525 ci qəzet İndi bir çox seriallar bir dəfə baxılmaq üçün çəkilir
Aktyor, rejissor, Əməkdar artist Qurban Məsimov 1994-cü ildən Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" pantomim teatr-studiyasında fəaliyyət göstərib. "Aramızda qalsın", "Oğlan evi", "Ac həriflər", "Nigarançılıq", "Nekroloq" kimi 20-dən çox film və serialda rol alan aktyor "Nəm-nəm", "Gülməşəkər" kimi verilişlərin aparıcısı olub, 20-dən çox tamaşaya quruluş verib, "Kimdir müqəssir?", "Şəngül, Şüngül, Məngül", "Balaca şahzadə", "İnsan", "Kölgə" kimi tamaşalarda oynayıb.
Əməkdar artist Qurban Məsimovla müsahibəni təqdim edirik.
- Necəsiniz, Qurban bəy?
- Qaymaq kimi (Gülür).
- Gəlin söhbətimizə lap əvvəldən, klounada fəaliyyətinizdən başlayaq. Hansı ki, bir vaxtların məşhur kloun "Appası" olmusunuz. Bu sahədən niyə uzaqlaşdınız?
- Uzaqlaşmamışam. Ehtiyac olanda və marağım varsa, yenə də fəaliyyətimə davam edirəm. Klounada əyləndirmə üslubudur. Amma mən daha çox düşündürən klounada tərəfdarıyam. Ona görə də klounu səhnədə görmək mənim üçün daha maraqlıdır. Qismət elə gətirib ki, kloun kimi xarici ölkələrdə - Bolqarıstanda, Finlandiyada, Hindistanda, Yunanıstanda da səhnəyə çıxmışam. Hətta ssenaridən kənar "CırtdanŞou"da da çıxış etmişəm. İmprovizə ilə 74 mindən çox tamaşaçı qarşısına çıxmışam. Bu özü cəsarət tələb edən bir şeydir. Amma mən belə cəsarətli addımlar atmağı xoşlayıram. Üzə bilirsənsə, o dəniz, o okean - get, üz, nəyi pisdir ki?
- Bu gün gənclər arasında bu sahəyə maraq varmı?
- İndiki gənclərin əksəriyyəti bu sahəni biz bildiyimiz dərinlikdə bilmirlər. Onların çoxu kloun kimi restoranda, ad günlərində cüzi proqramla nəsə göstərməyə çalışırlar. Təəssüf ki, onlara baxanda insanı ilk cəlb edən göstərdikləri şou yox, üstlərindəki böyük ciblər olur (Gülür). Onları da başa düşmək olar. Avropada elə insanlar var ki, şar satır, amma geyimi klounada geyimidir. Elə klounların adı da olmur. Sadəcə marketinqlə bağlı bunu edirlər. Elə satıcılar var ki, kloun libası geyindikdə bazarı yaxşı işləyir. Əslində, onları bu sənətin nümayəndəsi saymaq da doğru deyil. Onlar sadəcə kloun geyimli satıcılardır.
- Pantomima Teatrının ən məşhur simalarından birisiniz. Azərbaycan səhnəsinə klounada janrını gətirən siz - "Appa", Elman Rəfiyev - "Ninni" və Pərviz Məmmədrzayev - "Zır-zır" izləyicilər tərəfindən maraqla qarşılandı. Bu üçlü yenidən bir yerə gəlməyi düşünürmü?
- İnanmıram. Bir ara təklif elədim, amma alınmadı. Belə deyim, bu fikir bir dalğa kimi gəlir, təklif edirik, sonra hər kəs öz qayığına qayıdır, öz işinə başı qarışır. Sonra yenə bir yerə yığılanda ortaya təklif atırıq, ayrılanda yenə unuduruq gedir. Əgər kimsə kənardan dəvət eləsə ki, bu üç nəfər gəlib hansısa bir layihədə iştirak eləsin, düşünürəm ki, onların ikisi məmnuniyyətlə gələcək. Çünki mən rejissor olduğum halda Pərviz və Elman aktyordur. Aktyor həmişə gözləyir ki, kimsə onu dəvət eləsin. Ona görə yeni bir layihə olsa və dəvət alsalar, o ikisi dərhal gələcək. Təbii ki, onlar gəlsələr, mən də orada olacağam.
- Vaxtilə tamaşaçıların maraqla izlədiyi "Aramızda qalsın" serialında Mehman obrazı ilə çox tanındınız. Ümumiyyətlə, serial böyük səs-küyə səbəb oldu. Hətta layihə Türkiyənin "Çocuklar duymasın" serialı ilə oxşarlıq təşkil etdiyinə görə Birol Güvən tərəfindən məhkəməyə qədər gedib çıxdı. Həmin məsələ nə yerdə qaldı?
- Məhkəmə məsələsi bütövlükdə yalan məlumat idi. Bunu ilk dəfə burada etiraf edəcəyəm. Türkiyəli əməkdaşlar gəldilər, oturduq, danışdıq, hamı dostlaşdı. Dedilər, biz sizi davamlı olaraq izləyirik. Onsuz da bu işə başlayanda bilirdik ki, həmin layihənin Azərbaycan modelidir. Türklərdə olan model isə Fransanın, Kanadanın ayrı-ayrı seriallarının modeli idi. Kimsə kimdənsə götürür, özününküləşdirir. Ümumiyyətlə, standart ailə əhvalatı deyəndə dünyanın hər ölkəsində tək bir ideya yaranır - ata-ana, bacı-qardaş, nənə-babadan ibarət bir hekayə. Bu model hər yerdə var. Türkiyəli rejissor bizimlə danışanda dedi ki, velosipedi yenidən kəşf etmək istəmirik. Bu model onsuz da var idi və başlanğıcda çəkilişin düzgün başlanması üçün birə-bir eyni olmalı idi. Artıq 8-ci bölümdən "Aramızda qalsın" serialında Azərbaycanlaşma başladı. Düzünə qalsa, onlar Mehman obrazını kobud görməyi düşünmüşdülər. Mən obrazı oynaya-oynaya heç kim bilmədən gizlincə müdaxilələr etdim. Çünki oynadığım obraz azərbaycanlı ailə başçısı idi, azərbaycanlı atası idi və o, bu dərəcədə kobud ola bilməzdi. Ona görə də öz aktyor və rejissor bacarığımdan istifadə edib rolu tədricən camaata sevdirməyə başladım.
- Rolunuza sərbəst şəkildə müdaxilə etməyiniz rejissorla aranızda problem yaratmır ki?
- Bununla bağlı nə vaxtsa bir problem yaşadığımı düşünmürəm. Hətta bəzən ssenari xoşuma gəlmirdisə, çəkilişi saxlayırdım. Elə olub ki, dörd dəfə mənə verilən monoloqun üstündən xətt çəkmişəm. Sonra özüm demişəm ki, kameranı işə salın, özüm improvizə ilə monoloqumu deyəcəyəm.
- Bəs bu vəziyyəti ssenaristlər necə qarşılayırdılar?
- Təbii ki, narahat olurdular. Amma mənim dəlillərim var idi, sübutum var idi ki, bu belə ola bilməz. Elə olub, mətni mənə veriblər ki, bu adamın rolunu səsləndirməlisən, amma serialın reytinqi düşməsin deyə bunu etmirdim, razı olmurdum. Çalışırdım ki, serial daha geniş kütləyə çatsın, baxımlı olsun. Hansısa bir işi hazırlayanda onun marketinq tərəfini də düşünməlisən. Serial elə çəkilməlidir ki, bundan sonra da pul qazana biləsən, hər hansı xarici ölkəyə də sata biləsən. "Aramızda qalsın"ın əcnəbi ölkələrə satılmaq imkanı var idi. Çəkiliş vaxtı ora müdaxilə olunan sponsorlara, gizli və ya gözə girən reklamlara müdaxilə edirdim. Deyirdim, kadrı bu qədər yükləməyin. Sabah sən bu serialı Fransaya, İngiltərəyə satanda arxadakı reklamın üstünü rəngləyəcəklər və keyfiyyət azalacaq. Düşünürəm ki, elə indi də seriallar yalnız Azərbaycan bazarı üçün hesablanır. Serial bütövlükdə böyük maliyyə tələb edir. Rejissor qrupu və prodüserlər düşünməlidirlər ki, məhsulu əcnəbi ölkəyə də sata bilsinlər. Buna görə də digər ölkələrin serialları ciddi bədii filmə bənzəyir. Onlar filmləri, serialları təkcə öz ölkələri üçün yox, digər ölkələr üçün də çəkirlər.
- Vaxtilə Kukla Teatrının baş rejissoru olmusunuz. Teatrın digər rejissoru Saida Haqverdiyevadır. Qadın rejissorlarla işləməyin hansı fərqli yönləri var? Hansı ki, bir çox kişi rejissorlar qadınlarla işləməkdən boyun qaçırırlar.
- Orada bizi ayıran tək məqam mənim baş rejissor, Saida xanımın isə quruluşcu rejissor olması idi. Qadın rejissorlar teatra rəng verir, teatrda yalnız kişi rejissorlar olanda artıq ora kişi məbədinə bənzəyir. Qadınlar tamaşaya yumşaqlıq gətirir, baxış bucaqları fərqli olur. Əgər truppada qadın, kişi, gənc, yaşlı rejissorlar varsa, hər biri rəngarəng çələngin bir hissəsi olur. Yaratdıqları tamaşalar da rəngarəng olur. Hər teatrda heyət rəngarəng olmalıdır.
- Bildiyimə görə, tanınmaqdan qaçırsınız. Hətta tanınmamaq üçün qara eynəkdən istifadə etdiyiniz də olub.
- Onsuz neyləsək də, tanınırıq. Bu dəqiqə küçəyə çıxsaq, on nəfərdən yeddisi tanıyacaq. Çox tanınanda, məşhurlaşanda insan öz sərbəstliyini itirir, rahat, azad ola bilmirsən, daim özünü səhnədə hiss edirsən. Çünki ətrafındakıların hamısı tamaşaçılardır. Kafedə oturursansa, tamaşaçılar çevrilib sənə baxır və hər jestini izləyirlər. Sən də məcbursan, evdə yediyin kimi yox, daha çox teatral, daha bədii, plastik, musiqili yeyəsən (Gülür).Tamaşaçı sevdiyi aktyorla çox yaxın olanda bəzən təəssüratları dağılır, yanılır. Əksər hallarda biz ekranda, səhnədə bir cür, real həyatda isə tamam başqayıq. Bizim real xasiyyətimizi təkcə yaxınlarımız bilir. Tamaşaçılar bunu bilmir və heç vaxt da bilməyəcəklər.
- Bu günün istedadlı aktyorları əsasən şəraitsiz, balaca teatr binalarında yetişiblər. Amma bu gün gənc aktyorlar üçün demək olar ki, hər cür şərait, kurslar var. Bunun müqabilində gənclərdə bu sahədə inkişaf hansı yerdədir?
- Biz o vaxtlar nəhəng aktyorları görüb, onların oyununu sevib bu sənətə gəlmişik. İndi gələn nəslin əksəriyyəti onların işlərini görmürlər və xəbərsizdirlər. İndi gənclərin bir çoxu bu sənətə seriallarda, filmlərdə məşhur olmaq həvəsi ilə gəlirlər. Həmin məşhurluq istəyi ilə gələnlər görürlər ki, heç də hər şey asan deyil. Burada daxili mətbəxi görəndə seriallardakı aktyorların oyunlarına qarşı şübhə yaranır. Burada fərqinə varırlar ki, heç nə göründüyü kimi deyilmiş. Bəzi hallarda film, serial çəkilişlərinə böyük məbləğdə pul verib istedadlı aktyor çağırmaq əvəzinə aktyor olmayanı dəvət edirlər. Hansı ki, həmin şəxslər pulsuz da çəkilməyə razı olurlar. Gənclər də gəlib buradakı ciddiyyəti görəndə həmin aktyorlara qarşı münasibətləri dəyişir, gördükləri işə tərəddüdlə yanaşırlar. Artıq dərs prosesində aktyor olmaq istəyənlərin əksəriyyəti buna tab gətirmir. Birinci kursda bu ixtisasa on beş nəfər gəlirsə, dördüncü kursda artıq onlardan iki nəfəri qalır. Digərlərinin nə fiziki, nə psixoloji gücü burada qalmağa dözür. Nə yaxşı ki, elə ikisi qalır.
Ümumiyyətlə, İncəsənət Universitetini bitirən uşaqlar hər yerdə işləyə bilirlər. Onlar burada psixologiyanı, bədən dilini, plastikanı, rəqsi öyrənirlər, ona görə burda çox universal məzunlar yetişir, hər bir sahədə çox yaxşı işləyə bilirlər. Ən istedadlıları isə bizim sənətdə qalır. Bu sənətdə qalmaq üçün fədai olmaq lazımdır. Biz vaxtilə sənətdə nəyisə bir ideya naminə, məqsədlə edirdiksə, indiki gənclər daha çox marketoloq kimi düşünürlər, nəsə xeyir güdürlər. Düşünürlər ki, filan teatrda işləsəm, yaxın üç ayda mənim maaşım artacaq, ya yox? Neçə rol oynayacağam, ömrümün altı ayını ora sərf etsəm, nə qazanacağam. İndi bizneslə bağlı o qədər ədəbiyyat var ki, bu sahədə gənclərə çatmağa çalışırıq. Amma bizim üstünlüyümüz təcrübədədir. Ən əsası, Pantomima Teatrının yaranmasında iştirak eləmək bizə çox şey qazandırdı. Yaradıcılıq baxımından çox səhv istiqamətlərə getdiyimiz halda sonda düz yolu tapırdıq. Ona görə artıq hansısa bir işə başlayanda bütün səhv yollar bizə bəlli olur, buna görə də düz istiqamətlə gedə bilirik.
- Bir çoxlarına Kukla Teatrındakı baş rejissorluq fəaliyyətinizə niyə son qoymağınız hələ də maraqlıdır. Yaradıcı insan kimi sizi bu qərarı verməyə nə vadar etdi?
- Düşündüm ki, yetər, bəsdir. 10 il idi ki, orada fəaliyyət göstərirdim. Artıq dəyişmək lazım idi. Növbəti 10 ildə də orada baş rejissor kimi qalmaq maraqlı deyildi.
- Qurban bəy, deyəsən, bir yerdə daimi qalmağı sevmirsiniz?
- Niyə bir yerdə daimi qalmalıyam ki? Mən davamlı olaraq bir şəhərdə yaşamağı sevmirəm. Ayrı-ayrı ölkələrdə festivallara getmək yaxşıdır, yoxsa həmişə öz səhnəndə oynamaq? İnsan kimi həyatın rəngarəng olmalıdır. 30 il eyni rəngli divarlarla yaşamaq xoşuna gələr? Yox. Bir gün deyəcəksən ki, artıq bu rəngi dəyişmək lazımdır. İnsan bir gün oturduğu stuldan belə bezir və onu yenisi ilə əvəz edir. Telefonu üç aydan bir, beş aydan bir yeniləyir. Bir yerdə qalmaq insanı tənbəlləşdirir. Bilmədiyim bir məkanda fəaliyyət göstərməyi sevirəm. Balığı akvariumun içərisində digər balıqların yanına qoyurlar, əvvəldən akvariumda olan balıqlar sakitcə üzürlər, təzə gələn də bu rahatlıqdan yararlanır, tənbəlləşir, ancaq yeyir və kökəlir. Birdən sakit balıqları sudan çıxarıb yerinə pirana qoyurlar, avtomatik tənbəl balıq hərəkətə keçir və çevikləşir, gümrahlaşır. Rahatlıq passivliyə gətirib çıxarır. Yaradıcı adamsansa, daima axtarışda olmalısan, yenilikləri yoxlamalısan.
- Kukla Teatrında fəaliyyətinizi bitirmisiniz, üstəlik, 2020-ci ildən televiziyada da sizi görmürük. Deyəsən, çoxşaxəli fəaliyyətinizi müəllim kimi yekunlaşdırırsınız.
- Düşünürəm ki, indi burada daha çox lazımam, çox sahədə böyük təcrübəm var və bunu indiki nəsillə bölüşməliyəm. Bu, növbəti işlərə böyük xeyir gətirəcək. Seriallara gəldikdə isə, bu sektor hazırda bizdə çox zəifdir. Zəif işlərdə insan aktyor kimi görünmək istəmir. Çünki nə qədər istedadlı aktyor olursansa ol, sənin maraqlı görünməyin ətrafındakı ansambldan, aktyor heyətindən və filmin rejissorundan, operatorundan, texniki heyətdən asılıdır. Nə qədər yaxşı oynayırsan oyna, əgər işıqçı işığı düzgün qurmayıbsa, sənin oyunun görünməyəcək. Elə olub çəkiliş başlayanda hiss eləmişəm ki, alnım yanır, parıldayır. Amma bunu məndən başqa heç kim hiss edib dilə gətirməyib. Qrimyora mən demişəm ki, deyəsən, alnım parıldayır. O da qaça-qaça gəlib düzəldib. Təsəvvür edin, bu, hələ ən adi məsələdir. Bütöv heyət professional olanda, rahat işləyirsən. Təcrübə var, ayağımızı çəkiliş meydançasına qoyan kimi bilirik ki, kamera düzgün qurulub, ya yox. İstedadlı aktyorlar hər məsələyə həssaslıqla yanaşırlar. Hazırda serial sektorunda o qədər də həssaslıq hiss eləmirəm. İndi bir çox seriallar bir dəfə baxılmaq üçün çəkilir. 10 ildən sonra heç kimin yadına düşməyəcək ki, vaxtilə belə bir serial olub. Həm də indiki bəzi aktyorlar keçmiş aktyorlardan fərqlənirlər. Bu gün onlar daha çevik olmalıdırlar. Əvvəllər aktyora deyəndə ki, gəl tamada ol, kommersiyaya marağı olan aktyorlar bunu edirdilər. Amma indikilər demək olar ki, imtina edirlər, bunu aşağı səviyyəli iş sayırlar. Deyirlər, mən aktyoram, toy idarə edə bilmərəm. Amma toy aparmaq özü bacarıq tələb edir. Sən həm toyu idarə edirsən, rejissor olursan, həm də aktyor kimi davranırsan. O boyda kütləni idarə etmək böyük təcrübə istəyir. Səhnədə mühafizə olunursan, tamaşaçıdan hündürdə çıxış edirsən, arxada kulis var, narahat olan vaxtı gedə bilərsən. Toyda isə böyük bir kütlənin içindəsən, burada da aktyorluqdur, amma tamam başqa texnikalarla. Müasir dövr aktyordan çox şey tələb edir, həm gözəl qiraətçi olmalısan, yeri gələndə klounadanı da bilməlisən, dramatik aktyor da olmalısan, kütlə ilə işləməyi də bacarmalısan. İndi bir planda olan aktyor film bazarında o qədər də dəyərli sayılmır. Müasir aktyor unikal olmalıdır.
- İncəsənətin fərqli sahələrində olmusunuz. Getdiyiniz hansısa yolda büdrədiyiniz olubmu?
- Heç vaxt büdrəməmişəm. Nə vaxtsa büdrəyib yıxılmaq təhlükəsi olubsa da, o an elə bir hərəkət eləmişəm ki, elə biliblər belə də olmalıdır. Mən məğlubiyyətlərimi hər zaman qələbə saymışam. Gör o məğlubiyyyətlər mənə nə qədər şey öyrədib. Ümumiyyətlə, hansısa işdə keçirdiyin hisslər qəlbində yeddi qapı arxasında qalmalıdır ki, onu özündən başqa heç kim bilməsin.
Ləman İLKİN