525ci qəzet “Kitabi SiretünNebi”nin təqdimatı
29 noyabr 2024-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında XIII yüzillikdə yaşamış dahi Azərbaycan şairi İzzəddin Həsənoğlunun aləmlərə rəhmət olaraq göndərilmiş Mühəmməd Salavatullahın həyatına həsr olunmuş “Kitab-i Siretün-Nebi” əsərinin təqdimatı oldu.
Yazılışından yeddi yüz il keçməsinə baxmayaraq, bu əsər əlyazma şəklində Türkiyə, İran, Almaniya, Hindistan, İngiltərə və digər ölkələrin muzeylərində müxtəlif xəttatlar-katiblər tərəfindən üzü köçürülüb saxlanmış, çox qiymətli xəzinə Azərbaycan və ümumən türkdilli xalqlar arasında məlum olmamışdır.
Şair İzzəddin Həsənoğlunu, türkdilli şairimiz kimi tanısaq da, ancaq üç şeirinin olduğu bizə məlum idi.
Əslən Türkiyədən olan qardaşımız, Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylının uzun illər apardığı tədqiqatlar nəticəsində ərsəyə gətirib bizə çatdırdığı 750 səhifəlik əsərin əlavələr və şərhlərlə birlikdə, ümumilikdə 934 səhifə olub, 8-lik şriftlə çap olunmuş çox qiymətli bir xəzinəni oxucularına ərmağan etmişdir.
Seyfəddin Altaylı bu kitab üzərində çox səylə çalışmış, əsərin müxtəlif tədqiqatçılar tərəfindən məlum olmayan, sadəcə adı əsərdə çəkilən, ayrı-ayrı aidiyyəti olmayan müəlliflərin adlarına çıxarılmasını araşdıraraq, bu fikirlərin səhv olduğunu əsərdən misallar gətirməklə sübuta yetirmişdir.
Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına ədəbiyyat İnstitutunun dissertantıdır. Və mən kitabın təqdimatından iki gün əvvəl bu elmi mərkəzdə üç saatdan artıq çəkən onun “Kitab-i Siretin-Nebi” ilə bağlı doktorluq dissertasiyasının müzakirəsində iştirak etmişdim. Müzakirə Orta əsrlər Azərbaycan ədəbiyyatı, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatı şöbələrinin əməkdaşlarının iştirakı ilə keçdi. Dissertantın elmi rəhbəri akademik İsa Həbibbəylidir. Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov yığıncağı açaraq Seyfəddin Altaylını təqdim etməklə onun apardığı elmi araşdırmalar haqqında qısa məlumat verərək sözü dissertanta verdi. Dissertantın çıxışından sonra elmi əməkdaşlar tədqiqat işinin məziyyətlərindən danışdılar. Dissertant verilən sualları cavablandırıb iradlara münasibətini bildirdi. Seyfəddin Altaylının işi yüksək qiymətləndirməklə növbəti mərhələyə buraxılması qərara alındı.
Mən də dissertanın hər çıxışa qeydə verdiyi şərh və izahatları dinləmişdim.
Kitabın təqdimatından sonra bir neçə gün ərzində əsərin ayrı-ayrı hissələrini, aləmlərə rəhmət olaraq göndərilmiş Mühəmməd Salavatullahın dünyaya gəlişi, həyatının ayrı-ayrı anları, İslamın səylə təbliği, döyüş səhnələrində belə müşrikləri, kafirləri İslama dəvəti, hər vəziyyətdə olduqda Allaha təvəkkül, bağlılıq döyüş vaxtı silahsız insanlara, qocalara, qadınlara, uşaqlara rəhm etmək. Düşmən belə olsa, əmanəti sahibinə qaytarmaq və digər İslami fikirlərin Quranla həmahəng səsləndiyinin şahidi oluruq.
Əsərdə habelə möminlərin mövlası, Həzrət Əlinin döyüş səhnələrindəki şücaətləri, Həzrət Həmzə digər İslam qəhrəmanları ilə bağlı səhnələrlə bağlı o dövrdə İslama, Həzrət Mühəmməd Salavatullaha qarşı olan düşmənlərin necə xar olmaları və sonda təslim olmaları da əsərdə öz əksini tapmışdır.
Əsərdə bir yerdə Əbu Cəhlin Məkkədə tanınmış pəhləvan olan oğlu, bir gün güləş yarışında bir neçə nəfərə qalib gəldikdən sonra, Mühəmməd Salavatullahın yanında qürrələnərək onu güləşməyə dəvət edir. Allahın Rəsulu onunla ertəsi gün güləşəcəyini bildirir və o günü faxir libasını geyinərək əmmaməsini də bağlayır. Güləşdən əvvəl Allahın Rəsulunun əmiləri ona rahat geyinib güləşməyi tövsiyə etdikdə bu zaman Mühəmməd Salavatullah müşrikin natəmiz əlinin onun bədəninə toxunmaması üçün belə geyindiyini bildirir. Güləşçi Amrə onun bir ayağını yerdən ayıra biləcəyi halda qalib olacağını deyib onu çağırır. Amr nə qədər çalışsa da, Peyğəmbərin ayağını yerdən ayıra bilmir, dincəlib lat və Uzaqdan kömək diləyərək bir də çalışıb qan-tər içində olsa da, təslim olmağını etiraf etmək istəmir. Peyğəmbərin əmiləri Allahın Rəsuluna güləşi başa çatdırmağını deyəndə Allahın rəsulu Amrə belinə bir kəmər bağlamasını deyir:
Pes Resulullah didi gel ya Amr.
İllah bağla beline möhkem kemer...
Geldi turdu Mustafa şundu haman.
Kuşağından dutdu vermedi aman.
Dedi bismillahi’r-Rehmanir Rehim.
Kadir i ğalib Kevi Kehru-Hekim.
Pes yerinden çekdi götürdü anı.
Şöyle kaldırdı yere urdu anı.
Yarıldı başı yere axdı kanı,
Delindi arkası çıxdı canı.
Resul aslan kibi üstünde durdu.
Bir iki pehlusine depmek urdu.
Dedi Turgel ey melun ey edebsiz
Dedi heddindən artıq söyleme söz...
Ebu Cehlin haman könlünde ondan
Edavet kaldı bağlandı o günden
Kitabı oxuduqca bir çox mətləblərdən hali olursan. Bizə Peyğəmbərlə ilk namaz qılanın Həzrət Əlinin olduğu məlum olsa da, bu günədək oxuduğumuz bir çox dini ədəbiyyatlarda peyğəmbərlə ilk namaz qılan kişinin Əbubəkr olduğu qeyd olunur. Yeddi yüz il əvvəl yaşamış və bu kitabı qələmə alan Əbubəkrsevər şairimizsə Mühəmməd Salavatullahla ilk namaz qılan kişinin Əli, sonra Cəfəri Təyyarı qeyd etməklə Əbubəkrin Əbutalibin evində Həzrət Əlinin quyudan su çəkərək Peyğəmbərlərlə birgə namaz qılmalarını göstərir:
Atile uğrar Ebu Talib görür.
Mustafa ile Eli bile durur.
Cefer ardındaydı in tiz var dedi.
Mustafanın sol yanında dur dedi.
Anların ile bile qıldı namaz.
Sahib dövlet olasan Ehliraz.
...Mustafa çünki bakar anı görür.
Geldi Cefer dehi yanında durur.
Könlü şad oldu dedi Cefer cana.
Akıl beşaret canına önden-sona.
Hag iki kanat vire kim ucasan.
Yer üzünden ta behişte keçesin.
Burada şair Allahın Rəsulunun illərlə sonra Cəfəri Təyyarın qanlı döyüşdə hər iki qolunun kəsiləcəyini qəhrəmanın İslam bayrağını dişləriylə qaldırması Allahın onun nəşinin düşmənə görünməsinin qarşısını alıb ona iki qanad verərək cənnətə aparmasına işarə etmişdir.
...Pes dua kıldı elin aldı Resul.
Ol Ebu Talib evine geldi ol.
Tez buyurdu Eliye çekdi su.
Pes Ebu Bekre dedi güsul itdi bu.
Aldı abdest kıldılar bele namaz.
Oldu Sıddika hamandan keşfi-raz.
İyirmi ilə yaxın ömrünü bu kitabın ərsəyə gəlib bizə çatması üçün gözlərinin nurunu sərf edən Seyfəddin Altaylı qardaşımıza minnətdarlıqla kitabı varaqladıqca Həsənoğluna rəhmət diləyirəm.
Şair Həzrət Əlinin Allahın Rəsuluna olan məhəbbətini və onun yolunda ölməyə hazır olmağını göstərmək üçün necə təşbehlər gətirir.
Hak Teala Cebrail Mikaile
İkisine dehi emr itdi bile
Birinizden birinizin ömrini
Artıq itdim kankunuzdur kim onu
Birine bağışlar ol ikrar ider
Kardaşının yoluna işar
Melekler tereddüd etdikde:
Dedi niçin Eli bilgi birünüz
Olmadı uşağınız erünüz
Kim Mühemmed yoluna al canını
Terk ider gör nicedir imanını
Razı oldu canı kurban itmege
Könli virmez reddi ferman itmege
Ömrünün varlığını işar ider
Döşeğində yatmağa ikrar ider.
Həsənoğlunun əsərini varaqladıqca Mühəmməd Salavatullahın həyatı boyu ondan ayırmamış Əlinin həyat yolu döyüşlərini vəşf etmişdir. İzzəddin Həsənoğlunun bu əsəri təkcə Azərbaycanda deyil, ümumilikdə Türk dünyasında bu mövzuda yazılan ilk məsnəvidir.
Həzrət Peyğəmbərin meracı əsərdə belə təsvir olunur.
“Rebiul-evvel ayı kutlu ayda
Düşenbe gecesi devetli ayda
Geliben Ümmi Haninin evinde (Həzrət Əlinin bacısı)
Kerar oldum onun ben döşeğinde
Yatırken Cebrail avazı geldi.
Kanadının üni avazı geldi.
Haman dem Umi Haninin evinden.
Çıkıb vardım Herem içine andan.
Burada Burağa minib Qüdsə gəlirlər. Allahın Rəsulu Mühəmməd Salavatullah aşağı enib Məscidül Əqsaya girib namaza durmuş peyğəmbərlərin önündə imamlıq etdikdən sonra göyə uçurlar. Birinci təbəqədə Adəmi, ikinci təbəqədə İsa İbn Məryəmi və Zəkəriyya oğlu Yəhyanı üçüncü təbəqədə Davudu Süleymanı, beşinci təbəqədə Musanı görür, altıncı təbəqədə İdrisi və yeddinci təbəqədə İbrahimlə görüşüb sonra Allah dərgahında namaz üçün tapşırıq alır.
Musanın qatına çatdıqda Musa ona geri qayıdıb namazın sayını azaltması üçün Allaha yalvar deyir. Beləliklə, Allahın Rəsulu bir neçə dəfə dərgaha gedib yalvardıqdan sonra gündə beş dəfə olmaqla 10 rükət namaz qılmaq tapşırığını alıb geri qayıdır. Yeri gəlmişkən qeyd etmək istərdim ki, Allahın Rəsulu və müsəlmanlar uzun illər Qureyş surəsi nazil olanadək namazı ailə içində iki rükət olmaqla Həzrət Əli və xanımı Xədicəyi Kübra ilə qılmışdır.
Ona İslamın təbliği və yayılmasına icazə verildikdən sonra ümmətlə birgə yenə uzun müddət namazı iki rükət qılmışlar. İmam Hüseyn doğulduqdan sonra namazın rükətləri artırılmış, iki rükət İmam Əli zöhr, iki rükət İmam Həsən əsr, bir rükət Rəsulullahın sevimli qızı aləmlər içində ən üstün xanım Seyyidətül Nisail Aləmin Fatiməyi Zəhra üçün, İki rükət İşa namazında Şəhidlər ağası cənnət cavanlarının ağası İmam Hüseyn xatirinə artırıb qılmışdır ki, biz indi belə qılırıq – 17 rükət.
Nəsiminin dediyi kimi Əhlibeyt ilə özü on yeddidir.
Meracdan qayıtdıqdan sonra Məkkə əhli əvvəlcə Peyğəmbərə inanmır. Allahın Rəsulu Qüdsü gördüyü kimi təsfir etdikdə inananların sayı artır.
Əsərin təhlili bir məqaləyə sığmaz və mən o iddiada deyiləm.
Bir qədər əsərdə Məkkənin fəthindən danışmaq istərdim. Belə ki, kitab Məkkənin fəthi ilə bitir. Məkkənin fəthində Allahın Rəsulu böyük bir qoşunla gələrək Məkkə yaxınlığında yerləşir. Burada gecələyib səhəri Məkkəyə hücum nəzərdə tutulur. Yüzlərlə tonqallar qurulur. Məkkənin rəhbəri Əbu Sufyan bu qədər tonqalın alovlandığını minlərlə silahlının buraya gəldiyini görüb öz atına minib oraya gəlir. Peyğəmbərin əmisi Abbas da atın belində qoşunun arasında gəzirmiş. Əbu Sufyanı görüncə ona yaxınlaşıb tez öz atından enib onun tərkinə minməyi əmr edir. Əlinin onu gördüyü halda başını vuracağından qorxaraq onu xəlvətcə Peyğəmbərin çadırına doğru aparır. Həzrət Əli bu anda onları görüb əlini qılınca apararkən əmisi Abbas Əliyə o mənim amanımdadır öldürmə, görək Rəsulullah nə qərar verəcək. Allahın Rəsulu Əbu Sufyana Allahın təkliyini, Mühəmmədin onun rəsulu olduğunu deməsini istəyir:
Dedi virgil tanıklık birdir Allah
De Tanrı yol al Kadirdir Allah
Tanıklık vir Mühemmeddir Resuli
Ol Allahın ulu sevgili kuli
Ebu Sufyan:
Ağır gelir dilimde diylemezem
Eger şeker dehi olsa yımazem.
Abbas başının kesileceyini deyende
Ebu Süfyan bunaldı doldu na-car
Resulullah Mühemmeddi didi na-car
Allahın Resulu bunu eşitdikde üzü güldü
Ebu Sufyanın müselman olmasına sevindi.
Əbu Sufyan Allahın Rəsulundan ayrıldıqdan sonra yolda fikrini dəyişərək gedib qoşun toplamağa qərar verir. Mələk Cəbrail Peyğəmbərin yanına enərək Əbu Sufyanın dönük çıxdığını, fikrini dəyişdiyini dedikdə, Allahın Rəsulu Abbası çağırıb Əbu Sufyanı əli qolu bağlı gətirməsini əmr edir.
Abbas atını çarparaq bir dərədə Əbu Sufyana çatıb başına bir qamçı vurub, söz verdin yolda fikrini dəyişdin. Əbu Sufyan gəlmək istəmədikdə Abbas:
Ya su gəlməz ardıyca gələn Həzrət Əliyə xitab etdikdə Əbu Sufyan Abbasa deyir məni vermə Əliyə mütiyəm sənə. Bunu sizə kim xəbər verdi deyəndə, Abbas hər şeyi Bilən Allah xəbər verdi Rəsulə deyir:
Ebu Sufyan tekrar biet etdikden sonra
Allahın Resulu ona kim senin evinde olsa
Kim Mescidul Heramda ya öz evinde otursa
Amandadır deyib yola saldı.
Allahın Rəsulu insanların nahaq yerə qırılmasını istəmirdi. Məkkənin fəthindən sonra Kəbə evi bütlərdən təmizlənərkən maraqlı hadisələr baş verir. Əsərdə Allahın Rəsulu Əliyə deyir ki, gəl çıx çiynimə yuxarıda çəkilmiş İbrahimin şəklini sil. Əli deyir ki ya Rəsulullah mən cavanam siz mənim çiynimə çıxın. Peyğəmbər buyurur ki,
Ya Eli götürmezsindir beni
Kimse götürmez nübüvvet möririni
“İllah gel sen omzuma Eli.
Sureti boz diger ondan yık dedi
Çıkdı Peyğember omzuna Eli
Sureti bozdu giderdi ol veli.
Pes Resulullah dedi kim ya Eli
Seni Cebrail götürdü ya Veli
Ellerin dutardı Mikail dehi
Seni anlar götürdü ya ehi
Gör ne teşrif buldu anda Veli
Basdı Peyğember omzuna Eli
Ol omuzdur olamaz kim erşde ol
Hak Teala Höccetin gördü Resul
Ol Mübarek omuza Hak el kodu
Sen benim dostum hebibimsin dedi
Söyle kim Eli parmaqları
Mustafa sinesine saldı nüri.
Cümle elmi evvelin ve ahirin
Bildi ol mir ile kamusun yekun
Kəbənin içi bütlərdən təmizləndikdən sonra Allahın Rəsulu Əliyə Kəbənin damına çıxmağı və müşriklərin ən böyük bütü Hubəli damdan aşağı atmağı əmr edir:
Yüri var sen tama çık ya Pehlivan
Ol büti kopar yerinden haman...
Şah-ı Merdan Mekke tamına çıkar
Mekkenin kevmi kamu geldi bakar...
Girdı Şeytan putda feryad eyledi
Pes cığırdı kevmine koman dedi
Çıkdı putdan bir kara otlu tütün
Mekkenin şehrini doldurdu bütün...
Şah-ı Merdan bir ezince okudu
Çekdi kopardı atdı ol İmam
Yüz adım yır Kebedən gitdi tamam
...Pes Resulullah buyurdu ol taşı
Kim yuvarladı getürdu çox kişi
Ol Benı-Seybe kapusunda kodu
Kim giren çıxan bunu bassın dedi.
Əsərdə məhz Məkkənin fəthində Allahın əmriylə Cəbrail vasitəsilə Əlinin Allah Rəsulunun vəsisi olması xəbəri verilir.
İzzədin Həsənoğlu əsərdə İslamın təbliği, müxtəlif döyüş səhnələri, bu döyüşlərdə müsəlman olmayan qadınların da döyüşmələri, məhəbbət səhnələri, Həzrət Əlinin sevənləri qovuşdurması səhnələri Nizaminin Xosrov və Şirində Fərhadın məhəbbəti öz əksini tapmışdır.
Əsəri oxuduqca şairin “Qurani-Kərimi” Peyğəmbərin dövründə baş verən hadisələri hədisləri mükəmməl bilməklə qüvvətli yaddaşa malik olub o dövrdə Məkkədə və digər yerlərdə döyüşlərdə iştirak edən yüzlərlə insanın adını çəkməklə onları bizə tanıtdırmışdır.
Əsərdə Bəni Kureyzə savaşı çox maraq doğurur. Belə ki, Həzrət Əlini mancanağa qoyub qalaya atırlar. Həzrət Əli göydən quş kimi enərək düşmən ordusunun içinə düşüb:
Kim havaya çıkdı ol Hak Aslanı
Kovdı klıc arxaciyle kalkanı
Nere vurdu bir keti cin eyledi
Ben Eliyem bilmeyen bilsun dedi.
Düşmən qoşunu pərən-pərən düşüb hərə bir tərəfə qaçır. Həzrət Əli qalanın qapısını yerindən qoparıb atır qoşun qalaya girərək qalib olurlar.
Seyfəddin Altaylı təbii ki, çox böyük zəhmət çəkib əsəri müasir türk dilində oxuculara çatdırmışdır.
Mən arzu edərdim ki, əsərin şairin yazdığı ovaxtkı türk dilində çapına nail olsun. Düşünürəm ki, şairin əsərini olduğu kimi latın əlifbası ilə üzünü köçürüb üzərində işləmişdir. Şairin öz dilində yazdığı əsəri bütün türkdilli xalqlar sərbəst oxuya bilərlər və bu çox maraqlı olar. Mən həm də əsərin Azərbaycan dilində də çap olunmasını istərdim, əsərin alıcıları da çox olar.
Yazımın sonunda bu kitabın Aləmlərə rəhmət olaraq göndərilmiş Mühəmməd Salavatullahın həyat yoluna həsr olunduğundan, Uca Allahın meracda olarkən öz Rəsulinə necə dəyər verməsi ilə bağlı tərifi şairin diliylə oxucularımıza hədiyyə etmək istərdim.
Ben mekami Mahmudu verdim sana
Sevgilisin kamu halkdan sən bana
Elm-ıesma virdim ise Ademe
İsmi-ezem virmişem sen hatime
Ademe ger secde kildise melek
Ayağın altında kaldı ne felek
Ger ben İbrahim didimse Helil
Sen hebibimsün hekikat şöyle bil.
Uca Allah Həsənoğluna rəhmət eləsin, ruhu şad olsun. Amin.
Bu yazımda məqsədim ancaq “Kitab-i siretun-Hebiye” həsr etmək olmuşdur. Yeri gəlmişkən həm də şair olan Seyfəddin bəyin Azərbaycan ədəbiyyatının təbliği baxımından ikinci böyük xidməti böyük şairimiz Mirzə Ələkbər Sabirin “Hophopnaməsi”ni müasir türk dilinə çevirib türk oxucusuna təqdim etmişdir. Həsənoğlunun kitabının təqdimatında eyni zamanda “Hophopnamə”nin də təqdimatı olmuş və hər iki əsər haqqında da görkəmli alimlərimiz akademik İsa Həbibbəyli, Türkiyədən gəlmiş Avrasiya yazarlar birliyinin rəhbəri Ufuk Tuzman, Xalq şairimiz Sabir Rüstəmxanlı, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, professor Qəzənfər Paşayev və digərləri öz sözlərini demişdilər.
Bu yerdə böyük şair İzzəddin Həsənoğluna Allahdan rəhmət, əsəri bizə təqdim edən Seyfəddin Altaylıya uğur diləyirəm. Amin.