“31 Mart Azərbaycanlıların soyqırımı bəşər tarixinin qanlı səhifələrindəndir” Azər Allahverənov
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının digər şəhər və qəza ərazilərində əsasən dinc azərbaycanlı əhalisinə qarşı baş verən kütləvi qırğınlar, Azərbaycan xalqının tarixində ən faciəvi və ağrılı hadisələrdən biri olmuşdur.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Deputat bildirib ki, həmin dövr, Azərbaycan Respublikasının müstəqilliyini bərqərar etməyə çalışdığı, siyasi və hərbi vəziyyətin çox mürəkkəb olduğu bir vaxtı əhatə edirdi. Bu hadisələr zamanı azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar, hərtərəfli bir planın nəticəsi olaraq baş vermişdir. Belə ki, tarixən erməni millətçilərinin qondarma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək kimi bir məqsədi olub və bu çirkin niyyətini həyata keçirmək üçün onlar ilk əvvəl soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti yürütməyə başlamışdılar. Nəticədə, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər bölgələrdə bolşeviklərin və erməni daşnaklarının birgə törətdiyi soyqırım nəticəsində minlərlə dinc əhali amansızcasına qətlə yetirilmiş, evləri, kəndləri yandırılmış, talan olunmuş, xalqımızın mədəni irsi məhv edilmişdir.
“Bu qırğınlar təkcə insanlara qarşı deyil, həm də Azərbaycanın tarixi və mədəni irsinə qarşı yönəlmişdi. Məktəblər, xəstəxanalar, məscidlər, tarixi abidələr məqsədyönlü şəkildə dağıdılmış, xalqın mənəvi varlığına ağır zərbə vurulmuşdur. Bakıdakı Təzəpir, Göy məscid və Şamaxıdakı Cümə məscidi kimi tarixi abidələr bu vandalizmin qurbanı olmuşdur. Bütövlükdə, Bakı və digər şəhərlərdə bir neçə gün ərzində baş verən bu qırğınlar zamanı on minlərlə insanın həyatına son qoyulmuşdur. Bu qırğınlar törədənlər yalnız fiziki məhv etməklə kifayətlənməyib, eyni zamanda azərbaycanlıların mülkiyyətinə, maddi və mədəni irsinə də ciddi ziyan vurmuşdular”, - deputat söyləyib.
Azər Allahverənov əlavə edib ki, 1918-ci ilin mart hadisələri erməni millətçi təşkilatlarının, xüsusilə də “Daşnaksutyun” partiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi faşist siyasətinin bariz nümunəsidir. Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın bilavasitə göstərişi ilə bolşevik-erməni qüvvələri dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş soyqırımı törətmişdir. Bu qətliamda Bakı Sovetinin 6 min silahlı əsgəri və “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir:
“Mart qırğınlarının nəticələri son dərəcə ağır olmuşdur. İlk növbədə, Azərbaycan xalqı ciddi sosial, psixoloji və iqtisadi travmalarla üzləşmişdir. Həmin dövrdə qaçqın düşən və öz evlərindən, torpaqlarından didərgin düşən minlərlə insan, uzun müddət ərzində yeni həyat şəraiti qurmaqda çətinlik çəkmişdir. İkinci dünya müharibəsinə qədər olan dövr ərzində bu hadisələrin yaratdığı dərdlər, xalqın kollektiv yaddaşında silinməz izlər buraxmışdır.
Qırğınların bir digər mühüm nəticəsi, həmin dövrdə etnik və dini əlaqələrin gərginləşməsi, Azərbaycanın sosial strukturunda böyük dəyişikliklərin baş verməsi olmuşdur. Azərbaycanın müxtəlif etnik qruplarının bir arada yaşadığı, çoxmillətli bir cəmiyyətin mövcud olduğu bu dövrdə baş verən hadisələr, cəmiyyətdə güclü etnik gərginliyə səbəb olmuşdur.
Son nəticədə, 1918-ci ilin mart-aprel qırğınları yalnız Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın tarixində də çox ciddi və acı nəticələrə yol açmışdır. Bu qırğınlar, Azərbaycan xalqının milli müstəqillik və azadlıq uğrunda mübarizəsini daha da gücləndirmiş, onun daxili potensialının səfərbər olunması və siyasi iradəsinin güclənməsi üçün ciddi zəmin yaratmışdır.
Əminliklə demək olar ki, bu qırğınlar təkcə etnik təmizləmə siyasətinin nəticəsi deyil, həm də xalqımızın milli kimliyinə və müstəqillik arzusuna qarşı törədilmiş bir cinayət idi. Bununla yanaşı erməni millətçiləri, o cümlədən erməni daşnak təşkilatları, xüsusən “Daşnaksutyun”, ona yaxın digər radikal qruplar və bu qüvvələrə dəstək verən xarici siyasi güclər tərəfindən törədilən həmin qırğınlar həm də Azərbaycan əhalisinə qarşı etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirmək məqsədilə başladılan böyük bir terror kampaniyasının tərkib hissəsi idi”.
Onun sözlərinə görə, tarixi sənədlərə istinad etsək görərik ki, 1918-ci ilin mart ayının 30-dan başlayan azərbaycanlıların soyqırımı əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu qırğınların araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradılmış, lakin həmin dövrün siyasi çətinlikləri səbəbindən bu iş tam başa çatdırıla bilməmişdir:
“Ancaq 26 mart 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda o, 1918-ci ilin martında erməni millətçiləri və bolşeviklərin birgə fəaliyyəti nəticəsində baş verən qətliamların Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı aktı olduğunu bildirmiş, mart qırğınları haqqında dəfələrlə çıxış edərək, bu faciənin tarixi həqiqətinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır. “Mart hadisələri uzun illər xalqımızdan gizlədilmiş, bu qətliamın əsl mahiyyəti təhrif edilmişdir” deyə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bildirmişdir. Bu tarixi qərar ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə törətdikləri qırğınların dövlət səviyyəsində tanınması, ona ilk hüquqi-siyasi qiymətin verilməsi baxımından əhəmiyyətli idi.
Bu gün də Azərbaycan dövləti və ictimaiyyəti Ulu Öndərin göstərdiyi yolu davam etdirərək erməni millətçilərinin tarixi cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün prinsipial mövqe nümayiş etdirir, soyqırımı cinayətlərinin dünya miqyasında tanınması üçün ardıcıl səylər göstərir. Bu, yalnız keçmişin deyil, həm də gələcəyin təhlükəsizliyi üçün vacib amillərdəndir.
Ancaq qeyd etmək lazımdır ki, bu soyqırım erməni millətçilərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin yalnız bir hissəsidir. Xüsusilə 1905-1906, 1918-1920-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar nəticəsində yaşayış məntəqələri dağıdılmış, əhalinin bir hissəsi isə öz torpaqlarından didərgin salınmışdır. Sonrakı dövrlərdə də bu siyasət davam etdirilib. 1948-1953-cü illərdə 100 mindən çox azərbaycanlı öz dədə-baba yurdlarından – indiki Ermənistan ərazisindən deportasiya edilib.
1988-ci ildən başlayaraq isə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı ərazi iddiaları ilə çıxış edərək yeni təcavüzkar siyasət həyata keçirdi. Bu təcavüz nəticəsində Xocalı soyqırımı baş verdi, Qarabağ və ətraf rayonlar işğal olundu, minlərlə insan həlak oldu, yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi. Beləliklə, 1918-ci ilin mart hadisələri təkcə bir hərbi-siyasi qarşıdurma deyil, məhz mülki əhaliyə qarşı planlı şəkildə həyata keçirilmiş soyqırımı aktıdır. Bu hadisələrdə əsas hədəf Azərbaycan xalqının dinc sakinləri olmuşdur. Bakı Sovetinin rəhbərliyi altında bolşevik-erməni silahlı dəstələri Azərbaycanlıların yaşadığı məhəllələrə qəfil hücumlar edərək, qadın, uşaq və qocaları amansızcasına qətlə yetirmiş, minlərlə insanı diri-diri yandırmış, evləri, məscidləri və tarixi abidələri dağıtmışdır. Bu qırğınlar Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə də davam etdirilmişdir.
Mart-aprel qırğınları təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bu torpaqlarda yaşayan digər millətlərin nümayəndələrinə qarşı da yönəlmişdir. Belə ki, ölkənin müxtəlif bölgələrində həyata keçirilən kütləvi qırğınlar nəticəsində on minlərlə insan, o cümlədən ləzgi, yəhudi, rus, avar və talış xalqlarının nümayəndələri də hədəfə alınmış, amansızcasına qətlə yetirilmiş, diri-diri yandırılmış və işgəncələrə məruz qoyulmuşdur. Təkcə Quba şəhərində 2007-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan kütləvi məzarlıqlar bu faciənin miqyasını açıq şəkildə təsdiqləyir. Kütləvi məzarlıqda tapılan insan qalıqları, bu soyqırımın necə geniş və qanlı bir hadisə olduğunu təsdiqləyir. Quba yaxınlığındakı məzarlıq, soyqırım ilə bağlı ən böyük və ən əhəmiyyətli kütləvi məzarlıq kimi tarixə düşmüşdür.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalamış və 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışını etmişdir.
Prezident İlham Əliyevin 2013-cü ildə Quba Soyqırımı Memorial Kompleksinin açılışı zamanı çıxışı bu məsələyə dövlətin ciddi yanaşmasını bir daha təsdiq edir. Prezident qeyd etmişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir…”. Bu çıxış bir daha göstərir ki, erməni faşizmi təkcə 1918-ci ildə deyil, XX əsrin müxtəlif dövrlərində, o cümlədən İkinci Dünya müharibəsi zamanı və 1988-ci ildən etibarən Qarabağda da öz qanlı izlərini qoymuşdur.
1918-ci il mart soyqırımının yüz illiyinin daha geniş miqyasda qeyd edilməsi və dünya ictimaiyyətinə çatdırılması məqsədilə Prezident İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncam Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan 31 Mart soyqırımının unudulmaması, həqiqətlərin gələcək nəsillərə ötürülməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım olmuşdur.
Bu gün Azərbaycan dövləti bu tarixi ədalətsizliyin dünya ictimaiyyətinə çatdırılması, soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün mühüm işlər görür. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir və bu faciənin beynəlxalq səviyyədə tanınması üçün səylər davam etdirilir. Tarixi faktların dünya ictimaiyyətinə düzgün çatdırılması, saxta erməni təbliğatının ifşası və ədalətin bərqərar olması hər bir azərbaycanlının ümdə vəzifəsi, Ulu Öndər Heydər Əliyev dediyi kimi, “soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur". Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik”.
Pərvanə

