Icma.az
close
up
RU
525 ci qəzet “Jurnalistikanı həmişə ən üstün peşə hesab etmişəm”

525 ci qəzet “Jurnalistikanı həmişə ən üstün peşə hesab etmişəm”

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

150 illik zəngin tarixi olan Azərbaycan mətbuatı zamanın dəyişməsi ilə heç vaxt öz gücünü itirməyib. Hər dövrün öz mətbuat qəhrəmanları, öz mübarizələri olub. Bu yubiley yalnız keçmişi xatırlamaq üçün deyil, həm də gələcəyin media dünyasında hansı dəyişikliklərin baş verəcəyini müzakirə etmək üçün fürsətdir. Mətbuatın 150 illiyi yalnız tarixə baxmaq deyil, həm də bugünün və sabahın media sahəsinin necə inkişaf edəcəyini anlamağa çalışmaqdır.

Crossmedia.az mətbuatın 150 illik yubileyi ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə həmsöhbət olub.

“Azərbaycan jurnalistlərinin Milli Mətbuatın 150 illik yubileyini qürurla bayram etməyə tam haqqı var”

- Rəşad müəllim, mətbuatın 150 illik yubileyi gəlir. Ötən əsr yarımlıq bir tarixi necə xarakterizə edərdiniz?

- Məlum olduğu kimi, Azərbaycan milli mətbuatının əsası 1875-ci ildə “Əkinçi” qəzeti ilə qoyulub. Amma həmin qəzetdən əvvəl də bəzi səhifələr mövcud olub. Böyük Həsən bəy Zərdabi isə “Əkinçi”nin əsasını qoymaqla Azərbaycan mətbuatının gələcək inkişafına, milli düşüncənin formalaşmasına, maarifpərvər ideyaların yayılmasına böyük töhfə verib. Xalqımız Həsən bəy Zərdabi ilə, həqiqətən, qürur duyur. Azərbaycanın mətbuat tarixində “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” qəzetlərinin də xüsusi rolu var. Son dövrlər bu nəşrlərin transliterasiyası həyata keçirilir. XX əsrin əvvəllərində Azərbaycan mətbuatı intibah dövrünü yaşayıb. Bəzən Azərbaycan mətbuatının sovet dövrünü totalitar cəmiyyətin, imperiya ideologiyasının tərkib hissəsi kimi xarakterizə etsələr də, o illərdə jurnalistlərimiz və yazıçılarımız Azərbaycan dilinin qorunmasında mühüm rol oynayıblar. Sovet dövründə mətbuat həm dilimizin saflığının qorunmasına, həm də milli düşüncənin ifadəsi olan fikirlərin öz əksini tapmasına imkan yaradıb. Azərbaycan müstəqillik qazandıqdan sonra isə keçilən yol həyatımızın ayrılmaz hissəsinə çevrildi. Biz əvvəlcə bu tarixi yaşayırıq, sonra isə yaşadıqlarımızın artıq tarixə çevrildiyini gördük. 1990-cı illərin əvvəllərində, Azərbaycan müstəqillik qazandığı ərəfədə şəraitə uyğun olaraq bir-birinin ardınca fərqli müstəqil qəzetlər yarandı, “Azərbaycan”, “Aydınlıq” kimi müstəqil qəzetlər nəşrə başladı. 1992-ci il noyabrın 17-də biz “525-ci qəzet”i təsis etdik. 1998-ci ilin avqust ayında Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda senzura ləğv edildi. Ümumiyyətlə, Ümummilli liderin mətbuatla bağlı qəbul etdiyi qərarlar müstəqil medianın inkişafında misilsiz rol oynadı. Biz onu həmişə jurnalistlərin ən yaxın dostlarından biri kimi xatırlayırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev bir çox sahədə olduğu kimi, mediaya qayğı sahəsində də Ulu öndərin ənənələrini davam etdirdi. Azərbaycanda “Media haqqında” yeni qanun qəbul olundu, Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Bu gün elə bir dövrdür ki, yeni texnologiyaların və İnternetin inkişafı medianın yeni formalarını meydana çıxarıb. Bu isə müəyyən hallarda təəssüf və məyusluq yaradır.

- Niyə məyus olursunuz?

- Məsələ burasındadır ki, ömrümüzü sərf etdiyimiz qəzetlərin yazılı variantı artıq sıradan çıxmaqdadır. İnsanlar əsasən xəbərləri telefondan, internetdən oxuyurlar. Amma həmişə bu fikirdəyəm ki, jurnalistikanın forması dəyişsə də, mahiyyəti, məzmunu dəyişmir. Yazmaq elə yazmaqdır. Süni intellekt heç vaxt jurnalistin hiss və duyğularını, düşüncələrini əvəz edə bilməyəcək. Bu baxımdan mən yazılı mətbuatın jurnalistikamıza, bütövlükdə cəmiyyətin inkişafına verdiyi töhfəyə həmişə böyük dəyər vermişəm. Buna görə də hesab edirəm ki, Azərbaycan jurnalistlərinin Milli Mətbuatın 150 illik yubileyini ləyaqətlə, alnıaçıq-başıuca və qürurla bayram kimi qeyd etməyə tam haqqı var.

“Azərbaycanda qəzetlər biznes strukturuna çevrilə bilmədi”

- Dünya ölkələrində, o cümlədən Türkiyədə mətbuatın durumu sanki daha yaxşıdır. Qardaş ölkənin bir çox şəhərlərində hələ də gündəlik qəzetlər oxunur. Azərbaycanda qəzetçiliyin mövcud durumunu yaxşılaşdırmaq üçün, sizcə, hansı addımlar atılmalıdır?

- Azərbaycanda qəzetlər biznes strukturuna çevrilə bilmədi. Bunun üçün nə vaxt, nə də imkan oldu. Türkiyədə isə qəzetlərin imkanları həddindən artıq genişdir. Təxminən 20 il əvvəl Türkiyədə “Sabah” qəzetinin redaksiyasında olmuşduq. Orada bizə dedilər ki, Türkiyədə həmin il 1 milyard 700 milyon dollar reklam olub. Həmin qəzetin müdiri ilə görüşəndə soruşdum ki, bu reklamlardan siz nə qədər alırsınız? Dedi ki, ildə 250 milyon dollar. Bizdə isə belə imkanlar yoxdur. Yəni fərq budur: Azərbaycandan fərqli olaraq Türkiyədə qəzetlər biznes struktura çevrilə bildilər. Azərbaycanda reklam bazarı zəifdir.

- İndi vəziyyət necədir?

- “525-ci qəzet” 90-cı illərdə 18-20 min min tirajla çıxırdı. İndi isə mətbuat sadəcə olaraq simvolik qalıb. Azərbaycan Prezidentinin mediaya dəstəyi, MEDİA agentliyinin fəaliyyəti nəticəsində qəzetlər hələ ki çətinliklə olsa da, çıxır. Onu da deyim ki, bu tendensiya bütün dünyada müşahidə olunur. ABŞ və Türkiyə kimi ölkələrdə də qəzetlərin titajları azalıb. Artıq hamı informasiyanı telefondan alır. Sizə bir hadisə danışım: 1998-ci ildə professor Qulu Məhərrəmli və Azər Həsrətlə birlikdə ABŞ-da səfərdə idik. Adi günlər 20-30 sent olan qəzeti həftə sonu 1,5 dollara aldım. Otelə gəlib vərəqələyəndə gördüm ki, 300-400 səhifədir. İçindən 5-6 jurnal, 100-ə yaxın broşür çıxdı. Çəkisi təxmən 2-3 kiloqram idi. Məşhur “New York Times” qəzeti redaksiyasında bizə dedilər ki, həftəsonu nömrələrinin çəkisi 5-5,5 kiloqram olur. O zaman mən gənc idim, arzular çox idi, deyirdim ki, gün gələcək 100 səhifəlik qəzet çıxaracağam. Bu arzunu təxminən də olsa bir neçə dəfə reallaşdıra bildik. “525-ci qəzet”in 64 və hətta bir az da çox səhifə ilə çıxan vaxtları var idi. İndi isə mən özüm də yazıları daha çox telefondan oxuyuram. “525”sevənlər, oxuyanlar, nüsxələrini saxlayanlar da var. Bu, bizi qürurlandırır, sevindirir. Amma ümumi mənada indi media öz formasını dəyişib. Saytlar, internet televiziyalar, sosial media platformaları artıq ön plana çıxıb. Qəzet tədricən tarixə çevrilir.

“Sosial mediada məsuliyyət hissi, balanslı xəbər çatdırmaq cavabdehliyi yoxdur”

- Texnologiyaların inkişafının yaratdığı yeni imkanlar, o cümlədən süni intellekt, sosial media sanki jurnalistikanın format və janrlarına da təsir göstərir. Klassik janrların bir çoxu artıq işlək deyil. İndi bir cümlə ilə bəzən böyük bir informasiya təqdim olunur. Bu tendensiya gələcək üçün nə vəd edir?

- Bu, bizim ağrılı yerlərimizdəndir. Çevikliyə tələbat artdıqca jurnalistikanın sanballı janrları, o cümlədən araşdırma və geniş müsahibələr tədricən sıradan çıxır. Amma buna müqavimət göstərmək istəyirik və göstəririk. Buna baxmayaraq, müşahidə olunan tendensiyanın qarşısını almaq mümkün deyil: hamı qısa xəbərlərə üstünlük verir. Bu mənada, demək olar, jurnalistika artıq hamının məşğul ola biləcəyi bir sahədir. Amma biz jurnalistikanı istedad və peşəkarlıq tələb edən bir peşə kimi seçmişik və sevmişik. Bu mənada süni intellekt hiss və duyğuları, obyektivliyi heç vaxt tam əvəz edə bilməyəcək.

- Sosial media həm də dezinformasiyaların vüsət almasına yol açır. Bəzən biz özümüz də aldanırıq. Dezinformasiyalarla mübarizəni gücləndirmək üçün nələr etmək lazımdır?

- Bir çox ölkələrdə dezinformasiyalara qarşı xüsusi qurumlar yaradılıb, hətta bəzi qanunlar da qəbul olunub. Yeni texnologiyaların media sahəsində yaratdığı əsas problemlərindən biri məhz dezinformasiya məsələsidir. Hətta ökələrin bir-birinə qarşı mübarizəsində də dezinformasiyalardan istifadə olunur. Sosial mediada misinformasiyalara da tez-tez rast gəlinir. Onun dezinformasiyadan əsas fərqi məqsədsiz şəkildə, sadəlövhcəsinə yayılmasıdır. Dezinformasiya isə məqsədli olur. Ümumiyyətlə, indi sosial mediada məsuliyyət hissi, balanslı xəbər çatdırmaq cavabdehliyi yoxdur. Hər kəs eşitdiyini, gördüyünü yazır. Ola bilsin, bizdə bu sahədə boşluqlar var. Bu mənada qanunvericiliyin gələcəkdə sərtləşdirilməsi mümkündür. Zaman özü yəqin ki, qanunvericiliyə yeni əlavə və dəyişiklikləri zərurətə çevirəcək. 

“Bu gün jurnalistikanın IV hakimiyyət statusu parçalanıb” 

- Rəşad müəllim, ölkədəki jurnalistika təhsili sizi qane edirmi?

- Özbəkistanda ayrıca bir jurnalistika universiteti var. Türkiyədə böyük media qurumlarının özlərinin liseyləri fəaliyyət göstərir. Əlbəttə, bu məqamlar yaxşıdır. Azərbaycanda isə bu işi xeyli dərəcədə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi görür. BDU-nun Jurnalistika fakültəsinin böyük ənənəsi var. Orada mövcud şərait indi xeyli yüksək səviyyədədir. Xüsusilə, son illərdə çox işlər görülüb. Məsələn, fakültədə Mətbuat Şurasının, MEDİA agentliyinin ayrıca otaqları var. Bundan əlavə, müxtəlif media subyektləri ilə əlaqələr də gücləndirilir. Bunlar müsbət qiymətləndirilməli, təqdir edilməlidir. Belə məqamlar tələbə-jurnalistlərin praktik fəaliyyətlə daha yaxından məşğul olmasına şərait yaradır. Ümumiyyətlə, praktika jurnalistika fakültəsinin tələbələri üçün çox vacibdir. Fikrimcə, tələbə-jurnalistlər ikinci kursdan etibarən təcrübə keçməyə başlamalıdırlar. Əlbəttə, biz də Özbəkistanda olduğu kimi ölkəmizdə ayrıca jurnalistika universitetinin yaradılmasını istəyərdik.

- Jurnalistikanın dəyişən tələbləri fonunda gənc jurnalistlərə və jurnalistika fakültəsinin tələbələrinə tövsiyələriniz nələrdir?

- Hadisələrə münasibətdə çevik reaksiya başlıca şərtdir. İllər əvvəl “Qələmsiz yazılanlar” adlı kitabım nəşr olundu. Kitab əsasən qısa statuslardan ibarətdir. Bəzi tədqiqatçıların fikrincə, belə statuslar özü ədəbiyyatda, jurnalistikada artıq yeni janrdır. Mən jurnalistikanı həmişə ən üstün peşə hesab etmişəm. Hesab edirdim ki, jurnalistlər dünyanı, ictimai fikri dəyişdirməyə qadir insanlardırlar. Jurnalistlər həmişə yüksək səviyyəli və intellektual insanlar olub. Təəssüf ki, son vaxtlar jurnalistikanın iqtisadi imkanları obyektiv səbəblərdən zəifləyib. İndi görürsünüz ki, blogerlər, influenserlər, yutuberlər daha çevik və fəal olurlar. Onlar daha çox yüngül auditoriyanın diqqətini çəkəcək məhsullar hazırlayır, reytinq qazanırlar.  Maddi imkanları da yaxşıdır. Bu mənada peşəkar jurnalistlər bəzən sıxıntı içində yaşayır, maddi çətinliklərlə üzləşirlər. Amma hesab edirəm ki, bu xaotik vəziyyət keçib-gedəcək, peşəkar jurnalistika yenə də ən etibarlı mənbə olaraq qalacaq. Gənc jurnalistlərə ilk növbədə bu sahəyə sevgi və ilahi bir bağlılıqla yanaşmalarını arzulayıram. Jurnalistika təkcə peşə deyil, həm də sənətdir. Jurnalistikaya canımızla, qanımızla bağlı olmalıyıq. Yalnız bunu bacaranlar jurnalistikada uğur qazanacaqlar. Xəbərin çatdırılmasından alınan zövq, ictimaiyyətə dayaq olmaq kimi keyfiyyətlər jurnalistlərdən həm savadlı, həm məlumatlı, həm də intuisiyalı olmağı tələb edir. Düşünürəm ki, gənc jurnalistlər üçün ən vacib məsələ bu keyfiyyətləri qazanmaqdır.

- Sizcə, jurnalistikanın mövcud durumu onun IV hakimiyyət statusuna adekvatdırmı?

- Bu gün jurnalistikanın IV hakimiyyət statusu parçalanıb və vətəndaş jurnalistikası, sosial media arasında paylaşılır. Bu gün daha çox adam jurnalist adına iddia edir. Buna görə də jurnalistikanı vahid bir məkanda yığmaq artıq mümkünsüzdür. Lakin yenə də deyirəm, söz, xəbər, obyektivlik və məsuliyyət hissi olan peşəkar media gələcəkdə daha çox üstünlük qazanacaq.

Kənan Novruzov,

Gültac Mehdizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Fevral 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see141

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see132

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see126

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri