Universitet müəllimlərinin maaşı məktəb müəllimlərindən niyə azdır?
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Bəzi universitetlərdə müəllimlərin əməkhaqqının orta məktəb müəllimlərinin məvacibindən aşağı olması ali təhsil sahəsində əməkhaqqı sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Deputat Ceyhun Məmmədov parlamentdə 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəzi universitetlərdə müəllimlərin maaşının orta məktəb müəllimlərinin əməkhaqqından aşağı olduğunu bildirib və məsələyə baxılmasının vacibliyini vurğulayıb.
Məktəb müəllimləri ilə universitet müəllimlərinə əməkhaqqı təyin olunarkən əsas götürülən meyarlar nələrdir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, ali və ümumi təhsil müəssisələrində müəllimlərin əməkhaqqı fərqli prinsiplərlə tənzimlənir:
“Ali təhsil müəssisələri ilə ümumi təhsil məktəblərinin əməkhaqlarının eyni olmamasına bəzi hallarda rast gəlirik. Ancaq bu məsələlər bir qədər fərqli tənzimlənir. Məsələn, ümumi təhsil məktəblərində elə müəllimlər var ki, onların əməkhaqqı 2500 manatadək çata bilir. Düzdür, bu, az faiz təşkil edir. Ümumilikdə isə orta statistik məktəb müəlliminin əməkhaqqı təxminən 1000 manat civarında, bəzi hallarda isə bundan yüksək olur. Azərbaycanda elə ali təhsil müəssisələri var ki, orada tam ştatlı müəllim 650 manat əməkhaqqı alır. Ona görə də deputat Ceyhun Məmmədovun müəllimlərin, xüsusilə ali təhsil müəssisələrində çalışan müəllimlərin və alimlərin əməkhaqlarının artırılması ilə bağlı təklifini haqlı hesab edirəm”.
Məzahir Məmmədlinin sözlərinə görə, son illərdə ali təhsil müəssisələrində əməkhaqqının müəyyənləşdirilməsi meyarları da dəyişir.
Belə ki, elmi dərəcəsi olmayan müəllimlərin belə beynəlxalq elmi jurnallarda məqalələrinin dərc olunması və həmin məqalələrə istinadların artması onların əməkhaqqına təsir göstərə bilər:
“Artıq elmi dərəcəsi olmayan müəllimin belə beynəlxalq jurnallarda, məsələn, Scopus və Web of Science bazalarında indekslənən nəşrlərdə məqalələri dərc olunursa və həmin məqalələrə istinadlar artırsa, universitetin daxili qaydalarına uyğun olaraq onun əməkhaqqında fərq yarana bilər. Çünki bu, universitetə müəyyən reytinq də qazandırır. Universitetlər də maraqlıdırlar ki, gənc müəllimlərlə işləsinlər və onların beynəlxalq elmi jurnallarda daha çox məqaləsi dərc olunsun. Ümumi təhsil məktəblərində isə vəziyyət fərqlidir. Burada müəllimin pedaqoji stajına, işlədiyi illərə və sertifikasiya nəticələrinə görə əməkhaqqına əlavələr edilir. Sertifikasiyada 30–50 bal toplayan müəllimlərin maaşına 10 faiz, 51 və daha çox bal toplayanların əməkhaqqına isə 35 faiz əlavə olunur”.
Ekspert universitetlərdə gənc alimlərin yetişdirilməsi ilə bağlı problemlərə də diqqət çəkib. Onun fikrincə, elmi dərəcə almaq üçün tələb olunan prosedurların uzun və mürəkkəb olması gənclərin elm sahəsinə marağına təsir göstərir:
“Bu gün ali təhsil müəssisələrində müəllim işləməyə maraq göstərənlərin sayı da azalıb. Çünki fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün kifayət qədər uzun və çətin prosedurdan keçmək lazımdır. Dövlət İmtahan Mərkəzinin doktoranturaya qəbul imtahanlarından tutmuş dissertasiya müdafiəsinə qədər mürəkkəb mərhələlər var. Bu gün Elmlər Akademiyasında alimlərin orta yaş həddi 70-dən yuxarı, ali təhsil müəssisələrində isə 50-dən çoxdur. Təəssüf ki, gənc nəslin, yeni alimlərin yetişdirilməsi istiqamətində daha ciddi işlər görülməlidir”.
O hesab edir ki, gənc alimlərin elmə cəlb olunması və universitetlərdə müəllim fəaliyyətinin cəlbediciliyinin artırılması üçün onların sosial rifahı da yaxşılaşdırılmalıdır:
“Bu istiqamətdə görüləcək işlər müəllimlərin rifahının yaxşılaşdırılmasına, elmi potensialının artırılmasına xidmət etməlidir. Əməkhaqqının artırılması, mənzil təminatı və digər sosial məsələlərin həlli vacibdir. Müəllim hər hansı qayğıdan azad olmalıdır ki, bütün diqqətini elmə və təhsilə yönəldə bilsin”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 Noyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















