525 ci qəzet Kredit kartlarından istifadə rekord həddə
525.az-dan alınan məlumata görə, Icma.az bildirir 525 ci qəzet Kredit kartlarından istifadə rekord həddə.
Xəbər verdiyimiz kimi, Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 9 milyard manata çatıb. Bu göstəricinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat çoxdur.
Ekspertlərin fikrincə, artımın səbəblərindən biri bonus və hissəli ödəniş imkanlarının genişlənməsi, həmçinin populyarlaşmasıdır. Hissəli ödədikdə məbləğ insanların gözünə böyük görünmür, hansı ki, bu da əməliyyatları artıran səbəblərdəndir. POS-terminallar da artır, kartdan-karta ödənişlərlə bağlı görülən işlər də təsir edir. Həmçinin ölkəmizdə də onlayn satış platformaları yaradılır və sayları artır. Kommunal xidmətlərin də artıq asanlıqla kart vasitəsilə onlayn şəkildə ödənilə bilməsi mümkündür. Bu da kredit kartlarının daha çox istifadə olunmasına şərait yaradır.
Qeyd edək ki, nağd ödəniş etmədən alış-veriş etməyə imkan verən ödəniş kartları ilk dəfə 19-cu əsrin ikinci yarısında Amerika Birləşmiş Ştatlarında ortaya çıxıb. İlk ödəniş kartı 1854-cü ildə "Hotel Credit Letter Company" adlı şirkət tərəfindən istifadəyə buraxılıb. Təbii ki, o zaman istifadə olunan ödəniş kartları müasir kartlardan fərqli olaraq məhdud imkanlara sahib olub. Məsələn, haqqında bəhs etdiyimiz ilk ödəniş kartının imkanlarından yalnız bir neçə turizm şirkəti istifadə edə bilirmiş. Müasir ödəniş kartları isə ötən əsrin ortalarında meydana çıxıb. O vaxtlar elektron texnologiya geniş şəkildə tətbiq olunmadığı üçün insanlar nağd ödəniş əvəzinə imzalı kağızlardan istifadə edirdilər. Eyni zamanda o dövrdə ödəniş kartına sahib olmaq hər kəsə nəsib olmurdu. Lakin ötən əsrin 90-cı illərində İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində baş verən inqilabi yeniliklər ödəniş kartlarından istifadənin də kütləviləşməsində mühüm rol oynadı.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, burda vətəndaşların əsas diqqət etməli olduqları məqam onlara kredit kartı üzrə limit ayrılan zaman ancaq rəsmi borc və xərclərin hesablanmasıdır: "Borclar yığıldıqca problemli kreditlərə çevrilir. Amma bəzi insanlar kreditə həddən artıq meyllənirlər. Bir çoxlarının borc yükləri əməkhaqlarının hətta on mislinə bərabər olur. Buraya istehlak kreditləri, bank olmayan kredit təşkilatlarından alınan borclar, müxtəlif mağazalardan götürülən daxili kreditlər, həmçinin kredit kartları daxildir".
İqtisadçı bildirib ki, kredit kartlarının istifadəsinin genişlənməsi son dövrlər ölkənin iqtisadiyyatında şəffaflaşma və rəqəmsallaşma ilə əlaqəlidir: "Hökumət müxtəlif layihələr həyata keçirməklə - ödənişlərdə ƏDV faizi, keşbeklər, bonusların olması insanların kartlardan istifadəyə maraqlı olmasına şərait yaradıb. Kredit kartlarının limitinin müəyyənləşdirilməsi fonunda banklar ciddi sürətdə requlyatatorun məhdudiyyətləri çərçivəsində fəaliyyət göstərir. Banklar insanların gəlirlərini nəzərə alaraq həmin insana kredit kartlarından istifadə şəraiti yaradır. Vətəndaşın çoxlu borclar alması xüsusən daxili kreditlər və lombardlar dövlətin qeydiyyatına düşməyən borclar alması onu çətin vəziyyətə salır. Hər hansı bir şəxsin borclarının çoxalması kredit kartlarının istifadəsi ilə bağlı deyil, şəxsin özünün çoxlu borc alması ilə əlaqəlidir".
Bank məsələləri üzrə ekspert Elman Sadıqov deyir ki, insanlar kredit kartlarından istifadədə maksimum ehtiyatlı olmalıdırlar: "Vətəndaşlar kartla pul xərclədikləri zaman bunun fərqində olmurlar. Sonradan krediti ödəmək zamanı çətinlik çəkirlər. Bir neçə kredit kartından eyni anda xərcləmə edən insanlar da az deyil: "Əhalinin nominal gəlirləri ilə bu məbləği müqayisə etdikdə görürük ki, elə də böyük rəqəm deyil. Ümumdaxili məhsul fonunda da rəqəmlər qorxu doğurmur. Ümumi iqtisadiyyatı, borclanmanı nəzərə aldıqda, elə də risk olmadığını düşünə bilirik. Lakin bu, məsələyə böyük aspektdən baxdıqda əldə etdiyimiz nəticədir. Vətəndaş mövqeyindən baxdıqda isə məsələ dəyişir. Bu borc əhalinin müəyyən bir qrupunda toplandığı üçün təhlükəlidir. 40 faizlik artım müəyyən riskləri doğurur. Mikroiqtisadi baxımdan təhlil etdikdə borclanan əhalinin bir təbəqəsidir. Onların borc yükü ilə gəlirləri arasında hansı mütənasiblik var? Çünki adətən yüksək gəlirli insanlar kredit kartları ilə bağlı məsələyə daha ağıllı yanaşırlar. Onların borc yükləri əməkhaqlarının üç mislindən çox olmur".
Ekspertin sözlərinə əsasən, borclar yığıldıqca problemli kreditlərə çevrilir: "Bəzi insanlar kreditə həddən artıq meyllənirlər. Bir çoxlarının borc yükləri əməkhaqlarının hətta on mislinə bərabər olur. Buraya istehlak kreditləri, bank olmayan kredit təşkilatlarından alınan borclar, müxtəlif mağazalardan götürülən daxili kreditlər, həmçinin kredit kartları daxildir. Böhran baş verərsə, əhalinin böyük kütləsi ciddi problemlə üzləşəcək və borclarını ödəyə bilməyəcək. Sonra problemli kreditlər yaranır. İnsanlar ömürlərinin çox hissəsini bu yüklərdən qurtulmaq üçün xərcləyirlər. Bəzi hallarda hətta bu borclara görə dəyərli daşınmaz əmlaklarını itirirlər. Bu, həm banklar, həm də iqtisadiyyatımız üçün problem yaradar, sosial gərginliyi artırar. Bankın əsas vəzifəsi kredit verməkdir. Onlar kredit kartları ilə bunu daha da artırırlar. Burada əsas məsələ kreditlərin düzgün şəkildə verilməsidir. Banklar kredit verərkən tək öz portfellərini nəzərə almamalıdırlar. Makroiqtisadi göstəricilər, müştərinin riskləri diqqətdə saxlanılmalıdır. Kredit portfelinin yaxşı olması bir çox hallarda bankları arxayınlaşdırır. Daha çox qazanmağı düşünürlər, amma iqtisadi vəziyyətin hər an dəyişə biləcəyini nəzərə almırlar. Əhalinin hansı hissəsinin borcla yüklənməsi də nəzərə alınmalıdır. Kredit kartı borcu olanların digər borclarına da baxılmalıdır. Kredit kartından istifadə edənlərin neçə faizinin nə qədər borcunun olması, borcödəmə qabiliyyəti, aylıq gəlirləri, problemli müştəri olma ehtimalı və sair təhlil edilib nəzərə alınmalıdır. Əhaliyə də tövsiyə edərdim ki, kredit kartlarından səmərəli istifadə etsinlər, izafi xərclərə yol verməsinlər".
İqtisadçı ekspert Asif İbrahimli bildirib ki, kredit kartlarının alınması üsulları çox asandır. Belə olduğu halda da problemlər ortaya çıxır: "Ümumiyyətlə, kredit kartları və digər kredit məhsulları ilə bağlı banklarda borcların geri ödənilməməsi ilə bağlı ciddi problemlər yaşanır. Kredit kartlarının əldə edilməsi şərtləri çox sadə olduğuna görə, həmin bankda əməkhaqqı kartı olan vətəndaşa hər hansı kredit kartları da təklif olunur. Vətəndaş da rahatlıqla əldə edib istifadə edir. Amma bir çox hallarda götürülən məbləği ödəməmə halları baş verir. Düşünürəm ki, bununla bağlı qərar veriləcək. Ümumiyyətlə, bank kartlarının alınması ilə bağlı həm təhlükəsizlik meyarlarının artırılması, həm də onların əldə edilməsi istiqamətində müəyyən beynəlxalq standartların tələblərinə uyğun tədbirlər həyata keçirilməlidir".
İqtisadçının dediyinə görə, kredit kartları ilə bağlı bir çox narazılıq halları baş verirdi ki, artıq bunların da qarşısı alınmış olacaq: "Burada bankın əldə etdiyi odur ki, artıq borcların vaxtı-vaxtında geri qaytarılması təmin olunacaq".
A.İbrahimlinin fikrincə, krediti ödəmə qabiliyyəti olan insanların narahat olacağı vəziyyət mövcud deyil: "Rəsmi iş yeri olan, kredit tarixçəsi normal vətəndaşlarla bağlı hər hansı bir uzaqlaşdırma olmayacaq. Sadəcə, müəyyən proseduralarda dəyişikliklər ediləcək. Qaydalar daha da qəlizləşə bilər".
Maliyyə üzrə ekspert Elnur Quliyev qeyd edib ki, milli ödəniş sistemlərinin təkmilləşdirilməsi, bankların "mobil bankçılıq" xidmətlərini inkişaf etdirməsi plastik kartlardan istifadəni daha da sürətləndirib. Həmçinin dövlət nağdsız hesablaşmaların artmasında maraqlıdır və bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirir. Maliyyə savadlılığı artdıqca insanlar nağdsız ödənişlərin üstünlüklərini, plastik kartlarla ödəmənin asanlığını, əlverişli olduğunu başa düşürlər: "Ölkəmizdə plastik kartlardan istifadənin artmasına təsir edən əsas faktorlar - son üç il ərzində mal və xidmətlər üzrə plastik kartla ödəniş qəbul edən məntəqələrin sayının əhəmiyyətli artması, "ƏDV geri al" mexanizminin, həmçinin banklar tərəfindən "cashback" proqramlarının tətbiqi, plastik kartları ödənişsiz təqdim etmələri, elektron ticarət dövriyyəsinin çoxalmasıdır: "Elektron ticarətin artması, xüsusilə pandemiya dövründə nağd puldan istifadə sahələrinin məhdudlaşdırılması istehlakçıları bank kartlarına sövq edib. İnsanlar ödədikləri pulun ƏDV vasitəsilə cüzi miqdarda da olsa geri qaytarılması üçün satıcıları plastik kartla satış etməyə məcbur edirlər. Nəticə etibarilə, dövlət istehlakçılar vasitəsilə satıcıları nəzarətdə saxlayır. Plastik kartlardan istifadənin əsas üstünlüklərindən biri də kartla ödəniş zamanı xərclənən vəsaitləri izləməyin və nəzarət etməyin asan olmasıdır. İnsanlar şəxsi və ailə büdcələrinin idarə olunmasında bundan istifadə edirlər".
Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov isə deyir ki, kartların bu qədər sürətlə artmasının səbəbi bankların təklif etdiyi cəzbedici imkanlardır: "10 milyon əhalidən uşaqları və yaşlıları çıxsaq, təxminən 7-8 milyon insanın iki kartı olduğu anlamına gəlir. Hətta bəzi şəxslərin 3-5 kartı var. Bank kartlarının artmasının səbəbi bankların bir-biri ilə rəqabətə girərək, kart istifadəçiləri üçün fərqli şərtlər təqdim etməsidir. İnsanlar bir kartı alıb razı qalır, müəyyən vaxt istifadə edir və görür ki, digər bankın kartı daha yaxşı şərtlər verir. Bu halda vətəndaş digər kartdan da alır. İnsanlar hansı kartı istifadə edəcəklərinə qərar verə bilmirlər. Müəyyən sferalar üzrə bir bankın kartı daha uyğundur, digər sahə üzrə başqa kart daha əlverişlidir. Ona görə də hərənin 2-3 kartı olur".
Sevinc QARAYEVA

