Icma.az
close
up
RU
32 ilin zəfər yolu

32 ilin zəfər yolu

Yeni Azərbaycan Partiyası əldə olunan qələbələrin, qazanılan uğurların təminatçısıdır

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı müxtəlif dövrlərdə ağır problemlər, çətinliklər və işğallarla üzləşməli olub. Lakin heç zaman hədəfindən, məqsədindən yayınmayıb. Daim dövlətçilik ənənələrinə sadiq qalaraq üzləşdiyi maneələri adlamaq üçün mübarizə aparıb. Allahın lütfi, liderin uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycan xalqı dövlətçiliyini qura, sabit, sakit yaşayışını təmin edə bilib. Xalqın mübariz, əzmkar xalq olmasını heç cür qəbul etmək istəməyən xaric qüvvələr daim fəaliyyətdə olub, ictimai siyasi sabitliyi pozmağa və ölkəni parçalamağa çalışıb. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzən yerli fəalların zəifliyi, müəyyən hallarda xarici məkrli dairələrin maraqlarına uyğun yol tutmaları Azərbaycanın növbəti fəlakətlərlə üzləşməsinə gətirib çıxarıb. Elə 1990-cı illərin əvvəllərində Azərbaycanda həddindən artıq fəlakətli durumun yaşanması xarici hərbi, siyasi dairələrin qurduğu məkrli plan olsa da o zaman hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü səriştəsiz və bacarıqsız olduqlarından xarici hərbi, siyasi mərkəzlərin qurduqları planın həyata keçirilməsində vasitəçi olub. Ölkəni parçalanmadan xilas etmək, xalqın sosial iqtisadi durumunu düzəlmək və digər ağır problemləri aradan qaldırmaq üçün AXC-Müsavat iqtidarının konkret konsepsiyası, əsaslı siyasəti olmadığından vəziyyət daha da ağırlaşırdı. Azərbaycanda hər bir sahədə hökm sürən hərc-mərclikdən, özbaşınalıqdan, xaos və anarxiyadan istifadə edən Ermənistanın xunta rejimi ardıcıl olaraq torpaqlarımızı işğal edirdi. Tarixin müxtəlif ağır dönəmlərində olduğu kimi bu dəfə də xalqın birliyi, mütəşəkkilliyi öz sözünü dedi. Millətimiz birlik və həmrəylik nümayiş etdirək dövlətin dağılmasının qarşısını almaq üçün ziyalılar vasitəsi ilə dahi oğlu, Ulu Öndərimiz Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Ulu Öndərimiz Heydər Əliyev dühasına xüsusi müraciət ünvanladı. O zaman Azərbaycanda bir nömrəli oxunaqlı və sevilən qəzet olan “Səs” qəzeti vasitəsi ilə ziyalıların Dahi Öndərimiz Heydər Əliyevə ünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciətdə deyilirdi : “Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar”.

Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir

Ziyalıların Ulu Öndərimizə ünvanlanan müraciətində o fikirdə vurğulanırdı ki, “HEYDƏR BƏY! Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Hər zaman xalqının yanında olan Ümummilli Liderimiz Heydər Əliyev 1992-ci ilin oktyabrın 24-də “Səs” qəzeti vasitəsi ilə ziyalılara cavab məktubunda deyirdi: “Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir. Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.

Beləliklə, Ulu Öndərimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və onun Sədri olmağa razılıq verdi. Ancaq xalqın Dahi Öndərimizə hədsiz sevgi və məhəbbətindən narahat olan AXC-Müsavat iqtidarı Onun Bakıya gəlməsinə maneələr yaradırdı. Ona görə də, 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə müvəffəq oldu. 1992-ci il noyabrın 21-də Ulu Öndərimiz Heydər Əliyevin Sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi. Təsis konfransının üzvlərinin yekdil qərarı ilə Dahi Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkişaf dövrünün əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.

Bugünkü qələbələrin təməli Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyəti gəlişi ilə qoyulub

Dahi Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyət gəlişindən qısa müddət sonra həyatımızın bütün sahələrində köklü dəyişikliklərə, uğurlara nail olundu. Siyasi, iqtisadi, hərbi sahə də yüksək nailiyyətlərə imza atıldı, insan hüquq və azadlıqlarının təmin olunması məqsədilə Fərman və Sərəncamlar verildi, qanunlar qəbul olundu. Əhalinin sosial -iqtisadi vəziyyətinin yaxşılaşdırılamsı üçün 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın neft strategiyası uğurla həyata keçirilməyə başlandı. “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu sürətlə artaraq 10 milyard dollara çatmışdır. Bunun da 60 faizdən çoxu xarici kapitalın payına düşür. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır. Göstərilən müddətdə, eyni zamanda, xarici investisiyalı müəssisələrin ödədiyi vergilərin payı, cəmi vergi daxilolmalarında 9,3 faizdən 19,7 faizə yüksəlmişdir. Ümumilikdə isə, 1996-2001-ci illərdə həmin müəssisələr vergi və sosial ayırma şəklində büdcəyə təqribən 600 milyon dollar, sosial fondlara isə 400 milyon dollara yaxın vəsait ödəmişlər. Neftin ixracında Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və həyata keçirilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri xüsusi rol oynamışdır. Bu baxımdan şirkət rəhbərləri 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Uğurlu neft strategiyası sonrakı illərdə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihəsinin həyata keçirilməsi ilə davam etdirildi.

12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu akt öz növbəsində siyasi fəaliyyət və inkişafın hüquqi əsaslarının formalaşması mənasına gəlirdi. Ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Bununla yanaşı, 1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu.

YAP-ın 32 illik inkişafında yeni dövr

Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyev Yeni Azərbaycan Partiyasının formalaşmasında və inkişafında əvəzsiz rol oynayır. YAP Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu qoruyub saxlayır və sıralarında 800 min nəfərə yaxın insan birləşdirir. Yeni dəyişikliklər, müasir dövrün tələblərinə uyğun islahatlar partiyanın daha da güclənməsinə təkan verir. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında YAP iqtidarı Azərbaycan xalqına tarixinin ən böyük qəlbəsini yaşatdı. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi ilə 30 il erməni işğalında olan torpaqlarımız azadlığına qovuşdu. Sonrakı mərhələdə, yəni 2023-cü ilin sentyabrın 19-da başlayan 23 saat 44 dəqiqəlik antiterror əməliyyatları ilə Qarabağda separatizmə son qoyuldu. Bununla da Azərbaycan dünyaya istənilən separatizmi öz gücünə ləğv etməyə qadir olduğunu nümayiş etdirdi.

Yaradılmasının 32 -ci ildönümünü Qarabağın azadlığı və COP29 konfransının keçilməsi ilə böyük qürur və iftixar hissi ilə qeyd edən Yeni Azərbaycan Partiyası bundan sonra yeni-yeni uğurları ilə zəfərlər qazanmaqda davam edəcək. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

İLHAM ƏLİYEV

seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri