Icma.az
close
up
RU
525ci qəzet Bədr olmamış hilal... Mikayıl Müşfiqin sonetlərinə bir baxış

525ci qəzet Bədr olmamış hilal... Mikayıl Müşfiqin sonetlərinə bir baxış

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor

Azərbaycan ədəbiyyatının əbədi gənc klassiki Mikayıl Müşfiq çoxəsrlik şeirimizin, xüsusən orta əsrlər poeziyasının Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Ələsgər şeiri ənənələri zəminində yetişmiş novator şairi idi. O, cəmi 29 illik ömründə böyük istedadı sayəsində təkcə doğma Şərq, yalnız Azərbaycan şeir mədəniyyətinə deyil, həmçinin Avropa şeir mədəniyyətinə ustalıqla yiyələnə bilmişdi. Həm heca, həm əruz vəznlərində, həm də sərbəst vəzndə ölməz əsərlər yaratmış, dövrün tələbinə uyğun olaraq Avropa poeziyasının sonet və terset kimi formalarından istifadə etmişdi. XIX əsrin sonları - Tənzimat dövrü Türkiyə şairləri - T.Fikrət, N.Kamal, XX əsrdə romantiklər Hüseyn Cavid, Məhəmməd Hadi və başqaları ilk sonetlər yazmışlar. Fəqət, bizim ədəbiyyatda bunlar tək-tək nümunələr idi. XX əsr Azərbaycan şeirində - 20-30-cu illərdə məhz M.Müşfiq bu sahədə məharət göstərib. Bir silsilə - 10-dan artıq sonet yazıb. M.Müşfiqin bəlli olan sonetləri bunlardır: "Üsyana başla", "Sevgilər"(1927), "Gülüşlər" (1928), "Əllər" (1929), "Qadın", "Əmək" (1935), "Torpaq, "Mənim eşqim", "Ulduzlar", "Bir də baxsan mənə", "Gözəllik" (1936), "Bir günəş, bir baxış" (1936), "Çağlayan" (1937).

Sonet janrı dünya ədəbiyyatında çoxdan mövcuddur. Azərbaycanda sonet XX əsrin önlərində təşəkkül tapıb. Şübhəsiz ki, bizim şeirdə bu janrın yaranmasında yerli poetik janrların xüsusilə qəzəl və qəsidənin, habelə qoşma və təcnisin rolu olub. Respublikamıza Avropa tipli şairlərin ən ardıcıl tədqiqatçısı, dünyasını erkən dəyişmiş Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin bu sahədə böyük xidməti var. Onun "Azərbaycan poeziyasında sonet və terset" (B., Elm.2003) və "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı" (B., "Elm və təhsil" 2009, 444 s.) adlı fundamental monoqrafiyalarında təkcə sonet və terset yox, Avropa mənşəli mənsur şeir, ballada, marş, himn və sair janrlar əsaslı şəkildə tədqiq və təhlil olunub. Lakin sonet haqqında ilk dəfə görkəmli nəzəriyyəçi professor Seyfulla Əsədullayev məlumat vermişdi ("Azərbaycan poeziyasında sonet janrı, tarixi və nəzəriyyəsi". Bakı, Mütərcim, 2002, 68 s.).

Sonet ilk dəfə XIII əsrdə İtaliyada yaranıb. Sonetləri ilə məşhur rus şairi V.Solouxin mənbələrə istinadən yazır ki, sonet ərəb şeirinin təsiri ilə yaranıb (bax. Solouxin V.A. Sobranie soçineniy v 4 tomax tomax. T.I. M., 1983, s.155).

Biz bu barədə sistemli tədqiqat aparmış H.Həşimlinin fikrini daha mötəbər sayırıq: "Sonet Avropa xalqlarının poeziyasında yeddi yüz əlli ildən artıq tarixi olan janrlardan biridir. Janrın adı Provans mənşəli "sonet", italyanca "sonetto" sözləri ilə bağlı olub "nəğmə" mənalarını bildirir. Bu terminin "şaqraq nəğmə" anlamı da var". (Həşimli H. Azərbaycan ədəbiyyatında sonet və terset. 2003, s.11). Ədəbiyyat ensiklopediyalarında və poetika kitablarında iki və ya üç bəndi 4 misra (abab) olan, qalan bəndləri üç sərbəst misradan ibarət şeirə sonet deyilir. 4 misralıq bəndlər sonet, 3 misralıq bəndlər isə terset adlanır.

Maraqlıdır, bəs nəyə görə M.Müşfiq novator poetik axtarışlarında sonet və tersetə müraciət edib?

20-30-cu illər zamanın sürətlə inkişafı, coşqun yenilik axtarışları dövrü idi. Köhnə sürətlə dağılır, yeni eyni sürətlə qurulurdu. Həyatda olduğu kimi, şeirdə də yeniləşmə coşqunluğu var idi. Ədəbiyyatda köhnəni büs-bütün inkar - nihilizm hakim idi. Məscidlər və kilsələr dağıdılır, ərəb əlifbası ilə yazılan kitablar yandırılır, heca və əruz, muğamat köhnəlik sayılır, milli musiqi alətimiz olan tarın əleyhinə şeirlər yazılırdı. Rusiyadan gəlmiş "Doloy Şiller!" (yəni rədd olsun romantizm!) şüarı ədəbi mühitdə hakim idi. Belə bir dövrdə M.Müşfiq həm nihilizmə qarşı çıxıb tarı müdafiə edən "Oxu tar" şeirini yazır, həm də poeziyada yeni janrlar axtarışında Avropaya üz tutur, poeziyamıza sağlam yenilik gətirməyə çalışırdı. Bütün bunlara görə o, onlarca sonet yazaraq novator sənətkar kimi şöhrətlənmişdi. Sonet A.Dante, V.Şekspir kimi dahi sənətkarların janrı idi.

M.Müşfiq ədəbi-tarixi prosesin təkamül məntiqini tutmağı bacaran mütəfəkkir şair idi. Sonetdə elə bir əlamət var idi ki, bu, Müşfiqin zəmanəsinə, ümumən zamanın ritminə uyğun idi. Sonet iki katren, dörd tersetdən ibarət şeir formasıdır. Sonetin 4 misralıq bəndinə katren, üç misralıq bəndinə terset deyilir. Məhz şaqraq "nəğmə" olduğuna görə də M.Müşfiq və sonrakı dövrün şairləri - Adil Babayev, Şəkər Aslan, Vaqif Hüseynov və Sabir Mustafa xüsusi "Sonetlər çələngi" yaratmışlar.

Mikayıl Müşfiqin sonetləri öz üslub gözəlliyi, fəlsəfi məna tutumu ilə seçilir. Şairin 1929-cu ildə yazdığı "Əllər" soneti iki katrendən və iki tersetdən ibarətdir. Bu, romantik bir eşq rəvayətidir; obrazlı, simvolik, metaforik. Şair öz ülvi duyğularını belə metaforik tərzdə söyləyir. Şairin "Gülüşlər" (1930) soneti də eyni ölçüdədir; əvvəlcə iki bənd katren (a b a b) sonra iki bənd terset (a a b) (e v e).

Dövrün aktual mövzuları "Əmək" və "Qadın" idi. Bəlli olduğu kimi, bunlar həm də M.Müşfiqin sonetlərinin adlarıdır. "Əmək" sonetindən:

Dönüb keçmişlərə bir fikrə getdim,

Öyrəndim insanın kim olduğunu.

Birdən gözlərimə göründü cəddim,

Baxıb seyr eylədim köhnə meymunu.

Əlində daş, dəmir... mətin dağları

Sürünə-sürünə hirslənib deşir,

Təbiət dəyişir, özü dəyişir.

Bu, M.Müşfiqin zamanında dəbdə olan bir fəlsəfənin - Fridrix Engelsin "Əmək insanı yaratdı, onun nitqini və təfəkkürünü inkişaf etdirdi" nəzəriyyəsinin poetik yozumudur.

"Qadın" soneti də dövrün siyasətinə, qadın azadlığı - emansipasiya probleminə şairin poetik münasibətidir.

M.Müşfiqin digər sonetləri kimi "Torpaq" soneti də iki katren və iki tersetdən ibarətdir. Burada insanlığın son məskəni olan anamız torpaq tərənnüm olunur:

Hər şeyin anası, qaynağı sənsən!

Sənin varlığına ölüm-itim yox.

Sən bütün-bütünə ruhsan, bədənsən,

Gözəl torpaq, sənə çox borcluyam, çox!

Sənə qüvvət verən, sənə ruh verən,

Çoraq çöllərini çiçəkləndirən.

Mənim şən əməyim, alın tərimdir!

Torpaq və İnsan! - bu sonet onların münasibətlərini aydınlaşdırır.

M.Müşfiq gözəllik şairi, məhəbbət şairi idi. Çünki o, gənc idi, ona qocalmaq nəsib olmadı. Yaddaşlarda əbədi gənc olaraq qaldı... "Gözəllik", "Bir də baxsan mənə" sonetləri belə bir obrazla yazılıb:

Gözəllik əzəldən bütün ellərin

Həvəslə coşduğu bir şanlı qayə;

Gözəllik ruhudur qızılgüllərin

Bülbüllər üstünə saldığı sayə.

Ey bizim dünyanın ən birincisi,

Mehriban gözəli, nadir incisi

Mən sevmişəm səni hər kəsdən əvvəl!

Fəqət, yabançıdır coşqun ruhuma

Elimə, ölkəmə təbi-şuxuma

Mənasız gözəllik, mənasız gözəl!..

Göründüyü kimi, şeirin estetik məzmunu sonuncu tersetin son misrasında aydınlaşır. Gözəllik mənalı olmalıdır! M.Müşfiqin "Mənim eşqim", "Bir günəş, bir baxış" sonetləri də orijinal təxəyyülün bəhrələridir.

Şübhəsiz ki, M.Müşfiqin ən yaxşı soneti 1937-ci ildə başı üzərində qara buludlar sıxlaşanda yazdığı "Çağlayan" şeiridir. Burada M.Müşfiq güclü metafora işlədərək öz obrazını yaradır. Yekun olaraq bu soneti bütöv veririk:

Sən uca bir dağın göy gözlərindən

Sevincdən tökülən gur yaşlar kimi -

Axdıqca, ürəyim qopur yerindən,

Uçunur bədənim bir rüzgar kimi.

Ey böyük çağlayan, ey təmiz ürək,

Yoxmu aramızda bir könül bağı?

Səsinə səs verən bəstəkar gərək,

Ey qüvvət qaynağı, işıq qaynağı!

Sən də şəlaləsən, təbim yerində,

Ürəklər, beyinlər, ruhlar çağıldar

Sənin də ölməyən nəğmələrində.

Fikirlər torpağı, hisslər torpağı

Sənin seylabınla çiçəklər açar,

Ey həvəs qaynağı, nəğmə qaynağı!

Zamanın - 37-nin vahiməsi, bu titiz misralarda aydın duyulur. M.Müşfiq bu zamana, onun insanı, həqiqi sənəti alçaldan, "Mazutlu şalban, Mən sənə qurban" yazdıran ideologiyasına boyun əymədi, məşhur "Duyğu yarpaqları"nı yazdı. Oradakı bu iki bənd kifayət idi ki, şair qətlə yetirilsin:

Mən gəncəm, bilirəm istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var.

Yelkənim açılır, qara yel, əsmə!

Mənim bu dəryada bir sandalım var.

Cahan fikrimizlə süslənəcəkdir,

Hər zaman nəğməmiz səslənəcəkdir.

Bu dünya mehriban qucağımızda,

Şən bir çocuq kimi bəslənəcəkdir.

M.Müşfiq yalnız öz zamanının yox, həm də gələcəyin şairi idi. Müşfiqin "bədr olmamış hilalı" bu gün üçrəngli bayrağımızın üstündə bütün dünyaya işıq saçır, onun istiqbalından soraq verir. Həqiqətən də "cahan fikrimizlə süslənir", məzarı belə tapılmayan böyük şairin müqəddəs arzuları çin olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1217

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see186

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see143

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see120

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri