525 ci qəzet Naxçıvan dilçilik məktəbi : Muxtariyyətin 100 illiyinə layiqli töhfə
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2024-cü il ərzində bir çox tədbir keçirildi, dəyərli kitablar nəşr olundu. Belə kitablardan biri də AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev və filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın həmmüəllif olduqları "Naxçıvan dilçilik məktəbi" adlı kitabdır. Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri dosentlər Zülfiyyə İsmayıl, Nuray Əliyeva və filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.
Ensiklopediya təsiri bağışlayan əsər ümumilikdə dörd bölmədən ibarətdir: "Naxçıvan dilçilik məktəbinin qaynaqları", "Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri" , "Filologiya elmləri doktoru və professorlar" , "Filologiya üzrə fəlsəfə doktorları".
İlk bölmədə Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Məhəmməd Tağı Sidqi Səfərovdan bəhs olunur. Ayrı-ayrılıqda onların hər birinin həyatı və yaradıcılıqları haqqında geniş məlumat verilir. Hinduşah Naxçıvaninin dövrün filosofu, münəccimi, yazıçısı, tərcüməçisi, şairi, tarixçisi, dilçisi kimi tanındığı qeyd edilir, onun fars dilində yazılmış mükəmməl "Təcarüb əs-sələf" əsərində Naxçıvan barədə verdiyi məlumatlar diqqətə çatdırılır. Daha sonra H.Naxçıvaninin digər bir qiymətli əsəri olan "Əs-sihah əl-əcəmiyyə" adlı lüğətindən bəhs edən müəlliflər lüğətin önəmini, onun Azərbaycan lüğətçilik tarixində ilk farsca-azərbaycanca lüğət hesab olunduğunu vurğulayırlar. Kitabda Hinduşahın "Məvaridül-ərab" adlı antologiyasından da bəhs olunur. Daha sonra atası Hinduşah Naxçıvaninin yolunu davam etdirən Məhəmməd ibn Hinduşah ibn Səncər ibn Abdullah əl-Girani ən-Naxçıvani, onun mükəmməl təhsil və həyat yolu, eləcə də dilçilik sahəsindəki xidmətləri barədə müfəssəl söhbət açılır. İlk bölmədə adı çəkilən, Naxçıvan dilçilik məktəbinin inkişafında qaynaq rolu oynamış üçüncü şəxs isə Məhəmməd Tağı Sidqi Səfərovdur. Kitabın ənənəsinə uyğun olaraq əvvəlcə onun tərcümeyi-halı oxucuların diqqətinə təqdim edilir, daha sonra isə dilçilik elminə göstərdiyi xidmətlərdən bəhs olunur. Alimin "Nümuneyi-əxlaq", "Töhfeyi-bənat", "Müxtəsər coğrafiya risaləsi", "Tənviri-əfkar", "Hakimanə sözlər", "Nəsihətnamə", "Pedaqogika" kimi dilimizə, ədəbiyyatımıza dair qiymətli əsərləri müəlliflərin diqqətindən kənarda qalmayıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, kitabın ikinci bölməsi "Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri" adlanır. Adından da bəlli olduğu kimi, bu bölmədə Naxçıvan dilçilik məktəbinin AMEA-nın həqiqi və müxbir üzvü olmuş nümayəndələrindən söz açılır. Həmin alimlərdən xronolojik olaraq birinci Məmməd Cəfər Cəfərovdan bəhs edilir. Tək ədəbi-bədii dil məsələləri deyil, dilçilik elminin qlobal ümumi nəzəri problemləri də Məmməd Cəfərin bütün ədəbi-elmi fəaliyyətinin əsas tərkib hissəsi kimi özünü göstərdiyi qeyd edilir. Eyni zamanda alimin dilçilik fəaliyyəti ilə bağlı akademik İsa Həbibbəyli, görkəmli dilçi alim, professor Yusif Seyidovun fikirlərindən sitatlar gətirilir. "Dil və müasirlik" əsərində türkologiyada geniş yayılmış türk dillərinin qrammatik quruluşu və lüğət tərkibi baxımından sabit səciyyə daşıması tezisindən çıxış edən alimin "Azərbaycan dili öz kökündən, sistemindən ayrılmayan dillərdəndir" mülahizəsini irəli sürdüyü və fikrini əsaslandırmaq üçün dilimizin tarixinə aid klassik ədəbiyyat nümunələrindən xeyli misallar verdiyi qeyd olunur.
İkinci bölmədəki növbəti hissədə akademik Möhsün Nağısoylunun həyat və yaradıcılıq yolu işıqlandırılır. 48 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisi olan, kitabda da qeyd olunduğu kimi, görkəmli dilçi, mətnşünas alim, yazılı abidələrimizin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, akademik Möhsün Nağısoylunun "Orta əsrlərdə Azərbaycan tərcümə sənəti", "Füzulinin "Hədiqətüs-süəda" əsəri və XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə", "Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər" adlı monoqrafiyaları, "Şirazinin "Gülşəni-raz" tərcüməsi", Həzininin "Hədisi-ərbəin" tərcüməsi, A.Bakıxanovun "Riyazül-qüds" əsərinə həsr etdiyi kitabı və bir çox başqa əsərləri, o cümlədən, lüğətçilik sahəsindəki mühüm xidmətlərindən biri olan "Farsca-azərbaycanca lüğət"i haqqında geniş təhlil və məlumatlar da kitabda yer alıb.
Həmin bölmə daxilində həyat və yaradıcılığı tədqiqata cəlb olunmuş növbəti alimimiz Adil Bağırovdur. Altı monoqrafiya, beş kitab, iki dərslik və tədris proqramı, yüz əllidən artıq elmi məqalənin müəllifi olan alimin monoqrafiyalarından ən böyük uğuru kimi qiymətləndirilən, səkkiz bölmədən ibarət Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü, "Naxçıvanın hidronimləri", "Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri" və digər əsərləri haqqında ətraflı söz açılır.
Bu bölmədə yer almış alimlərdən dördüncüsü - sonuncusu Əbülfəz Quliyevdir. Alimin yaradıcılığının əsas istiqamətini təşkil edən qədim türk abidələrinin tədqiqi ilə bağlı əsərlərindən "Qədim türk yazılı abidələrinin sintaksisi", "Qədim türk onomastikası", "Orxon - Yenisey abidələrində feilin təsriflənməyən formaları", "Orxon - Yenisey abidələrində toponim və etnonimlər", "Qədim türk abidələrinə aid materiallar", "Qədim türk onomastikasının leksik-semantik sistemi" (iki cild), "Qədim uyğur türklərinin onomastikası", "Ədib Əhməd Yügnəki. Atəbətül-həqaiq (Qaraxanlı dövrü abidəsi. XII əsr)" kimi monoqrafiyaları, həmçinin "Əski türk yazılı abidələri müntəxəbatı", "Qədim türk abidələrinin sözlüyü" kitabları, "Qədim türk abidələrindən seminar məşğələləri" adlı metodik vəsaiti ilə yanaşı, "Məişət-mərasim nəğmələri", "Azərbaycan mərasim (toy) nəğmələri", "Naxçıvan ağızları söz varlığı" və sair əsərləri, tərcüməçilik sahəsindəki xidmətləri ilə bağlı bir çox əsərləri adbaad sadalanaraq hər biri haqqında ayrıca məlumatlar kitabda öz əksini tapıb.
Kitabın üçüncü bölməsi "Filologiya elmləri doktoru və professorlar"dır. Bu fəsildə professorlar sırasında 1879-cu ildə təkmilləşdirilmiş müsəlman əlifbası layihəsi və eyniadlı kitabın müəllifi olan Məhəmməd ağa Şahtaxtlı, "Nitq mədəniyyəti və natiqlik sənətinin əsasları", "Azərbaycan dili tarixinin öyrədilməsində əsas qaynaqlar", "Azərbaycan dilinin tarixi leksikologiyası", "Klassik Azərbaycan poeziya dilinin məcazlar sistemi" adlı dərs vəsaitlərini ərsəyə gətirmiş Vəliyəddin Əliyev və elmi irsi 7 monoqrafiya, dərslik və dərs vəsaitlərindən ibarət olan Şulan Şirəliyev barədə müfəssəl məlumat var. Filologiya elmləri doktoru, professor olan alimlərdən "Dilçiliyə giriş" dərsliyi bu gün də ali məktəblərdə əsas dərsliklərdən biri kimi istifadə edilən və bununla bərabər çoxsaylı elmi əsərlərin müəllifi Nəsir Məmmədov, "Azərbaycan dilinin frazeologiyası" monoqrafiyası ilə Azərbaycan dili frazeologiyasının tədqiqi tarixində mühüm addım atmış Hüseyn Bayramov, Türk dillərinin qrammatik quruluşunun araşdırılması elmi fəaliyyətinin əsas istiqamətini təşkil edən və bu sahədə bir neçə mühüm elmi əhəmiyyət kəsb edən əsərlər ərsəyə gətirmiş Fərhad Zeynalov, dilçiliyin müxtəlif sahələri ilə bağlı tədqiqatlar aparmış və ən böyük xidməti sintaksis sahəsində apardığı tədqiqatlar olan Yusif Seyidov barədə bilgilər də bu bölmədədir. Bir sıra dərslik və dərs vəsaitlərinin, 100-dən artıq elmi məqalənin müəllifi Quşdan Bağırov, dilçiliyin müxtəlif sahələri ilə bağlı yazdığı 20 kitab, 200-ə qədər məqalə ilə adı anılan Adil Babayev, "Sinonimika təliminin elmi-metodik əsasları", "Azərbaycan dilinin tədrisi məsələləri", "Dil və dilçilik məsələləri" və sair kitabları ilə Azərbaycan dilçilik elminə xidmət etmiş Sevindik Vəliyev, yaradıcılıq istiqamətini oykonimlərin, toponimlərin linqvistik xüsusiyyətlərinin təhlili təşkil edən Akif İmanlı haqqında da bu bölmədə geniş söz açılır. Azərbaycan dilinin tarixinə həsr etdiyi əsərlərindən biri də "Xalqın tarixi haqqı: dilimiz, varlığımız" olan və bu əsərində əvvəlki əsərlərindəki fakt və qənaətləri, problemləri daha da enkişaf etdirmiş, dəqiqləşdirmiş alim Nizami Xudiyev, "Tərcümə nəzəriyyəsi", "Türk filologiyasına giriş" və sair əsərləri ilə dilçilik məktəbimizin inkişafında müstəsna rol oynamış Əsgər Rəsulov, Türk say sisteminin formalaşması və sonrakı transformasiyası məsələlərini işıqlandırmış, ümumilikdə 700-ə yaxın elmi kütləvi məqalənin, 11 kitabın müəllifi Məmmədəli Novruzov, "Dilimiz mənəvi kimliyimizdir" kitabı ilə ədəbi dilimizin qorunması sahəsində böyük xidmətləri olmuş Sədaqət Həsənovanın da fəaliyyət yolu sözgedən bölmədə işıqlandırılıb. Elmi yaradıcılığında dilçiliyin mürəkkəb və maraqlı problemlərinin tədqiqinə ətraflı yer vermiş Hüseyn Əsgərov, 30 kitab və monoqrafiyanın, dərs vəsaiti və metodik vəsaitin, 5 proqramın və 14 bədii (şeirlər) kitabın, 400-ə qədər elmi məqalənin müəllifi, Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü Mahirə Hüseynova, filologiya elmləri doktorları və dəyərli elmi əsərlər müəllifi kimi adları çəkilən Sərdar Zeynalov, Qalibə Hacıyeva, Nuray Əliyeva, Elçin İbrahimov və Bənövşə Məmmədovanın bioqrafik göstəriciləri, Naxçıvan dilçilik məktəbinin inkişafı yolunda göstərdikləri qiymətli xidmətlər də qeyd olunub.
Kitabın dördüncü - sonuncu bölməsi filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini daşıyan alimlərə həsr olunub. Burada Ağaməli Həsənov, Cəfər Cəfərov, Firudin Rzayev, Zülfiyyə İsmayıl və digər alimlərdən, Azərbaycan, habelə Naxçıvan dilçilik məktəbinin formalaşması və inkişafı prosesinə öz elmi fəaliyyətləri, ərsəyə gətirdikləri qiymətli əsərləri ilə töhfələr vermiş alimlərimizlə yanaşı, bu ada yenicə layiq görülmüş gənc elmi mütəxəssislərə də yer ayrılıb. Ümumilikdə bu paraqraf altında 51 nəfərdən - Naxçıvan dilçilik məktəbinin nümayəndəsi, filologiya üzrə fəlsəfə doktorunun həyatı və dilçilik elminin müxtəlif bölmələrinə aid olan, həmin elmin inkişafında bu və ya digər şəkildə rol oynamış yaradıcılıq yollarından söz açılıb.
Kitab Azərbaycan dilçiliyinin tədqiqi sahəsində ən qiymətli, sistemli araşdırmalardan biridir. Elxanilər dövlətinin bərqərar olduğu dövrdən başlayaraq, müstəqil Azərbaycan Respublikası dövründə yaşayıb-yaratmış və hazırda da fəaliyyəti davam edən dilçi alimlər barədə bilgiləri əhatə edən bu kitab geniş tarixi mərhələləri əhatə etdiyindən öz oxucusuna ana dilimizin, eləcə də Azərbaycan dilçiliyinin dərindən öyrənilməsi baxımından geniş imkan yaradır.
Əminliklə qeyd etmək olar ki, Əbülfəz Quliyev və Sayalı Sadıqovanın "Naxçıvan dilçilik məktəbi" kitabı Muxtar Respublikamızın 100 illiyinə layiqli töhfədir.
Rüzgar CAMAL
AMEA Naxçıvan Bölməsinin əməkdaşı