24 yaşı var, indiyə qədər qeydiyyata düşməyib Ana olacağı üçün hərəkətə keçdi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda 2001-ci ildə dünyaya gələn qadının doğum faktı 24 ildən sonra qeydiyyata alınacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə oktyabrın 16-da Yevlax Rayon Məhkəməsi qətnamə çıxarıb.
Belə ki, məhkəməyə müraciət edən vətəndaş 2001-ci ildə ev şəraitində övladının doğulduğunu, lakin bununla bağlı heç bir quruma məlumat vermədiklərini bildirib. Həmçinin Gülxanım adlı qızının indiyədək heç bir sənədinin olmadığını və təhsil almadığını deyib.
Hazırda isə Gülxanım qeyri-rəsmi şəkildə ailə həyatı qurub və ana olmaq ərəfəsindədir, bu səbəbdən onun bir vətəndaş kimi mövcudluğunun rəsmiləşdirilməsinə ehtiyac yaranıb.
Ərizəçinin qonşusu şahid kimi çıxış edərək həqiqətən də 2001-ci ildə qonşu evdə qız uşağının doğulduğunu və Gülxanım adı ilə yaşadığını söyləyib.
Məhkəmə müraciəti təmin edib və Gülxanım Yevlax Rayon Məhkəməsinin qətnaməsi əsasında ərizə ilə təmin edilib. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsas kimi təqdim olunub.


