Icma.az
close
up
RU
525 ci qəzet Həyatda artistlik pis şeydir

525 ci qəzet Həyatda artistlik pis şeydir

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycan kinosunun yaşayan əfsanəsi, dəyərli Xalq artistimiz Rasim Balayevə hələ uşaqlıqdan sonsuz hörmətim və rəğbətim olub. Sevimli aktyorumuzu görüb, ona olan rəğbət və sevgimi əyani şəkildə bildirmək ən böyük arzumlarımdan biri idi. Nəhayət. bu yaxınlarda, necə deyərlər, arzularım çin oldu - Azərbaycan Yazıçılar Birliyində keçirilən bir tədbirdə təsadüfən Rasim Balayevi qonaqlar sırasında gördüm. Budur, çəkildiyi filmləri dəfələrlə izlədiyim, canlandırdığı obrazları seyr etməkdən usanmadığım sevimli aktyorumla üz-üzə dayanmışdım.

Beləliklə, müsahibimiz Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın Xalq artisti, aktyor Rasim Balayevdir.

- Rasim bəy, teatr səhnələrində görünməməyiniz hər zaman diqqətimi çəkib. Bunun səbəbi nədir?

- Əslində, teatrda oynamağı həmişə istəmişəm. Hətta bir vaxtlar Azərbaycan Dövlət Dram Teatrında işləmək fikrim də olub. Amma teatrdan mənə dedilər ki, ştat yoxdur. Sonra "Azərbaycanfilm" kinostudiyasında aktyor seçdiklərini eşitdim, müraciət etdim və məni işə götürdülər. Elə oldu ki, "Nəsimi" filminə çəkildim və bundan sonra kino sahəsində qalası oldum. Bunun ardınca bir çox filmlərə çəkildim. Artıq məni Özbəkistana, Tacikistana, Moskvaya dəvət edirdilər. Beləcə, başım kino sahəsinə qarışdı və gördüm ki, artıq iyirmi-otuz il keçib. O vaxtlar arada boşluq olanda teatra getmək istədim. Teatrda iki tamaşada rol da almışam. Müəllimim böyük rejissor Mehdi Məmmədov "İblis" əsərini ortaya qoydu və həmin tamaşada Arif obrazını oynadım. Bir də 2000-ci ildə "Aydın" tamaşasında rol aldım. Daha sonra məni ştata dəvət etdilər. Artıq kinoya daha çox bağlanmışdım deyə getmədim. Həm də repertuarlar xoşuma gəlmirdi. Mən istəyən klassik rollar yox idi. Amma düşünürəm ki, yaxşı aktyor teatrda fəaliyyət göstərməli, vaxtı olanda isə kinoya çəkilməlidir. Çünki teatr aktyorun peşəkarlığını qoruyub saxlayır.

- Bu günə kimi rol aldığınız hansısa obrazla özünüz arasında bir oxşarlıq hiss etmisinizmi?

- Mən də həyatda hamı kimi sadə bir insanam. Hər kəsin qarşısına çıxan problemlər mənim də qarşıma çıxıb. Buna görə də elə bir obraz olmayıb ki, o, mənimlə eynilik təşkil etsin. Amma bir şəxsiyyət kimi formalaşmağımda oynadığım obrazların xüsusi rolu var. Məsələn, mən Nəsimi, Babək, Beyrək kimi rollar oynamışam. Özümlə o  obrazlar arasında hansısa uyğunluq görməsəm də, formalaşmağımda xüsusi rol oynayıblar.

- Niyə həmin dövrdə tarixi şəxsiyyətlərin, klassik əsərlərdəki qəhrəmanların obrazlarına məhz sizi uyğun görürdülər?

- Bu sualın cavabını rejissorlardan soruşmaq lazımdır (gülür). O vaxt tarixi filmlər çox çəkilirdi. İndi təəssüf ki, bu mövzuda filmlər demək olar, yoxdur. Həmin vaxtlarda Ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə belə bir tendensiya formalaşmışdı ki, bizim dahi şəxsiyyələrimizi ekranda göstərmək, həm özümüzə, həm də dünyaya tanıtmaq lazımdır. Çünki Nəsimini, Nizamini daha çox filologiya ilə, ədəbiyyatla məşğul olanlar, maraqlananlar tanıyırdı. Böyük bir kütlənin həmin dahi şəxsiyyətləri tanıması arzuolunan idi. Ona görə də xeyli sayda tarixi filmlər çəkildi: "Yeddi oğul istərəm", "Nəsimi", "Babək", "Dədə-Qorqud", "Nizami", "Axundov", "Hüseyn Cavid" və s. İndi də tarixi filmlərin çəkilməsinə çox ehtiyac var. Ancaq hazırda kinomuz ürəkaçan vəziyyətdə deyil. Halbuki bu gün 44 günlük müharibədən bəhs edən filmlər ərsəyə gətirmək olar. Ümumiyyətlə, kino sahəsində qəribə bir susqunluq var. Ümid edirəm ki, vəziyyət tezliklə düzələr...

- Bəlkə xarici görünüşünüzə görə tarixi şəxsiyyətləri canlandırmağa daha çox sizi dəvət ediblər?

- Ola bilər. Bayaq qeyd etdiyim kimi, bu məsələni rejissorlar daha yaxşı bilir. O vaxtı mərhum rejissor Həsən Seyidbəylidən soruşublar ki, niyə "Nəsimi" roluna məhz Rasim Balayevi çəkdiniz? O isə cavabında deyib ki, mən onun üzündə bir qədimlik gördüm.

- Oynamaq istəmədiyiniz, amma imtina edə bilmədiyiniz rolunuz olubmu?

- Əlbəttə, olub. Bəzən boşluq yaranırdı, mən də həmin boşluğu doldurmaq üçün xoşuma gəlməyən filmlərə çəkilirdim. Çünki məndə o qədər kinoya çəkilmək həvəsi var idi ki. Amma sonra peşman olurdum. Təxminən 20-25 ilim boşa gedib. Həm burada, həm başqa dövlətlərdə ildə 2-3 filmə çəkilirdim. O illər ərzində 25-30 rolda oynaya bilərdim və həmin rollardan ən azı beşi brend ola bilərdi. Ancaq bu məsələ təkcə məndən də asılı deyildi. Həmin vaxt siyasi nöqteyi-nəzərdən Azərbaycanda mürəkkəb dövr yaranmışdı, Birinci Qarabağ müharibəsi başlamışdı və buna görə kino sahəsinə az diqqət ayrılırdı. Onda Azərbaycanı parçalamaq istəyirdilər, əhali buna görə çox narahat idi. Amma Ulu öndər Heydər Əliyevin güclü siyasəti nəticəsində Azərbaycanın parçalanmasının qarşısı alındı. Belə bir dövrə təsadüf olunması, uzun müddət film çəkilməməsi kino sahəsinə öz mənfi təsirini göstərdi. Təsəvvür edin, altı-yeddi il kino sahəsində bir iş görülmədi. Bu, az müddət deyil. Həmin vaxt kinostudiyada 1200 nəfər işləyirdi. İşsizlikdən bir çox peşəkarlar başqa sahələrə üz tutdular və Azərbaycan kinosu kökdən düşdü, ənənələr itdi.

- İncəsənətin müxtəlif sahələrində olan insanlar hansısa yaş dövründə öz istedadlarının fərqlərinə varırlar. Bəs siz yaşınızın hansı dövründə həyat yolunuzu aktyor kimi davam edəcəyinizi hiss etməyə başladınız?

- Orta məktəbdə oxuyanda uşaqlarla gedib filmləri izləyirdik, amma onlar mənim qədər film izləməkdən zövq almırdılar. Mən onlardan fərqlənirdim. Bir çoxu riyazi elmlərə və ya tibb sahəsinə daha çox maraq göstərirdi. Mən isə özümdən asılı olmayan səbəblərdən aktyor olmaq istəyirdim. Bəlkə də, izlədiyim filmlər məndə bu sahəyə maraq oyatmışdı. Həmçinin, yaxşı şeir demək bacarığım var idi. Daha sonra dərnəkdə oynamağa başladım. Beləcə, məndə bu sahəyə qarşı daha çox maraq və sevgi yarandı.

- Bəs ilk vaxtlar aktyor olmağınızı ailə üzvləriniz, qohumlarınız necə qarşılayırdılar?

- Açığı, əvvəl-əvvəl birtəhər qarşıladılar. Deyirdilər ki, başqa bir sənətin sahibi ola bilərdin. Çünki orta məktəbdə dərslərimi çox yaxşı oxumuşam. Amma onu da deyim ki, valideynlərimin tam ürəklərincə olmasa da, mənim aktyor olmağımla fəxr edirdilər.

- İncəsənət sahəsini seçdikləri üçün öz ailə və ya yaxınları ilə illərlə küsülü qalan sənətkarlar olub. Siz bu hal ilə qarşılaşmısınızmı?

- Xeyr, qətiyyən belə bir şey olmayıb. Düzdür, atamın arzusu idi ki, mən tarixçi olum. Anam isə xəstə idi deyə məni həkim kimi görmək istəyirdi. Amma yenə də mənim aktyor olmağıma mane olmadılar. Sonra televiziyada çıxış etməyə başladım. Onda məni televiziyada görənlər atama zəng edirdilər. Beləcə yavaş-yavaş valideynlərim aktyor olmağımla barışdılar.

- Gənc Rasim Balayev ilə üz-üzə olsaydınız, ona nə demək istəyərdiniz?

- Bu, mümkün olan şey deyil. Amma bir həqiqət var ki, mənim gəncliyim indiki dövrə təsadüf etsəydi, aktyor olmağı seçməzdim. Çünki mənim potensial imkanlarımı göstərmək üçün film olmayacaqdı. Bu sənətə Azərbaycanda kinonun qaynar vaxtında gəldim və mənim üçün hər şey uğurlu oldu. Lakin yenə deyirəm, gəncliyim bu dövrə təsadüf etsəydi, aktyor olmazdım. Təbii ki, sənət ölmür, sənətkarlar dünyasını dəyişir. Tənəzzül dövrü müəyyən bir dövrdür. Amma həmişə deyirəm ki, bir neçə il sonra elə bir dövr gələcək ki, kino sənəti öz məcrasına düşəcək. Çox istərəm ki, mən də o günü görüm.

- Çox rollarda oynamağınıza baxmayaraq, niyə Rasim Balayevin adı çəkiləndə hər kəsin ağlına məhz Nəsimi, Babək obrazları gəlir?

- Tarixi hadisələr, klassik nitq, estetika - bunlar hamısı komponent halda tarixi filmləri baxımlı edir. Həm də tarixi filmlər digər filmlərdən bir neçə pillə daha yüksəkdə olur. Məhz bu səbəbdən ola bilsin ki, insanlar məni ən çox Nəsimi, Babək kimi xatırlayır.

- Biz aktyorlarımızı ya sənətinə, ya da sırf şəxsi keyfiyyətlərinə, xarakterinə görə qiymətləndirib sevirik. Rasim Balayev deyəndə isə insanın ağlına həm peşəkar aktyor, sənətkar, həm də bütün sözügedən bu keyfiyyətlər gəlir. İkisini də balansda saxlamağı necə bacarmısınız?

- Bunları uzlaşdırmaq lazımdır. Yadımdadır, müəllimlərimiz deyərdilər ki, aktyor var, bu gün tamaşada Vaqif rolunu canlandırır, amma sabah küçədə özünü normal apara bilmir. Aktyor sənəti ilə birgə şəxsi keyfiyyətlərini də qoruyub saxlamağı bacarmalıdır. Böyük bir tarixi şəxsiyyətin obrazını canlandırıb tamaşaçının sevgisini, rəğbətini qazanan bir adam küçədə özünü yüngül aparsa, tamaşaçının gözündən düşər. Ona görə də gərək gördüyün işə uyğun həyat tərzi yaşayasan. Elə istedadlı aktyorlar olub ki, müəyyən şeylərə qurşanıblar və qeyri-ciddi adam kimi qəbul olunublar. Həmişə çalışmışam ki, həyatda mənə aktyor kimi baxmasınlar, mən bunun əleyhinəyəm. Real həyatda necə varsansa, elə də qalmalısan. Sən kinoda, tamaşada hansısa rolu oynaya bilərsən. Amma həyatda artistlik pis şeydir. Belə bir deyim var: filankəs artistlik edir, özünü normalara uyğun aparmır. Bax, həmin normaları gözləmək lazımdır.

Aynur ƏDİL                              

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see483

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see303

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see296

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see292

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see281

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see280

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see278

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see236

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see233

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see227

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see224

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see220

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see215

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see209

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see202

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see188

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see181

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see179

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see175

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri