Icma.az
close
up
RU
62 dən 704+9? (9) a qədər Vilayət Quliyev yazır

62 dən 704+9? (9) a qədər Vilayət Quliyev yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Vilayət QULİYEV

(Əvvəli ötən şənbə sayımızda)

Doqquz cild ortadadır. Amma müəlliflər ensiklopedik soraq kitabı üzərində işin tam başa çatması fikrində deyillər. Düşünürəm ki, bu mövzu ilbəil yeni, maraqlı məlumatlarla, naməlum tələbə gənclər haqda yeni bilgilərlə zənginləşən açıq layihəyə çevriləcək. Gələcək araşdırmalar üçün stimul olacaq. Və artıq mövzuya ciddi tədqiqatçı marağından irəli gələn müəyyən işlər görülür. Professor Solmaz Rüstəmova-Tohidi "525-ci qəzet"in 11, 18, 23, 25, 29 iyul 2024-cü il tarixli saylarında dərc etdirdiyi "Azərbaycan Cümhuriyyətinin Tehrandakı səfirliyi" adlı silsilə məqalələrdə Peterburq universiteti hüquq fakültəsinin məzunu (1917), diplomat Əkbər ağa Sadıqovun (VII cild, s. 21-27, sıra sayı 528) sonu faciə ilə nəticələnən mürəkkəb və ziddiyyətli həyat yolunun bütün mərhələlərinə işıq sala bilmişdir.

Eyni sözləri tarixçi alim Fəxri Valehoğlunun həmin qəzetin yeddi sayında (14, 15, 16, 17, 22, 23, 24 yanvar 2025-ci il) dərc edilən və ciddi oxucu marağı doğuran "Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi-diplomatik fəaliyyəti" adlı silsilə yazıları haqda da demək olar. Fəxri bəy ensiklopedik soraq kitabında təvəllüd və ölüm tarixləri, doğulduğu yer, bitirdiyi ali məktəb göstərilmədən haqqında çox qısa məlumat verilmiş (II cild, s. 209-211, sıra sayı 123) bacarıqlı həkim-diplomat, Xarkov universitetinin tibb fakültəsinin məzunu (1909), Cümhuriyyətin Batum konsulu Mahmud bəy Əfəndiyevin Azərbaycandan başlayıb Rusiyadan, Gürcüstandan keçən, Türkiyədə tamamlanan zəngin ömür yolu, övladlarının qardaş ölkə tarixindəki izləri ilə bağlı ətraflı tədqiqat aparıb.

Fəxri Valehoğlunun yazdığına görə, Mahmud bəy Əfəndiyevin zövcəsi, Axalkələk qəzasının nüfuzlu nəsillərindən Palvandovlar (Pəhləvanoğulları- Mutlubəyzadələr) ailəsinə mənsub Məmmədəli bəy Palvandovun qızı Mahinur xanım da əri ilə birlikdə eyni universitetdə ali tibb təhsili almışdı.

Zaman keçdikcə belə fərdi araşdırmaların sayı daha da artacaq.

Təəssüf ki, millət olmaq yolundakı mübarizənin öncüllərindən, milli dövlətçilik, maarif və mədəniyyət fədailərindən bəhs edən "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" çoxcildliyi ölkə universitetlərində, kütləvi informasiya vasitələrində, xüsusən də dövlət və internet televiziyalarında təbliğ edilib tanıdılmadı. Əgər məqsədəuyğun şəkildə belə bir iş aparılsaydı, bəlkə də naməlum ailə arxivləri açılar, inqilabdan əvvəlki ali təhsillilərimizin sırasına yeni adlar əlavə olunar, məlumatlar  zənginləşdirilərdi.

Amma yuxarıda gətirdiyim nümunələrdən göründüyü kimi, indiki halda da geniş fəaliyyət meydanı var. Düşünürəm ki, heç də asan olmayan axtarışlar nəticəsində bəzilərinin barəsində müxtəsər məlumat verilən 700-dən çox tələbənin, eləcə də onların hələ naməlum qalan soydaşlarının  təhsili, işi, taleyi ilə bağlı hələ gün işığına çıxarılmayan kifayət qədər fakt və məlumatlar mövcuddur. Bu, xüsusən Avropa ölkələrində təhsil almış gənclərimizə aiddir. İstisna etmək olmaz ki, ailə albomlarında şəkilləri, ayrı-ayrı əllərdə sənəd və məktubları var. Başqa sözlə, çoxu yaddaşlardan silinmiş bu şəxslərin Misir Mərdanov və Ədalət Tahirzadə tərəfindən cızılan ilkin portretlərini yeni rəng və çalarlarla  tamamlamaq imkanı var. Bu mənada şəxsi nümunə göstərməyə çalışaraq kitabdakı Rəhim bəy Axundov (I cild, s. 317-318, sıra sayı 56) və Mirzə Qafar (V cild, s. 470-471, sıra sayı 448) oçerklərinə  bəzi əlavələrimi təqdim etmək istərdim.

Yaxud maraq doğura biləcək digər bir məlumatı bölüşə bilərəm: Moskvadakı Lazarev Şərq Dilləri İnstitutunun tələbəsi, İranın Yelizavetpoldakı (Gəncə) vitse-konsulu, təbrizli Mirzə Fərəc xan Bədəlbəyovun oğlu Firidun xan Bədəlbəyov (II cild, s. 85-87) bəhailiyə maraq zəminində qraf Lev Tolstoyla məktublaşmışdı. Böyük yazıçı gənc Firidun xana 28 dekabr 1908-ci il tarixli məktubunda onun bəhailiklə islam arasında seçim tərəddüdünü ortadan qaldırmağa çalışaraq mövqeyini belə şərh etmişdi: "Babilərin Məhəmməd dinindən doğulub sonra bəhailiyə çevrilən inancı yüksək və təmiz dini təlimlərdən biridir". (L.N.Tolstoy. Əsərlərinin 90 cildlik külliyyatı, M., 1928-1958, cild 78, s. 306-307).

İndi isə Mirzə Qafar və Rəhim bəy Axundovla bağlı məsələyə qayıdaq.       

MİRZƏ QAFAR KİMDİR?

M.F.Axundzadənin arxivində kimə yazıldığı göstərilməyən bir məktub var. Ad çəkilməsə də, "Şöhrət sahibi olan alicənab, səadətiniz əbədi olsun" sözləri ilə başlanan və 1858-ci ilin iyununda Tiflisdən yola salınan məktubun Sankt-Peterburq universiteti Şərq dilləri fakültəsinin dekanı, professor Mirzə Kazım bəyə ünvanlandığı məzmunundan bəlli olur. Azərbaycanlı dramaturq illərdən bəri fikrinə hakim kəsilmiş yeni əlifba ideyasını soydaşı ilə bölüşərək yazırdı: "Xüsusilə sizin gözəl xasiyyətli və xeyirxah bir insan olduğunuzu bir neçə il bundan əvvəl Kazanda cənabı-nızın tələbələrindən biri olan Mirzə Qafardan (seçmə mənimdir - V.Q.) çox eşitmişəm. Bu son zamanlarda isə dövləti-aliyyeyi-İranın Tiflisdəki konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan Peterburqdan qayıdandan sonra cənabınızı daim tərifləməkdədir. Bu söylənilən səbəblərə görə cənabınıza qaibanə olaraq böyük bir məhəbbət və səmimiyyət bəsləməkdəyəm. Pak olan Allahın özü elə bir təsadüf salsın ki, sizinlə görüşmək feyzi mənə də nəsib olsun".

"Mirzə Kazımbəy" (Bakı, 1965) kitabının müəllifi professor Ağababa Rzayev görünür, alimin Kazan universitetində çalışmasını, Mirzə Qafarın isə "tələbə" kimi təqdim olunmasını əsas tutub mətndə yüngülvarı dəyişiklik aparmış və "Kazanda tələbələrinizdən biri" ifadəsini "Kazan universitetində tələbiniz" şəklinə salmışdı. Bu qaynağa əsaslanan Misir Mərdanov və Ədalət Tahirzadə də Mirzə Qafarla bağlı bilgilərin cüziliyinə rəğmən, onu 1920-ci ilə qədər ali məktəbdə oxumuş tələbələr siyahısına daxil etmişlər. Əslində müəllifləri qınamaq da olmur. Bir yanlışlıq bəzən digərinin meydana çıxmasına imkan verir.

M.F.Axundzadə ilə Mirzə Kazımbəy arasında qiyabi əlaqə yaradan Mirzə Qafarın kimliyinə gəldikdə isə ilk məlumatı ötəri şəkildə də olsa "Kazanda cənabınızın tələbələrindən biri..." deyən Mirzə Fətəli özü vermişdi. Əslində isə onu Mirzə Kazımbəyin deyil, M.F.Axundzadənin tələbəsi  saymaq daha məntiqlidir. Məsələ ilə maraqlanan ədəbiyyatşünas-alim Əliəjdər Səidzadə "X.Abovyanın XIX əsrdə Azərbaycanın qabaqcıl nümayəndələri ilə əlaqələri" adlı kitabçasında yazırdı: "X.Abovyanın xüsusi pansionatında azərbaycanlı Mirzə Qafar da təhsil alırdı. Onun Abovyana bir neçə məktubu qalıb". Faktlara səthi yanaşma nəticəsində iki səhvə yol verilib. Əvvəla, Mirzə Qafarın həmin pansionatda təhsil alması arxiv sənədləri ilə təsdiqini tapmır. Çünki o, dövlət təhsil müəssisəsi sayılan Tiflis qəza məktəbinin şagirdi idi və əlavə olaraq şəxsi pansionata getməsinə lüzum qalmırdı. İkincisi, erməni müəllifə yazıldığı güman edilən "bir neçə" yox, yalnız bir məktub mövcuddur. Lakin onun məhz X.Abovyana ünvanlanması da  mübahisəlidir.

Azərbaycan türkcəsində yazılan sənədin maraq doğurduğunu və indiyə qədər diqqətdən kənarda qaldığını nəzərə alıb tam mətnini verirəm:

"Mərhəmətli sultanım!

Hərçənd ki, bəndənin o qədər qüdrəti yoxdur ki, sizdən rizaməndlik etməklə sizin yaxşılıqların öhdəsindən gəlim. Əmma lailac sizin binagüzarlığınız bəni məcbur edir ki, özümü sizin xatiri-şərifinizə gətirim. Buna görə məruzə edirəm ki, sağ və səlamət gəlib Qazan şəhərinə vasil oldum. Əmma ta hala bir yerdə təyin degildim. Ona görə kağəz yazmaq təxirə düşdü. İmdi bir ay bundan müqəddəm gəlib əvvəlimci gimnaziyada bir əlahiddə evdə rus dilini oxumağa məşğulam. İradəm odur ki, rus dilini bilib universitetə getməmiş gimnaziyadan çıxmayım. Əgər yer olsa.

Və bənim libasım barəsində bəndən soruşdular. Bən öz libasımda olmağı xahiş etdim. Ona görə ildə üç yüz rublə əskinas təyin etdilər ki, bənə libasım üçün verələr. Və qalan mayəhtac gimnaziyadan yetişə. Bu xüsusda vəziri-müdabiri-ümuri-cümhurə kağəz yazılıbdır. Əmma hələ ki, cavabı gəlməyibdir.

Təvəqqe və rica edirəm ki, bəni xatiri-şərifinizdən fəramuş buyurmayasınız, necə ki, bən sizi. Ölənəcən yadımdan çıxarmaq mümkün degil".

Bəndeyi-müxlisi-şoma (Sizin ixlaskar bəndəniz) Mirzə Qafar.

Yazıldı 17 mahi-oktobr 1840".

Göründüyü kimi, məktubun konkret kimə yazıldığı göstərilməyib. Bəs necə olub ki, istər Azər-baycan, istərsə də erməni müəllifləri onun məhz Abovyana ünvanlandığı qənaətinə gəliblər? Çox güman ki, buna sənədin ilk səhifəsində naməlum şəxsin rusca yazdığı qeyd əsas yaradıb: "Proşu Vas, otpravitğ gto dlə q. Abovəna, q. smotritelə tiflisskoqo uezdnoqo uçiliha" (Xahiş edirəm, bunu Tiflis qəza məktəbinin c-b nəzarətçisi c-b Abovyana göndərəsiniz" - V.Q.). Lakin bu qeyd ünvan sahibini müəyyən etmək baxımından həlledici sayıla bilməz.

Fikrimizcə, məktub Mirzə Fətəliyə  yazılıb. Artıq yuxarıda da qeyd edildiyi kimi, Mirzə Qafar erməni pansionatında oxumamışdı. X.Abovyanını nəzarətçi, M.F.Axundzadənin isə tatar  (Azərbaycan) dili və şəriət müəllimi olduğu Tiflis qəza məktəbini bitirmişdi. Bu nüans xalq təhsili nazirliyi departament direktorunun müavini, dövlət müşaviri P.Qayevskinin 1838-ci il oktyabrın 11-də nazir S.S.Uvarova məlumatından da aydın olur. Məktəbin son bir ildəki işini  yoxlayan P.Qayevski şagirdlərin  uğur və çətinliklərindən, milli tərkibindən və s. bəhs edərək yazırdı: "Şagirdlərin arasında Şəki sakini, tatar Mirzə Qafar Nazimi görməyim məni xüsusilə məmnun etdi. O, ruhani ailəsindəndir, 22 yaşı var, tatar (Azərbaycan ), türk, fars və ərəb dillərini bilir. Özünü elmə, ələlxüsus da rus dilini öyrənməyə həsr etmək qərarına gəlib. Bu məqsədlə Peterburqa getmək niyyətindədir". Rusiyada ali təhsil almaq istəyən "müsəlman gənclərə" köməyin vacibliyindən danışan P.Qayevski nazirini məlumatlandıraraq daha sonra yazmışdı: "Mən ona (Mirzə Qafara) heç bir şey vəd etmədim. Lakin bu barədə Zati-alilərinizə məlumat vermək cəsarətində bulunuram. Ümid edirəm ki, Siz xeyirxah nəzərlərinizi bu gəncin üzərindən çəkməz, onun sonradan universitetə keçirilmək şərti ilə Kazan gimnaziyasına qəbul edilməsinə sərəncam verməklə maarif qapılarını üzünə açarsınız".

Güman etmək olar ki, taleyi bir az da öz taleyini xatırladan həmyerlisini ali təhsilə həvəsləndirən müəllimi Mirzə Fətəli olmuşdu. Özü 22 yaşında 14-15 yaşlı uşaqlarla birgə təhsil aldığı Şəkidəki rus məktəbindən çıxmağa məcbur olduğu üçün şəkili Mirzə Qafarın timsalında yarımçıq arzusunu həyata keçirmək istəmişdi.

Mirzə Qafar Tiflis qəza məktəbini 1839-cu ildə bitirmişdi. Amma şəhəri tərk etməmiş, burada qalıb  rus dili biliyini artırmışdı. Həm də P.Qayevski vasitəsilə xalq təhsili nazirinə müraciətinin nəticəsini gözləmişdi. 1840-cı ilin mayında azərbaycanlı gəncin gələcəkdə Rusiyada ali təhsil ala bilməsi üçün Kazanda gimnaziya bitirməsi məsləhət görülmüşdü. Onun Tiflis gimnaziyasından attestat alması da mümkün idi. Lakin görünür, Kazan haqqında eşitdikləri və Şərq dilləri mütəxəssis olmaq istəyi nəticəsində bu şəhəri tərcih etmişdi.

Universitetə daxil olmaq hüququ verən attestat almaq məqsədi ilə  1840-cı ilin yayında bura gələn Mirzə Qafar iyulun 24-də Birinci Kazan gimnaziyasıma qəbul edilmişdi. Professor Mirzə Kazımbəy universitetlə yanaşı, həm də Birinci gimnaziyada dərs deyir, şagirdlərə ərəb-fars dilləri və ədəbiyyatını tədris edirdi. M.F.Axundzadənin məktubundakı "Qazanda cənabınızın tələbələrindən biri olan Mirzə Qafar..." ifadəsinin kökünü də burada axtarmaq lazımdır. Şübhəsiz, soydaşı artıq universitetdə oxusaydı, Mirzə Fətəli mütləq bunu vurğulardı.

Sonralar azərbaycanlı tələbələrin çoxunun üzləşdiyi problemlər - yad mühit, çətin iqlim şəraiti Mirzə Qafara da təhsilini başa vurmağa imkan verməmişdi. Təbii ki, maddi amilin də rolu olmuşdu. Nəticədə şəkili gənc gimnaziyada bir neçə ay oxuyandan sonra Qafqaza dönmək məcburiyyətində qalmışdı. Onun sonrakı taleyi barəsində əlimizdə  bir məlumat yoxdur. Lakin 17 il sonra, 1858-ci ildə adının Mirzə Fətəlinin məktubunda çəkilməsi keçmiş gimnaziya tələbəsinin həmin vaxt bəlkə də Tiflisdə yaşadığını və həmyerlisi ilə əlaqə saxladığını güman etməyə əsas verir. Digər tərəfdən, gənc Qafarın Mirzə Kazımbəyin yanında etibar qazanması həyatının Kazan dövründə aralarında səmimi münasibət yarandığını göstərir.

P.Qayevski Tiflis qəza məktəbini 1838-ci ildə təftiş etmişdi. Əgər o zaman Mirzə Qafarın 22 yaşı vardısa, deməli, 1816-cı il doğumlu idi. Başqa sözlə desək, təxminən Mirzə Fətəlinin yaşıdı, yaxud uşaqlıq yoldaşı idi. Özünə Nazim təxəllüsü götürməsi isə həm də yaradıclıqla məşğul olduğunu, şeir yazdığını düşünməyə əsas verir. Təbii, Tiflisdə böyük olmasa da, müəyyən mövqeyə yüksələn M.F.Axundzadə həmyerlisinə bacardığı qədər kömək göstərməyə çalışırdı. Bu səbəbdən də Mirzə Qafar Kazanda gimnaziyaya daxil olandan sonra işləri barədə ilk növbədə ona xəbər vermək zərurətini hiss etmiş və yuxarıda mətnini gətirdiyim məktub da  həmin məqsədlə yazılmışdı. Kağızın  qəza məktəbinə, X.Abovyana verilməsinin izahı da asandır: çünki məktəbin müdiri idi. Mirzə Qafar isə təbii ki, milli, dini və nəhayət, həmyerlilik hissləri ilə M,F.Axundzadəyə daha yaxın idi.

Amma iki məşhur həmvətəninin - Mirzə Fətəli və Mirzə Kazımbəyin səyinə rəğmən, o, Kazan universiteti tələbələri sırasına daxil ola bilməmişdi.

RƏHİM BƏY AXUNDOV MİRZƏ FƏTƏLİNİN QARDAŞI OĞLU İDİ?

Arxiv sənədləri və ilkin mənbələrə inansaq, həqiqətən də Mirzə Fətəlinin qardaşı olub. Məsələn, böyük ədib Tiflis yaxınlığındakı Tikmə adlı hərbi düşərgədən göndərdiyi 11 iyul 1855-ci il tarixli məktubda (bir çox digər sənədlər kimi, təəssüf ki, bu məktub da indiyədək axundovşünasların diqqətini çəkməyib - V.Q.) Qafqaz canişinliyinin kimliyini müəyyən edə bilmədiyimiz İvan Makaroviç adlı əməkdaşına müraciətlə rusca çıxan "Komediyalar"ının (1853) satışından əldə edilən pulların "qardaşı Mirzə Mustafa Axundova" verilməsini xahiş edirdi. 

Bəs Mirzə Fətəlinin "qardaşım" dediyi Mirzə Mustafa Axundov kim idi?

Böyük ədibin doğma bacı, yaxud qardaşının olmaması məlum faktdır. Fətəli xamnəli Məhəmməd Tağının Nanə xanımla nikahdan doğulan yeganə övladı idi. Doğrudur, Xamnədə Mirzə Fətəlinin ata bir, ana ayrı bacıları yaşayırdı. 1848-ci ildə xidməti ezamiyyətlə bağlı Azərbaycanın cənubunda olarkən onları ziyarət etmişdi. Mirzə Mustafaya gəldikdə isə kiçik Fətəlini övladlığa götürən Axund Hacı Ələsgərin oğlu idi. Bu baxımdan qardaş sayılmaları müəyyən formal əsasdan xali deyildi. Həm də canişinlik xətti ilə tərtib olunan xidmət siyahıları və digər sənədlərdə hər ikisinin atasının adı Axund Hacı Ələsgər kimi göstərilirdi. Mirzə Fətəlinin  Hacının qızı Tubu xanıma evləndiyini nəzərə alsaq,  Mustafanın əslində onun qaynı olduğu aydınlaşır. Qardaş sayılmalarına gəldikdə isə çox güman ki, canişinlik məmurlarını qohumluq əlaqələrinin incəlikləri ilə tanış etmək istəməmişdilər.

Qaynının zehni inkişafında, çağdaş biliklərə yiyələnməsində, uzun illər  müxtəlif inzibati qurumlarda uğurla çalışmasında M.F.Axundzadənin mühüm rolu olmuşdu. Mirzə Mustafa da öz növbəsində həyatının sonuna qədər müəlliminin  ehtiramını saxlamış, qohumundan tək təcrübəli dövlət məmuru yox, həm də görkəmli yazıçı-dramaturq, istedadlı sənətkar kimi söz açmışdı.

Mirzə Mustafa 1835-ci ildə Şəkidə doğulmuşdu. Əvvəlcə yerli qəza məktəbində təhsil almış, sonra  Tiflis gimnaziyasında oxumuşdu. Mükəmməl öyrəndiyi rusca ilə yanaşı, üç Qafqaz və üç Şərq dilini - Azərbaycan, erməni, gürcü, ərəb, fars və türk dillərini də yaxşı bilən M.M.Axundov Qafqaz canişinliyi hərbi-inzibati aparatının əvəzedilməz məmurlarından sayılırdı. Bunu özünün deyil, daha çox M.F.Axundzadənin xidməti kimi qələmə verərək rəhbərliyə məlumatlarının birində yazırdı: "Yaxın qohumum, Baş idarə dəftərxanasının mərhum tərcüməçisi polkovnik M.F.Axundov kiçik yaşdan Şərq dillərini öyrənməyimə nəzarət etmiş, türk, ərəb, tatar və fars dillərindən bilikli, təcrübəli müəllimlər tutmuşdu".

1854-cü ildə kiçik məmur kimi işə başlayan Mirzə Mustafa 44 il ərzində müxtəlif idarələrdə tərcüməçi olmuş, qüsursuz xidmətinə görə rus və İran ordenləri ilə təltif edilmişdi. Müxtəlif vaxtlarda xüsusi ilə vacib məxfi sənədlərin tərcüməsi, habelə Rusiyadan keçib Avropaya gedən Qacar hökmdarı Nəsrəddin şahın müşayiət olunması ona həvalə edilmişdi. Mirzə Fətəlinin ölümündən sonra onun Qafqaz hərbi dairə qərargahındakı tərcüməçi vəzifəsi də Mirzə Mustafaya tapşırılmışdı. Qafqaz ordusu Baş komandanının köməkçisinə 1 mart 1878-ci il tarixli ərizəsində o, əlavə yükün altına da girməsini "mərhum qohumunun ailəsinə maddi yardım göstərmək" niyyəti ilə əlaqələndirmişdi. Bacısı Tubu xanımın adından Qafqaz canişininə yazdığı 6 mart 1879-cu il tarixli ərizədə isə Mirzə Mustafa "ailəsi ehtiyac içində qalan mərhum ədibin yaradıcılığı ilə Avropa şöhrəti qazandığını, əsərlərinin ölkədə gənc nəslin tərbiyəsində qiymətli vasitələrdən" biri olduğunu qeyd edirdi. Ümumiyyətlə, Mirzə Mustafa M.F.Axundzadənin irsinə  dəyər verən və imkanı daxilində təbliğ edən ilk ziyalılardan  olmuşdu.

Mirzə Mustafa XIX əsrdə müvəqqəti də olsa, Qafqaz Senzura Komitəsinin işində iştirak edən ikinci azərbaycanlı idi. Yeznəsi Mirzə Fətəlinin ardınca 1879-cu il iyunun 6-dan avqustun 30-na qədər qurumun Şərq və yerli dillər üzrə baş senzoru olmuşdu. Bu zaman  ərəb, fars, türk, erməni, gürcü dillərindəki mətbu nəşrlərlə birlikdə Ünsizadə qardaşlarının "Ziya" qəzetini də senzuradan keçirmişdi. Ağa Əmirzadə adlı müəllif bu qəzetdə M.Şahtaxtinskinin "Təkmilləşdirilmiş müsəlman əlifbeyi" (1879) kitabı haqda Mirzə Fətəli və əsər müəllifini hədəf alan təhqiramiz yazı dərc etdirmək istəyəndə M.M.Axundov senzor kimi qarşısını almışdı.

Mirzə Mustafanın anadilli mətbuatla əlaqələri yalnız senzorluq fəaliyyəti ilə məhdudlaşmırdı. "Şərqi-rus"un tədqiqatçısı Ş.Novruzovun yazdığına görə, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə kimi ziyalılarla birlikdə o da yaxından tanıdığı M.Şahtaxtinskinin nəşrində iştirak etmişdi.

Qafqaz idarəçiləri milli ziyalılarımızın çoxu kimi Mirzə Mustafaya qarşı da nankorluq  etmişdilər. 44 illik qüsursuz xidmətdən sonra o, 1898-ci ilin sentyabrında anlaşılmazlıq, özünün yazdığı kimi "ehtiyatsızlıq" ucbatından yol verilmiş bir səhvə görə istefaya getmək əmri almışdı. M.M.Axundov istefa ərizəsi yazmış, hərbi dairə ştabının komandanına yazılı məruzədə isə günahsız olduğunu sübuta yetirmişdi.

Mirzə Mustafa təhsil məsələsində məşhur qohumunun fikirlərinin  davamçısı idi. O, M.F.Axundzadənin məktublarının birində "nəcib ailə" kimi söz açdığı Gəncə sakini Abdulla bəy Mehbəliyevin qızı Şəkər xanımla evlənmişdi. Həmin nikahdan iki övladı - oğlu Rəhim (1863) və qızı Dilşad (1869) doğulmuşdu. Mirzə Mustafa onların ikisinə də dövrünə görə yaxşı təhsil vermişdi. "Kavkaz" qəzetinin 9 mart 1882-ci il tarixli sayındakı bir xəbərdən "maarif dostu M.M.Axundovun" qızı Dilşad xanımı Tiflisin Nəcib Qızlar institutuna qoyduğunu öyrənirik. Dilşaddan əvvəl orada Mirzə Fətəlinin qızı Nisə xanım təhsil almışdı. "Tiflisskiy listok"un 3 iyun 1889-cu il tarixli sayında isə "tatar qızları" Dilşad Axundova və Nigar Qayıbovanın (sonralar general Ə.Şıxlinskinin həyat yoldaşı - V.Q.) İnstitutu qızıl medalla bitirdikləri bildirilirdi.

Oğlu Rəhim bəy Axundov isə Tiflis gimnaziyasını bitirdikdən sonra ali təhsilini Moskva universiteti və Peterburq Yol Mühəndisləri institutunda almışdı. Moskvadan bibisi oğlu Rəşid bəy Axundova yazdığı məktublar onun xalqını ürəkdən sevən, milli tərəqqi üçün yollar axtaran bir ziyalı kimi yetişdiyini göstərir. Rəhim bəy orijinalı Azərbaycan MEA Füzuli adına Əlyazmaları İnstitutunda saxlanan 1899-cu il tarixli bir məktubunda çarizmin hakim millətçilik siyasətini tənqid edərək Rəşid bəyə yazırdı: "Sənin vacib xəbərlərlə dolu məktubunu aldım. Qardaşım, dünya ədalətsizlik üzərində köklənib. Öyrənməyə layiq ən lazımlı peşənin fırıldaqçılıq olması ilə bağlı "müdrik fikrə" haqq qazandırmaq lazımdır. Vay XIX əsrin bu prinsipindən xəbərsiz olanların halına! Adi xəzinə oğrusu rahat, isti dövlət mənzilində yaşayır, namuslu adamlar isə min bir çətinliklə üzləşirlər. Öz atalarımızı yada salaq: 30-40 il xidmət edir, sonda da övladına bir qəpik qoymadan borc içində ölüb gedirlər. Hansı qubernator, yaxud senator onlardan daha çox çalışıb? Belə, qardaşım, Krılovun təmsilində deyildiyi kimi, "Sus və döz!" Nə edəsən, bizim millətin heç bir nümayəndəsi yüksək mövqeyə çıxmamalıdır. Biz (bizim nəslimiz) Qafqaz türkləri arasında ən savadlı, təhsilli (atalarımız, sən, Ağahüseyn, İsmayıl və b.) sayılırıq. Lakin hansı birimiz cəmiyyətdə müəyyən rol oynaya bilirik? Rol bir yana qalsın, hansımızın adi ruhi sakitliyi, rahatlığı var?

Gəl bu söhbəti buraxaq. Təbiəti etibarı ilə özündən qat-qat istedadsızlar arasında gözə görünməyəcək dərəcədə cüzi mövqe tutan millətimizin halı məni təəssüfləndirir, ağrıdır. Doğulduq və zavallı xalqımızın maariflənməsi üçün heç bir iş görmədən ölüb gedəcəyik..." (tərcümə mənimdir - V.Q.). Bir hissəsini misal gətirdiyim bu məktub gənc Rəhim bəyin M.F.Axundzadə ideyalarının təsiri altında xalqı üçün yanan açıq fikirli milli ziyalı kimi yetişdiyini göstərir.

Əsrin əvvəllərində Rəhim bəy Axundov Qafqazda tanınmış dəmiryol mütəxəssisi idi. Bir müddət Zaqafqaziya dəmiryolu Dağıstan və Tiflis hissələrinin rəisi işləmişdi. Tiflis "müsəlmanları" 1906-cı ildə onu şəhər Dumasına qlasnı seçmişdi. Rəhim bəy milli mədəni-ictimai tədbirlərdə, o cümlədən 1911-ci ildə dayısı M.F.Axundzadənin anadan olmasının 100 illiyi münasibəti ilə Tiflisdə keçirilən yubiley mərasimində yaxından iştirak etmişdi.

Mirzə Mustafa da müəllimi və yaxın qohumunun haqq işinin təntənəsini görmüşdü - 1903-cü ildə "Komediyalar"ın rusca ilk nəşrinin 50 illiyinin bayram edilməsinin şahidi olmuşdu. Məşhur qafqazşünas Y.Q.Veydenbauma Mirzə Fətəlinin "Puşkinin ölümünə Şərq poeması" əsərini, habelə   Ərzurum səfəri zamanı rus şairi ilə görüşmüş Fazil xan Şeyda  haqqındakı məlumatları da o vermişdi.

"Kavkaz" qəzetinin 7 iyun 1904-cü il tarixli sayında çıxan başsağlığı elanında Şəkər xanım Axundova, Rəhim bəy Axundov, Dilşad xanım Qalabəyova dost və yaxınlara ailələrinə üz verən kədəri - "kollec müşaviri Mirzə Mustafa Axundovun" Tiflisdə, 69 yaşında  vəfat etməsini çatdırmışdılar.

Atasından fərqli olaraq Rəhim bəyin 1911-ci ildən sonrakı taleyi, eləcə də Axundovlar ailəsinin digər ali təhsilli qohumları - məktubda adları çəkilən Ağaverdi və İsmayıl haqda heç bir bilgimiz yoxdur.

Sonda şübhəli qaldığım bir məqamı da müəlliflərlə bölüşmək istərdim. Mənə elə gəlir ki, Abbasmirzə Əhməd oğlu Əliyevə həsr olunmuş oçerkdə (II cild, s. 340-347) adı çəkilən Rəhim Axundovla tiflisli Rəhim bəy Axundov tam fərqli şəxslərdir. Abbas Əhmədovun xalası oğlu olan birinci Rəhim Axundov 1917-ci ildə Kiyev Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsini bitirmişdi. Ona görə də Cümhuriyyətin Ümuri-Xeyriyyə Nəzarətinə (Nazirliyinə) işlə bağlı ərizə verəndə özünü tam əsasla alim-aqronom kimi təqdim edə bilərdi. Üstəlik, Asəf bəy Şıxəlibəyli haqqındakı oçerkdən (c.VIII, s.353) onun əsl adının Əbdürrəhim olduğunu və Bakı real məktəbini bitirdiyini öyrənirik. Nəhayət, orta təhsilini Tiflisdə alan 1863-cü il doğumlu Rəhim bəy Mirzə Mustafa oğlunun 1917-ci ildə, 50-55 yaşda ikən tələbə olması inandırıcı görünmür. XX əsrin əvvəlində onun Zaqafqaziya dəmiryolunda mühüm vəzifə tutması, Tiflis Dumasına seçilməsi haqda məlumat mövcuddur. Amma bir məsələ də var ki, bu yanlışlıq 1920-ci ilə qədər ali məktəblərdə oxumuş soydaşlarınızın sayının bir nəfər də artdığını, yəni tələbələr arasında bir deyil, iki Rəhim Axundov olduğunu deməyə əsas verir.

Bir sözlə, böyük iş görülüb. Eyni zamanda inanırıq ki, dəqiqləşdirmə və axtarışların davam etməsi tək kəmiyyət deyil, keyfiyyət üçün də faydalı olacaq.

Sarayevo

Aprel, 2025-ci il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Şimali Kipr mediası Heydər Əliyev irsi barədə materiallar dərc edir

10 May 2025 18:53see186

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see154

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see149

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

11 May 2025 01:02see148

Prezident Ağdamda Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)

11 May 2025 00:00see143

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see142

Sakitlik uzun çəkmədi Kəşmirdə partlayış səsləri eşidilir

10 May 2025 19:50see140

Vüsal İsgəndərlidən məhsuldar ötürmə

11 May 2025 01:47see140

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see139

“Evdən işləyirəm” deyənlər oxusun...

10 May 2025 17:54see139

ABŞ nümayəndələri Kiyev Təhlükəsizlik Forumuna qatılmadı KONKRET

10 May 2025 20:26see139

Veneranın yeni sirləri planetoloqları çaşdırır...

10 May 2025 23:16see137

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

10 May 2025 22:11see135

Batumi qaranlığa qərq oldu

10 May 2025 22:55see132

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see131

Bakıdan Pakistan Hindistan atəşkəsinə reaksiya

10 May 2025 20:15see131

Ukraynanın “MiQ 29” təyyarəsi rusların bazasını məhv edib

10 May 2025 19:23see125

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see125

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see119

İqtisadçı: Mövcud vəziyyətdə siqaret qiymətləri bahalaşmamalıdır

11 May 2025 17:16see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri