8 Noyabr Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
“2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilmişdir. Azərbaycan milli maraqlarını müdafiə etmək üçün lazımi siyasi iradəyə, siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirmişdir”. Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il 3 noyabr tarixli iclasında 8 Noyabr Zəfər Günü ilə əlaqədar qəbul edilmiş bu bəyanatın davamında bildirilir:
– Silahlı Qüvvələrimiz yüksək döyüş məharəti nümayiş etdirərək dünya hərb tarixinə şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi, ümumən 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad edilmişdir.
Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün olmuşdur. Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasını təmin edərək, tarixi ədaləti və beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsini bərpa etmişdir.
Azərbaycan dövlətinin diplomatik səyləri Kəlbəcər, Ağdam və Laçın rayonlarının sonrakı günlərdə dinc yolla azad edilməsinə gətirib çıxarmışdır. 2020-ci ildə qazanılmış tarixi qələbə Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaratmışdır. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, separatçı rejim ləğv olunmuş və ölkənin bütün ərazisində Konstitusiya quruluşu bərqərar edilmişdir. Xankəndi şəhərində və azad edilmiş digər yaşayış məntəqələrində Dövlət Bayrağının ucaldılması milli iradəmizin təntənəsini və dövlətçiliyimizin sarsılmazlığını əyani təcəssüm etdirmişdir.
Bəyanatda daha sonra qeyd edilir ki, döyüş meydanlarında hərbi qələbələr ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik konsepsiyasının ardıcıl həyata keçirilməsinin qanunauyğun nəticəsi olmuşdur. Bütün xalqın qüvvələrinin “dəmir yumruq” kimi birləşdirilməsi mövcud imkanları taleyüklü milli vəzifəni yerinə yetirməyə qadir olan qarşısıalınmaz qüvvəyə çevirmişdir.
Sənəddə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi liderliyi tarixi qələbənin qazanılmasında müstəsna rol oynaması xüsusi vurğulanır: “Dövlət başçısının rəhbərliyi ilə ölkənin iqtisadi potensialı müdafiə qüdrətinə, ümumxalq dəstəyi sarsılmaz qətiyyətə, döyüş meydanında qələbələr isə uzunmüddətli siyasi nəticələrə çevrilmişdir. Prezident İlham Əliyev xalqı vətən torpaqlarının azad edilməsi ideyası ətrafında birləşdirərək və bu amalı həyata keçirərək tarixi bir missiyanı yerinə yetirmişdir”.
Bəyanatda 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş Vaşinqton razılaşmaları xüsusi əhəmiyyət daşıması da qeyd edilir: “Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin mətninin paraflanması uzun illər davam etmiş qarşıdurmanın aradan qaldırılması yolunda mühüm addım olmuşdur. Bu razılaşmalar sülh prosesinin irəli aparılmasına, kommunikasiyaların açılmasına, qarşılıqlı hörmətə və revanşizmdən imtinaya əsaslanan münasibətlər qurulmasına şərait yaratmışdır”.
Bəyanat Milli Məclisin Prezident, Ali Baş Komandan İlham Əliyevə, Silahlı Qüvvələrimizin əsgər və zabitlərinə, şəhid ailələrinə və qazilərə, bütün xalqımıza Zəfər Günü münasibətilə təbriki ilə bitir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 04 Noyabr 2026 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















