Icma.az
close
up
RU
62 dən 704+9? (9) a qədər Vilayət Quliyev yazır

62 dən 704+9? (9) a qədər Vilayət Quliyev yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vilayət QULİYEV

Riyazi düsturu xatırladan başlıq təsadüfi seçilməyib. Çünki haqqında danışmaq istədiyim monumental nəşrin - 10 böyük formatlı cilddən ibarət "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabının iki müəllifindən biri riyaziyyatçıdır. Həm də sıradan riyaziyyatçı deyil. Bu sahə üzrə tanınmış mütəxəssisdir, elmlər doktoru, professordur, Azərbaycan MEA-nın müxbir üzvüdür. On ildən çoxdur ki, mühüm elmi-tədqiqat müəssisəsinə - Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edir. Yəqin diqqətli oxucular ad çəkilmədən də söhbətin görkəmli ziyalımız, yalnız öz sahəsində deyil, ədəbi-ictimai həyatda da fəal mövqeyi ilə seçilən Misir Mərdanovdan getdiyinin fərqinə vardılar.

Elm, təhsil, mədəniyyət, bütünlükdə çağdaş fikir tariximizə ciddi töhfə sayılacaq əsərin digər müəllifi də yetərincə tanınan ünlü alim-tədqiqatçıdır. Həqiqi elmi fədakarlıq və mənbələrə bələdlik baxımından yalnız şəxsinin araşdıra biləcəyi mövzulara dair çoxsaylı kitab və məqalələrin yazarı, 1970-1974-cü illərdə keçmiş ADU-nun filologiya fakültəsində birgə tələbəlik dövründən yaxşı tanıdığım və aşağı-yuxarı yarım əsrdən bəri ünsiyyət saxladığım filoloq həmkarım, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadədir.

Bir qəzet məqaləsi daxilində bütün məziyyətlərini anlatmaq o qədər də asan olmayan mötəbər "tələbə ensiklopediyası" ilə bağlı fikir və mülahizələrimin şərhinə keçməzdən əvvəl başlığa çıxarılan və yəqin ki,  oxuculara qəribə görünəcək "62-dən 704+9 (9)-a qədər" düsturuna aydınlıq gətirmək istərdim.

Əslində "qələti-məşhur" olan, annotasiyada və hər iki müəllifin giriş sözündə xatırladılan 62 rəqəmi elm və təhsil tariximizlə az-çox maraqlanan hər kəsə məlumdur. Amma yenidən yada salmaqda  fayda var.

Deməli, Sovet Azərbaycanın ilk maarif komissarı Dadaş Bünyadzadə 1921-ci ildə I Şuralar qurultayındakı çıxışında demişdi ki, "Bizim Azərbaycanda əsrlər boyu heç bir iş görülməyib. Bu yaxınlarda biz bütün əhalini siyahıya aldıqda məlum oldu ki, cəmi 62 nəfər alitəhsilli müsəlman vardır".

Misir müəllim çoxcildliyin oxucularına ünvanlandığı "Varmış millətimin xətti bu imzalar içində!" adlı giriş sözündə etiraf edir ki, "...bu fikrə şübhə ilə yanaşırdıq. İnanırdıq ki, arxivlərdə ciddi araşdırmalar aparılsa, sovet hakimiyyəti qurulana qədər ali təhsil almış azərbaycanlıların sayı qat-qat arta bilər".

Tələbə vaxtı eyni rəqəmə təsadüf edən Ədalət Tahirzadə də sovet təbliğatının yalanına inanmamışdı. Arxivlərin qapalı, gerçək tariximizlə bağlı çox mətləblərin yasaq olduğu bir vaxtda araşdırıb yalnız açıq mənbələrdən "inqilabdan əvvəl" ali məktəblərdə oxumuş 147 azərbaycanlının adını tapmışdı. 

Deməli, 62-nin nə olduğunu bildik. 704 rəqəmi 1920-ci il aprel çevrilişinə qədər ali məktəblərdə oxumuş tələbələrimizin sayıdır. Yəni adi hesablama aparsaq, onların Dadaş ustanın iddia etdiyi 62 nəfərindən başqa qalan 642-sinin  (yəni 10 dəfə çoxunun!) müəlliflərin səyi nəticəsində son illərdə aşkara çıxarıldığı bəlli olar. +9 ? əsər üzərində iş gedərkən tapılan və sonuncu həmin cildin "Əlavələr" bölməsinə daxil edilən tələbələrdir. Sual işarəsi isə gələcək axtarışlar zamanı onların da sayının artacağı ilə bağlı gözləntinin ifadəsidir. Mötərizə içindəki - (9) mütləq əksəriyyətinin elmi ictimaiyyətə ilk dəfə təqdim olunduğu yeni faktları, zəngin foto materialı (təxmini hesablamaya görə onların sayı 1500-dən çoxdur) özündə ehtiva edən bu möhtəşəm soraq kitablarının artıq çapdan çıxmış 9 cildinin ümumi həcmi 5144 (!) səhifədir. Yeri gəlmişkən, onlar da çoxalır. Bu günlərdə çapa göndəriləcək 10-cu cilddə milli mənsubiyyət baxımından azərbaycanlı olmasalar da, həyat və fəaliyyətləri ölkəmiz, xüsusən də Azərbaycan Cümhuriyyətinin tarixi  ilə sıx bağlı olan türk-müsəlman əsilli ziyalı və dövlət xadimləri haqda materiallar toplanıb.

Amma bu da hamısı deyil. Misir Mərdanovun yazdığına görə, "Bu gün bizə ali məktəblərdə oxumuş 907 nəfər azərbaycanlının adı bəllidir. Onların adlarını arxiv sənədlərinə və digər qaynaqlara əsasən dəqiqləşdirmişik". Deməli, adı bilinən, amma həyat və fəaliyyətləri barədə hələlik kifayət qədər məlumat olmayan daha 203 (bəlkə də daha artıq!) nəfər əhatəli tədqiqini gözləyir. Başqa sözlə desək, yaxın illərin araşdırmaları "1920-ci ilədək ali məktəblərdə oxumuş" gənclərimizin sayını dördrəqəmli həddə çatdırmağa imkan verəcək.

Bununla da riyazi hissəni başa çatdırdıq. Necə deyərlər, "düsturu" açdıq. İndi də keçək 100-150 il bundan əvvəl Avropa təhsilinin xalqımız üçün əhəmiyyəti və faydası məsələsinə. Çətin yolun ilk yolçularına və çoxdan tələbat duyulan, yalnız bizim günlərdə işıq üzü görən bu soraq kitablarının zəruriliyinə...

İşğalçı Rusiya imperiyası ilə Qacarlar arasında imzalanan 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycan türkləri əsrlər boyu davam edən ənənəvi yaşam tərzi ilə həmişəlik vidalaşmalı oldular. Doğrudur, özü də yarımasiya imperiyasından fərqlənməyən mütləqiyyət Rusiyası mədəni inkişaf baxımından hələ Avropa deyildi. Amma qəsbkar kimi gəldikləri torpağın həqiqi sahiblərinə - çoxu türk əsilli və Məhəmməd ümmətinə mənsub milyonlarla insana, ən əsası isə özlərindən daha qədim tarixə və mədəniyyətə malik xalqlara  təhqiramiz "inorodets" (yad soylu), "inoverets" (yad dinli), "dikoe plemya", "dikari" (vəhşi tayfa, vəhşilər) adlarını vermələri yeni "ağaların" hakimiyyəti dövründə daha heç nəyin əvvəlki kimi olmayacağının "müjdəsi" idi. Yəni günəş altında yer tutmaq, milli varlığını yaşatmaq üçün əskidəki kimi qalmaq kifayət etməyəcəkdi. Dünənə qədər pis-yaxşı qonşuluq edən ermənilər, qismən də gürcülər artıq xaçpərəst ruslara güvənib at oynadırdılar. Təhsilli, savadlı olmaları, üstəlik də, hakimiyyətə yaxınlıqları nəticəsində hərbi-mülki idarəçilikdə geniş təmsil olunur, regionun tarix və coğrafiyasını istəklərinə uyğun dəyişirdilər. Doğma yurda sahib çıxmaq, N.Nərimanov demişkən, ata-babaların məzarı olan torpaqlara "Vətən" deyə bilmək üçün yeniləşmək yeganə yol idi.

Hənifə xanım Həsən bəy Zərdabi haqqındakı xatirələrində bu mənada çox ibrətamiz bir məqama diqqəti çəkir: "Həsən bəyin ilk müəllimi atası Səlim bəy olmuşdu. Uşaq nəslinin keçmişi və rusların Qafqaza gəlmə tarixi ilə bağlı söhbətlərə xüsusi maraqla qulaq asırdı. General Paskeviçin (1827-1831-ci illərdə Əlahiddə Qafqaz korpusunun baş komandanı və Qafqaz əyalətinin baş mülki idarəçisi feldmarşal İ.F.Paskeviç-Erivanski - V.Q.) pişvazına çıxdıqları zaman əmisi Rəhim bəyin mərasimə gətirilmiş bir dəstə erməni məktəblisini göstərib dediyi "Biz burada yaşayacağıq. Amma yalnız uşaqlarımız bu məktəblilərin sırasında dayananda bizimlə də hesablaşacaqlar!" - sözləri yaddaşına həmişəlik həkk olunmuşdu".

Həsən bəy Məlikov əmisinin çağırışına birincilər sırasında səs verərək sanki soydaşlarına da nümunə göstərmək üçün Moskva Universitetinə daxil olmuş, 1865-ci ildə oranı namizəd (indiki magistr -V.Q.) dərəcəsi ilə bitirmişdi. Və bundan sonra ömrünün sonuna qədər heç vaxt özü üçün yaşamamışdı. "Zindəganlıq davasında" (yaşam savaşında) başsız qalan millətinin yolgöstərəni olmuşdu.

Əlamətdar haldır ki, 1920-ci ilə qədər çar Rusiyası şəraitində ali məktəblərdə oxumuş türk-müsəlman gənclərin yalnız paytaxt Peterburq üzrə yarıdan çoxu azərbaycanlıların payına düşür. Peterburqla bir sırada Moskva, Kiyev, Kazan, Odessa, Xarkov, Derpt, Tomsk və b. universitetlər vardı. Bu ali məktəblərdəki "müsəlman" tələbə kontingenti də kiçik istisnalarla Volqaboyu və Qafqaz türklərindən ibarət idi. Ölkəmizdən min kilometrlərlə uzaqdakı bilik məbədlərinə üz tutan gənclərin, ən çox da onların milli  ruhlu, təəssübkeş kəsimi sayəsində Avropa mədəniyyətinin institutları - teatr, yeni tipli məktəblər, nəşriyyatlar, mətbuat, siyasi partiyalar, xeyriyyə cəmiyyətləri və s. imperiyanın digər "müsəlman" bölgələri ilə müqayisədə Azərbaycan həyatına daha tez nüfuz etmiş, buradan isə digər türk ellərinə yayılmağa başlamışdı. Türküstan, Dağıstan, Şimali Qafqaz, hətta qonşu İran və Türkiyədə bir sıra mədəni təşəbbüslərin öncülləri Azərbaycan türkləri olmuşdu. Hətta Qacarlar dövləti 1909-cu ildə ölkədə əsaslı hüquqi islahat aparmaq, ədliyyə sistemini yenidən qurmaq məqsədi ilə Peterburq universitetinin məzunu, tanınmış hüquqşünas və siyasi xadim Ə.Topçubaşovu Tehrana köçüb rəsmən nazir (bəzi qaynaqlara görə baş nazir) vəzifəsini tutmağa dəvət etmişdi...

Şübhəsiz, bu qəbildən olan çoxsaylı faktlar tariximizin, yeni milli ziyalı təbəqəsinin təbliğ edilməyə layiq, qürur doğuran səhifələridir. Amma on illər boyu məsələ əsasən ideoloji prizma altında nəzərdən keçirildiyi üçün milli maraqlar naminə maarifi həyat prinsipinə, mübarizə vasitəsinə çevirmiş fədakar soydaşlarıın çoxunun şəxsiyyəti və fəaliyyəti haqda danışmaq əslində yasaq edilmişdi. Bu baxımdan ensiklopedik soraq kitabının ən qiymətli məziyyəti XIX əsrin ikinci yarısı-XX əsrin ilk iki onilliyində xalqımızın alitəhsilli nümayəndələrinin elm, tarix, mədəniyyət, maarif, səhiyyə, ictimai-siyasi həyat, milli idarəçiliklə bağlı fəaliyyətini naməlumluqdan gün işığına çıxarmasıdır. Təəssüf ki, "oxumuşların" hünəri, vətəndaş qeyrəti müqabilində cəmiyyətin onlara dəyər verməsi çətin, mürəkkəb prosesə çevrilmiş, uzun zaman tələb etmişdi.

...1983-cü ildə doktorluq dissertasiyası üçün material toplamaq məqsədi ilə Kazanda, keçmiş Tatarıstan MSSR Mərkəzi Dövlət Arxivində işləyirdim. Baxmalı sənədlərin çoxluğu, vaxtın azlığı seytnot yaratmışdı. Arxivlə əlaqəsi olanlara tanış hissdir. Amma hər şeyə rəğmən, imkan tapıb çarizm dövründə burada təhsil almış tələbələrimizlə də maraqlandım. Şəkillərini çıxardım, bəzi sənədlərin surətini əldə etdim. Bakıya qayıdandan sonra 1851-ci ildə Kazanda ali təhsilini namizəd diplomu ilə başa vuran gələcək türkoloq-alim, sonralar Moskvadakı Lazarev Şərq Dilləri İnstitutunun müəllimi Mahmud İsmayılov (1829-1867) haqda "İlk tələbə" (o vaxt N.Tahirzadənin 1848-ci ildə Sankt-Peterburq universitetini bitirmiş Ağa bəy Yadigarovla bağlı tədqiqatından xəbərsiz olduğumdan  onu Rusiyada ali təhsil almış ilk azərbaycanlı saymışdım - V.Q.) haqda məqalə hazırladım. Çap üçün apardığım qəzetdə tanınmış rejissor  Ramiz Həsənoğlunun "Ac həriflər" telemüziklindəki tipin sözləri və mimikası ilə "Ə, nə olsun?" - deyib özümə qaytardılar. Sadəcə mədəniyyət xəbəri kimi o vaxt "Bakı" qəzetində çıxdı. Tam mətni isə bu soraq kitabının IX cildində, "Əlavələr" bölməsində çap olundu (səh. 569-574).

Görünür, millətin taleyi ilə bağlı belə həssas mövzunun gündəmə gətirilməsi üçün dövlət müstəqilliyinə, ən başlıcası isə fədakar elm adamlarının, ictimai xadimlərin cəsarətinə, qədirbilənliyinə ehtiyac varmış. Fikrimcə, kitabın hər iki müəllifi dediyim meyarlara tam cavab verir. Yeri gəlmişkən, həssas bir məsələyə toxunmaq istərdim. Gizli deyil ki, bəzi sözbazlar Misir Mərdanovun həmmüəllif olmasına birtəhər yanaşır, "bəyəm o, gedib arxivdə işləyib?" - deyirlər.

Xatırladım ki, M.Mərdanov 4 cildlik "Azərbaycan təhsil tarixi" əsərinin müəllifidir. Bəlkə də ensiklopedik soraq kitabları  hazırlanarkən şəxsən şəhərbəşəhər gəzib arxivlərdə işləməyib. Amma bu layihənin rəhbəri kimi öncə başçılıq etdiyi Təhsil Nazirliyində, sonra isə MEA-nın Riyaziyyat və Mexanika İnstitutunda təşkilati-texniki problemlərin həllinə yardım göstərməklə layihənin gerçəkləşməsini təmin edib. Başqa sözlə, müxtəlif ölkələrin və şəhərlərin arxivlərindən sənədlərin toplanması, sistemə salınması, bəzilərinin tərcüməsi və kompüterdə yığılması üçün şərait  yaradıb, köməkçi personal ayırıb, lazım gələndə bağlı qapıları döyüb,  əlaqələri və nüfuzu ilə düyünə düşmüş məsələləri, inzibati müşkülləri çözüb. Ümumi işin xatirinə imkansız arxivlərə texniki  kömək göstərdiyi vaxtlar da olub. Minnətdarlıq sözlərini, təşəkkür məktublarını əsirgəməyib. Bu yolla da ölkəmizə, elmimizə yeni dostlar tapıb, əməkdaşlığı genişləndirməyə nail olub.

Ədalət müəllimlə son görüşümüzdə layihə yoldaşının zəhmətini, aralarındakı iş bölgüsünün mahiyyətini obrazlı şəkildə təsvir edib dedi: "Əgər bu kitabları bir evə bənzətsək, onun ağsaqqal xeyir-duasını Misir müəllim verib, bütün  zəruri materialları o təmin edib, "tikintini" isə mən aparmışam. Odur ki, "ev" hər ikimizindir. Ona sahiblik baxımından hüquqlarımız bərabərdir".

İlkin mənbələrlə iş təcrübəsinə malik keçmiş tədqiqatçı kimi Ədalət Tahirzadənin axtarışlar zamanı hansı çətinliklərlə üzləşdiyini yaxşı təsəvvür edirəm. Arxiv və fondlarda hökm sürən məhdudiyyət və qadağalar daim vaxt qıtlığından əziyyət çəkən, işini bir an öncə başa çatdırmaq istəyən tədqiqatçının əsəblərini yay kimi gərir. Məqsəd və məramına xoş münasibət bəsləməyən müəssisə rəhbərinin, yaxud əməkdaşın hikkəsi, laqeydliyi nəticəsində (qonşu Gürcüstan arxivlərində olduğu kimi!) axtarış ahənginin, yaradıcılıq şövqünün öldüyü vaxtlar da olur. Yüz ildən qalma qovluqların arxiv tozu hopmuş kəsif qoxusu, hər sözü üzərində baş sındırmaq lazım gələn ilan-qurbağa mətnlər, onlarla şəxs, idarə, təşkilat adının yaratdığı sonu görünməyən bürokratik labirintlər, özünəməxsus "dəftərxana üslubu" ilə yazılmış sənədlərin müasir Azərbaycan dilinə tərcüməsi zamanı ortaya çıxan çətinliklər bəzən şeytan vəsvəsəsinə çevrilib "axı niyə bu işi mən görməliyəm?" - tərəddüdünə yol açır. Belə məqamlarda əsl alim kimi Ədalət müəllimə xas  keyfiyyətlər - səbir, təmkin, iradə, gördüyü işə məhəbbət, "Mən yox, bəs kim?" düşüncəsi köməyə gəlib. Əks təqdirdə, böyük və ağır yükün altından çıxmaq çox çətin, bəlkə də mümkünsüz olardı.

lll

Çarizm dövründə daha çox sayda azərbaycanlı gəncin ali təhsil almaq imkanı vardımı? Yəqin ki, yox. Çünki mane olan amillər yetərincə çox idi. Nəinki əyalətdə, hətta Bakı kimi böyük şəhərdə də övladını kafirlər arasına göndərməyin yaratdığı fanatik xof hissi, "maddi çətinlik" deyib üstündən keçdiyimiz kasıblıq, yenilik qarşısında qorxu, ruslara inamsızlıq buna imkan vermirdi. Nəticədə onlarla bilikli, bacarıqlı gənc istəyinə nail ola bilmirdi. Oxşar problem yaşayan şair Məhəmməd Hadinin yanıqlı misraları dostlarının, yaşıdlarının dərdinin ifadəsi idi: "Oxumaqçün nə qədər ahü fəğan etdimsə, Olmadı əsərbəxş şu istimdadım. Daşə dersəm, eşidər, sonra verər əks-səda, Daşə dönmüşlərə əks eyləmədi fəryadım".

Bu, məsələnin bir tərəfidir.

Gimnaziya və universitet təhsilinin çətinliyi, insafən din və milliyyətindən asılı olmayaraq bütün iddiaçılara tələblərin sərtliyi, çox vaxt "yadelli" təbəələrə  xeyirxah münasibətin çatışmaması (yüngül desək!) isə başqa, həm də daha ciddi problem idi. Gənc soydaşlarımız böyük şəhərlərin həyatına asanlıqla uyğunlaşa bilmirdilər. Rəsmi dairələrin qeyri-xristian gənclərə ögey, soyuq münasibəti, velikorus şovinizminin, milli və dini ayrı-seçkilik siyasətinin gizlədilməyən təzahürləri də ayrı qeyd edilməlidir. 1905-ci il inqilabına qədər bəzi ali məktəblərdə yalnız müsəlman əsilzadələrinin - ağa, bəy və xanların övladları, həm də yalnız çarın şəxsi icazəsi ilə ali təhsil ala bilərdilər. Oxşar məhdudiyyət xristianlara, ilk növbədə isə Qafqazdakı qonşularımız erməni və gürcülərə şamil edilmirdi.

Texniki elmlərə yiyələnmək istəyən "müsəlmanların" qarşısına xüsusi ilə sərt qadağalar qoyulurdu. Məsələn, III Aleksandrın 1899-cu il iyunun 4-də təsdiq etdiyi Əsasnamənin 9-cu maddəsinə görə Peterburq Elektrotexnika İnstitutuna "yalnız xristian rus təbəələri qəbul edilirdi". Şuşadakı məşhur Rüstəmbəyovlar nəslindən Əsəd bəy Rüstəmbəyov (adını daşıdığı babasının ruslar qarşısında mühüm xidməti olmuşdu, anası şahzadə Dilşad ağa Rzaqulu Mirzə qızı Qacar isə 1872-ci ildə imperatriçə Mariya Aleksandrovnanın freylinası təyin edilmişdi) yalnız daxili işlər naziri Pleve vasitəsi ilə 1903-cü il iyunun 26-da çar II Nikolayın  icazəsi alınandan sonra "istisna hal kimi" tələbələr siyahısına salınmışdı (VI cild, s. 424)

Peşə seçimindəki qeyri-bərabərlik ("müsəlmanlar" nəinki universitetlərdə, hətta gimnaziyalarda da müəllim işləyə bilməzdi, prokuror yaxud məhkəmə sədri vəzifəsi tuta bilməzdi və s.) mahiyyət etibarı ilə Rusiyada ali təhsili Məhəmməd ümməti üçün perspektivsiz işə çevirir, ən başlıcası isə özlərinin və mənsub olduqları xalqın izzəti-nəfsini təhqir edirdi. Mövcud qaydalara görə müsəlman gənclər gələcəkdə professor kürsüsü tutmaq üçün mütləq dinini dəyişib xristianlığa keçməli idilər. Onların siyasi etibarsızlığından şübhələnir, hətta dövlətə yad ünsürlər kimi rəftar etməkdən çəkinmirdilər. Kiyev universitetinin məzunu (1915) yazıçı Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı bu mənada ali təhsil ardınca yad, uzaq şəhərlərə üz tutan  Azərbaycan gənclərinin fərqli tiplərinin təqdimi və problemlərin gerçək təsviri baxımından səciyyəvidir.

Problem isə yuxarıdakı qeydlərdən də göründüyü kimi, istənilən qədər idi. Heç şübhəsiz, birinci yerdə rus imperiyasının öz təbəələri arasında yaratdığı uçurum, əhalinin bilərəkdən etnik-dini mənsubiyyətə görə "doğmalara" və "yadlara" ayırması idi. Əyanilik üçün bir misal gətirim. Məşhur missioner-türkoloq, Kazan Ruhani Akademiyası antiislam kafedrasının (belə fənn də tədris olunurdu!) müdiri N.İ.İlminski (1822-1891) Müqəddəs Sinodun ober-prokuroru, qaragüruhçu K.P.Pobedanostsevə (1827-1907) məktubunda tatar gənclərin universitetlərə yolunu çətinləşdirmək üçün maneələr yaradılması zərurətindən bəhs edərək yazırdı: "Tədrisi elə qurmaq lazımdır ki, rusca təhsil alan tatar tam bir heçlik olsun. Rusca danışanda kəlməbaşı yanlışlığa yol verib qızarsın, rus dilində yazanda çoxlu səhvlər buraxsın. Yalnız qubernatordan deyil, adi bir dəftərxana məmurundan da qorxsun" (M.K.Korbut. Kazanskiy Qosudarstvenıy Universitet za 125 let. Kazanğ, 1930, s. 140).

Şübhəsiz, total xarakter daşımasa da, bəzi bölgələrdə həqiqətən belə vicdansız münasibətə təsadüf edilirdi. Amma tam əksi olan nümunələr də vardı. Gənc soydaşlarımızın dərin biliyinə, əqli qabiliyyətinə dəyər verib qarşılarında yaşıl işıq yandıran məmurlar da olurdu. Məsələn, Şamaxı 4 sinifli məktəbinin imtahanlarında iştirak edən Qafqaz Təhsil Dairəsinin hamisi baron A.P.Nikolai "tatar" Həsən bəy Məlikovin parlaq cavablarına elə heyran qalmışdı ki, təhsilini davam etdirmək üçün onun əvvəl Tiflis gimnaziyasına, ardınca da Qafqaz təqaüdçüsü kimi Moskva universitetinə getməsinə yardım göstərmişdi. Eyni işi 40 il sonra digər hami - K.P.Yankovski Əhməd Ağayev (gələcək Əhməd Ağaoğlu) üçün görmüşdü. Tiflisdə D.Kipianinin gimnaziyasını qızıl medalla bitirib birbaşa Peterburq Əkinçilik İnstitutunun II kursuna qəbul olunan İsa Sultan Şahtaxtinski təhsil müəssisəsini hamisi, dövlət əmlakı naziri knyaz A.A.Livenin elə rəğbətini qazanmışdı ki, nazir hər dəfə İnstituta yolu düşəndə mütləq İsa Sultanla ayrıca görüşüb söhbətləşirdi.

Bu faktları yalnız rus məmurlarının iltifatı kimi qələmə vermək istəməzdim. Əksinə, 100-150 il əvvəl də azərbaycanlıların intellektual potensial baxımından digər xalqlar, xüsusən də Qafqazdakı qonşulardan qətiyyən geridə qalmadıqlarının dəlil-sübutu adlandırardım.  Əgər müsəlmanlara rəsmi və qeyri-rəsmi qadağalar qoyulmasaydı, süni maneələr yaradılmasaydı, ali təhsilə can atan "müsəlman" gənclərin enerjisi düzgün məcraya yönəldilsəydi, təbii ki, uğurlar qat-qat çox olardı. Başqa sözlə desək, 1920-ci ilədək Rusiyanın ali məktəblərində erməni, yaxud gürcü tələbələrin Azərbaycan türkləri ilə müqayisədə kəmiyyətcə çoxluğu onların yüksək qabiliyyət və istedadından xəbər vermirdi. Sadəcə, "yad soylu və yad dinlilərdən" fərqli olaraq dövlətin nəzərində daha etibarlı sayılmalarından irəli gəlirdi. 

Hətta belə əngəllərə baxmayaraq, rus və əcnəbi universitetlərdə təhsil almış Azərbaycan türkləri arasından hüquqşünasların, həkimlərin, müəllimlərin, yaradıcı sənət sahiblərinin, gələcək siyasi və dövlət xadimlərinin bütöv bir dəstəsi yetişmişdi. Müsəlman Şərqinin ilk operasından (yeri gəlmişkən, 1908-ci ilin yanvarında Üzeyir bəyin "Leyli və Məcnun"u tamaşaya qoyulanda nə gürcülərin, nə də ermənilərin milli operası vardı) tutmuş Şərqdə ilk Parlament respublikasının - Cümhuriyyətin qurulmasına qədər hər şey onların adı və fəaliyyəti ilə bağlı idi.

"1920-ci ilədək ali məktəblərdə oxuyanlar" digər türk fikirdaşları ilə birlikdə Rusiyada "müsəlman qurultaylarının" təşkili ideyasının öncülü oldular, sağlam türk milliyyətçiliyinin təbliğindən, pantürkist adlanmaqdan qorxmadılar. İlk ümumrusiya türk-müsəlman siyasi partiyası yaratdılar. Hətta 600 illik dövlətçilik tarixinə malik Osmanlı imperiyasında türklük və milliyyətçilik fikri yayanların ön sıralarında oldular. Bu "qüdrətli dəstənin" Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, F.Xoyski, H.Ağayev, X.Xasməmmədov, N.Nərimanov və digər görkəmli simaları ədalət və insanlıq naminə mübarizələri nəticəsində Rusiya ilə bir sırada Yaxın Şərq və Avropa miqyasında da tanındılar.

Yalnız Azərbaycanın deyil, türk dünyasının tarixində ilk respublika tipli dövlət olan Cümhuriyyət, onun Parlamenti, daxili və xarici siyasəti, insan haqları və demokratiya prinsiplərinə əsaslanan idarəçilik üsulu üçün də ilk növbədə sayları heç yüz nəfərə də çatmayan ziyalılara borcluyuq. Onlar siyasi fəhm, həqiqi vətən və millət sevgisi sayəsində Azərbaycanı beynəlxalq siyasətin subyektinə çevirməyi bacardılar. Əgər 1918-1920-ci illər arasında bu mühüm iş görülməsəydi, SSRİ tərkibində müstəqil Azərbaycan ideyası havadan asılı qalacaqdı.

Şərəfli və məsul "ilk" epiteti ən çox "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlıların" adı ilə yanaşı səslənir: ilk baş nazir, ilk parlament sədri, ilk hərbi nazir, ilk kimyaçı alim, ilk peşəkar musiqiçi, ilk energetik, ilk diplomat, ilk millət vəkili və s. və i.a. Bu "ilklərin" çoxu yalnız çətin səfərdə cığır açmamışdılar, həm də Vətənə, dövlətə sədaqətləri, təmənnasız xidmətləri ilə nümunə göstərmişdilər. İdeyası üçün candan keçəni, min bir əzab-əziyyətə qatlaşanı da az olmamışdı. Onlardan bəzilərinin keşməkeşli həyat yolu, xalqın gələcəyi uğrunda mübarizəsi həqiqi mənada bədii əsərlərə süjet, filmlərə ssenari ola bilərdi...

Çoxcildlik sadəcə universitetlərdə təhsil almış müxtəlif şəxslər barəsində bioqrafik oçerklər məcmusu deyil. Burada toplanmış materiallar bir küll halında 1870-1920-ci illər Azərbaycanının illüstrasiyalı tarixidir, ziyalı sülalələrin tarixidir, milli tələbə hərəkatının tarixidir, sənayenin, kənd təsərrüfatının, elmin, səhiyyənin, mədəniyyətin ayrı-ayrı sahələrinin tarixidir, bu sahələrdə məktəb yaratmış görkəmli mütəxəssislərin həyat və fəaliyyət salnaməsidir.

Çoxcildliyin zəngin biblioqrafiyası da ayrıca söhbət mövzusudur. Müəlliflər hər bir şəxs haqda arxiv bəlgələrindən tutmuş elmi-tədqiqat materiallarına qədər mövcud ədəbiyyatı imkan daxilində əhatə etməyə çalışıblar. Əslində bu, son dərəcə çətin işdir. Məşhur rus ifadəsində deyildiyi kimi, "əhatə olunması mümkün olmayanı əhatə etmək" cəhdidir və şübhəsiz, təqdirəlayiq haldır.

Ensiklopedik soraq kitabı şüurlarda möhkəm kök salmış bir mifi də dağıdır. Bu da qadın təhsili ilə bağlıdır. Onilliklər boyu Azərbaycan qadınının yalnız sovet hakimiyyəti illərində, Lenin milli siyasəti nəticəsində ali təhsil almaq imkanı qazandığı iddia olunurdu. Misir Mərdanov və Ədalət Tahirzadənin uğurlu axtarışları isə yüksək biliyə, geniş dünyagörüşünə malik qızlarımızın sorağının XX əsrin əvvəlində Kiyev və Lozanna universitetlərindən, Smolnı institutundan, Bestujev Ali Qadın kurslarından gəldiyini faktlar əsasında ortaya qoyur.

Rus universitetləri, xüsusən də mütləqiyyət ideyasını dəstəkləyən mürtəce təhsil siyasəti ön sıralarında Azərbaycan türklərinin gəldiyi "yad soyluları" hər vasitə ilə milli köklərindən, dinindən və dilindən qoparmağa çalışırdı. İmkan daxilində ruslaşdırmaq, bu mümkün olmadıqda isə soysuz, kosmopolit varlıqlara çevirmək istəyirdi. Gizli deyil ki, bəzən istəklərinə nail ola bilirdilər. Gizli deyil ki, təhsillilər arasından Mirzə Cəlilin felyetonlarında, Sabirin satiralarında acı gülüş hədəfinə çevrilən, əsl-kökündən uzaq düşmüş, təqlidçilik azarına tutulmuş manqurtlar - başabəla "obrazovonskilər" də çıxırdı...

Amma "mədəni missionerliyin" ideoloqları unudurdular ki, təsir həmişə əks təsirə bərabər olur, bumeranq mütləq geri qayıdır. Bunu cildlərdə həyat hekayəsi ilə tanış olduğumuz bir çox gənclərin nümunəsi aydın göstərir. Təsadüfi deyil ki, Bakıda, İrəvanda, Gəncədə milli kimlik üzərində bəlkə çox da ciddi düşünməyən azərbaycanlı tələbələrin böyük bir qismi  türklüyün əlifbasına Avropa Rusiyasında yiyələndi. Uzaq, yad şəhərlərdə yurddaş cəmiyyətləri qurub maarifçilik işi apardılar, milli müsamirələr və xeyriyyə bazarları təşkil edib ölkələrini tanıtdılar.  Çarın sadiq təbəələri kimi getdikləri rus universitetindən millətə xidmət düşüncəsi ilə yaşayan türk-Azərbaycan vətənpərvəri kimi qayıtdılar.

lll

"Böyük terror"a qədər Azərbaycanda xalq təhsilinə, səhiyyəyə, elmə, istehsalatın bəzi sahələrinə istiqamət verənlər arasında "1920-ci ilədək ali məktəblərdə oxumuş" köhnə ziyalılar az deyildi. Onların çoxu üzdə bolşevik idarəçiliyini qəbul etsələr də, düzgünlük, ləyaqət, namus, şərəf, nəciblik kimi insani keyfiyyətlər üzərində köklənən "daxili dünyalarını" qoruyub saxlamağa çalışırdılar. Bunun bədəlini isə 1920-ci il aprel çevrilişindən tiranın öldüyü 1950-ci illərə qədər canları, qanları ilə ödədilər. Dadaş Bünyadzadənin gözünə "az görünmələrinin" bir səbəbi də "inqilabın" ilk aylarında bir çoxunun isti-isti aradan götürülməsi, həbs və sürgünə göndərilməsi idi.

Amma qalanlar onların da əvəzinə, ikiqat-üçqat can qoydular. Tarix üçün bir göz qırpımı kimi görünən 15-20 il ərzində biliklərini, ideal və qayələrini çarizmin astar üzü şəklində meydana çıxan sovet cəmiyyətindəki gənc nəslə aşılamağa çalışdılar. Keçən əsrin 20-30-cu illərində Bakının ali məktəblərində təhsil alan bir çox ləyaqətli gənclər həmin "köhnələrin" yetirmələri idilər. Onların yanında yalnız savad, bilik deyil, həm də insanlıq məktəbi keçmişdilər. 

Dəvətli müəllim kimi 1922-1923-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda çalışmış türk ziyalısı - yazıçı, jurnalist, keçmiş ittihadçı Mühittin Birgenin (1885-1959) iki cildlik "İttihad və Tərəqqi"də on sənə" (ölkəmizlə bağlı hissəsini mənim uyğunlaşdırma və ön sözümlə Qanun Nəşrlər Evi "Azərbaycan 1922-1923-cü illərdə" adı altında çap edib - V.Q.) kitabında maraqlı etiraf var: "Həyatımda ən böyük zövq və ləzzət azəri tələbəsinə verdiyim dərslərdir. Bu qədər diqqətli, bu qədər hər şeyə maraq göstərən, bu qədər çalışqan və qeyrətli tələbə kütləsini dünyanın heç yerində görmək mümkün deyil".

Sözünə davam edən Birgen daha sonra yazır: "Orada tanıdığım müəllimlər də tələbələri kimi idi. Hamısı rus darülfünunlarından çıxmış yüksək mədəniyyətli tədris heyəti arasında tam bir ahəng vardı. Hər həftə müəllimlər toplantı keçirirdilər. Bu toplantılarda boş söz danışıldığını, nağıl söyləməklə vaxt keçirildiyini, yaxud tək müdirin danışıb qalanların "Bəli" - deyə baş tərpətdiyini heç zaman görmədim".

Müəllifdən gətirəcəyim növbəti sitat da "1920-ci ilədək alim məktəblərdə oxumuş azərbaycanlar"ın Vətən və xalq qarşısındakı mühüm xidmətlərinin, hətta sovet şəraitində cəmiyyəti müsbət mənada dəyişə bilmələrinin etirafı idi: "O tarixdəki Azərbaycanı kültürsüz zənn etməyin. Əksinə, Azərbaycanda çağdaş kültürü mənimsəmiş böyük bir ziyalı dəstəsi vardı. Yalnız onların yuxarı təbəqəsinin kültür dili rusca idi. Moskvanın və Bakının rus universitetlərində gözəl təhsil görmüş qüvvətli ziyalı dəstəsi ölkədə çağdaş kültürün yaradılmasını təmin etmişdi. Azərilər arasında elmi səviyyə baxımından indi (1930-cu illər nəzərdə tutulur - V.Q.)  bənzərlərini Türkiyədə görməyi çox arzu etdiyim seçkin insanlar var idi. Heç bir mübaliğəyə yol vermədən oxucuları əmin edirəm ki, türklüyümün dərinliyini ilk dəfə Azərbaycanda hiss etdim".

Belə! Nə az, nə də çox!

Bu milli-mədəni mühiti, saf ab-havanı yaradanların sırasında "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" müstəsna yer tuturdular. Sovet rejiminin millətin "qaymağını" - vətənpərvər ziyalı təbəqəsinin məqsədyönlü şəkildə məhv etməsi sələf-xələf münasibətlərini təbii gedişini pozdu. İrəliyə doğru inkişafımızda yerini heç nə ilə doldurmaq mümkün olmayan bir boşluq, qırıqlıq yarandı.

Ona görə yarımçıq qalan yola dayandığımız, daha doğrusu, dayandırıldığımız nöqtədən davam etmək, milli-mənəvi inkişaf marafonunun fasiləsizliyini təmin etmək üçün araşdırılması vacib  mətləblər sırasında ziyalılıq tariximiz, onun görkəmli nümayəndələrinin şəxsiyyəti və əməlləri, arzuları və planları mühüm yer tutmalıdır. Haqqında söz açdığım çoxcildlik bu mənada gələcək axtarışlara istiqamət vermək baxımından mühüm  oriyentir, diqqətəlayiq yol xəritəsidir. 

(Davamı gələn şənbə sayımızda)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see189

Ukrayna məktəbləri dövlət dilində ünsiyyətin yoxlanılmasına başlayır

03 May 2025 19:09see180

Pensiyaların verilmə tarixi ilə bağlı YENİ AÇIQLAMA

03 May 2025 21:05see166

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see152

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see144

Keçmiş baş nazirə 34 il həbs cəzası

03 May 2025 17:10see128

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see125

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see125

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see124

Birol Akgün: 1926 cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi səbirsizliklə gözləyirik

03 May 2025 18:47see122

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see120

Bavariya xal itirdi, Borussiya dan darmadağın

04 May 2025 00:08see120

Ata balasına kömək üçün yalvarır: Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır

03 May 2025 18:36see119

“Böyük Dəbilqə”nin son günündə daha 4 şans

04 May 2025 14:02see118

Səhər yeməyinin faydaları

04 May 2025 07:01see116

Kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb

03 May 2025 16:47see116

Super Liqaya yüksələn ikinci komanda... Son br qələbəyə ehtiyac var

05 May 2025 00:25see113

Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələr SİYAHI

03 May 2025 17:17see111

Ağahüseynova bürünc medal qazanıb

04 May 2025 15:00see110

Fərid Qayıbov: Dövlətimizin uğurlu siyasəti nəticəsində ölkəmiz idman mərkəzlərindən birinə çevrilib

03 May 2025 17:53see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri