525 ci qəzet Məşhur həkimlərin çoxu marketinqin məhsuludur Sosial şəbəkədə yazılanlar
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Ədalət Muradov, professor
- Özbəkistanın ali təhsil sistemi haqqında
Keçən həftə Özbəkistanın 10-a yaxın universitetində müzakirələr apardıq. Özbəkistanda da birgə magistr hazırlığına başladıq və UNEC-in təhsil ixracı coğrafiyasını daha da genişləndirdik. Səfər çərçivəsində Özbəkistan ali təhsil sistemində baş verən dəyişikliklərin xüsusiyyətlərini və gələcək perspektivlərini də təhlil etməyə çalışdıq:
- 40 universitetə akademik, idarəetmə və maliyyə muxtariyyəti verilib.
- 2016-cı ildə Özbəkistanda 75 universitet olduğu halda hazırda 217-dir.
- Ali təhsilin əhatəsi 2016-cı ildə 9 faiz idisə, hazırda 40 faizdir. 2030-cu ildə bu rəqəmin 50 faizə çatdırılması hədəflənir.
- 30-dan artıq xarici univetsitetin filialları fəaliyyət göstərir və 2030-cu idə 45-ə çatdırılacaq.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!
Sahilə Yaya, jurnalist:
- Qənirə xanım plastik cərrahlarla bağlı çox ciddi işlər görür. Amma Nəzrinin faciəvi ölümü ilə bağlı durumda məsələni mən fərqli görürəm. Zəruri olmayan rinoplastikaya qızı az qala güclə salıblar. 35 gün öncə analiz verən Nəzrin əməliyyat fikrindən daşınıb. Həkim və komandası isə sakitləşməyib, dəfələrlə qıza zəng olunub ki, gəl, bu işi bitirək. Ailəsi belə deyir.
Sənan Mehdiyevin qardaşı həkimim olub və ilk uşağımın doğuşu mənim üçün çox travmatik keçib. Doğuş prosesi başlasa da, həkim mənə inanmırdı, xəstəxanaya gəlmə deyirdi. Evimlə xəstəxananın arası 5 dəqiqəlik yoldur, həkimin "gəlmə" deməsi ilə uşağın doğulması arasında ən çox 20 dəqiqə zaman aralığı oldu. Yaxşı ki, onun dediyini eləmədim, evdə qalmadım. Yoxsa mənim və körpəmin sonu faciəvi olacaqdı. Çünki spontan doğuş zamanı həkim müdaxiləsi vacib idi, əks halda uşaq boğulacaqdı.
Vəziyyətimin o həddə çatması məhz onun rahatlığı, bundan qaynaqlanan gecikmənin nəticəsi idi.
Məsələ həkimlərin rahatlığı, şöhrət və pulun gətirdiyi səhlənkarlıqdı. Konveyer üsulu ilə etdikləri əməliyyatlara girən pasientlərə insan kimi baxa bilmirlər. Normaldır. Xəstə sayından qaynaqlanan yorğunluq, gərginlik empatiya qurmağa, fərdi yanaşmağa imkan vermir. Şöhrət özgüvənə, o da lovğalığa çevrilir, sonra da faciə yaşanır. Məşhur həkimlərin çoxu işinin yox, qurduğu marketinqinin məhsuludur.
Hər kəs dayanmağı bacarmalıdı. Əməliyyat sayı yarış rəqəminə dönüb. Bu halda isə hər əməliyyatın içində bir insan olduğu unudulur.
Qənirə xanım deyir ki, pasient əməliyyata imza atıb. Amma risklər çox vaxt xəstələrə lazımi qədər izah edilmir, yaxud əməliyyata dəqiqələr qalmış deyilir.
Ümid edirəm, iş dəqiq araşdırılar. Prosesdə kimin səhlənkarlığı varsa, üzə çıxar. Mən həqiqətən istəyirəm ki, Sənan Mehdiyevin tək səhvi Nəzrini əməliyyat fikrindən daşındırmamaq olsun.
Yeganə Həsənova, jurnalist:
- Rus bölməsi uşaqlarının Azərbaycan dilində tariximizi öyrənməsi bir fəxr hissi olmalıdır, şikayət yeri yox. Bu qərara görə şikayətlənən azərbaycanlıları görəndə həqiqətən çox təəccübləndim. Siz ciddimisiniz? Nəyin şikayətini edirsiniz? Bunu dilə gətirmək utanılası bir şey olmalıdır, nəinki, belə etirazlar.
Rövşanə Ağasəfqızı, jurnalist:
- Savadına, biliyinə, peşəsinə, özünə hörmət etdiyim bir neçə həkim plastik cərrah Sənan Mehdiyevin həbsinə etiraz edirlər, həkimləri bu məsələdə birgə olmağa çağırırlar... Razıyam, alqışlayıram da... Kolleqa həmrəyliyi, həmkar birliyi... və çox düz də deyirlər ki, yaxşı həkimin həbsi sabah bu peşəyə marağın azalmasına, tibb təhsilli gənclərin xaricə axınına, xaricdə oxuyanların ölkəyə gəlməməsinə, həkimlərin ağır və çətin xəstələri almamasına, ölüm saylarının artmasına səbəb olacaq... Çox haqlıdırlar...
...Amma və lakin həkimin gerçəkdən insan ölümündə günahı varsa, həkim yanlışı ucbatından bir insanın şamı sönübsə, xəstə başı üstündə ha şam üfür, xeyri yox... Cavab verəcəksən... Ağ xalat geyinmək məsuliyyətdən kənar qalma şansı vermir. Qanun qanundur... cinayətin rəngi ağ olsun, ya qırmızı...
Həkim həbsinə münasibətə yazılan şərhləri oxuyuram. Çoxu həkimi günahlandırır. Gerçək günahı olub-olmadığını bilmədən həkimi qınayırlar. Niyə və nə üçün? Həkimlərə qarşı bu qədər ikrah hissi hardan qaynaqlanır? Güvən itib, inam azalıb sanki...
Anamın xəstəliyini gec bildik. Ağır xəstəliyin elə mərhələsi idi ki, geridönüşün olacağına inam yox idi. Amma bütün gücümüzlə müalicəyə başladıq. Ciddi müalicəyə... ən bahalı dərmanlar, ən keyfiyyətli müalicə üsulları... Burda öz həkimlərimiz əllərindən gələni etdilər. Ən son ana qədər mənimlə oldular. Ailəmizlə birgə oldular. Məsuliyyətlə, sevgiylə... di gəl təəssüf...
İndi deyim həkim günahkardır? Əlbəttə yox... Həkim nə etməliydi ki? Nə lazım idi, artıqlaması ilə etdi. Həkim Allah deyil ki...
İndi gələk bu gün həkimlərə ikrah hissinin olma səbəbinə. Ulduzcuq həkimlər, ucuz şou çıxaran,varlı həyatını, bahalı villalarını gözümüzə soxub artistlik edənlər, 400 manatlıq mükafatlarla şellənənlər, sosial şəbəkəni ginekoloji stola çevirənlər, həkim kabinetindən çox instaqramda yatanlar... və sonda da gördüyümüz böyük şounun təzahürü... yalançı sertifikatlar, nə bilim saxta diplomlar... partlayan silikonlar, əyilən popolar...
...Bir "doxdur" telefon əlində dingildəyir, o biri gözün-başın süzdürür, biri marça-murç yeməyin-içməyin göstərir... Bacarıqlı, savadlı, bilikli, qabiliyyətli həkim də gedir belələrinin badına... Qurunun oduna yaş da yanır...
Yadıma gəlir... Bir rəfiqəm əməliyyat olunmuşdu... Plastik cərrah müəllim girdi içəri. İlahi, nə eqo, nə özündən razılıq, nə fors... Belə həkim olar? Sənə borcumuz var? Pulunu almısan, əməliyyat eləmisən, xəstəylə normal maraqlanmaq sənin borcundur axı...
...pul çaşdırdı bəzilərini... və nə təəssüf yaxşılara da inam azaldı. İndi həkimə azadlıq deyəndə çoxu susur... Beş-on dost-tanışdan savayı...
Ağ xalatın məsuliyyətini daşıyan bütün yaxşı həkimləri özümüz qoruyaq. Həm də özümüz üçün qoruyaq...
...hər şey yaxşı olacaq deyən həkimi azmı bağrımıza basmaq istəmişik... "hər şey yaxşı oldu" eşidənə qədər içimiz içimizi yeyib... bir bu cümləyə neçə qurban kəsmişik...
Sənan Mehdiyevin azadlığa çıxmasına qurban deyənlər... Allah qəbul etsin...
Anar Abutalıbov, sosial şəbəkə istifadəçisi:
- Sizə bir tapmaca deyim....
Dostum bir tur şirkətinə 1350 avro verib Avropaya gedəcək. Macarıstan, Avstriya, Almaniya, İtaliya, İspaniya, Fransa, Niderland... 7 ölkə gəzəcək. Bura daxildir bütün ölkələrə təyyarə bileti, bir də oteldə gecələmə, səhər yeməyi.
Amma qonşumuz Qəzənfər dayı 10000 manat verərək gedəcək Səudiyyə Ərəbistanına, Həccə. Özü də 40 dərəcə istidə. Nə muzey görəcək, nə dəniz, nə gözəl nur sifətli insanlar. Gördüyü səhra, xurma ağacı və dəvə olacaq. İndi, sizcə, yuxarıda sadaladığım dövlətlərdən hansı əsl doğru, düzgün müsəlman dövlətidir?
Elxan Şahinoğlu, politoloq:
- ABŞ Prezidenti Donald Tramp bir tərəfdən ölkəsinin xərclərini azaltmaq istəyir, digər tərəfdən süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan edib. Söhbət "Stargate" adlandırılan layihədən gedir. Bu layihəyə bir neçə iri şirkət cəlb olunub. "Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir" deyən Tramp bu layihənin icrası üçün gərəkən infrastruktur yaradılacağını deyib. Bu məqsədlə Texas ştatında tikinti işləri artıq başlanıb, əlavə kampuslar tikilməldir. Əslində Amerikada texnoloji şirkətlər Kaliforniya ştatında yerləşir. Texas ştatı texnoloji investisiyalar üçün yeni məkana çevrilməlidir.
Bu arada, Trampın yaxın tərəfdarı "X" sosial platformasının sahibi milyarder İlon Maskın Çin tətbiqi "TikTok"u satın almaq imkanını nəzərdən keçirməyə hazır olduğu bildirilib. Tramp bu ideyanı dəstəkləyir. Hələliksə, Ağ Evin yeni sahibi bütün diqqətini yeni layihəyə yönəldib. Tramp layihənin icrasına dərhal başlamaq istəyir. "Layihənin icrasına dərhal başlamaq lazımdır" deyən Tramp "Stargate" vasitəsilə virtual infrastruktur qurmaq və nəhəng məlumat mərkəzlərinin tikintisini nəzərdə tutub. Müxtəlif hesablamalara görə, yeni layihə təxminən 100 min yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir.
Tramp yeni layihə vasitəsilə Çini texnoloji sahədə sıxışdırmağı da planlaşdırır. "Çin bizim rəqibimizdir" deyən Ağ Ev sahibi Pekini qabaqlamağa çalışır. Məlumdur ki, Çin də texnoloji sahələrə investisiyaların həcmini ildən-ilə artırır. Aparıcı dövlətlər süni intellekt bazarında fəallaşıblar. Çində süni intellektin bazar dəyərinin 2026-cı ilə qədər 26,44 milyard ABŞ dollarına çatacağı gözlənilir. Mütəxəssislərin fikrincə, süni intellekt bazarına ayrılan xərclərin 14,75 milyard ABŞ dollarına çatacağı və bunun dünya ümumi həcminin təxminən 10 faizini təşkil edəcəyi təxmin edilir. Tramp bu səbəbdən bu bazarda ölkəsini irəli çıxarmağa çalışır.
Aslan İsmayılov, hüquqşünas:
- Prezident Administrasının rəhbəri, Baş Prokuror, ekologiya və təbii sərvətlər naziri, bu ölkədə qanunlar kimlər üçündür? Stadionları, yaşıllıqları söküb yerində nə qədər obyekt tikmək olar? Bundan sonra hansı sağlam gənclikdən danışmaq olar? Sadalanan qanun pozuntularının siyahısını tutsan, ətrafda yaşayan insanların gecə yuxularına haram qatmaqları siyahıda ən aşağıda dayanar.
Videonu paylaşan Aslan Hamidli yazır:
Gecə saatlarında yatmayan Binəqədi sakinləri...
Binəqədi rayonunda yerləşən Köhnə Əcəmi Naxçıvani, indi ki Səttar Bəhlulzadə küçəsidir. 276 nömrəli məktəbin yanında yerləşən "Vətən" stadionudur. Sökülür.
Bura qədər heç bir problem yoxdur. Problen hazırda saat 12 olmasına baxmayaraq, söküntü işlərinin getməsidir.
"Vətən" stadionunun söküntüsü fasiləsiz həyata keçirilir. Fasiləsiz söküntü işləri gecə vaxtı da həyata keçirildiyindən günün 24 saatı tikinti işləri səsindən normal yaşayış şəraiti pozulur. Xüsusilə gecə saat 12-də görülən işlərin səsi sakinləri yaxınlıqda yaşayan, istirahət edən şəxslərin imkanlarını əllərindən alır.
Yaşayış binalarında yaşayan insanların xüsusi qayğı tələb edən təbəqəsi - körpələr, yaşlılar da yaşayır, gecə vaxtı görülən işlər xüsusilə həmin təbəqədən olan şəxslərin narahatlığına, psixi və sağlamlıq vəziyyətinin gərginləşməsinə səbəb olur.
Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev görəsən, qaldığınız villanın yanında gecə 12-də söküntü işi aparsam, necə olar? Bəsdirin!
Hansısa biznesmen kompleks tikəcək deyə ahıl vətəndaşların gecə yuxusu niyə haram olmalıdır?


