Icma.az
close
up
RU
525ci qəzet Qələm və maskalar Qoldoni haqqında bir neçə söz

525ci qəzet Qələm və maskalar Qoldoni haqqında bir neçə söz

ELÇİN

Kütlədən intiqam almağın yeganə yolu,

həmin kütləni səni alqışlamağa məcbur etməkdir.

Karlo Qoldoni

XVII-XVIII yüzil Avropa dramaturgiyası (Molyer, Rasin, Bomarşe, Löpe de Veqa, Qotsi, Qoldoni, Şiller və b.) birdən-birə Şekspirdən sonra yaranmış nisbi boşluğu böyük istedad və enerji ilə doldurmağa başladı və bu dramaturgiya Avropa maarifçiliyinin mühüm göstəricilərindən birinə çevrildi.

Mən enerji ifadəsini işlədərkən, o dramaturqların yaradıcı və effektli məhsuldarlığını nəzərdə tuturam: təsəvvür edin, Löpe de Veqa 2000-dən (iki mindən!) çox pyes yazıb və onlardan yalnız (!) 427-si bizə gəlib çatıb, Karlo Qoldoni isə "cəmi" 150-dən artıq pyes yazıb və onun haqqında ədəbiyyatın dediyinə görə, bu əsərlərdən yalnız 60 neçəsi bizə gəlib çatıb.

Sadaladığım o  adları xatırlayarkən, bəzən məndə elə bir təsəvvür yaranır ki, elə bil, söhbət müasir dövr, çağdaş dünya dramaturqlarından gedir, çünki bu qələm sahiblərinin yaradıcılığı dünya, o cümlədən də, Azərbaycan teatrının repertuarlarında elə daimi bir yer tutur, elə aktual səslənir, elə müxtəlif modern estetika ilə tamaşaya qoyulur ki, 300-400 illik bir məsafədən sonra da ədəbi davamçıları - XIX-XX əsr dramaturqları ilə bədii-estetik baxımdan, hətta mənəvi-ideoloji baxımdan da yarışa bilirlər.

Əgər dünya Şekspirin dediyi kimi, teatrdırsa, epiqraf gətirdiyim fikirdəki kütlə məfhumu Qoldoni üçün ancaq tamaşaçıları, oxucuları ehtiva etmir, çünki onlar adi tamaşaçılar, adı oxucular deyil və Qoldoni qələminin, sözün əsl mənasında, düşmənçilik etdiyi və bu düşmənçiliyin bədii ifadəsi kimi gülüş mənbəyinə çevirdiyi kübar cəmiyyətin mənəvi dayazlığının daşıyıcıları - qraflar, milordlar, lordlar, madamlar, madmuazellərdır.

Venesiyada Qoldoninin çox canlı bir heykəli yadıma düşür: o, ayaq üstə, əlində əsa şəstlə addımlayır və addımlaya-addımlaya da artıq XXI əsrin birinci rübünü keçmək ərəfəsindədir, ancaq aradan keçən bu 300 il onun üçün yalnız bir epizoddur - bu addımlar onu daimi bir gələcəyə aparır, çünki Qoldoni həmişə bu günün və gələcəyin müasiridir, Şekspir və Molyer kimi, Qotsi və Şiller kimi, daha sonrakı dövrlərdə İbsen və Çexov, Şou və Anuy kimi.

O heykəldəki Qoldoninin kefi yenə də kökdür, gülür və bu gülüş də heç vaxt onun sifətindən əskik olmayacaq, çünki onun güldüyü həmin süni (yalançı!) kübar cəmiyyətinin karetalarını bu gün bahalı avtomobillər, şəxsi təyyarələr əvəz edib, o təmtəraqlı (və saxta!) təzimləri indi daha artıq bir ikiüzlülük, o sadəlövhlüyü daha artıq bir riyakarlıq əvəz edib. Sabah olsun ki, o təyyarələri də kosmik gəmilər, uçan avtomobillər əvəz etsin, Qoldoni gülüşü isə yenə insanlarla bərabər olacaq, çünki bu bədii-sosial gülüş - bəşəri gülüşdür.

Mütəxəssislər Karlo Qoldonini (1707 - 1793) Venesiya dramaturqu kimi təqdim edirlər, ancaq o, nə ayrıca Venesiyaya, ya da yaşadığı Fransaya yox, bütün Avropaya gülürdü, bu gün isə həmin gülüşün hədəfi Avropa da daxil olmaqla, ABŞ-dan tutmuş, Avstraliyayacan geniş bir coğrafiyanı əhatə edir və dünya rəqəmsal bir mövqeyə gəlib çıxıbsa da, ikili siyasi standartlar ikiüzlüyündən tutmuş, mənəvi və ictimai puçluqlar da elmi-texniki inkişafla addım-addım irəliləyib, yəni mahiyyət dəyişməyib, eynidir.

Buna görə də Qoldoni, dediyim kimi, bu günün və sabahın müasiridir. Onun pyesləri dünya teatrlarında, o cümlədən, Azərbaycan teatrlarında tamaşaya qoyulur, ekranlaşdırılır, düşündürür, gülür və güldürür.

Qoldoninin "İki ağanın bir nökəri", "Mehmanxana sahibəsi" kimi əsərləri bizim teatrlarımızda dəfələrlə tamaşaya qoyulub və yadıma gəlir, 1978-ci ildə Azərbaycan televiziyası "Mehmanxana sahibəsi"ni teletamaşa kimi hazırlamışdı. Aradan az qala, əlli il keçsə də, o tamaşanın yeniliyi, aktuallığı  (300 il davam edən aktuallıq!), oradakı şövq indiyə qədər mənim hafizəmdə qalıb.

Bu günlərdə internetdə axtarıb o tamaşaya bir daha baxdım (rejissorlar Lütfi Məmmədbəyov, Ədalət Ziyadxanov, Tariyel Vəliyev) və oradakı dediyim həmin yenilik, aktuallıq və şövq solub-saralmayıb, təzə və təravətlidir. İstərdim ki, oxucular vaxt tapıb bizim ən yaxşı tele-tamaşalarımızdan biri olan "Mehmanxana sahibəsi"ni axtapıb, baxsınlar və güman edirəm ki, Rəfael Dadaşov, İlham Namiq Kamal, Hamlet Qurbanov, Sadıq İbrahimov kimi o zamanın gənc aktyorlarının ifalarının emossional təsiri ilə məxsusi Qoldoni bədiiliyini yaxşı hiss edəcəklər. Rəhmətlik Zərnigar Ağakişiyeva o tamaşada Mirandolina rolunu ifa edir və mənə görə onun  ifasındakı canlılıq, təbiilik, şuxluq, təəssüf ki, bu aktrisanın axıracan istifadə edilməyən, axıracan üzə çıxarılmayan istedadının ən görümlü ifadəsidir.

Mən bu sətirləri sübh tezdən yazıram və birdən-birə uzun illər bundan əvvəl baxdığım İtaliya filmində Adriano Çelentanonun Kavaleri yadıma düşdü. "Mehmanxana sahibəsi" əsasında 1980-ci ildə çəkilmiş o filmə də (rejissor Paolo Kavara) yenidən baxdım və deyə bilmərəm ki, söhbət ən yaxşı İtaliya filmlərinin birindən gedir, ancaq Çelentanonun (Kavaler) və real həyatda onun xanımı Mori Klaudiyanın (Mirandolina) yüksək koloritli ifaları tamaşaçını Qoldoni gülüşü ilə güldürə bilir.

Qoldoninin əsərləri çox ekranlaşdırılıb, televiziya filmləri, tamaşaları çəkilib və onlar təbii ki, eyni bədii-estetik səviyyədə deyil, ancaq əsas məsələ budur ki, Qoldoni 300 ildən sonra da Sabirin bu misralarını yada salır:

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm niku bəd eləyim izhar yazım.

Günü parlaq, gündüzü ağ, gecəni tar yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım.

Niyə bəs, böylə bərəldirsən, a qare gözünü?

Yoxsa, bu ayinədə əyri görürsən özünü?

Böyük sənət və o cümlədən də, Qoldoni sənəti (eləcə də Sabir sənəti!) əbədi olduğu kimi, bu misraların ünvanladığı "qare"lər də əbədidir, sadəcə libaslarını dəyişirlər.

2

Bilmirəm, "nostalji" ifadəsi burda yerinə düşür, ya yox, ancaq hərdən adamda uzun illər əvvəl oxuduğu hansısa bir müəllif, ya hansısa bir əsər ilə bağlı nostalji hisslər yaranır və belə bir hisslə də mən Qoldoninin pyeslərini yenidən varaqladım, hətta xoşuma gələn komediyalarından birini  - "Kələkbaz dul qadın" pyesini rus dilindən tərcümə etməyə başladım.

Niyə "Kələkbaz dul qadın"?

Mənə elə gəlir ki, Qoldoni qələminin öldürücü, eyni zamanda da gülməli, şux satirası bu komediyada çox ciddi (!) bədii təcəssümünü tapıb və geyimindən, təzimindən tutmuş, danışıq tərzinə qədər Avropa kübar cəmiyyəti təmtəraqının başdan-başa saxta, qəlp olduğu bu əsərdə yaxşı və dəqiq təsvir olunub, buna görə də təsirli və təravətlidir.

Qoldoninin məşhur deyimlərindən biri də belədir: "Qadınlar nifrət bəsləməyə daha artıq sadiqdirlər (sədaqətlidirlər), nəinki məhəbbətə" (yəqin bu cür də tərcümə etmək olar: "Qadınlar məhəbbətdən daha artıq dərəcədə nifrət bəsləməyə sadiqdirlər") və bu baxımdan kələkbaz dul qadın - komediyanın qəhrəmanı Rozauranın nifrətə sadiqliyi barədə bir söz deyə bilmərəm, ancaq məhəbbətə, sevgiyə sədaqəti barədə söz söyləsək, deyəsən, Qoldoninin deyimi ilə şərik olacağıq.

Əsərdə təsvir edilən dörd surət - dörd "aşiq" Lord Runbif də, müsyö Deblo, don Alvaro de Kastilya, qraf di Bosko Nero da hansı cəmiyyətin nümunəvi yetirmələridirsə, Rozaura da, onun bacısı Eleonora da həmin cəmiyyətin xanım yetirmələridir və əslində Qoldoninin bütün yaradıcılığına sosrealizmdən qalmış süni "müsbət obraz" - "mənfi obraz" təsnifatı ilə yanaşmaq mümkün deyil. Qoldoni üçün kələkbaz, hiyləgər Rozaura da daxil olmaqla, "Kələkbaz dul qadın"dakı bütün surətlər gülüş hədəfidir və bu, bütün Avropanı ehtiva edir - Runbif ingilis, Leblo fransız, Alvaro ispan, qraf isə italyandır.

Əgər Mirzə Cəlilin "Anamın kitabı"ndakı qardaşların hərəsi həyat yolu ilə bağlı istiqaməti bir tərəfə çəkirsə və bu acı Məmmədquluzadə gülüşündə söhbət xalqın gələcəyi ilə bağlı milli-mənəvi və ictimai bir təhlükədən gedirsə, Qoldonidə heç bir milli-ictimai mətləb yoxdur, çünki inkişaf etmiş kübar Avropa cəmiyyətindəki (bəlkə "zümrəsindəki" desək, daha dəqiq olar) təmtəraq parıltısı, varlı və havayı güzəran aktuallığı milli-ictimai mətləbi, problemləri xeyli dərəcədə üstələyib - bu, artıq xalqın yox, zümrənin gələcəyinə aid düşüncələrin, bəlkə də təhtəlşüur bir nigarançılığın bədii ifadəsidir.

Fikir verin, "aşiq" don Alvaro  Rozaura ilə belə bir dillə danışır: "Mən görürdüm ki, sizin gözləriniz necə gözqamaşdıran bir ülviliklə işıldayır və  mənim qəlbimi səcdə, ehtiram, heyrət bürüyür. Mənə elə gəlir siz bizim o xanımlarımızdan birisiniz ki, gözləri ilə heyrətləndirə, nəzərlərini adamın qəlbinə sancmaq qüdrətinə malikdirlər." Yaxud bu da ikinci bir "aşiq" müsyö Leblonun Rozaura ilə görüşündə danışıq tərzinə baxın: "Aman, Yaradan! Əgər Apelles Veneranın şəkilini indi çəkmək istəsəydi, o, yalnız sizin portretinizi çəkərdi... Sizin saçlarınız da qeyri-adi bir zövqlə elə düzülüb ki, təbii gözəlliyinizi tamamlayır. Sizə baxanda, elə bil, mən Floranı görürəm..." Elə həmin müsyö Leblo Rozauranın bacısı Eleonora ilə ilk görüşdə də (ancaq artıq başqa bir sevda ilə!) bu cür bir əda ilə məhəbbətini izhar edir: "Madmuazel, icazə verin, sizin gözəlliyinizə valeh olmuş bir ürəyi pərəstiş əlaməti olaraq ayaqlarınızın altına atım..."

Mən bu cümlələri hələ bir az (imkan daxilində) sadələşdirmişəm, ancaq tərcümə zamanı danışıqdakı o  təmtəraqı, dəbdəbəni, təntənəni tamam sadələşdirsək, bizim danışıq dilimizə çevirsək, XVII əsr Avropa zadəganlığının, həmin zümrə əsilzadəliyinin koloritini itirmiş olarıq - bu da artıq tərcümə yox (Qoldoni yox!), təbdil, ən yaxşı halda, "sərbəst tərcümə" olacaq və buna görə də mən qəhrəmanların dilindəki cəlalı (yenə də imkan daxilində) saxlamağa çalışmışam.

Kübar hesab olunan o dörd vropalı əsilzadə gənclər üçün eşq, sevda, məhəbbət adi (və sadə, bəlkə də sadəlövh) gündəlik həyat hadisəsidir: bu gün onu sevirsən, sabah başqasını; oğlan tanımadığı bir qızdan: "- Siz məni sevirsiz?" - deyə soruşa bilər, qız da: "-  Dəlicəsinə!.." - deyər və hər ikisi bir  saatdan sonra fikrini (zövqünü, sevgisini) dəyişə də bilər.

Bu qəhrəmanlar bir-birləri ilə söhbətdə, mənsub olduqları cəmiyyətin cürbəcür əyləncələrində - səhərəcən çəkən rəqs gecələrində, ballarda, karnavallarda nə qədər nəzakətlidirlərsə, lazım gələndə nökərlərə, qulluqçulara kimin kim olduğunu göstərməyi də bacarırlar və göstərirlər. Rozaura "çox da zərif" olmadığını deyir və düz də deyir. Baxın, qulluqçu Marionetta ilə az qala rəfiqəlik edir, ancaq görəndə ki, qulluqçu bir az sərbəstliyə yol verir, "xanım-qulluqçu" sərhədindən bir az kənara çıxmağa yol verir, dərhal ona çımxırır: "Yerini bil!.."

Arlekin, yaxud Marionetta kimi nökər və qulluqçular ağalarından xeyli dərəcədə canlı personajlardır, çünki maskasızdırlar və onların maska taxmağa mənəvi ehtiyacları yoxdur. Onların zarafatları da, hiddətləri, yalanları da təbiidir və bu təbiiliyin müqabilində isə həmin milord və qrafların, madam və madmuazellərin daxili dayazlıqları, hiss və həyəcanlarının səthiliyi daha aydın görünür, yəni Qoldoni bu ziddiyyətdən, siniflər uçurumundan bədii məharətlə istifadə edir.

"Kələkbaz dul qadın"da belə bir dialoqa fikir verin:

"ROZAURA. Bəs İspaniyada sadə insanlar necə yaşayırlar?

ALVARO. İspaniyada sadə insanlar yoxdur."

Alvaro Qoldoninin həmin "Avropa kübarlığı"nın tipik nümayəndəsidir və bu qısa qeydlərdə mənim onun sözlərini uzun-uzadı təkzib etməyimə ehtiyac yoxdur, çünki onun dahiyanə cavabını Alvarodan yüz il əvvəl "Don Kixot"da həmyerlisi Servantesin qələmi verib:  İspaniyada sadə insanlar yoxdursa, eşşəyin belində Lamançalı Don Kixotu müşayiət edən Sanço Pansa kimdir?

3

XVII-XVIII yüzil (elə sonralar da) kübarlar maska taxıb, karnavallar keçirirdi və bu maskalar əsas etibarilə guya şərəf və nəcabəti, mərdlik və sədaqəti bildirmək üçün bir vasitə idi. Bu yalançı maskaları onlar özləri taxmırdı, bunu cəmiyyət onların sifətinə taxırdı və özlərinin də bundan xəbərləri yox idi.

Karlo Qoldoninin qələmi o maskaları çıxarırdı.

Tədqiqatçılar belə bir faktı qeyd edirlər: Fransa kralı XVI Lüdovik nəhayət ki, Qoldoni üçün 1200 frank məbləğində pensiya təyin edir, ancaq 1793-cü il fransız inqilabı zamanı inqlabın qioltinası XVI Lüdovikin başını bədənindən ayırır və Qoldoninin pensiyası da ləğv edilir.

Pensiyasız Karlo Qoldoni 1793-cü il fevralın 6-da 85 yaşında vəfat edir. Bir gün əvvəl isə, yəni fevralın 5-də onun pensiyası bərpa edilmişdi.

Qoldoni bu pulu xərcləyə bilmədi, ancaq güman edirəm ki, heç olmasa, onun ruhu şad oldu ki, xanımı bu 1200 franklıq pensiyanı axıracan ala bildi.

20 dekabr 2024.

Bakı.

KƏLƏKBAZ  DUL QADIN  

QOLDONİ

(İkinci pərdə, iyirminci gəliş)  

Don  Alvaro gəzişir, sonra ispan qiyafəsində  Arlekin peyda olur.

ALVARO. Ya Rozaura ədəb-ərkan qaydalarını yaxşı bilmir, ya da Arlekin pis nökərdir. Məni bu qədər intizarda qoymaq, heç də yaxşı şey deyil. Milyon dublona versəydilər də, mən buna dözməzdim. Qoy bir Arlekin gəlsin. Tapşıracağam, ona yüz çubuq vursunlar! Mənim rütbəmdə olan bir adamla belə rəftar eləmək olar? Ancaq... bəlkə... Rozaura mənim əcdadlarımla tanış olur, ona görə məsələ bu qədər ləngiyir. Axı söhbət düz iyirmi dörd qatlı bir nəsildən gedir. Bu nəsil birbaşa kraldan başlayır. Nəslimizdə o qədər adlı-sanlı hersoqlar var ki!.. Məncə, üzrlü ləngiməkdir.

Arlekin gəlir. Don Alvaro əvvəlcə onu görməyərək, eləcə var-gəl edir.

ARLEKİN. Mənim möhtərəm ağam!

ALVARO. Nə oldu? Nə gətirmisən?

ARLEKİN. Yaşasın bizim hökmdarımız kral! (Şlyapasını çıxarır.)

Don Alvaro da şlyapasını çıxarır.

Donya Rozaura sizi çox sevir.

ALVARO. Bilirəm. O, mənim böyük şəcərəm haqqında nə dedi?

ARLEKİN. Sizin şəcərənizi öpməkdən doymurdu. Öp ki, öpəsən!.. Şəcərənin qədimliyi onu elə heyran etmişdi ki, həddi-hüdudu yox idi.

ALVARO. Mənim sevgimi ona dəqiq yetirə bildin?

ARLEKİN. Necə demişdinizsə, elə o cür!

ALVARO. Bəs onun cavabı?

ARLEKİN. Buyurun, bu da möhtərəm donya Rozauranın cavabı!

Arlekin şlyapasını çıxararaq, məktubu ona təqdim edir.

ALVARO. Ah, ürəyim mənim! Böyük bir həzz almağa hazırsanmı?! (Oxuyur.) "Mən göndərdiyiniz portreti böyük bir məmnuniyyətlə qəbul etdim..." (Arlekinə.) Bu nə portretdir belə?

ARLEKİN (kənara). Vay-vay! Yaxşı yerdə axşamladım! Fransıza yazılmış cavabı səhv salıb, buna vermişəm... Eybi yox, ağlımı gərək işə salım.

ALVARO. Niyə cavab vermirsən?

ARLEKİN. Sizin şəcərə ağacınız elə sizin böyüklüyünüzün, sizin nüfuzunuzun portretidir, də!..

ALVARO. Hm... Hə, mən də belə fikirləşirəm. (Oxuyur.) "Onun orijinalına hörmət bəsləyərək..." (Arlekinə.) Hansı orijinaldan söhbət gedir?

ARLEKİN. Lütfən söyləyin: bu şəcərə ağacında ilkin olan kimdir?

ALVARO. Kastiliyanın krallarından biri.

ARLEKİN. Baxın, xanım Rozauranın dərin dərrakəsi burda hiss olunur də! O, sizin şəcərənin bünövrəsini qoymuş Kastiliya kralını orijinal hesab edir və ona ehtiramını ifadə edir.

ALVARO. Hə, mən də belə fikirləşirəm... (Oxuyur.) "Öz portretimi sizə göndərə bilmirəm, çünki yoxumdur."

ARLEKİN. Hə, onun belə bir şəcərə ağacı yoxdur. Özünüz başa düşürsüz də...

ALVARO. Hə, mən də belə fikirləşirəm... (Oxuyur.) "Mən bu nadir zinəti çox qiymətləndirirəm..." (Arlekinə.) Hansı zinəti?

ARLEKİN. Necə hansı zinəti? Sizin şəcərə ağacınız bir xəzinədir də!..

ALVARO. Hə, mən də belə fikirləşirəm... (Ardını oxuyur.) "...və istəyirəm onu qızıl çərçivəyə salım. "Ay səni! Mənim şəcərə ağacım çəkilmiş kağızı qızıl çərçivəyə salır!

ARLEKİN. Əlbəttə! Bu şəcərə qızıl ramkaya layiqdir!

ALVARO. Hə, mən də belə fikirləşirəm... (Oxumağa davam edir.) "Mən onu öz sinəmdə gəzdirəcəyəm." Necə? O boyda çərçivəni sinəsində gəzdirəcək?

ARLEKİN. Ah, siz niyə başa düşmürsüz? Bu, poetik bir ifadədir. Bu o deməkdir ki, sizin şəcərə ağacınızı daima ürəyində gəzdirəcək.

ALVARO. Hə, əlbəttə... Mən də belə fikirləşirəm. Hələlik. (Getmək istəyir.)

ARLEKİN. Sinyor!

ALVARO. Nə istəyirsən?

ARLEKİN. Axı, sizin yaddaşınız yaxşıdır, elə deyilmi?

ALVARO. Bu nə səfeh sualdı belə?

ARLEKİN. Sizin kimi bir cənab, nə söz verirsə, onu da edir.

ALVARO. Hə, düz deyirsən. Unutmuşam. Sən yaxşı xidmət etmisən, mən də bunu qiymətləndirməliyəm. Sən donya Rozauraya böyük bir xəzinə aparmısan. Bu da sənə kiçik bir xəzinə. (Cibindən qatlanmış bir kağız çıxarıb, ona verir.)

ARLEKİN. Bu nədi belə?

ALVARO. Mənim lakeyim olmağın barədə şəhadətnamə. (Gedir.)

ARLEKİN. Ay səni, xəsisin, simicin biri! Bunun xəzinəsinə bax! Mənim kimi vicdanlı, amma kasıb adama gör, necə istehza edir!.. Eybi yox, mən də bilərəm, nə edim! Ooo, baxın, mənim fransızım da burdadı! Tez, tez ol ki, o məni bu qiyafədə görməsin. İspan məni ələ saldı, bəlkə bu fransızdan nəsə qoparda bildim. (Gedir.)

İyirmi birinci gəliş

Leblo güzgüyə baxır. Sonra fransız qiyafəsində Arlekin gəlir.

LEBLO. Yox, bu parik yaxşı görünmür. Başımda düz-əməlli dayanmır. Sağ tərəfi də sol tərəfindən uzundur. Yox, bu bərbər heç nə bacarmır, gərək Parisdən başqasını dəvət edim. Burda pariki daraya bilmirlər. Burda heç pinəçilər də bir şey edə bilmirlər. Bunlar ayaqqabını o qədər gen edirlər ki, gəl, görəsən! Başa düşmürlər ki, ayaqqabı gərək adamın ayağını bir az sıxsın. Ah, Paris!.. Gözəl Paris!..

Ona tərəf gələn Arlekini görür. Arlekin gülməli tərzdə bir neçə dəfə təzim edir.

Əhsən! Əla! Yaxşı təzim etməyi bacarırsan. Xanımın yanında oldun?

ARLEKİN. Əlbəttə. Əgər mən getməsəydim, dəhşət olardı.

LEBLO. Dəhşət niyə?

ARLEKİN. Necə bir gözəllik!.. Necə bir zəriflik!.. Gözlər, burun, dodaqlar!.. Hələ sinəsini demirəm!..

LEBLO (kənara). Elə bil, Parisdən gəlib. Bizim nökərlərin həmişəki xəstəliyidi də!.. Gözəl görən kimi, aşiq olurlar.

ARLEKİN. Hədiyyənizi verdim. Bilirsiz, hansı bir məhəbbətlə sinəsinə sıxdı?!.

LEBLO. Bəsdir! Yoxsa, xoşbəxtlikdən birtəhər olarsan!

ARLEKİN. Elə bil, portretinizə baxmaqdan doymurdu. Öp ki, öpəsən!..

LEBLO. Ah, mənim əzizim Rozaura!.. (Arlekinə.) Sənə dediklərimin hamısını ona çatdıra bildin?

ARLEKİN. Əlbəttə! Hətta bir-iki dəfə gözlərim də yaşardı.

LEBLO. Əhsən! Deyirdim də, sən belə işlər üçün doğulmusan! (Onu öpür.)

ARLEKİN. Ah, sinyor!.. Sevinin! Rozaura!.. O-o-o!..  Aman Tanrım!..

LEBLO. Nə, əzizim Arlekin? O nə etdi? Mənim Rozauram!..

ARLEKİN. O, sizin dediyiniz sözləri eşidəndə, bayıldı.

LEBLO. Sən məni dünyanın ən varlı insanı edirsən! Sən məni xoşbəxtliyin zirvəsinə qaldırırsan! De görüm, cavab yazdımı?

ARLEKİN (kənara). Lənət şeytana! Cavabı axı mən ispana verdim. (Bərkdən.) Yazdı, əlbəttə... Ancaq...

LEBLO. Nə ancaq? Ancaq nə?

ARLEKİN. Mən o cavabı itirdim.

LEBLO. Ah, alçağın biri, alçaq! Bu cür qiymətsiz bir şeyi itirmək olar?! Göylərə and olsun ki, mən bu şpaqanı sənin ürəyinə soxacağam! (Şpaqasını sıyırır.)

ARLEKİN. Yox, yox. Bu saat onu tapacağam! Budur! Tapdım! (Kənara.) Yaxşısı budu, ispana yazılmış məktubu buna təqdim edim, yoxsa, doğrudan da, məni o biri dünyaya göndərər. (Bərkdən.) Budur, alın!

LEBLO. Ah, mənim əziz Arlekinim! Mənim dərdlərimin dərmanı! Mənim bəxtəvər günlərimin carçısı! (Arlekini qucaqlayır.)

ARLEKİN (kənara). İndicə məni o dünyaya göndərmək istəyirdi, indi bağrına basır.

LEBLO (məktuba baxaraq). Mənim ürəyimin məcunu! Səni açıb oxumaq istədikcə, bilsəydin ürəyim necə döyünür! Oxuyaq! (Oxumağa başlayır.) "Mən sizin şəcərə ağacınızın qədimliyinə heyran olmuşam..." (Arlekinə.) Bu nə deməkdi? Necə yəni mənim şəcərə ağacımın qədimliyi? Bu nədi belə?

ARLEKİN (kənara). Buyur də!.. Hər şey təzədən başlayır. (Bərkdən.) Doğrudan, başa düşmədiz?

LEBLO. Hə, başa düşmədim.

ARLEKİN. Bu saat sizə deyim. Siz bəyəm, öz nəslinizin yeganə nümayəndəsi deyilsiz?

LEBLO. Hə. Nə olsun ki?

ARLEKİN. Bəyəm, siz evlənmək istəmirsiz?

LEBLO. Hə. Nə olsun?

ARLEKİN. Bəyəm, evlilik öz bəhrəsini vermir?

LEBLO. Verir.

ARLEKİN. Bəs bu, qollu-budaqlı bir ağacdan xəbər vermir?

LEBLO. Hə, elədir.

ARLEKİN. Deməli, siz öz nəslinizin qollu-budaqlı bir şəcərə ağacısınız.

LEBLO. Ah, xanım Rozaura necə də incə br təfəkkür sahibidir.

ARLEKİN. İncədən də incə!..

LEBLO. Necə də ağıllıdır!.. (Oxumağa davam edir.) "...və mən gördüm ki, sizin şəcərəniz krallardan, hersoqlardan başlayır..." (Arlekinə.) Necə? Bu   nə deməkdir?

ARLEKİN. Baxın e!.. Axı, siz fransızlar həssas bir xalqsınız, ancaq bu sadə sözləri anlamırsız.

LEBLO. Hə, etiraf edirəm ki, başa düşmədim.

ARLEKİN. Sizin portretə baxarkən, o, gözəl və dərin ehtirama layiq bir obraz görür. Ona görə də inanır ki, siz kralların, hersoqların sələfisiniz.

LEBLO. Arlekin, sən böyük bir insansan! (Onu öpür və oxumağa davam edir.) "...Əgər mən bu cür yüksək cəmiyyət xanımların sırasına daxil olsam..." (Arlekinə.) Yüksək cəmiyyət xanımları? Hansı xanımlar?

ARLEKİN. O xanımlar ki, sizi  sevirlər.

LEBLO. Hə, doğrudur, o xanımlar az deyil. (Oxumağa davam edir.) "...mənim də şəcərə ağacım zənginləşəcək..." (Arlekinə.) Bəs bunu necə başa düşmək lazımdır?

ARLEKİN. Yəni onun özü də, öz şəcərələrinin son nümayəndəsi olan qoca atası da şərəflənəcəklər.

LEBLO. Böyük Arlekinə eşq olsun! Sən böyük də minnətdarlığa layiqsən.

ARLEKİN (kənara). Əla!

LEBLO. Mən fikirləşirəm ki, tapşırığımı bu cür parlaqcasına yerinə yetirdiyinə görə sənə nə verim?

ARLEKİN. Bir ingilis onun tapşırığını bu cür yerinə yetirdiyimə görə, mənə dolu bir kisə verdi.

LEBLO. Dolu bir kisə? Yox, bu azdır. Onun tapşırığını görünür, bu dərəcədə parlaq yerinə yetirməmisən. Sən elə bir mükafata, elə bir hədiyyəyə layiqsən ki, qeyri-adi olsun! Bəli, qeyri-adi! Aha! Mən bilirəm sənin parlaq xidmətini necə qiymətləndirim! (Məktubu ona göstərərək.) Ala, bax, bu misilsiz məktub yazılmış kağızın bir qırığını ən böyük mükafat kimi sənə verirəm! (Kağızın qırağından bir qırıq kəsib, ona verərək, gedir.)

İyirmi ikinci gəliş

Arlekin,  sonra evdən çıxan Marionett a. Əlində kağız qırığı tutmuş Arlekin şaşırmış bir vəziyyətdə dayanıb və Leblonun ardınca baxır.

MARİONETTA. Müsyö Arlekin, siz burda nə edirsiz?

ARLEKİN. Burda dayanıb düşünürəm ki, bir fransız nə qədər əliaçıq imiş!

MARİONETTA. Söhbət müsyö Leblodan gedir?

ARLEKİN. Özüdür ki, var.

MARİONETTA. Sizə nəsə bağışlayıb?

ARLEKİN. Bəli! Əgər bilsəydiniz ki, nədir?!

MARİONETTA. Mənə qulaq asın. Siz istəyirsiz ki, parissayağı bir nökər olasız. Buna görə də gərək Paris ənənələrini öyrənəsiniz. Nökər ağasının məktubunu sevilən xanıma təqdim edir, bu xidmətə görə ona pul verirlər. Nökər nə etməlidr? Həmin pulu xanımın kənizi ilə bölüşməlidir. Bildin? Axı, hər şeyi kəniz təşkil edir ki, işlər yağ kimi getsin. Hamı da məmnun qalsın.

ARLEKİN. Düzdü, Marionetta. Sən də ən böyük hədiyyəyə layiqsən.

MARİONETTA. Hə. Mən sənin ağana çox kömək etdim.

ARLEKİN. İndi mən fikirləşirəm ki, bu cür gözəl fəaliyyətin üçün sənə nə qədər verim?

MARİONETTA. On skudo mənim xidmətlərim üçün elə də çox bir məbləğ deyil.

ARLEKİN. On skudo? Sən daha artıq bir hörmətə layiqsən. Mən sənə... hə, əlbəttə... bu elə bir şey olmalıdır ki, sənin zəhmətinə layiq olsun. Əlini uzat, görüm. (Əlindəki kağız qırığını ona göstərərək.) Bax, bu kağızın bir qırığını sənə verirəm! Bu, dünyadakı bütün daş-qaşlardan da artıqdır! (Qrafın verdiyi kağız qırığından bir az da cırıb, Marionettanın əlinin içinə basır və gedir.)

İyirmi üçüncü gəliş

Marionetta təkdir.

MARİONETTA. Ay səni, yaramaz İtaliya dələduzu! Mən bilirdim ki, sən elə beləsisən! Mənə bir qırıq kağız verir! Mənə belə münasibət bəsləmək olar? Marionettanı bu cür gülünc vəziyyətə salmaq olar?! Mən mən olmaram, sənin başına oyun açmasam, alçağın biri alçaq! Sən bilirsən mən kiməm? Mən Marionettayam! Mənim anam bilirsən kimdir? Kraliçanın dayəsinin kənizi! Bildin! Mən qadınam, qadın da tələb etməyin, əmr verməyin qaydasını yaxşı bilir! Əgər mən tələb eləsəm, əmr versəm ki, səni taxta ilə kötəkləsinlər, min nəfər aşiqim növbəyə düzülər! Çünki sən mənim yox e, mənim fransız xalqımın şərəfinə toxunmusan, məni təhqir etmisən, dəyyus! (Gedir.)

seeBaxış sayı:72
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri