525ci qəzet Dronlardan niyə istifadə etmək olmaz? Sosial şəbəkədə yazılanlar
Sevda Sultanova, kinotənqidçi:
- Bu aralar türklərin yeni "Uzak şehir" serialı çox populyardır və sevilir. Bizdə də. Mən də baxıram, yorğunluğumu çıxarır. "Uzak şehir"in mövzusu, hekayəsi, konfliktləri, obraz konsepsiyaları, yanaşma klassikdir və türk seriallarında az işlənməyib. Bəs niyə tamaşaçı buna həvəslə baxır? Çünki tamaşaçı ekranda maskulin, brutal (və eyni zamanda həssas), ailəni (qadını, uşağı) qoruyan, güclü (eyni zamanda qadın zərifliyinə, sevgisinə ehtiyacı olan) kişi obrazını və güclü, öz haqqını tələb edən (həmçinin, hansısa məqamlarda kişinin gücünə məğlub olan), zərif, incə qadın obrazını görmək istəyir. İfrat gender bərabərliyi, sırınan cinssizlik konsepsiyası, aşırı feminizm insan təbiətinin məhək daşını dəyişə bilməz. Ona görə türk seriallarında bu məsələlər nəzərə alınır.
Türk serial sektoru özünün ənənəvi hekayələrindən, mövzuya yanaşmalarından kənara çıxanda isə süni görünür. Təsadüfən qarşıma internet platforması üçün nəzərdə tutulmuş "Sarmaşık zamanı" serialı çıxdı. Şəxsiyyətin ikiləşməsi, manipulyator kişi, təhtəlşüur gəzişmələri üzərində yazılmış ssenari. İkinci bölümdə qadın qeyri şüuri halda gecə, ayaqyalın küçəyə çıxanda seriala marağım itdi. Yəni Hiçkok, Lanq, Linç, Polanski, Finçer kimi rejissorların konsepsiyaları onlarda yamaq kimi görünür. Ümumiyyətə, kino müəyyən mənada coğrafiyanın məhsuludur. Məsələn, Amerika prokatında yüksək gəlir əldə edən janrlardan biri fəlakət filmləridir. Avropada isə bu janra az müraciət olunur. Türk seriallarınkı da aşirətdir, melodramdır (varlı qız-kasıb oğlan və ya əksinə), cəmiyyətin problemlərinin əks etdirən məhkəmə seriallarıdır, ailə dramlarıdır və s.
İlham Əzizov, yazıçı:
- Allah, Tahir Kazımlının ölənlərini rəhmət eləsin. Tıxacda onun tərcümə elədiyi, İvan Buninin seçilmiş əsərlərini oxuyuram. Çox gözəl, funksional və dəqiq tərcümədir. Hamı mənə deyirdi, Buninin mətnləri ağırdı, oxuma. Məncə, Bunin estetdir, mətnləri də rəsm əsəri kimidir.
Tıxac uzun çəkdi, birdən ağlıma gəldi ki, dünən dünyasını dəyişən Xəyyam Əhmədlidən bir şey dinləyim. Dinlədim, böyük ürəyi varmış. Hamı bilir ki, mən meyxana həvəskarı deyiləm. Onu dinlədikcə hiss etdim ki, mərhum da meyxananın esteti imiş. Ruhu şad olsun!
Elxan Şahinoğlu, politoloq:
- Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a səfər edib. Ümumiyyətlə, Ermənistanın müdafiə nazirlərinin hər il Vaşinqtona çağırılmaları ənənə halını alıb. Papikyan 2022-ci ildə ABŞ-da səfərdə olanda amerikalı həmkarı Lloyd Ostinlə görüşə bilməyib. Papikyanı həmin il Ostinin müavini Kolim Kal qəbul edib. İki ölkə hərbi təhsil sahəsində əməkdaşlıq edirlər. İl ərzində Ermənistandan bir qrup hərbçi ABŞ-a gedərək burada hərbi təhsillərini davam etdirirlər. Ermənistan ABŞ-dan hərbi texnika ala bilmir. Birincisi, bunun üçün Ermənistanın kifayət qədər maliyyəsi yoxdur. İkincisi, Pentaqon Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünü nəzərə alır. Baş nazir Nikol Paşinyan KTMT-ni sərt tənqid etsə də, bu təşkilata üzvlükdən imtinaya qərar verməyib. Suren Papikyanın ABŞ-a budəfəki səfərinin əhəmiyyət azdır. Çünki Suren Papikyanın Pentaqonda görüşdüyü şəxslər ay yarımdam sonra vəzifələri ilə sağollaşacaqlar. Əgər Suren Papkiyan Trampın andiçmə mərasimindən sonra Pentaqona dəvət edilib yeni rəhbərliklə görüşsəydi, bu, İrəvan üçün daha əhəmiyyətli olardı. Hər halda Papikyan gələn il də Vaşinqtona səfər edəcəyinə ümidlidir. Kreml Suren Papikyanın Vaşinqtondakı görüşlərini diqqətlə izləyir. İstisna deyil ki, Suren Papikyan geri döndükdən sonra Rusiyanın rəsmi şəxslərindən biri İrəvana səfər etsin. Bununla Vaşinqtona qarşılıqlı mesaj göndərən Kreml də ənənəvi siyasətinə sadiq qalacaq.
Asif Nərimanlı, jurnalist:
- Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Suriyadakı vəziyyətlə bağlı Türkiyəni ittiham edib və iddia edib ki, Ankara ABŞ və İsrailin tələsinə düşüb. Bu açıqlama İranın Suriyada düşdüyü çıxılmaz vəziyyətdən qaynaqlanır.
Tehran Şam və Ankara arasında təmaslar yaradaraq, vəziyyətə nəzarəti saxlayacağına ümid edirdi. Halbuki Ərdoğanın daha öncə Əsədə görüş çağırışı cavabsız qalmışdı.
Hakan Fidanla görüşdən əliboş qayıdan Araqçı da fikir ayrılığının olduğunu etiraf edib. Fikir ayrılığının təməlində Əsədin suriyalı müxaliflərə münasibəti dayansa da, hazırda baş verənlər Türkiyənin maraqlarına uyğundur:
1. Hələbin nəzarətə götürülməsi İdliblə yanaşı, Türkiyədəki suriyalıların köçürülməsi imkanı yaradır və bu, Ankaranın yükünü azalda bilər;
2. PYD/YPG terror qruplaşmasının bölgədə sıxışdırılması imkanları yarandı: Tel-Rəfatın nəzarətə götürülməsindən sonra Münbiçə mümkün əməliyyat gündəmə gəlib və bu, Ankaranın hələ 2018-ci ildə həyata keçirmək istədiyi strategiya idi;
3. Fərat sahilinə çıxmaq əsasən çayın şərqində terrorçuların ən azı mümkün irəliləyişinin qarşısının alınması və sıxışdırılması baxımından əhəmiyyətlidir;
4. PYD/YPG-nin sıxışdırılması ABŞ-da hakimiyyətin təhvil verilməsindən öncə Türkiyənin əlini gücləndirir: Trampın "Suriya demokratik qüvvələri" adı altında legitimləşdirilən terrorçulara açıq dəstək verəcəyi gözləntisi böyükdür;
5. Mövcud vəziyyətdə Türkiyənin Suriyada hər iki tərəf - İran-Rusiya və ABŞ-İsrail üçün həlledici oyunçu rolu gücləndi və hər iki tərəf Ankara ilə razılaşmaq üçün onun maraqlarını nəzərə almalıdır;
HTŞ-nin hücumunda məsuliyyəti Türkiyənin üzərinə qoymaq cəhdləri olsa da, Ankaranın bundan rəsmi şəkildə imtina etməsi ən doğru gediş idi. Çünki Qərbdə terror təşkilatı kimi tanınan HTŞ üzərindən Türkiyəni "terrora dəstək verən ölkə" kimi göstərəcək və bundan PYD/YPG məsələsində istifadə edəcəklərdi, buna paralel olaraq, Ankara Moskva və Tehranla birbaşa üz-üzə qalacaqdı. Buna imkan verməyən Türkiyənin HTŞ-nin hücumundan sonra yaranmış vəziyyətdən həm hərbi, həm siyasi müstəvidə mövqelərini gücləndirmək üçün istifadə etdiyi görünür. Suriyada hələ ki üstün tərəf Türkiyədir.
Mir Səməd, bloger:
- Həmyerlimiz, mənim də keçmiş həmkarlarımdan biri indi Türkiyədə yaşayır. Keçən dəfə bir paylaşım etmişdi, heyrətimə səbəb oldu.
Türkiyə ərazisində dəmir yolu ilə harasa getmək lazım olub. İnternet üzərindən axtarış verib həmin istiqamətdə, qatarda bir oturacaq yeri boş olub.
Nə qədər çalışıb o yeri alsın, ala bilməyib. Maraqlanıb, məlum olub ki, sistem onun qadın olduğunu, yanındakı oturacaqda isə biletin kişi tərəfindən alındığını nəzərə alıb, bileti ona satmır!
Mənə bu, çox qəribə gəldi. Yəni belə bir şey mümkündür? Bunu nə ilə əsaslandırırlar? Bəs orda təyyarə biletlərində necədir? Belə qərara necə münasibət göstərirsiniz?
Türkiyə bizdən hər cəhətdən uzaq deyil. Bizdə də olsa, yaxşı olarmı?
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Dronlardan biznes və tədqiqat yönümlü istifadə sahəsində problemlər hələ də öz həllini tapmayıb.
Sosial mediadan diqqətimi cəlb etdi ki, "Vətəndaş A" serialının Daşkəsən rayonundakı çəkilişləri zamanı istifadə olunan dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulub.
Hələ də ölkəmizdə dronlardan müxtəlif məqsədlər üçün istifadə ilə bağlı məsələ beynəlxalq normalara uyğun formada öz həllini tapmayıb.
İndiyədək də dron ölkəmizdə "mülki dövriyyəsi məhdudlaşdırılmış" əşyaların siyahısındadır və ölkəyə gətirilməsi qaydası da silah və partladıcı vasitələrin, kosmik vasitələrin, pul çap edən avadanlıqlardan istifadə prosedurası ilə eynigüclüdür.
5 il öncə Dövlət Mülki Aviasiya Agentliyi dronların qeydiyyatı və uçuşu ilə bağlı Müvəqqəti bir proseduralar müəyyən edib.
Qaydaların mahiyyəti ondan ibarətdir ki, elə uçurtmasan, daha yaxşı olar.
Mövcud qaydalara görə dronun qeydiyyatı üçün, yəni ölkəyə gətirilməsi üçün aşağıdakı qurumların rəyi tələb olunur:
Müdafiə Nazirliyi
Daxili İşlər Nazirliyi
Dövlət Təhlükəsizliyi Xidməti
Dövlət Sərhəd Xidməti
Prezidentin Təhlükəsizlik Xidməti
Bu rəyləri alanlar dronun qeydiyyatı üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyinə müraciət etməlidir.
Uçuş icazəsi üçün isə AZAL-ın "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinə müraciət edilməlidir.
İndi təsəvvür edin ki, hansıa bir orta və ya ali məktəb, startap və ya biznes qurumu dronlardan istifadəyə əsaslanan nəsə bir tədqiqat, yaxud xidmət işi ortaya qoymaq istəyir. Təsəvvür etmək çətin deyil ki, onları hansı çətinliklər gözləyəcək.
Bu Qaydaların pozulmasına görə qanunvericilikdə cinayət məsuliyyəti müəyyən edilib.
Dünyada, hətta qonşu ölkələrdə çoxdan bu problem həll ediblər. Dronlar çəkisinə, uçuş hündürlüyünə, fəaliyyət məqsədlərinə uyğun olaraq tənzimlənib və normal qeydiyyat və uçuş qaydaları var.
Xatırlayıram ki, ötən il nazir Rəşad Nəbiyev Aviasiya haqqında qanunun qəbulundan sonra bu problemin həll olunacağını bildirmişdi.
Görünən odur ki, hələlik həm biznes məqsədləri üçün, həm elm, təhsil və tədqiqat yönümlü, həm də əyləncə yönümlü dronlardan istifadə ilə bağlı ölkəmizdə problemlər hələ də öz həllini tapmayıb.
Son zamanlar RİNN-in səlahiyyətləri xeyli genişlənib. Ümid edirəm nazirlik bu məsələni də nəzarətə götürüb normal bir qeydiyyat və uçuş mexanizmi ortaya qoya biləcək.
Düşünürəm ki, qeydiyyat və uçuşa icazə proseduraları xeyli sadələşdirilməlidir. Bununla əlaqəli rəqəmsal bir platforma hazırlanmalıdır. Elektron qeydiyyat sistemi yaradılmalıdır. Rəqəmsal həllər yaradıla bilər ki, hansı ərazilərdə uçuşa icazə verilir, hansı əraizlərdə verilmir.