Icma.az
close
up
RU
525 ci qəzet Paşinyan üçün yolun sonu

525 ci qəzet Paşinyan üçün yolun sonu

Vilayət QULİYEV
Fövqəladə və səlahiyyətli səfir

Baş nazir Nikol Paşinyanın siyasi fəhmi, mövcud reallığı obyektiv təhlil edib qiymətləndirmə bacarığı haqda müzakirə açmaq fikrində deyiləm. Əslində nə isə qeyri-adi cəsarət və uzaqgörənlik nümayiş etdirməsi də söhbət mövzusu ola bilməz. Çünki hakimiyyətə gələndə regionun ən təxirəsalınmaz problemi olan Qarabağ münaqişəsinə münasibət məsələsində o da hakimiyyətdəki sələflərinin, bütünlükdə erməni "qırğılarının" tezis və iddiaları üzərində köklənmişdi. Bilərəkdən, yaxud bilməyərəkdən özünə qədər səsləndirilən real əsasdan məhrum tezis və iddiaları təkrar edirdi. Bir ara hətta "Dağlıq Qarabağ Ermənistandır və nöqtə!" - deyə bədnam miatsum xülyasını guya "sona çatdırıb" öz aləmində münaqişəyə "birdəfəlik yekun" da vurmuşdu. Amma Azərbaycan əsgərinin 44 günlük zəfər yürüşü, Azərbaycan Prezidentinin qarşısıalınmaz hərbi-diplomatik məharəti ona tutduğu yolun yanlışlığını çox tez anlatdı. Siyasi şahmat taxtasında naşı gedişləri ilə labüd mat vəziyyətinə düşdü.

Ədalət naminə deyim ki, özlərini sərkərdə və strateq (ya da lap olsun sparapet!) sayan sələflərindən fərqli olaraq yeni Ermənistan tarixindəki ilk avtoxton liderin (ondan əvvəl ölkəyə Suriya və Azərbaycan vətəndaşları rəhbərlik etmişdi!) ağlı başına çox tez gəldi. Yalnız  "ölülərin və dəlilərin səhv etmədiyi" həqiqətini  fövrən anladı. Və bunun da nəticəsində iki il yarım bundan əvvəl Praqada, beynəlxalq forumda Qarabağın dağlıq hissəsinin tarixi Azərbaycan torpağı olduğunu açıq etiraf etdi.

Ardınca digər mühüm bəyanatlar da verdi. Ermənilərini "dənizdən dənizə uzanan" "tarixi Ermənistan" xülyası ilə yaşamaqdan əl çəkib qonşu xalqlardan əkişdirilmiş torpaqlardan ibarət 29 743 kv. km-lik "real Ermənistanı" qorumaq haqda düşünməyə çağırdı. Bunu etməsələr, əldə olanı da itirəcəkləri ilə bağlı həyəcan təbili çaldı. Azərbaycana, Gürcüstana, Türkiyəyə, Rusiyaya ərazi iddiaları ilə günlərini keçirən ermənilər üçün bu gözlənilməz və qəbul edilməz gediş idi.

"Real Ermənistanın" üçün real konstitusiyasının zəruriliyini etiraf etməklə daha bir məsələdə anlayış göstərdi. Ermənistanın heç bir tarixi, siyasi, geopolitik və coğrafi əsas olmadan dövlət gerbinə "qondurduğu" Ağrı dağının şəkli haqqında rəsmi erməni təbliğatı ilə bir araya sığmayan fikirlər söylədi və cəmiyyətin böyük təpkisini qazandı. Tarix dərsliyinin "Erməni xalqının tarixi" yox, konkret olaraq "Ermənistan tarixi" adlanması tələbində bulundu. Amma bütün bunlar nala-mıxa döyəcləməklə müşayiət edildiyindən təəssüf ki, konseptual boyutlar ala bilmədi. Bütünlükdə isə mövcud siyasi reallığın bir az çəkingən şəkildə də olsa, dərki və etirafı Nikol Vovayeviçin ümumən doğru yol tutmağa, düzgün seçim etməyə çalışdığını göstərir.

Məhz bu reallığın dərki nəticəsində Baş nazir Paşinyan bir neçə həftə öncə Praqa açıqlamasından heç də az əhəmiyyətli olmayan başqa bir sərt həqiqəti ortaya qoydu. Birmənalı şəkildə bildirdi ki, 1994-cü ildən bəri iki ölkə arasında aparılan danışıqların əsas məzmununu Qarabağın dağlıq hissəsinin "Azərbaycana qaytarılması" təşkil edib. Özünü qalib sayan erməni diplomatiyasına bundan ağır zərbəni təsəvvürə gətirmək mümkün deyil. Paşinyan həm də təkcə acı, ağrılı həqiqəti dilə gətirməklə kifayətlənmədi. Qarabağ tonqalını xüsusi intensivliklə körükləmiş əski liderləri - Ter-Petrosyanı, Koçaryanı, Sarqsyanı ortaya atdığı tezislə bağlı xalqın qarşısında açıq debata çağırdı. Təbii ki, onlardan heç biri bu çağırışa səs vermədi. İfşa olunma qorxularını guya Paşinyan kimi naşı və dünyadan bixəbər birisi ilə çənə-boğaz olmağı öz şəxsiyyətlərinə sığışdırmamaları ilə ört-basdır etməyə çalışdılar.

1999-2003-cü illərdə gedən danışıqlar prosesindən müəyyən qədər xəbərdar şəxs kimi deyə bilərəm - Paşinyan erməni cəmiyyətinin, xüsusən də siyasi isteblişmentin aydın dərk etdiyi, amma heç vaxt dilə gətirmək istəmədiyi bir həqiqətin üstünü açıb. 

Hazırlıqsız oxucu təəccüblənməkdə haqlıdır: necə ola bilər ki, 26 il ərzində ermənilər hərbi müdaxilə və etnik təmizləmə yolu ilə işğal etdikləri Qarabağı həqiqi sahibinə "qaytarmaq" istəyiblər, amma biz "qəbul etməmişik?" Bəlkə Paşinyan nəyi isə qarışıq salır? Bəlkə danışıqlardan ümumən xəbərsizdir? Qətiyyən!

Əvvəla, hətta ən çətin, çıxılmaz zamanlarda da ölkəmizin ərazi bütünlüyündən hər hansı şəkildə imtinası ilə bağlı heç bir sənəd mövcud deyil. Danışıqlar prosesində gündəlikdə dayanan əsas və dəyişilməz tələb beynəlxalq hüququn aliliyinin təmin edilməsi, erməni işğal qüvvələrinin silah gücünə ələ keçirdikləri Azərbaycan ərazilərindən danışıqsız çəkilməsi olub. Diplomatik uğurumuz - BMT TŞ-nın 4 məlum qətnaməsi də həmin məqsədə xidmət edib.

Ermənilərə gəldikdə isə bütün bu  illər ərzində udduqları tikəni "həzm etmək" ümidi ilə vaxt uzatmaqdan başqa heç nəyə nail ola bilmədilər. Bədnam "Dağlıq Qarabağ Respublikası"nı sonralar "Artsax Respublikası" şəklinə salsalar da, müstəqil dövlət kimi tanıtmaq mümkün olmadı. Ermənistan özü də heç vaxt belə addım atmağa, yaxud "anşlyus" siyasəti həyata keçirməyə  cürət etmədi. Zəngin ermənilər dünyanın hər yerindən axışıb Qarabağa gəlmədilər. Böyük ümidlər bəslənən diaspora "azad olunmuş" (oxu: işğal edilmiş!) ərazilərə iri pullar yatırmadı. Göndərilənlər isə çox böyük fərasətlə oğurlandı. "Müstəqillik" şüarı sıraları xeyli dərəcədə seyrələn Qarabağ erməniləri üçün öz əhəmiyyətini günü-gündən itirməyə başladı.

Köhnə bir lətifə var. Sərxoş divardan tuta-tuta gedirmiş. Kənardan ona tamaşa edən bir nəfər deyir: "Get, get, görüm divar qurtarandan sonra necə gedəcəksən?"

Başqalarının əli ilə qazanılmış "qələbədən" sərməst olan ermənilər də sadəcə həmin o sərxoş kimi sadəcə divar qurtarana qədər ayaqda qala bildilər. Günün birində divarın qurtaracağı isə heç kəsə sirr deyildi. Əslində 2000-ci illərin əvvəlindən etibarən Ermənistanın yeganə ümidi Azərbaycanın öz torpaqlarını azad etmək üçün hərbi yola əl atmayacağı ilə bağlı əsassız xülya, yaxud təsəlli idi. Münaqişənin "hərbi yolla həllinin olmaması" onların ən çox sevdikləri və tez-tez təkrarladıqları tezis idi.

2016-cı ilin aprelində bu mif də bir neçə günün içində həmişəlik dağıldı.

Əgər işğal etdiyin torpağı heç cür özününküləşdirə bilmirsənsə, buna hərbi, iqtisadi, siyasi qüdrətin, iqtisadi imkanların və insan resursların yoxdursa, o zaman danışıqların mahiyyətində onu qaytarmaq məcburiyyətindən başqa nə dayana bilər? Paşinyan da müzakirələrin məzmununa toxunarkən məhz həmin həqiqəti etiraf edib.

Yeri gəlmişkən, indiki xarici işlər naziri Ararat Mirzoyan da yanvarın 8-də keçirdiyi mətbuat konfransında yalnız bir təsadüfü çıxmaqla (ciddi müzakirə predmeti olmayan svap - ərazi mübadiləsi) tərəflər arasındakı danışıqların əsas mövzusunun keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması olduğunu boynuna alıb. Bəlli mərhələdə münaqişənin dinc yolla nizama salınması üçün ölkəmiz tərəfdən müəyyən güzəştlər vəd edilsə də (məsələn, muxtariyyət statusunun yüksəldilməsi də bu qəbildən idi), qondarma qurumun müstəqilliyinin tanınması, yaxud Ermənistana verilməsi heç vaxt, heç bir şəkildə müzakirə mövzusu olmayıb. ATƏT Minsk qrupu həmsədrlərinin "ümumi dövlət" tipli cəfəng ideyası da dərhal və qətiyyətlə rədd edilib.

Heç kəsin polemikaya girmək istəmədiyi məqamda keçmiş xarici işlər naziri Vardan Oskanyan ortaya atılıb deyir ki, "Biz danışıqlar yolu ilə məqsədimizə çatmağın bir addımlığına gəlib çıxmışdıq". Nə imiş bu? Guya həmsədr ölkələr Madrid prinsipləri əsasında Qarabağ ermənilərinin milli müqəddəratlarına təyin etmə ilə bağlı referendum keçirmək hüququnu tanıyıbmış. Qalıbmış o referendumu keçirmək...

Koçaryanın xarici işlər naziri bir qədər diqqətli olsaydı, bu gülünc iddiasının cavabını başqa bir mənbədə deyil, elə Paşinyanın bəyanatında tapa bilərdi. Çünki Baş nazir acı-acı şikayətlənmişdi ki, 44 günlük müharibə başlayanda həmsədr ölkələr (təbii, ermənipərəst Fransanın mahiyyət etibarı ilə heç nəyi dəyişməyən fitnəkarlıq və düşmənçiliyini çıxmaqla) özlərini proseslərdən tamam təcrid etdilər və bizə heç bir kömək göstərmədilər. Oskanyandan soruşmaq lazımdır: həmsədr ölkələr müharibə vəziyyətindəki Ermənistana əl uzada bilməmişdilərsə, Azərbaycanı iradəsinə və beynəlxalq hüquq normalarına zidd olan təslimçi addım atmağa, ölkə ərazisinin bir hissəsində referendum keçirməyə necə məcbur edə bilərdilər? Əgər on illər boyu ciddi irəliləyiş olmamışdısa, Madrid prinsipi qeyri-adi dəyişikliyə necə təkan verəcəkdi?

Belə xam xəyallar erməni siyasətbazlarının çoxunun dünyadakı  dəyişikliklərdən bixəbər qaldıqlarını, hələ də keçmişin xəyalları ilə yaşadıqlarını isbat edir. Regionun şəksiz liderinə, dünya siyasətində söz sahibinə çevrilən yeni Azərbaycanı görə bilmədiklərini, yaxud görmək istəmədiklərini göstərir. Qarşısıalınmaz qisas hissi, revanşizm duyğuları "müharibə partiyasının" üzvlərini kar, kor və anlaqsız hala salıb. Unudurlar ki, antik filosofun dediyi kimi, bir dəfə girdiyin çaya ikinci dəfə girmək mümkün deyil. Çünki indi oradan başqa sular axır...

Paşinyan 2025-ci ilə iki etirafla da qədəm qoyub - Ermənistanın Azərbaycan tərəfinin daha bir tələbini yerinə yetirəcəyinə, ATƏT-nın onsuz da dörd ildən bəri oyundan kənar vəziyyətdə qalmış Minsk qrupunun ləğvi məsələsində pozitiv mövqe tutacağına işarə vurub. Digər tərəfdən isə, Araz çayını "real Ermənistanın" sərhədi kimi qəbul etməklə Türkiyə Cümhuriyyətinin altı tarixi əyalətinə olan "Qərbi Ermənistan" iddiasından da guya əl çəkib.

Amma bir məsələ var ki, Ermənistan liderinin sözü ilə əməlləri düz gəlmir. Ümumən sonu yaxşı heç nə vəd etməyən paradoksal siyasət yürüdür. Bir tərəfdən regionda "sülh göyərçini" rolunda çıxış edir, digər tərəfdən isə Hindistan, Yunanıstan, Fransa, Kipr kimi müttəfiqlərinin əli ilə militarizasiya xətti həyata keçirir. KTMT ilə Aİ, İranla ABŞ, Rusiya ilə Avropa arasında vurnuxur. Sülh və əməkdaşlıq barəsində hamıdan çox danışsa da, yaranmış tarixi şansdan yararlanmağa, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, Türkiyə ilə münasibətlərin tənzimləməsini hər vasitə ilə uzadır.  Yaxud bütün bunları etməyə gücü və siyasi iradəsi çatmır.

Yəqin ki, indiki şəraitdə Paşinyan üçün düzgün və az itkisiz seçim Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 7-də yerli mətbuata verdiyi müsahibədə konturlarını cızdığı "yol xəritəsi" ilə hərəkət etmək olardı...

seeBaxış sayı:106
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri