.
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi
Ölkə üzrə 4 254 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib. Bunlardan 2 526-sı genişzolaqlı optik (ayrılmış xətt ilə 1 755 FO və 771 GPON), 1 448-i simsiz və 280-i ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.
"Rəqəmsal məktəb"
Rəqəmsal mühitdə öyrənmə, tədris və ünsiyyətin qurulması, eyni zamanda müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin olunması məqsədilə yeni milli onlayn təhsil platforması olan "Rəqəmsal məktəb" istifadəyə verilib.
Hazırda Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində tətbiq olunan "Rəqəmsal məktəb" platformasından ümumilikdə 685 mindən çox istifadəçi yararlanır. Bunlardan 39 mini müəllim, 379 mini şagird və 267 mini isə valideyndir.
"Müəllim" tətbiqi
"Rəqəmsal məktəb" layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində rəqəmsal idarəetmənin gücləndirilməsi və tədris prosesinin effektivliyinin artırılması məqsədilə müəllimlər üçün "Müəllim" mobil tətbiqi hazırlanaraq istifadəyə verilib. Tətbiqin yaradılması mövcud elektron jurnal infrastrukturunun funksional imkanlarını genişləndirərək müəllimlərin gündəlik pedaqoji fəaliyyətə daha rahat şəkildə inteqrasiya olunmasına xidmət edir. Hazırda "Müəllim" mobil tətbiqi Bakı şəhərində 350-dən çox ümumi təhsil müəssisələrində istifadə olunur.
STEAM
STEAM Azərbaycan layihəsinin əhatə dairəsi cari tədris ilində genişləndirilərək 407 ümumi təhsil müəssisəsinə və ümumilikdə 303 109 şagirdə çatdırılıb. 2025-2026-cı tədris ilindən etibarən layihənin 3-cü siniflərdə də tətbiqinə start verilib.
17-19 noyabr 2025-ci il tarixlərində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçirilib. Ölkəmizdə beşinci dəfə keçirilən bu festivalda 22 ölkəni təmsil edən 1400-dən çox iştirakçı və 80-dən çox münsiflər heyəti iştirak edib.
"Rəqəmsal bacarıqlar"
2017-ci ildən ölkədə tətbiq edilən "Rəqəmsal bacarıqlar" layihəsi hazırda 772 ümumi təhsil müəssisəsini və 528 mindən çox şagirdi əhatə edir.
Layihənin məqsədi şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, müasir səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir.
Böyük Qayıdış
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun yaradılması işləri həyata keçirilib. Ötən müddət ərzində 21 ümumi təhsil müəssisəsi, 14 məktəbəqədər təhsil müəssisəsi tikilib.
Fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində 3902 şagird təhsil alır və 370 nəfər təhsilverən, 131 nəfər texniki işçi çalışır.
Fəaliyyət göstərən 7 məktəbəqədər təhsil müəssisəsində 270 uşaq təhsil alır və 25 nəfər təhsilverən, 58 nəfər texniki işçi çalışır.
Yüksək texniki peşə təhsili
2025-ci ildə yüksək texniki peşə təhsili səviyyəsində həyata keçirilən qəbul prosesində 2 590 nəfər tələbə adını qazanıb.
2022-2025-ci illər üzrə yüksək texniki peşə təhsilinə cəlb olunanların sayı 7 117 nəfər təşkil edir. 2026-cı il üçün müəyyən edilmiş hədəflərə əsasən yüksək texniki peşə təhsili ilə əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi planlaşdırılır.
Təhsil proqramları
2025-ci il üçün ümumilikdə 17 peşə təhsil proqramı hazırlanıb. Proqramlardan 10-u yeni ixtisas üzrə olub, 7-si isə yenilənib.
Yeni ixtisasların tətbiqi əmək bazarının aktual ehtiyaclarını qarşılamağa xidmət edir. Bu, tədris prosesinin daha çevik və məqsədyönlü təşkilinə imkan yaradır. Bu proqramlar müasir tələblərə uyğunlaşdırılıb və təhsil prosesinin keyfiyyətinin artırılmasına istiqamətləndirilib. Hazırlanmış proqramlar müxtəlif sahələr üzrə peşə hazırlığının sistemli aparılmasını təmin edir. Proqramlar tikinti, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyalarını əhatə edir.
Ali təhsil
Bakalavriat səviyyəsi üzrə faktiki tələbə qəbulu son illərdə davamlı artım dinamikası nümayiş etdirib. Belə ki, son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb. 2025/2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 63.025 plan yerindən 60 860 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan yerlərinin 96,6%-nin faktiki olaraq doldurulduğunu göstərir. Qəbul olunan tələbələrin əhəmiyyətli hissəsi dövlət sifarişi əsasında (29 962 nəfər) təhsil almaq hüququ qazanıb.
2025-2026-cı tədris ili üzrə isə qiyabi təhsilalma formasında cəmi 2.385 yer proqnozlaşdırılıb ki, bu da 2023/2024-cü tədris ili ilə müqayisədə 1.387 yer və ya 36,8% azalma deməkdir. Bu azalma ölkədə ali təhsil sistemində aparılan optimallaşdırma və keyfiyyət yönümlü islahatların tərkib hissəsidir.
Əsas (baza ali) tibb təhsili səviyyəsində isə faktiki qəbul xüsusilə yüksək olub. 2025/2026-cı tədris ilində 1.182 plan yerinin 1.182-si doldurulub, faktiki qəbul 100% səviyyəsində təmin edilib. Bu təhsil səviyyəsində qəbul olunan tələbələrin 1.127 nəfəri (95%-dən çoxu) dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Magistratura səviyyəsində faktiki tələbə qəbulu son illərdə artım dinamikası nümayiş etdirib. Belə ki, 2021/2022-ci tədris ilində 10.484 nəfər olan faktiki qəbul 2025/2026-cı tədris ilində 14.335 nəfərə çatıb, bu da 3.851 nəfər və ya təxminən 37% artım deməkdir. 2025/2026-cı tədris ilində magistratura səviyyəsi üzrə 17.558 plan yerindən 14.335 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan göstəricisinin 81,7%-nin faktiki olaraq təmin edildiyini göstərir. 2025/2026-cı tədris ilində magistratura səviyyəsində 7.094 nəfər (40,4%) dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.
2025-2026-ci tədris ilində fəlsəfə doktoru proqramı üzrə ümumilikdə 1.177 qəbul yeri proqnozlaşdırılıb. Bu yerlərdən 744-ü (63%) ali təhsil müəssisələrində, 433-ü (37%) isə elmi müəssisələrdə nəzərdə tutulub. Ali təhsil müəssisələrində planlaşdırılan qəbul yerləri dövlət sifarişi əsasında, elmi müəssisələr üzrə planlaşdırılan qəbul yerləri isə dövlət büdcəsi hesabına və ödənişli əsaslarla nəzərdə tutulub. Planlaşdırılan qəbul yerlərinin 64.3% və ya 757 yer dolub. Qəbul olanların 484 nəfəri (64%) ali təhsil müəssisələrinə, 273 nəfəri (36%) isə elmi müəssisələrə qəbul olub.
2025-2026-cı tədris ili üzrə fəlsəfə doktoru proqramı çərçivəsində dissertanturaya tələbə qəbulu dayandırılıb, eyni zamanda elmlər doktoru proqramı üzrə də tələbə qəbulu planlaşdırılmayıb.
Orta ixtisas təhsili
2025-2026-cı tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı layihəsində bəzi optimallaşdırma prosesləri həyata keçirilib, bir sıra istiqamətlər üzrə müəyyən yanaşmalar ortaya qoyulub və buna uyğun olaraq tələbə qəbulu plan layihəsi hazırlanıb. Hazırlanmış layihədə orta ixtisas təhsili pilləsi üzrə tələbə qəbulu planı öncəki illə (24.659 yer) müqayisədə 2.4 % (584 yer) artırılaraq 25.243 yerə çatdırılıb. Proqnozlaşdırılan tələbə qəbulu yerlərinin 8.154-ü (32.3%) ümumi orta təhsil bazasından (9 illik bazadan), 17.089 yer (67.7%) isə tam orta təhsil bazasından (11 illik bazadan) təklif edilir.
HTP çərçivəsində 6 fərqli ölkədən 115 əcnəbi tələbə
2025-2026-cı tədris ili üzrə 62 xarici vətəndaş Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Onlardan 23 nəfəri Çin Xalq Respublikasının, 11 nəfəri Qazaxıstan Respublikasının, 4 nəfəri Tacikistan Respublikasının, 4 nəfəri Qırğız Respublikasının, 20 nəfəri isə Somali Federativ Respublikasının vətəndaşlarıdır. Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir.
HTP çərçivəsində Rumıniya, Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası, Somali Federativ Respublikası və Qırğız Respublikasından olan 115 əcnəbi tələbə hazırda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alır.
Təhsil qrantı proqramları ilə 45 ölkədən əcnəbi tələbə
Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində ümumilikdə 2018-2023-cü illərdə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar.
Bu proqramlar çərçivəsində 45 ölkədən 70-ə yaxın əcnəbi tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdiriblər.
İkili diplom proqramı
"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində 6 beynəlxalq ikili diplom proqramı həyata keçirilir. Bu proqramlar üzrə ümumilikdə qəbul olan tələbə sayı 1041, məzun sayı isə 463 nəfər olaraq müəyyən edilib.
Beynəlxalq ikili diplom proqramları
Bakalavriat səviyyəsində:
Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İnha Universiteti ilə mühəndislik ixtisasları üzrə (informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi) təhsil almaq hüququ qazananların sayı 400, məzun sayı isə 143 nəfər olub.
Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti ilə mühəndislik ixtisasları üzrə (aqromühəndislik, bitki mühafizəsi, iqtisadiyyat, aqronomluq) təhsil almaq hüququ qazananların sayı 330, məzun sayı isə 85 nəfər olub.
Magistratura səviyyəsində:
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin Corc Vaşinqton Universitetinin ikili diplom proqramının təhsil və insan kapitalının inkişafı ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 127, məzun sayı 122 nəfər olub.
ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ilə kompüter elmləri və verilənlərin analizi, elektrik mühəndisliyi ixtisasları üzrə təhsil almaq hüququ qazananların sayı 124, məzun sayı 103 nəfər olub.
Bakı Dövlət Universiteti və İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya ixtisasında təhsil almaq hüququ qazananların sayı 20 nəfər, məzun sayı 10 nəfər olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və İngiltərənin Vorvik Universiteti ilə bərpa olunan enerji mənbələri ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 40 nəfər olub.
Dövlət Proqramı
"2022-2028-cı illər üçün Dövlət Proqramı" çərçivəsində ümumilikdə 1794 tələbə xaricdə təhsil almaq hüququ qazanıb. 2025/2026-cı tədris ilində Dövlət Proqramı çərçivəsində dünyanın 14 ölkəsinin 65 nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq üçün 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 tələbə təqaüdə layiq görülüb.
Onlardan 21 nəfər bakalavariat, 136 nəfər magistratura, 6 nəfər doktorantura olmaqla, ümumilikdə 163 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", "QS World Unıversıty Rankings" və "Academic Ranking of World Universities (Shanghai)") universitetlər üzrə top10-da yer alan bir neçə ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsil səviyyəsi üzrə 284 nəfər təhsil almaq hüququ qazanıb. 9 nəfər proqram iştirakçısı isə təhsilini uğurla başa vuraraq ölkəyə qayıdıb və Dövlət Proqramı məzunu statusu əldə edib.
Proqram çərçivəsində dünyanın 14 ölkəsinə aid 69 ali təhsil müəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 292 nəfər hazırda əmək fəaliyyəti ilə məşğuldur.
TələbəPlus kartı
"TələbəPlus" layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Hazırda əməkdaşlıq müqaviləsi imzalanmış 25 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190 000 tələbə TələbəPlus kartı istifadəçisidir.
TəhsilPlus kartı
Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən çoxfunksional TəhsilPlus kartının uğurla reallaşdırılması istiqamətində atılan ilk strateji addımlardan biri Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" şirkəti arasında imzalanan əməkdaşlıq memorandumu olub. Təhsilin bütün pillələrində göstərən təhsil işçilərinə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyan TəhsilPlus kartı 2026-cı ildən etibarən istifadəyə veriləcək.
220 000 uşaq məktəbəqədər təhsil alır
2025-ci ildə ölkə üzrə 220 min uşaq məktəbəqədər təhsilə cəlb edilib. Hazırda ölkə ərazisində 1708 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
131 mindən çox uşaq birinci sinfə gedib
2025-2026-cı tədris ili üzrə 131 min 815 uşaq birinci sinfə qəbul edilib.
86 mindən çox uşaq məktəbəhazırlığa gedib
2025-ci ildə 86 395 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul edilib.
Ölkə üzrə məktəb və şagird sayı
Bu gün ölkədə 4279 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda müəllim heyəti 130 mindir, şagird sayı isə 1 600 000-dən çoxdur.
Yeni tikilən və təmir edilən təhsil müəssisələri
Ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı baş tutub. 137-si əsaslı olmaqla, 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.
İnklüziv təhsil
2025-ci il ərzində əlavə 22 ümumi təhsil müəssisəsində inklüziv siniflər fəaliyyətə başlayıb. Ümumilikdə 89 məktəbdə inklüziv təhsil tətbiq olunur.
Müəllimlərin işə qəbulu
2025-ci ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib. 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub. Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub.
Müəllimlərin sertifikatlaşdırılması
2025-ci ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 19 681, uğur qazanan isə 16 587 nəfər olub.
Ümumilikdə 73 262 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.
Peşə təmayüllü siniflər
2025-2026-ci tədris ilində 9000-dən çox şagird peşə təmayüllü siniflərdə təhsil alır. Hazırda layihə 327 məktəbdə və 1 pilot olaraq xüsusi təhsil məktəbində, 536 sinif və 1 xüsusi təhsil sinfində, 1073 ixtisas qrupu və 1399 müəllim heyətini əhatə edir.
Peşə təmayüllü siniflərdə 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, "helpdesk", qrafik dizayner, kompüter operatoru peşə ixtisasları tədris edilir.
Ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15%-ə çatması planlaşdırılıb.
Qarabağ Universitetinin Klinikası
"Qarabağ Universitetinin Klinikası" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 7 fevral 2025-ci il tarixli Fərman imzalayıb. Prezident İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib. 2025/26-cı tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayıb. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib, binada 10 dərs və doqquz auditoriya otağı, üç laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb.
İtaliya-Azərbaycan Universiteti
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan səkkiz bakalavr və iki magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan üçü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.
Orta ixtisas təhsili müəssisələrində monitorinqlər
2025-ci il ərzində 13 orta ixtisas təhsil müəssisəsində audit və monitorinq həyata keçirilib.
Monitorinqlərin nəticəsinə uyğun olaraq orta ixtisas təhsil müəssisələrində direktor və direktor müavini vəzifəsi olmaqla ümumilikdə 26 yeni təyinat olub.
Əlavə təhsil müəssisələrinə lisenziya verilməsi
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən doqquz əlavə təhsil mərkəzinin fəaliyyətinin lisenziyalaşdırılması ilə bağlı müraciətlərə baxılıb, müvafiq komissiya tərəfindən müəssisələrə baxış keçirilib və beş əlavə təhsil müəssisəsinə müsbət rəy verilib.
Tələbələrin yerdəyişməsi
2025-26-cı tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan ümumilikdə 1 687 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 958 müraciət müsbət nəticə ilə yekunlaşıb.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərimiz
2025-26-cı tədris ili üzrə "2022-28-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər isə doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri "universitetlər üzrə top 10"da yer alan ali təhsil müəssisələrində təhsil alacaq. Bunlar sırasında "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "University of Oxford", "Harvard University", "Yale University" kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.
Peşə təhsilinə tələbə qəbulu
2025-ci ildə 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə tələbə qəbulu aparılıb. Ümumilikdə 32 620 plan yeri müsabiqəyə çıxarılıb. Onlardan 23 280-i dövlət sifarişli, 8 340-ı isə ödənişli əsaslarladır. Müraciət edən 46 789 nəfərdən 27 021 nəfəri peşə təhsili müəssisələrinə qəbul olunub.
Tələbələrin 84%-i dövlət sifarişli, 16%-i ödənişli əsaslarla qəbul olunub. Onların 39%-i (10 489 nəfər) qadınlardır. Peşə təhsili almaq üçün müraciət edənlərin orta yaş həddi 21, ən aşağı yaş həddi 13, ən yuxarı yaş həddi isə 78-dir.
Qəbul olunan tələbələrdən 65 nəfəri ali təhsilli, 298 nəfəri orta ixtisas təhsillidir. Onlardan 84 nəfəri xarici vətəndaşdır. Peşə təhsilinə müraciət edənlərdən 1254 nəfəri isə cəzaçəkmə müəssisəsində məhkumdur.
2026-cı il üçün müəyyən edilmiş hədəflərə əsasən peşə təhsilinə qəbul olunan tələbələrin sayının 28 140 nəfərə çatdırılması, eləcə də yüksək texniki peşə təhsili ilə əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi planlaşdırılır.
Yeni ali təhsil proqramlarının hazırlanması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli 503 və 504 nömrəli qərarları ilə ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatları yeni redaksiyada təsdiq edilib. Yeni təsnifatların qüvvəyə minməsi müasir tələblərə və əmək bazarının ehtiyaclarına uyğun, səriştə əsaslı və tələbəyönümlü təhsil proqramlarının hazırlanmasını zəruri edib.
Bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən yeni təsnifata uyğun olaraq ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili və magistratura səviyyələri üzrə təhsil proqramlarının hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın tərkibində doqquz istiqamət üzrə işçi qrupları formalaşdırılıb, hər bir işçi qrupuna ali təhsil müəssisələrinin rəhbərləri və əmək bazarı nümayəndələri həmsədrlik ediblər.
İşçi qrupları tərəfindən magistratura səviyyəsində 10 ixtisas qrupu üzrə ümumilikdə 129 ixtisas və 925 ixtisaslaşma ilə bağlı təkliflər hazırlanıb.
Həmin işçi qrupları tərəfindən ali təhsilin bakalavriat səviyyəsinin təsnifatına yeni əlavə edilmiş "Davamlı inkişaf", "Data analitikası" və "Fizioterapiya" ixtisasları, habelə magistratura səviyyəsinin təsnifatına daxil olan 124 ixtisas üzrə (beş ixtisas üzrə tələbə qəbulu aparılmadığına görə proqram hazırlanmayıb) məzunun peşə səriştələrini və proqramların təlim nəticələrini özündə əks etdirən təhsil proqramları hazırlanıb.
SABAH qrupları layihəsi
Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi 13 ali təhsil müəssisəsini; səkkiz ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı; bakalavriat və magistratura səviyyələri üzrə 2 785 tələbəni və 8 212 məzunu əhatə edir.
Yeni təmayül məktəb layihəsi
2025-26-cı tədris ilindən başlayaraq yeni təmayül məktəb layihəsinin tətbiqinə başlanılıb. Hazırda 13 şəhərdə yerləşən 14 ümumi təhsil müəssisəsində 1 716 şagirdin (X sinifdə 1 282, XI sinifdə 434 nəfər) və 264 müəllimin iştirakı ilə pilot qaydada həyata keçirilir.
"Hənifə Məlikova - Zərdabi adına qızların təhsilinə dəstək" təqaüd proqramı
Proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilir. Təqaüd proqramı çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən və həssas qruplardan olan tələbə qızlar təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüd ilə təmin olunur. Ümumilikdə bu günədək təqaüd verilən tələbə sayı 233, hazırda davam edən isə 229-dur.
"Parla" təqaüd və inkişaf proqramı
Təhsilin İnkişafı Fondunun "NEQSOL Holding" ilə tələbə qızlar üçün elan etdiyi təqaüd proqramıdır. İki qurum arasında əməkdaşlığa əsasən, Azərbaycanda hər il 50 tələbə qız üçün "Parla" təqaüd və inkişaf proqramı həyata keçirilir. Proqram çərçivəsində müxtəlif təlimlər, mentor görüşləri, düşərgələr, təcrübə səfərləri baş tutur. 2025-ci il ərzində 86 nəfər təqaüdlə təmin olunub, onlardan 27-si məzun olub, proqrama qəbul yeni tədris ilindən etibarən açıq elan edilib və 50 tələbə qız proqrama qoşulub. Beləliklə, proqram çərçivəsində təqaüd alan qızların sayı 109-a çatıb.
Medal göstəriciləri
2025-ci il üzrə Respublika Fənn Olimpiadalarında 65 bölgədən ümumilikdə 90 147 şagird qeydiyyatdan keçib. Olimpiadada səkkiz fənn üzrə mübarizə aparılıb. Medal göstəricilərinə görə, 95 şagird qızıl, 170 şagird gümüş və 249 şagird bürünc medal qazanıb.
Eyni il üzrə beynəlxalq olimpiadalara 93 iştirakçı qatılıb. Nəticələrə görə, beş qızıl, 18 gümüş, 33 bürünc medal və 16 həvəsləndirici mükafat qazanılıb.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 30 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















