300 MANATLA 1 AY YAŞAMAQ OLARMI? Və ya bir ailənin aylıq yaşam xərci nə qədərdir?
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gələn il üçün Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun artırılacağı gözlənilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən günkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb. Layihələrə əsasən, yaşayış minimumu və ehtiyac meyarı 285 manatdan 300 manata çatdırılır.
Məlumat üçün bildirək ki, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə formalaşdırılır.
Qeyd edək ki, Azərbaycanda yaşayış minimumu üzrə hər il cuzi miqdarda artımlar qeydə alınır. Məsələn, 2017-ci ildə bu rəqəm 155 manat, 2018-ci ildə 173 manat, 2019-cu ildə 180 manat, 2020-ci ildə 190 manat, 2021-ci ildə 196 manat, 2022-ci ildə 210 manat, 2023-cü ildə 246 manat, 2024-cü ildə 270 manat, cari ildə isə 285 manat olub.
Maraqlıdır, hazırkı bahalaşma və inflyasiya nəticəsində ortaya çıxan qiymətlərlə bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Nazirlər Kabinetinin 2014-cü ildə təsdiqlədiyi istehlak səbətindəki normalara əsasən təqribi hesablama aparsaq, iki uşaqdan (15 yaşdan aşağı), ata və anadan ibarət 4 nəfərlik orta statistik ailə ay ərzində:
- 45 kq çörək və un məmulatları (una çevirməklə) istehlak etməlidir - hazırkı qiymətlərlə təxminən 32 manat edir;
- 18 kq kartof istehlak etməlidir - hazırkı qiymətlərlə təxminən 20 manat edir;
- 33 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir - hazırkı qiymətlərlə təxminən 50 manat edir;
- 12 kq meyvə və giləmeyvə istehlak etməlidir - hazırkı qiymətlərlə təxminən 25 manat edir;
- 10 kq ət və ət məmulatları istehlak etməlidir - hazırkı qiymətlərlə təxminən 150 manat edir;
- 50 kq süd və süd məmulatları istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 75 manat edir;
- 3 kq balıq istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 21 manat edir;
- 50 ədəd yumurta istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 10 manat edir;
- 6 kq şəkər və qənnadı məmulatları istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 10 manat edir;
- 4 litr bitki yağları istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 20 manat edir;
- 2,3 kq kərə yağı istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 28 manat edir;
- Çay və duz kimi digər ərzaq məhsulları – hazırkı qiymətlərlə ayda təxminən 10 manat edir;
- 20 kub su istehlak etməlidir (həm içməli və məişət, həm də kanalizasiya xidmətləri üçün ) – 20 manat;
- 100 kVt/s elektrik enerjisi istehlak etməlidir (8 qəpikdən) – 8 manat;
- 182 dəfə nəqliyyat gedişindən istifadə etməlidir (50 qəpik) – 91 manat;
- 42 kub qaz istehlak etməlidir (12 qəpikdən) – 5 manat;
- Rabitə və internet xidmətləri ödəməlidir - ən ucuz variantda 25 manat;
- Mənzilin qızdırılması üçün isə aylıq 14-15 manat vəsait lazımdır.
Digər xidmətlər (məişət, səhiyyə, təhsil, istirahət və s.) - qanunvericiliyə görə bütün bu xidmətlər üçün xərclənən aylıq vəsatin 15 %-i bu sahəyə yönəldilməlidir. Bu isə təxminən 90 manat edir.
Beləliklə, 4 nəfərlik ailənin aylıq ərzaq xərcləri ən aşağı qiymətlərlə 615 manat, xidmətlər üzrə xərcləri isə 90 manat təşkil edir. Yəni, təkcə ərzaq və xidmətlər üzrə minimum xərc təxminən 705 manatdır.
Qeyd edək ki, minimum istehlak səbətinin tərkibində qeyri-ərzaq malları üçün müəyyən edilən normalara görə, əmək qabiliyyətli bir adam ən azı 8 ildə 3 palto tipli üst geyim, 4 il 2 ayda 9 kostyum tipli paltar, 2 il yarıma 9 alt geyimi, il yarıma 7 cüt corab, 5 ilə 4 ədəd baş geyimi (papaq və ya baş örtüyü), 3 il yarıma 6 cüt ayaqqabı, 7 ildə 11 yataq dəsti, 1 ildə 3 yazı ləvazimatı almalıdır.
Məktəb yaşlı uşaqlar isə 2 il yarıma 3 palto tipli üst geyim, 2 ilə 12 kostyum tipli paltar, 2 ilə 12 ədəd alt geyimi, 1 il 3 ayda 6 cüt corab, 3 ilə 4 ədəd baş geyimi, 1 il 3 ayda 6 cüt ayaqqabı, 1 ildə 41 yazı ləvazimatı almalıdır. Yəni, 4 nəfərlik ailə ən azı ay ərzində təxminən 100-150 manat da geyim vasitələrinə sərf etməlidir.
İndi təsəvvür edək ki, bu ailədə hər 2 ailə başçısı da işləyir və minimum əməkhaqqı (400 manat) səviyyəsində maaş alırlar - yəni, ailənin aylıq gəliri 800 manatdır. Deməli, ailə aylıq qazancının böyük bir hissəsini ərzaq və xidmətlər üçün sərf etməlidir.
Qeyri-ərzaq məhsullarına olan tələbatını ödəmək üçün isə ya özünə əlavə gəlir mənbəyi tapmalı ya da bir sıra ərzaq və qeyri-ərzaq məhsullarını almaqdan imtina etməlidir…
İqtisadçı: “Minimum yaşayış məbləği inflyasiyaya uyğun hesablansa da, bəzi normativlər yenilənməlidir”

İqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya açıqlamasında bildirib ki, hökumətin müəyyən etdiyi minimum yaşayış məbləği rəsmi metodologiya əsasında, inflyasiya göstəriciləri nəzərə alınmaqla hesablanır.
Onun sözlərinə görə, hesablamalar zamanı minimum istehlak səbətinə daxil olan məhsullar, qeyri-ərzaq malları və xidmətlər nəzərə alınır: “Normativlərdə şəkər, un, ət və digər əsas məhsulların miqdarı müəyyən olunur. Daha sonra bu normativlər orta qiymət səviyyəsinə vurularaq bir nəfərin minimum yaşayış xərci hesablanır. Hazırda göstəricilər üç sosial qrup üzrə bölünür - əmək qabiliyyətli əhali üçün – 317 manat, pensiyaçılar üçün – 245 manat, uşaqlar üçün – 260 manat. Bu rəqəmlərin orta göstəricisi təxminən 300 manat təşkil edir".
Xalid Kərimli qeyd edib ki, minimum yaşayış məbləği ötən illə müqayisədə 5,26 faiz artıb, halbuki inflyasiya 5,9 faiz səviyyəsindədir: “Görünür, hökumət yaxın dövrdə inflyasiyanın bir qədər azalacağını proqnozlaşdırır. Amma bəzi hallarda bu göstərici real inflyasiyadan bir qədər aşağı ola bilər”.
Ekspert hesab edir ki, minimum yaşayış məbləği insanların sadəcə ən zəruri tələbatlarını qarşılamaq üçün nəzərdə tutulub. “Bu rəqəm komfortlu həyat üçün deyil, sadəcə minimum səviyyədə dolanışığı təmin etmək üçündür. Əgər insanlar daha yaxşı yaşamaq istəyirlərsə, gəlirlərini artırmağa çalışmalıdırlar,” – deyə Kərimli vurğulayıb.
İqtisadçı həmçinin qeyd edib ki, bəzi normativlər köhnəlib və müasir reallıqlara uyğunlaşdırılmalıdır: "Bu, uzun illərdir eyni metodla hesablanır. Məncə, iqtisadçılar və ekspertlər bu normativlərə yenidən baxmalı, bəzi məhsullar üzrə yeni hesablamalar təklif etməlidirlər”.
Elvin Bəyməmmədli
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Noyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















