525 ci qəzet Qədim türk tarixinə və avarların soykökünə bir baxış
525.az-dan verilən məlumata görə, Icma.az xəbər verir 525 ci qəzet Qədim türk tarixinə və avarların soykökünə bir baxış.
Taleh CƏFƏROV
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru
Erkən orta əsrlərdə Cənub-Şərqi Avropa çöllərində yaşamış və Qərbi Hun imperiyasının süqutundan sonra ortaya çıxmış qüdrətli türkdilli tayfa birləsməsindən biri avarlardır. Avar və ya abar adı ilk dəfə 463-cü ildə Bizans müəllifi Paniyalı Priskin əsərində çəkilir. Orada 463-cü ildə saraqurlardan Bizans imperatorunun sarayına gəlmiş elçinin avarların sabirlərə (suvarlara) basqınından bəhs etdiyindən danışılır.
Avarların adına "apar" şəklində Türk kitabələrində, sadəcə, bir dəfə rast gəlinir. Həmin məlumatda avarların göytürklərin müttəfiqləri və vassalları kimi 572-ci ildə Böyük xaqan Muğanın cənazə mərasimində iştirak etdikləri bildirilir.
Avarların milli kimliyi haqqında bu günə qədər müxtəlif fərziyyələr mövcuddur. Belə ki, tarixdə həm həqiqi, həm də yalançı avarların olduğu məlumdur. Yalançı avarlardan fərqli olaraq, həqiqi avarların mənşəyi məsələsi bu günə qədər tam arasdırılmayıb. Qərb tarixşünaslığında da avarlar haqqında əsas mübahisəli məsələ bizanslı müəlliflərdən Simokattanın gündəmə gətirdiyi "saxta avarlar" və "həqiqi avarlar" məsələsidir. VII əsrdə yaşamış müəllif avar adlı iki türk xalqının olduğunu, bunlardan "gerçək (və ya həqiqi) avarlar"ın Avropaya heç gəlmədiyini, "saxta avarlar"ın isə varhuni adlı bir türk xalqı olduğunu yazır. Macar türkoloq K.Çeqledi də Avropadakı avarların şərqdəki avarlarla eyni kökdən olmadığı qənaətinə gəlib. Onun fikrincə, həqiqi avarlar jujan xalqı idi. Saxta avarlar isə eftalitlər olub.
Bəsit və epizodik məlumatlara, tarixçilərin fərziyyələrinə əsaslanaraq onların aba, yaxud avar tayfalarından yarandığını qeyd edə bilərik. R.Özdəyin yazdığına görə, göytürklər 552-ci ildə Jujan dövlətini yıxdığı zaman onların bir qismi qərbə çəkilmişdi. Qərbə çəkilən bu kütlə "Apar" adlanırdı və "dirənən, qarşı gələn" mənasını ifadə edirdi. ABŞ tarixçisi P.Qolden isə avarların mənşəyi məsələsinin dolaşıq olduğunu yazır. Onun fikrincə, Bilgə xaqan, Gültigin və Şimali Altaydakı bir abidədə rast gəlinən "apar"ın abar/avar ilə eyniləşdirilməsi doğrudursa, o zaman Avropa avarlarının jujan olması ehtimalı da doğrudur. Akad. V.V.Bartold avarları "apar" və ya "aparun" kimi qeyd edir. O.Karatay "Türklərin mənşəyi" əsərində isə apar/avar adının onlara göytürklər tərəfindən verildiyini və monqol mənşəli olmadığını yazır. Ən azından onlarla eyni adı daşıyan Avropadakı saxta avarların monqol olmadıqlarını qəti şəkildə deyə bilirik, çünki dillərindən qalan sözlər türkcədədir. Qeyd edək ki, həmin tayfalar Aral dənizindən Dunaya qədər yol keçmiş və Avropada iki əsr ərzində mövcud olan dövlətlərini yaratmışdılar. 552-ci ildə avarların nümayəndələri Göytürk xaqanı Bumin xaqanın dəfnində iştirak etmişdilər. Göründüyü kimi, hələ o zaman a-ba tayfalarının müstəqil dövləti mövcud olub.
IV əsrdə Syanbi ordusuna və ona daxil olan mukrinlərə Tarbaqatay bölgəsində sarsıdıcı zərbə vuran avarlar yeni yaranmış Jujan dövlətinin yaratdığı təhlükə qarşısında birləşmək məcburiyyətində qalıblar. Qısa müddət ərzində avarlar Koreyanın şimalından Yuxarı İrtış və Qaşqara qədər olan bütün çöllərə hakim olublar. Lakin onların bu ərazilərdəki hegemonluğuna tabqaçlar son qoyublar. 439-cu ildə Qansuyu alan tabqaclar 458-ci ildə artıq bölgədə avarlardan əsər buraxmayıblar. Daha sonra avarların ilk vəzifəsi düsməndən uzaqlaşmaq idi. L.N.Qumilyovun yazdığına görə, həmin dövrdə Mərkəzi Asiyada eftalitlərin fəallaşması və İstəminin diqqətini yayındırmaları (İstəmi xaqan deyirdi: "Avarlar quş deyildir ki, havaya uçub türk qılıncından canlarını qurtarsınlar; avarlar balıq deyillər ki, suya baş vurub dənizin dərinliklərində gizlənsinlər. Onlar da basqaları kimi yerin üstündə yaşayırlar. Eftalitlərin işini bitirən kimi avarların üzərinə gedəcəyəm, onlar əlimdən qaçıb-qurtula bilməzlər") avarlar üçün xilas yoluna çevrildi.
Bir digər məsələ də şərqdəki avarların ağhunlarla əlaqəsidir ki, ikincilərə Avar-Hun da deyilir. Dolayısı ilə şərqdəki avarları hun etnik gələnəyindəki bir toplum olaraq görmək daha doğru olar. Altay bölgəsində yaşayan göytürklər avarların əsarəti altında yaşadıqları zaman üsyan qaldırıb tabe olduqları dövləti süquta uğratmış və dövlətlərini yaratmışdılar. Bir müddət sonra göytürklər ağhunlar üzərinə hücum edib Qərbi Türküstanı ələ keçirdilər (557). O.Karatay Qərbi Türküstandan göytürklərin önündən qaçan bu Ağhun/Avar-Hunlara Avropa tarixində avarlar deyildiyini yazır. 558-ci ildə Qafqazda, 562-ci ildə Macar ovalığında görünən avarlar Mərkəzi Avropanın önəmli bir qismini ələ keçirir, zamanında hunların qovmadığı german tayfalarını İtaliyaya sıxışdırırlar.
Yalançı avarların tarixi də həqiqi avarlar qədər ziddiyyətlidir. Bizans mənbələrində İdil boylarına gələn avarların həqiqi avarlar deyil, yalançı avarlar olduğu qeyd edilir. Həmçinin Bizans qaynaqlarında sabirləri yerindən çıxaran avarların həqiqi avarlar olduqları müəyyən edilib. Qərbi Türk xaqanı İstəminin 576-cı ildə türk elindən gələn Bizans elçisi Zemarxa avarların türk hakimiyyətindən qaçdıqlarını bildirməsi də avarların mənşəyi haqqında məlumat verir.
Avarların etnik kimliyi ilə bağlı araşdırmalar onu deməyə əsas verir ki, bu xalq hun mənşəlidir. Dil, mədəniyyət, dövlət, cəmiyyət, iqtisadiyyat və ordu quruluşundakı bənzərliklər avarların Mərkəzi Asiya əsilli bir türk tayfası olduğunu və hunlarla əlaqələrinin olduğunu deməyə əsas verir. Antik tarixçi Menandrın Mərkəzi və Şərqi Avropaya gələn avarların Mərkəzi Asiyadakı Ju-jan/Apar (Abar) dövlətinin qaçaq qalıqları olduğu fikri ilə Qərbi Avrasiyadakı bir göytürk vəliəh-dinin onlardan bəhs edərək "hökmdarlarından qaçan kölələrimiz" fikrini ifadə etməsi üst-üstə düşür. Fiofilakt Simokatta həmçinin göytürk xaqanının Bizans imperatoru Maurikosa (582-602) ünvanladığı məktubuna istinad edərək yazır: "Xaqan yeddi millətin hökmdarı və yeddi iqlimin əfəndisi döyüsdə abdalların (eftalitlər) hökmdarını əzərək bu xalqın üzərində iqtidarı ələ keçirdi. Üzərinə böyük öhdəliklər götürərək və İstəmi xaqan ilə ittifaq bağlayaraq avar xalqını kölələşdirdi". Daha sonra F.Simokatta "Avropa və Pannoniyayada məskunlaşan barbarların" həqiqi avarlar olmadığını, "onların gəlişinin imperator Maurikosun dövründən daha əvvəl baş verdiyini yazır. O həmçinin İstrdə (Dunay çayının qədim adı) yerləşən bu barbarların "avarların adına yalandan olaraq sarılmısdılar" fikrini irəli sürür.
M.İ.Artamanov qeyd edir ki, "barseltlər (barsil), unqurlar (onoqur), sabirlər və onlardan başqa hun qəbilələri uar və hunilərin torpaqlarında vahimə yaratdıqlarını görəndə avarların yurdlarına köç etdiklərini fikirləşdilər. Buna görə də onlara ziyan vurmamaları üçün gələnlərə qiymətli hədiyyələr verdilər. Uar-hunilər onlara itaət edildiyini görəndə gələn elçilərin səhvindən istifadə edib özlərini avar adlandırmağa basladılar. Göründüyü kimi, göytürklərdən qaçıb Qafqaz və Şimali Qara dəniz bölgəsinə gələn Eftalit-var-hunları Avropa tarix səhnəsində avar adı ilə peyda olublar. Bizanslılar onları əsl avarlardan (abar və ya jujanlardan) ayırmaq üçün "saxta avarlar" adlandırıblar.
L.N.Qumilyov VI əsrdə Avropada peyda olmuş avarların (obların) həqiqi çölçü-köçərilər olan avarlara heç bir aidiyyətinin olmadığını yazır. Simokattada Bizans imperatoru Yustinian (527-565) zamanında "əsas qəbilənin kiçik bir parçası yurd əldə etmək üçün Avropaya qaçdı. Bu (xalq) özlərini avar adlandıraraq hökmdarlarını xaqan ünvanı ilə parıldatdı" kimi fikirlərə rast gəlmək mümkündür.
Macar arxeoloqlarının apardığı araşdırmalar nəticəsində məzarlardan avarlara məxsus kəllə qutuları aşkar edilmiş, onların antropoloji quruluşunda uqor qarışığının olduğu öz təsdiqini tapıb. Tapılan avar kəllələrinin 80 faizi Avropa irqinə, 20 faizi isə Qərbi Sibirdə mövcud olmuş qismən monqoloid tipinə aid edilib. P.Qolden isə Macarıstandakı məzarlardan tapılan dəlillərə istinad edərək Avropa avarlarının Mərkəzi Asiyanın monqoloid mənşəli özəkdən formalaşdığı fərziy-yəsini irəli sürür. Daha sonra yazır ki, bunlar bəlkə də həqiqi avarlar idi və Pannoniyada yaradılan Avar dövlətinin yüksək zümrəsini təşkil edirdilər. Bu birlik onların şərqdən köçü zamanı qatılmış digər ünsürləri də əhatə edirdi. Bu topluma daha sonra Qərbi Avrasiya bozqırlarından müxtəlif tayfalarla yanaşı, Pannoniyadakı çeşidli toplumlar (bulqar, alman, irani) da qatıldılar. İstəmi xaqan da qovduğu tayfaları avar adlandırırdı.
Avropa avarlarının dili ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Nemeth Avropa avarlarının ortaq türkcədə danışdıqlarına inanır. O, hətta qəti şəkildə avar birliyi içərisində oğur türkcəsindən geniş şəkildə istifadə olunduğunu iddia edir. Avar kitabələrindən topılıb oxunan oyma yazılar bunu bir daha sübut etməkdədir.
L.N.Qumilyov yazır ki, IV əsrin ortalarında Atlantik siklonlar öz istiqamətlərini dəyişməyə, şimalı deyil, cənub təbiətini yumşaltmağa başladılar. Quru çöllüyü yaşıl otlar bürüdü və buraları asan keçmək üçün şərait yarandı. Elə o zaman da Mərkəzi Asiyada baş verən hadisələrin əks-sədası Şərqi Avropadan gəlməyə basladı. L.N.Qumilyov daha sonra yazır ki, böyük səhra iqliminin optimal dəyişməsi üç etnosa fəlakət gətirdi: akatsirlərə, savirlərə və bulqarlara. Asiyadan köçüb gələn xalqları soymaq məqsədilə avarlar Qafqaz dağlarının şimal ətəklərinə basqın etdilər. Nəticədə sabirlər və utiqurlardan ibarət sonuncu hun tayfa birlikləri də dağıldı. Utiqurlar 558-ci ilə qədər Şərqi Azov və Don çöllərində hökmranlıq edirdilər. Dağıstanın Xəzərsahili bölgələrində məskunlaşan sabirlər avarlara məğlub olaraq Cənubi Qafqaza köçdülər. Avarların bir hissəsi Dağıstanı tərk edərək qərbə hərəkət etdilər.

