Icma.az
close
up
RU
525 ci qəzet Sözün Sərdarı

525 ci qəzet Sözün Sərdarı

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kamil ƏFSƏROĞLU

Dövrünün ustad şairlərindən olmuş mərhum Sərdar Əsəd haqqında yazmağı çoxdan düşünürdüm. Amma şair haqda söz deməyin məsuliyyətini yaxşı başa düşdüyümdən buna ürək eləmirdim. Yox, yeri gəldikcə, Sərdar Əsəd yaradıcılığından söhbət açmalı, onun söz dünyasına üz tutmalıyıq. Qoy indiki nəsillər də tanısın və poeziyamızı həm də Sərdar Əsəd şeiriyyətindən tanıyıb sevsinlər:

Gün düşdü duyğular pəncərəsinə,

Səhər müjdəsinə açıldı qapı,

Qanadlı sorğular üstümü aldı,

Yuxusuz gecədən mənə nə qaldı,

Qızaran gözlərin rahat əzabı,

Razı vərəqlərə boşalan sinə,

Dolu külqabı...

Sərdar Əsədi həyatda görmək mənə nəsib olub. 1969-cu ilin yayı idi. Ali məktəbə qəbul imtahanları vermək üçün Bakıya gəlmişdim. Atamla indiki AZƏRTAC yerləşən binanın qarşısından keçəndə təsadüfən Sərdar Əsədlə rastlaşdıq. Atamla görüşüb-qucaqlaşdı, mənim əlimi sıxdı. Mən şeirlərini oxuduğum, adını eşidib, üzünü görmədiyim həmyerlim Sərdar Əsədlə beləcə tanış oldum. Sərdar müəllim biləndə ki, filoloq olmaq niyyətim var, yaradıcılığa meyilliyəm, yazıb-pozuram, fikrimi ürəkdən təqdir elədi, mənə uğurlar dilədi. "Kamil Əfsəroğlu - inanıram ki, tezliklə imzanı mətbuatda görəcəyik", - dedi. Eşitdiyim bu sözlər məni ruhlandırdı, özümə inamımı artırdı və şairin diləyini boynumun borcu bildim. 

Atam da qələm adamı olduğundan, uzun illər rayon qəzetinin redaktoru işlədiyindən respublikanın yaradıcı insanları arasında dost-tanışı çox idi. Ürəyim atlandı, fəxarət duydum ki, atamın Sərdar Əsəd kimi şair dostu da var. O görüşü unutmuram, indi də gözümün qabağındadır. Yadımdadır, ayrılanda bir neçə addım atıb, atam da, Sərdar Əsəd də qeyri-ixtiyari geri dönüb bir-birlərinə baxdılar. Onların baxışlarında bir nigaranlıq vardı, elə bil ikisinin də ürəyinə dammışdı ki, bu, onların son görüşüdür.

Tezliklə "İlk səhər" hekayəm "Ədəbiyyat və incəsənət" qəzetində dərc edildi. İlk hekayəmin dərcini görmək atama qismət olmadı... Əmin idim ki, Sərdar Əsəd hekayəni oxuyub, çünki "Ədəbiyyat və incəsənət" nüfuzlu nəşrlərdən sayılır, oxunur, əldən-ələ gəzirdi. Hekayəm ədəbi mühitdə yaxşı qarşılanmışdı. Sabir Əhmədli, Fərman Kərimzadə, Əmir Mustafayev məni təbrik eləmişdi. Şair İsa İsmayılzadə radioda apardığı "Gənclik" verilişində hekayəni səsləndirmişdi. Bir də Sərdar Əsəddən nəsə eşitmək istəyirdim. Əslinə qalanda, mənə ilk xeyir-dua verən Sərdar müəllim olmuşdu. Görəsən, nə deyəcəkdi, bəyənmişdimi hekayəmi?.. Bilməzdim ki, çox marağında və sorağında olduğum bu sual əbədi cavabsız qalacaq...

O görüş xatirəmdə dərin iz qoydu, məni Sərdar Əsəd yaradıcılığına, şeirinə daha yaxından bağladı. Bir var, şairi şeirlərindən tanıyasan, bir də var onu həyatda görəsən, onunla həmsöhbət olasan.

Sərdar Əsəd 1929-cu ildə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Sərdarın həyata gəldiyi dövr - siyasi vəziyyət, ictimai ab-hava qarışıq və mürəkkəb idi. Yeni qurulmuş sovet dövlətini kollektivləşməni qəbul etməyənlər az deyildi. Sərdarın atası Heydər kişi də belələrindən idi, yeni quruluşun qayda-qanunlarıyla barışmadığından qoşulmuşdu qaçaqlığa. Buna görə də balaca Sərdar anası və böyük bacısı ilə birlikdə Sibirə sürün olundular. Kiçik yaşlarından sürgün havası udması təbii ki, balaca Sərdarın həyata baxışında iz qoymamış deyildi və o, həyatı tərif yayıb-yağdıran kitablardakı kimi yox, ağı-qarasıyla qavramış və bu baxış, bu yanaşma sonradan şairin yaradıcılığında öz təcəssümünü tapmışdı.

"Sibir toyu" hekayəmdəki personajın sözüdür, deyir, Dostayevski Sibir sürgünündə olmasayıdı, Sibir havasını udmasaydı, insanın əzab və iztirablarını bu cür təsvir edə bilməzdi... Bəlkə, Sərdarı da şair edən sürgün havası udmağı, həyatının ağrılı-acılı keçməsi olub. O, sözünün çəkisini, dəyərini bilən şair idi. Şeirlərini oxuyanda ilk misralardan bilirsən ki, bu, Sərdar Əsəd deyimi, Sərdar Əsəd poeziyasıdır.

Uyudum bir çayın zümzüməsində,

Yerimdən bir daşın səsinə qalxdım,

Maral dırnağında, turac səsində

Çoxdan itirdiyim şeirimi tapdım.

Şair var ki, onun yaradıcılığı ədəbi məktəbdir və bu məktəbdən keçmədən, dərs almadan yaxşı şair olmaq çətindir.

Əllinci illərin ortalarından başlayan Sərdar Əsəd yaradıcılığı altmışıncı illərdə formalaşaraq Azərbaycan ədəbiyyatında yeni cığır açdı, poeziyamıza yeni söz, yeni nəfəs gətirdi. Onun yaradıcılığı dili, üslubu və poetik sözü, ruhuyla seçilirdi. Əgər yaradıcılıq dünyasını saysız-hesabsız ulduzların şölə saçdığı bir kəhkaşana bənzətsək, bu nəhayətsizlikdə öz işığı, parlaqlığıyla seçilən, heç bir ulduza bənzəməyən bir ulduz görərik - Sərdar Əsəd ulduzu.

Ay illər, səninlə gəl qucaqlaşım,

Məsum körpəliyi yenə anırıq,

Nədənsə üstümdə durmayır başım,

Yenəmi beşikdə yırğalanırıq?

Ana, nə deyirdin sən qulağıma,

Bəlkə söyləyirdin yaman kürəm mən,

Mənə deyirdin ki, qaç qucağıma,

Hələ də yanına yüyürürəm mən...

O heç vaxt, şeir qoşmaq naminə yazmayıb, yeni söz demək, yeni fikir söyləmək, sənətdə özünü təsdiqləmək üçün yazıb-yaradıb və özünü təsdiqləyib də... Sərdar Əsəd şeiri-şeiriyyəti poeziya içində bir poeziyadır, onun öz poetik dünyası vardı, heç bir dünyaya bənzəməyən dünyası. Söz şairin qələmində şəkildən şəkilə düşür, rənglərə bələnir, min bir çalara çalır. Sözün sərdarıydı Sərdar Əsəd. Məmməd Araz, Əli Kərim poeziyasının vurğunuydu. Dostluq eləyirdilər. Əli Kərimin vaxtsız ölümü Sərdarı sarsıtmışdı, mərhum dostunun şəkili daim yazı masasının üstündə olurmuş.

Şair Əli, ilham atı səyirdən,

Şair Əli, şeir gətir yuxuma!

Şair Əli, utanıram şeirdən,

Şair Əli, bu şeirimi oxuma!

Sərdar Əsədi yaxşı tanıyanlarla - Xalq yazıçısı mərhum Sabir Əhmədli, şair Ələkbər Salahzadə, şair Camal Yusifzadə və tənqidçi Vaqif Yusifli ilə onun haqqında söhbətlərim olub. Onların dediyinə görə, Sərdar xaraktercə sərt olduğu kimi, yaradıcılıqda da çox ciddi və tələbkar idi, sözün, şeirin duruluğunu, saflığını qoruyan şair idi. Qürurluydu. Bununla belə, həm də sadə və təvazökar idi.

Ələkbər Salahzadə şairin "Simlərin tufanı" kitabının redaktoru olub. Ələkbər müəllim danışırdı ki, o kitabı ilin ən maraqlı nəşri bilirdilər. Deyirdi, "Simlərin tufanı"yla mən Sərdarı yenidən kəşf elədim. Hər kiçik şeirində belə böyük məna, fikir vardı, poetik fəlsəfəsi dərin idi. Kitab çıxanda Əlfi Qasımovla mənə qonaqlıq verdi. Xaraktercə əliaçıq, ürəyigeniş, saf adam idi. Böyük insanlar bu xasiyyətdə olurlar...

Ələkbər müəllimin sözlərində həqiqət vardı. Amma elə də olur ki, bəzən böyük insanlar böyük dünyaya sığmırlar. Ya dünya onlara dar gəlir, ya da özlərini dünyaya sığışdıra bilmirlər. Ədəbi mühitdə Sərdar müəllimə hörmətlə "Dədə Sərdar" deyirdilər. Binayi-qədimdən böyük insanları "Dədə" deyib çağırıblar.   

Şair Məmməd Araz öz xatirələrində yazır: "Sərdar deyirdi mən balaca bir qələm sahibiyəm. Təzə şeir işləyəndə xəlvətə çəkilirəm ki, görən olmasın. Qələm sözümə baxmayanda elə bilirəm ki, onun düzgün şırım açmadığını kimsə görür, kimsə onu əlimdən qapıb sındırmaq istəyir. Qələmin də fəhmi var..."

Sərdar Əsədin şeir dili olduqca hamar və rəvandır. Onun şeirində sözlər inci təki düzülür, fikir su kimi axıb, qəlblərə hopur:

Ana ağrısının sözü olaydım,

Titrəyib yanaydım tellərin üstə,

O yorğun ayağın izi olaydım,

Yataydım getdiyi yolların üstə...

Sərdarın şəxsiyyəti yazdığı şeirlərin canına sığıb, poeziyasında yaşayır. Onun "Yaylaqda" şeiri dillər əzbəriydi. Şair kimi çox tez parladı, tanındı, sevildi. Oxucu sevgisini ən yüksək mükafat bilirdi. Şair adını uca tutur, sözüylə-sənətiylə ədəbiyyatın namını saxlayırdı. "Səni axtarıram", "Gənclik illəri", "Şairin arzusu", "Cərrah ürəyi", "Simlərin tufanı", "Gözəl", "Dağları aşdı sellər" və digər kitabları poeziyamızın dəyərli incilərindəndir.

Mərhum Camal Yusifzadənin dilindən eşitmişdim, deyirdi Sərdar şəxsiyyət idi. Həyatda olduğu kimi, yaradıcılıqda da doğru-dürüst idi. Onun yanında hansısa yazıçının qarasınca danışmaq, ədəbiyyatın ünvanına yersiz, nahaq söz söyləmək olmazdı. Ədəbiyyatı müqəddəs məbəd bilirdi. Onda ədəbi vicdan, ədəbi qısqanclıq vardı, saxta sözün, naşı yazının qənimiydi.

Yerli-yerində hər söz

Qiymətli bir incidir.

Ürəkdən gəlməyənlər

Ürəkləri incidir.

İnsan Sərdar Əsəd poeziyasının əsas hədəfi, predmetiydi, bununla yanaşı, təbiət mövzusu da şairin yaradıcılığında yer tuturdu, o, təbiəti, sadəcə, bir mənzərə kimi yox, başqa biçimdə, fərqli rənglərdə görürdü. Onun şeirlərində təbiət dirilir, cana gəlir. Ürəyi doluydu, o qədər doluydu ki, qismətinə yazılmış qırx beş illik ömür payında bitib tükənən deyildi, yazacağı çox şeirlər, poemalar vardı. O, adiliyin içində qeyri-adiliyi, məlumun içində naməlumluğu görür, qaranlığın qara bağrında belə işıq axtarır və tapırdı. Sərdar Əsədin bir-birindən maraqlı-məzmunlu şeirlərini, poemalarını oxuyanda həyata şairin gözüylə baxırsan, gördüklərinə qəlbən vurulur, ürəkdən bağlanırsan. Sərdar Əsəd şeirində təbiətin seyrinə çıxmaq özgə bir həzdir...

Zəmi dalğasında istəyir daşa,

Yellər yelkənini yoxlayır, nədir:

Qönçələr titrəyir, gəlir baş-başa,

Güllər bir-birini qoxlayır nədir...

Bir neçə ilin söhbətidir: Azərbaycan Radiosunda "Səmanı mənə bağışla" pyesimin tamaşasını hazırlayırdılar. Baxdım ki, bir epizodda şəlalə haqqında ikicə misra şeir yerinə düşər. Çox şairlərin yaradıcılığına üz tutdum, çox kitabları vərəqlədim, axtardığımı Sərdar Əsəd poeziyasında tapdım:

Dərələr söykənib o qayalara,

Asılıb şəlalə sarmaşığından....

Sərdar Əsəd Azərbaycan ədəbiyyatının iyirminci əsrdə yetirdiyi istedadlı şairlərdən, ədəbi simalardan olsa da, amma nə yazıq ki, ədəbiyyatdakı xidmətinə görə layiqli qiymətini, dəyərini almayıb. Sadə, mütəvazi insanlar umacaqlı olmurlar, Sərdarın hər şeiri özünün özünə ən böyük mükafatıdır və o, ədəbiyyatda öz heykəlini sözüylə, sənətiylə ucaldıb. Elə şairi unutmamalıyıq, yoxsa ədəbiyyatımız bir məktəb itirər.

Sərdar Əsədi tanıyanlar, yaradıcılığına bələd olanlar onu hörmətlə, ehtiramla xatırlayır, haqqında ağızdolusu danışırlar. Mərhun şair Kələntər Kələntərlinin də ürəyi doluydu, mənə deyirdi, Dədə Sərdar haqqında saatlarla, günlərlə danışar, yorulmaram. Deyirdi, o, hardasa qapalı, qaradinməz olsa da, qəlbində dərya dərinliyi vardı və şairi yaxından tanımaq, kəşf etməkdən ötrü, gərək o dərinliyə dala biləydin. Əsl şəxsiyyət idi, mənliyini qoruyan, əyilməyən, sınmayan adam idi. Elə adamların da həyatı çətin, keşməkeşli keçir. Onun düz yoluna daş atanlar da tapılırdı, çünki öz yolları əyriydi və elələrinin yazdıqları Sərdar Əsəd sözünün, şeirinin kölgəsində bozarır, qaralırdı. Şairin hər sözündə, hər şeirində dağ sanbalı, dağ ağırlığı vardı.

Bir şeirində deyir:

Gedəni gəlməz olur,

Hey fikir daşıyanlar,

Dünyada ölməz olur,

Əzabla yaşayanlar...

Bu misralarda şairin özünü, öz nakam həyatını görürük. Sərdar Əsəd həyat eşqi, həyat sevgisilə yazıb-yaratmaq, yaşamaq istəyirdi, amma elə bil dövran bu eşqi, istəyi də ona çox görürdü. Onu məngənətək sıxan, narahat edən cəmiyyətdə qarşılaşdığı haqsızlıqlar, ədəbi mühitdəki çəkişmələr, didişmələr idi. Barışmadığı çox şeylər vardı. Baxırdı ki, insanlar arasında ikili həyat yaşayanlar da yox deyil və elələriylə bir dünyaya sığmırdı.

Sərdar Əsəd bir çoxlarından fərqli, ikili ömür, ikili həyat yaşamadı, yaşaya da bilməzdi. O, sədəcə, bir həyat yaşadı, bir ömür yolu keçdi - ədəbiyyatdan əbədiyyətə...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:474
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see294

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see252

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see211

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see201

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see190

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see181

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see178

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see175

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see173

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see172

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see171

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see169

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see165

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see163

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see159

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see156

Anaklaudia Rossbach Azərbaycana WUF13 ün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib

22 May 2026 13:50see155

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see155

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see155

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri