Icma.az
close
up
RU
525 ci qəzet Qalalıyam, qalalı...

525 ci qəzet Qalalıyam, qalalı...

525.az-dan verilən məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan xalq mahnısı "Qalalı" ən məşhur, ən sevilən xalq mahnılarındandır desək, yanılmarıq. Bu mahnı nəinki Vətənimizdə, eləcə də bir çox xarici ölkələrdə də tanınır, sevilir və məşhur ifaçıların repertuarında yer alır. Dəfələrlə dünyanın tanınmış vokalçılarının ifasında "Qalalı" xalq mahnısını dinləmişəm. Məşhur İtaliya bəstəkarı luçano Berio (1925-2003) 1964-cü ildə "Messo-soprano və ansambl üçün xalq nəğmələri"  əsərinin birinci hissəsini yazır. Bəstəkar müxtəlif ölkələrin xalq mahnılarını aranjiman edərək silsiləyə daxil edir. Amerika, İtaliya, Siciliya, Fransa xalq mahnılarından ibarət silsilə "Qalalı" Azərbaycan xalq mahnısı ilə tamamlanır. Bu maraqlı fakt məni çoxdan düşündürürdü. Tanınmış İtaliya bəstəkarı Luçano Berionun "Qalalı" Azərbaycan xalq mahnısına müraciət etməsini araşdırmağı düşünürdüm. Hər dəfə özümə də məlum olmayan səbəbdən bunu sonraya saxlayırdım. Bu yaxınlarda ABŞ-ın Los-Anceles şəhərində yaşayan gəlinimiz Culia (nəvə Rəşid Behbudov həyat yoldaşı ilə ABŞ-da yaşayır) zəng etdi ki, Kaliforniya Universitetindən (UCLA) sizinlə danışmaq istəyirlər. Kaliforniya Universitetinin musiqi fakültəsi, məşhur bəstəkar Luçano Berionun 100 illik yubileyini qeyd edəcək və həmin tədbirdə əsərləri səslənəcək. O cümlədən də, bəstəkarın "Messo-soprano və ansambl üçün xalq nəğmələri" silsiləsi ifa olunacaq. Silsilədə "Qalalı" mahnısı da yer aldığına görə onlar bu mahnının sözlərini daha dəqiq tələffüs etmək üçün Azərbaycandan olan kimləsə məsləhətləşmək istəyirmişlər. Los-Ancelesdə yaşayan və çalışan gəlinimiz Culia Behbudov artıq Kaliforniya musiqi aləmində tanındığı üçün onunla əlaqə saxlamışlar. Culia də onları mənə yönləndirdi. Mənə zəng edən xanım Kati Lyunch Universitetin musiqi fakültəsinin opera bölməsində sonuncu kursda təhsil alır. Kati Lyunch Luçano Berionun "Messo-soprano və ansambl üçün xalq nəğmələri" silsiləsini tədbirdə ifa edəcək. Gənc tələbə-müğənni heç cür inana bilmirdi ki, Rəşid Behbudovun ailə üzvləri ilə təsadüfən birbaşa əlaqə yarada bilib. Dediyinə görə, Luçano Berionun "Xalq nəğmələri" silsiləsini hazırlamağa başlayanda əsərdə Azərbaycan xalq mahnısı kimi qeyd olunan "Qalalı" mahnısını orijinalda dinləmək istəyib. Axtarışları nəticəsində Rəşid Behbudovu tanıyıb və ilk dəfədən onun səsinə, ifasına valeh olub.

Amerikalı gənc tələbə-müğənni "Qalalı" mahnısında nədən bəhs edildiyini bilmək və Azərbaycan dilində sözləri səlis tələffüs etmək istəyi ilə bizimlə təsadüfən əlaqə qura bilmişdi. Luçano Berionun Kaliforniya Universitetində qeyd olunacaq 100 illik yubileyində Rəşid Behbudova həsr olunmuş sərgi də düzənlənəcək və ifasından nümunələr səsləndiriləcək. Biləndə ki, bu il ölməz müğənninin 110 illiyi tamam olur, universitet rəhbərliyi qarşısında təşəbbüslə çıxış edib ki, böyük yubiley tədbiri hazırlasınlar. Kaliforniya Universiteti bu təşəbbüsü maraqla qarşılayıb və artıq hazırlıqlara başlanılıb.

Amerikalı gənc tələbə-müğənni həm də məndən "Qalalı" xalq mahnısı haqqında məlumatları və eyni zamanda bəstəkar Luçano Beriyanın bu mahnını necə eşidə biləcəyi haqqında düşündüklərimi məqalə şəklində yazmağımı xahiş etdi. Məqalə Universitetin yubileyə həsr olunmuş xüsusi nəşrində çap olunacaq. Bu gözəl fürsəti dəyərləndirməmək doğru olmazdı. Ona görə də Azərbaycan, Şuşa, mədəniyyətimiz, musiqimiz haqqında tanıdıcı məlumatlarla yanaşı, "Qalalı" xalq mahnısının bəstəkar Luçano Berio yaradıcılığında əks olunması və dünyanın tanınmış vokalçıları tərəfindən ifa olunması haqqında geniş məqalə yazıb göndərdim.

Açığı, çoxdan istəyirdim bu mövzunu araşdırım. Bu, bir fürsət oldu. Musiqi tariximiz üçün maraqlı faktlar, məlumarlar üzə çıxdı. Onları yazmağı qərara aldım ki, qalsın.

Şuşa şəhərinin ikinci adı "Qala" olduğunu hər kəs bilir. Şuşalılar özlərinə "qalalı" deyirlər. "Qalalı" mahnısı da şuşalı anlamına gəlir. Demək, bu mahnının da yaranma etimologiyası Şuşa ilə bağlıdır. Doğrudur, Azərbaycanın çox yerində "Qala" toponiminə rast gəlinir. Amma mahnının Şuşa ilə bağlılığı şübhəsizdir.

Beləliklə, "Qalalı" xalq mahnısı haqqında ilk yazılı məlumata 1927-ci ildə çap olunmuş "Azərbaycan türk el nəğmələri" məcmuəsində rast gəlinir. Məcmuə Üzeyir bəy Hacıbəyovun və Müslüm Maqomayevin nota aldığı xalq mahnılarından ibarət qiymətli topludur. Bir çox gözəl xalq mahnılarımızla yanaşı, "Qalalı" mahnısı da topluda yer alıb. "Qalalı" mahnısını Müslüm Maqomayev Cabbar Qaryağdıoğlunun ifasından nota alıb və topluya daxil edib. "Azərbaycan türk el nəğmələri" toplusundakı mahnılar Üzeyir bəy Hacıbəyov və Müslüm Maqomayev tərəfindən nota alınmış və harmonizasiya edilmişdir. Mahnıların materiallarını Zülfüqar Hacıbəyov və xanəndə Cabbar Qaryağdıoğlu təqdim ediblər. Toplu Müslüm Maqomayevin ümumi redaktəsi ilə çap olunub.

Mahnının geniş populyarlıq qazanması və sevilməsi 1940-cı illərin ikinci yarısına təsadüf edir və əfsanəvi sənətkarımız Rəşid Behbuvovun adı ilə bağlıdır.

1945-ci ildə məşhur "Arşın mal alan" filminin ekranlara çıxması ilə Rəşid Behbudovun ulduzu parlamağa başladı. O, nəinki Azərbaycanda, ucsuz-bucaqsız SSRİ məkanında, dünyanın müxtəlif ölkələrində milyonların kumirinə çevrilir. Həmin illərdə gənc bəstəkar Tofiq Quliyevlə tanış olan və yaradıcılıq ünsiyyətinə başlayan Rəşid Behbudov ardı-arası kəsilməyən qastrol səfərlərinə dəvət olunur. Tanışlığın ilk günündən möhkəm dostluğa çevrilən bu ünsiyyətin nəticəsində bir-birindən gözəl nəğmələr yaranmağa başlayır.

Rəşid Behbudov hələ uşaq yaşlarında atası, dövrünün çox böyük xanəndəsi, mahir muğam bilicisi və ifaçısı Məcid Behbudovun ifasında gözəl xalq mahnılarını eşitmişdi. Gənc yaşlarından başlayaraq o da bu mahnıları həvəslə ifa edirdi. Tofiq Quliyevlə tanışlıqdan sonra Rəşid Behbudov atasından eşitdiyi bir neçə xalq mahnısını yenidən işləməyi xahiş edir.

Qeyd etməliyəm ki, Rəşid Behbudovun xalq mahnılarına çox həssas münasibəti var idi. Verdiyi minlərlə konsertin eləsi yox idi ki, görkəmli sənətkar həmin konsertdə bir neçə xalq mahnısı ifa etməsin. İstər Azərbaycanda, istər SSRİ məkanında, istərsə də çoxsaylı xarici ölkələrə səfərləri zamanı bütün konsertlərində mütləq və mütləq Azərbaycan xalq mahnılarını repertuarına daxil edirdi. Tofiq Quliyev, Səid Rüstəmov, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Rafiq Babayev və digər bizim görkəmli bəstəkarlarımız Rəşid Behbudovun təklifi ilə xalq mahnılarımızı onun ifası üçün yenidən işləyirdilər. Yaradıcılığının lap əvvəlindən ömrünün sonuna qədər bu ənənəyə sadiq qalan ölməz sənətkar xalq mahnılarımızı müxtəlif versiyalarda, müxtəlif müşayiətlərlə, fortopiano ilə müşayiətdən tutmuş böyük simfonik orkestrin, instrumental ansamblın, xalq çalğı alətləri ansamblının, estrada-simfonik orkestrinin müşayiəti ilə ifa edərək bizə əmanət qoyub.

Beləliklə, 1946-cı ildə Tofiq Quliyev Rəşid Behbudovun təklifi ilə "Qalalı" xalq mahnısını onun ifa tərzi üçün işləyib hazırlayır. Böyük sənətkar saysız-hesabsız konsertlərində "Qalalı" xalq mahnısını ifa edir və hər dəfə mahnını özü elan edərdi. "Azərbaycan xalq mahnısı "Qalalıyam, hey, qalalı" - deyərək tamaşaçıları bu gözəl mahnının ruhuna kökləyərdi. Özü də bunu elə şövqlə, elə həvəslə elan edərdi ki, tamaşaçılar elə bu elandan riqqətə gələrdilər. Bununla ölməz səmətkarımız ata yurduna, Şuşaya ehtiramını bildirərdi. O, "Qalalıyam, hey, qalalı" mahnısını özünəməxsus şövqlə, həvəslə ifa edərdi. Doğma Şuşanı tərənnüm etməkdən zövq alardı.

1948-ci ildə Moskva şəhərində vinil vallar istehsal edən SSRİ Nazirlər Soveti yanında İncəsənət İşləri Komitəsinin "Aprel zavodu" "Qalalı" mahnısı da daxil edilmiş Rəşid Behbudovun növbəti valını buraxır. Məlumdur ki, SSRİ-də vinil valların istehsalı dövlət nəzarətində idi. Hər hansı bir ifaçının valını buraxmaq üçün hökumət səviyyəsində qərar verilirdi. Mahnı yazılanda əvvəl bədii şuradan keçər, sonra isə radio efirlərinə, konsert səhnələrinə buraxılardı. Radio efirləri vasitəsi ilə populyarlıq qazanan mahnı val şəklində tirajlanardı. Demək, 1948-ci ildə "Qalalı" mahnısı bütün SSRİ-də artıq kifayət qədər populyar idi. Həmin valın bir üzündə "Güloğlan", digər üzündə isə "Qalalı" xalq mahnıları yer almışdı. Tofiq Quliyevin işləməsi ilə mahnıları Rəşid Behbudov öz dövrünüm məşhur pianoçusu Fişmanın müşayiəti ilə ifa etmişdi. Rus mətninin müəllifi Q.Stroqanov idi. Ölməz sənətkarın Azərbaycan musiqisinin təbliğində daha bir özünəməxsusluğu da ondan ibarət idi ki, o, bizim xalq mahnılarını, bəstəkar mahnılarını Azərbaycandan kənarda, keçmiş SSRİ şəhərlərində ifa edərkən mahnının bir və ya iki bəndini rus dilinə və ya həmin respublikada məskunlaşmış xalqın dilinə tərcümə etdirərdi. Xarici ölkələrdə isə həmin ölkənin dilində Azərbaycan mahmılarını ifa edərdi. Çin dilində, hindu, tamilli, ərəb, bolqar, fin, ispan, fars, portuqal, alman, fransız, əfqan, macar, rumın və başqa dillərdə Azərbaycan mahnısının bir ya iki bəndini ifa edərdi ki, dinləyici təkcə musiqimiz haqqında deyil, bu mahnıda nədən bəhs edilməsi haqqında da məlumatlı olsun.

1948-ci ildə iki xalq mahnımızla buraxılan val qısa zamanda geniş populyarlıq qazanmışdı. Ona görə də elə həmin ildə SSRİ Kənd Təsərrüfatı Maşınqayırma Nazirliyinin Perm şəhərində yerləşən Kirov adına zavod - KAMA zavodu tərəfindən həmin val - "Qalalı" və "Güloğlan" mahnıları yazılmış val yenidən çap olunaraq dövriyyəyə buraxılır. 1948-ci ildə Moskvanın "Aprel zavodu" valı təkrar buraxır. İndi artıq yazı olan hissəsi qırmızı rəngdə. Bundan əvvəl valın yazı hissəsi tünd bənovşəyi rəngdə idi. Eyni ildə, yəni 1948-ci ildə artıq dördüncü dəfə bu val istehsal olunur. Bu dəfə Moskva Vilayət Soveti Xalq Təsərrüfatı Komitəsinin val istehsalı zavodunda. Beşinci dəfə isə SSRİ Mədəniyyət Nazirliyinin Riqa (Latviya) val istehsalı zavodu 1948-ci ildə həmin valı baraxır. Göründüyü kimi, Rəşid Behbudovun ifasında "Qalalı" və "Güloğlan" xalq mahnılarının yer aldığı vinil val olmazın şöhrət qazanmışdı. Valların tirajı haqqında məlumat əldə edə bilməsəm də, bu, SSRİ dövründə dövlət sirri sayılırdı, hər halda söhbət milyonlarla tirajdan gedirdi. O dövrdə "Qalalı" mahnısı SSRİ kimi ucsuz-bucaqsız ərazini əhatə edən nəhəng bir dövlətdə çox məşhur idi.

Sonrakı illərdə də Rəşid Behbudov "Qalalı" mahnısını eyni həvəslə, eyni şövqlə, eyni fəxarətlə hər yerdə məharətlə ifa edirdi. Yuxarıda qeyd etdiyim kimi, böyük sənətkar, alovlu vətənpərvər Rəşid Behbudov ömrünün sonuna qədər hər konsertində "Qalalıyam, hey, qalalı" deyərək səhnələri titrədərdi.

1951-ci ildə görkəmli bəstəkar Cahangir Cahangirov "Qalalıyam" mahnısının melodiyasından skripka və orkestr üçün yazdığı konsertin 3-cü hissəsində (final) köməkçi mövzu kimi istifadə etmişdir.

1960-cı ildə SSRİ-nin məşhur "Melodiya" firması Rəşid Behbudovun ifasında mahnılardan ibarət xarici ölkələrdə yayılması üçün xüsusi albom-vinil val buraxır. Valın zərfi rus və ingilis dillərində tərtib edilib. Valın 1-ci üzündə Azərbaycan xalq mahnısı "Qalalı", (Azərbaycan və rus dilində), türk xalq mahnısı "Halvaçı" (türk dilində), 2-ci üzündə Efiop xalq mahnısı "Almaz (Amhar dilində), Hind mahnısı (Hind və Urdu dilində) yer alır. Böyük tirajla və müxtəlif xarici ölkələrdə geniş yaymaq üçün buraxılan bu val Rəşid Behbudovun bütün dünyada milyonların sevimlisi olmasına dəlalət edirdi. Bu val ilə bağlı maraqlı məlumatlara aşağıda yenidən qayıdaram. İndi isə "Qalalı" mahnısının digər toplularda nəşr olunmasına diqqət edək.

1965-ci ildə Moskvada "Musiqi" nəşriyyatı Davud Məmmədbəyovun tərtib etdiyi "Azərbaycan xalq lirik mahnıları" toplusunu çap edir. "Qalalı" mahnısı da topluda yer alır. Toplunun qeydlər bölümündə yazılır: "Qalalı. 1920-ci illərdə xanəndə Cabbar Qaryağdıoğlunun təqdim etdiyi materiallar əsasında Müslüm Maqomayev not yazısını tərtib etmişdir. "Azərbaycan türk el nəğmələri" toplusunda "Qalalıyam" adı ilə nəşr olunub. N30 (1927).

Həyatsevərliyi səbəbindən bu qədim mahnı bu gün də dinləyicilər tərəfindən uğur qazanmaqdadır. Xüsusilə, SSRİ Xalq artisti Rəşid Behbudovun gözəl ifasında "Qalalı" mahnısı dinləyicilərin sevgisini qazanmışdır..." ("Musiqi" nəşriyyatı, Moskva, 1965. Səhifə 120)

Qeyd etməliyəm ki, 1930-cu, 50-ci, 60-cı, 70-ci illərdə Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov və digər bəstəkarların redaktəsi və işləməsi ilə nəşr edilən "Azərbaycan xalq mahnıları" toplularında da "Qalalı" mahnısı yer almışdır. Eyni zamanda böyük sənətkarımız Rəşid Behbudovun ifasında yuxarıda qeyd etdiklərimdən başqa, daha bir neçə dəvə "Qalalı" mahnısı buraxılan vinil vallara daxil edilmişdir. Bu yazıda məqsəd bütün bunları sadalamaq deyil. Araşdırmanın məqsədi "Qalalı" xalq mahnısının dünyaca məşhur İtaliya bəstəkarı Luçano Berionun yaradıcılığında yer almasına diqqəti cəlb etmək istəyirəm. Əvvəlcə bəstəkar Luçano Berio haqqında məlumatla tanış olaq.

İtaliyalı bəstəkar, dirijor, pedaqoq Luçano Berio 1925-ci ildə Liquriya vilayətinin İmperiya şəhərində musiqiçi ailəsində anadan olub. İkinci Dünya müharibəsində iştirak edib və yaralanıb. Müharibədən sonra Milan konservatoriyasında bəstəkarlıq və dirijorluq ixtisası üzrə təhsil alıb. 1951-ci ildə ABŞ-a köçüb və orda təhsilini davam etdirib. Keçən əsrin 50-ci illərində yaradıcılığının ən parlaq əsəri olan "Simfoniya"nı yazıb. Bu əsər Nyu-York filarmoniyası orkestrinin 125 illiyinə həsr olunmuş tədbir üçün yazılıb və Leonard Bernstayna həsr olunub. 1965-1972-ci illərdə Cülyard musiqi məktəbinin bəstəkarlıq üzrə professoru və bu məktəbin "Yeni musiqi" ansamblının yaradıcısı kimi fəaliyyət göstərib. 1972-ci ildə Luchano Berio İtaliyaya qayıdıb. 1974-cü ildən 1980-ci ilə qədər Parisdə İRCAM mərkəzində elektroakustik musiqi şöbəsinin direktoru kimi çalışıb. 1987-ci ildə İtaliyada Florensiya şəhərində "Tempi Reale" musiqi mərkəzini yaradır. 1994-2000-ci illər ərzində Harvard universitetinin fəxri bəstəkarı seçilir. "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeni ilə təltif olunub. 1988-ci ildə London Kral Musiqi Akademiyasının fəxri üzvü seçilib. 1994-cü ildə Amerika İncəsənət və Elm Akademiyasının fəxri xarici üzvü seçilib. 1989-cu ildə Ernst fon Simens Musiqi mükafatına layiq görülüb. 2000-ci ildə Rim Santa-Çeçiliya Milli Akademiyasının prezidenti seçilir.

Luçano Berio 2003-cü ildə Rimdə dünyasını dəyişib.

1964-cü ildə Luçano Berio "Messo-soprano və ansambl üçün xalq nəğmələri" silsiləsi tərtib edir. Daha doğrusu, dünyanın müxtəlif xalqlarına məxsus 11 müxtəlif  mahnını bir silsilədə birləşdirərək onları aranjiman edir. Bu silsilə 2 Amerika, 3 Fransa, 2 İtaliya, 1 erməni, 1 Siciliya, 1 Sandrina xalq nəğməsindən və "Qalalı" Azərbaycan xalq mahnısından ibarətdir. Əsər ilk versiyada səs, fleyta, klarnet, arfa, alt, violonçel və perkussiya (dəfə bənzər zərb aləti) üçün nəzərdə tutulub. 1973-cü ildə əsər böyük simfonik orkestr üçün aranjiman olunur. Qeyd edək ki, Luçano Berio bu əsəri ilk həyat yoldaşı amerikalı müğənni Keti Berberiana həsr edib. Əsərin ilk ifaçısı da elə Keti Berberian olub.

Yuxarıda qeyd olunduğu kimi, Luçano Berio İkinci Dünya müharibəsində cəbhəyə yollandığı ilk gündə qolundan yaralanır. Müharibədən sonra Milan konservatoriyasında təhsil aldığı zaman qolundakı yaradan əziyyət çəkdiyinə görə bəstəkarlıq sinfində təhsil almağa qərar verir. Eyni zamanda Luçano Berio konservatoriyanın vokal siniflərində müğənniləri müşayiət etməklə çörəkpulu qazanırdı. Elə burda da o, ilk həyat yoldaşı, Amerikadan gəlmiş Keti Berberianla tanış olur.

Yuxarıda qeyd etdiyim kimi, SSRİ-nin məşhur melodiya firması xarici ölkələrdə yaymaq üçün 1960-cı ildə Rəşid Behbudovun ifa etdiyi mahnılardan ibarət vinil val buraxmışdı. "Qalalı" xalq mahnısının da yer aldığı bu val, həqiqətən də, dünyanın müxtəlif ölkələrində geniş yayılmışdı. Artıq Amerika Birləşmiş Ştatlarında yaşayan bəstəkar Luçano Berio xalq mahnılarına böyük maraq göstərdiyinə görə belə bir valdan yan keçə bilməzdi. Valı dinlədikdə "Qalalıyam" mahnısını çox bəyənir və mahnını 1964-cü ildə yazdığı "Xalq mahnıları" silsiləsinə daxil edir. Mahnı bəstəkarın o qədər xoşuna gəlir ki, onunla əsərini bitirir. Rəşid Behbudov həmin vala daxil edilən "Qalalı" mahnısının iki bəndini və nəqarətini Azərbaycan dilində, son bənd və nəqarəti isə rus dilində ifa edib. Bəstəkar Luçano Berio da valdan mahnının sözlərini eşitdiyi kimi də qələmə alıb. Dünyanın müxtəlif ifaçıları da əsəri belə ifa edirlər. Mahnının sözləri valdan köçürüldüyünə görə təhriflərə yol verilib. Həm də Rəşid Behbudov, adətən, mahnılarda bəzi melodik dəyişikliklər edərək öz avazını, ifa tərzini əlavə edərdi. "Qalalı" mahnısında da bəstəkar Rəşid Behbudova məxsus melodik dəyişiklikləri olduğu kimi saxlamışdır.

"Xalq nəğmələri" əsərində Luçano Berio "Qalalı" mahnısını Azərbaycan sevgi mahnısı kimi qeyd edib. Bu əsər Avropada, Amerikada demək olar ki, bütün musiqi təhsili ocaqlarında tədris planına salınıb. Təhsil ocaqlarının vokal şöbəsində təhsil alan tələbələr "Xalq nəğmələri" əsərini öyrənir və ifa edirlər. Dünyanın ən məşhur müğənniləri də bu klassik əsəri konsert proqramlarına daxil edirlər.

Don Aoşou, Nora Qubiş, Donasyen Mişel-Danzak, Yelena Rubin, Xedviqa Fassbender, Yard van Nes, Elina Qarança və başqa dünya şöhrətli ifaçıların ifasında Luçano Berionun "Xalq mahnıları" əsərinin və bu əsərin tərkib hissəsi olan "Qalalı" xalq mahnısının lent yazıları internet şəbəkələrində geniş yayılıb. Hələ neçə-neçə məşhur müğənni bu əsərə müraciət edəcək, nə qədər gənc tələbə bu əsəri öyrənəcək. Budur, Rəşid Behbudov sənətinin, sənətkarlığının gücü, qüdrəti. Doğma Şuşasına həsr olunmuş mahnını elə şövqlə, elə ecazkarlıqla, elə məhəbbətlə oxuyub ki, sözün əsl mənasında, mahnı bütün dünyaya yayılıb. Bu əsəri ifa etmək istəyən ifaçı istər-istəməz əsərdə istifadə olunan mənbələri araşdırır, mahnıların kökünü tapmağa çalışır.

Yazımı böyük şairimiz Bəxtiyar Vahabzadənin Rəşid Behbudovun xalq mahnılarımıza münasibətinı dəyərləndirərkən qələmə aldığı fikirlə bitirmək istərdim: "Budur xalqına, millətinə bağlılıq. Budur xalqına, millətinə xidmətin adı. Budur xalqın malına münasinət".

Kamil ŞAHVERDİ
Rəşid Behbudov Fondunun direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see203

Xocalı soyqırımı Fotolarda

26 Fevral 2025 13:16see189

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see185

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see181

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see151

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see132

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see131

Xaçatryanın Rusiyada qeyri adi sərgüzəti: 150 avtomobili icarəyə götürdü və...

26 Fevral 2025 13:37see126

11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa edildi

25 Fevral 2025 23:48see125

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

26 Fevral 2025 16:55see125

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see124

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see121

Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar...

26 Fevral 2025 16:21see119

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see116

Hakan Fidan: Türkiyə həmişə olduğu kimi, sevimli Azərbaycanımızın yanındadır

26 Fevral 2025 13:32see116

ABŞ NATO dakı tərəfdaşlarına vəsait ayrılması üçün şərtini açıqlayıb

26 Fevral 2025 18:33see114

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see114

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see113

Müğənninin ailəsində faciə ÖLƏNLƏR VAR

26 Fevral 2025 07:10see112

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri