80 yaşlı Ter Petrosyan yenidən siyasi səhnədə: Onun hansı ambisiyası var?
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Pərvanə SULTANOVA
[email protected]
Ermənistanda parlament seçkilərinin yaxınlaşması siyasi səhnədə gərginliyi artırmaqdadır. Xüsusilə ölkəyə rəhbərlik etmiş sabiqlər yenidən fəallaşmağa başlayıblar. Seçkilər yaxınlaşdıqca gərginliyin pik həddə çatacağı istisna edilmir. Din xadimlərinin siyasi proseslərə qatılması, müxalifət adı ilə revanşistlərin, sabiq cinayətkar xunta rəhbərlərinin meydanda olması onu deməyə əsas verir ki, onlar həm də bəzi xarici dairələrin göstərişlərini yerinə yetirirlər.
Vaxtilə siyasətdən çəkildiyini bəyan etmiş birinci prezident Levon Ter-Petrosyan da iddialı görünür. O, 1991-1998-ci illərdə Ermənistan prezidenti olub. 80 yaşlı Ter-Petrosyan bir neçə gün əvvəl Ermənistan Milli Konqresinin (EMK) sədri seçilib. Qurultay nümayəndələri onun siyasi qüvvənin lideri kimi qalmasını dəstəkləyərək, EMK-nın sədri kimi səlahiyyətlərini təsdiqləyiblər. Ermənistan Milli Konqresi 2008-ci ildə Levon Ter-Petrosyanın rəhbərliyi altında 13 müxalifət partiyasının bloku kimi yaradılıb, 2013-cü ildə isə vahid partiyaya çevrilib.
Son aylar ərzində Levon Ter-Petrosyanın Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşləri də suallar yaradır. Ötən həftə sonu birinci prezident şəxsi iqamətgahında səfirlə görüş keçirib. Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bildirib ki, söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və onların inkişafı və möhkəmlənməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan əvvəl isə Ter-Petrosyan sentyabrda Rusiya səfiri ilə görüşüb.
Siyasi müşahidəçilər bu cür görüşlərin keçirilməsini Ermənistanın Moskvanın təsir dairəsinə qaytarılması, Moldova ssenarisinin təkrarlana biləcəyi ehtimalı ilə izah edirlər.
Onu da qeyd edək ki, hələ sentyabrda Paşinyanla Ter-Petrosyan arasında davam edən gərginlik fonunda Baş nazir Nikol Paşinyan sosial media hesabında birinci prezidenti siyasi arenada ardıcıl mövqe sərgiləməməkdə ittiham edib: "Hörmətli Levon Ter-Petrosyan! 1996-cı ildə seçkilərin nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə isə müxalifətdən qaçdınız. İndi isə anlayıram ki, yenə də harasa getmək istəyirsiniz, lakin artıq qaçmağa yer tapa bilmirsiniz. Əslində, buna ehtiyac da yoxdur. Sadəcə olaraq, sakitləşin və Ermənistanda bərqərar olmuş dinc həyatınızdan zövq alın. Hamımıza xoş gün arzulayıram".
EMK lideri digər sabiq həmkarları - Köçəryan-Sarkisyan cütlüyü ilə də gərgin münasibətlərə malikdir. O, vaxtilə açıqlamalarının birində deyib: "Koçaryan-Serj rejiminin idarəçiliyinin nəticəsi Ermənistandan 1 milyon adamın mühacirətinə səbəb olub. Dünyadan "erməni soyqırımı"nı tanımağı tələb edən insanlar öz ölkələrində soyqırımı həyata keçirirlər. Xahiş edirəm diqqət yetirəsiniz ki, bunu mən yox, Serj Sarkisyanın təyin etdiyi fövqəladə və səlahiyyətli səfir Şarl Aznavur deyib. Rejimin fəaliyyətinin mühacirlikdən başqa daha bir nəticəsi korrupsiyadır... Ermənistanın hazırkı hakimiyyətinin daha bir cinayəti ölkə vətəndaşlarının müdafiəsiz qalmasıdır. Problemlər yarandıqda, insanlar polisə və ya məhkəməyə müraciət etməkdən çəkinirlər".
Göründüyü kimi, Ermənistanda siyasi ziddiyyətlər dərinləşir. Bəs Levon Ter-Petrosyanın birdən-birə yenidən fəallaşması, Rusiya səfiri ilə aktiv təmasları nədən isəli gəlir? Ter-Petrosyan hakimiyyətə iddialıdır və onun belə bir şansı var?
Milli Məclisin deputatı Rasim Musabəyov "525"ə şərhində deyib ki, Levon Ter-Petrosyan kimi yaşı 80-ə çatan şəxsin hakimiyyətə qayıdışı qeyri-mümkündür: "Sadəcə olaraq onun partiyası seçkilərdə parlamentə keçməyə çalışacaq. İndi partiyaya real rəhbərlik edən şəxs vaxtilə Ter-Petrosyanın köməkçisi olmuş və ən yaxın adamı Levon Zurabyandır. Parlamentdə yer əldə etmək istəyirlər, amma Ter-Petrosyanın aktiv siyasətə qayıdışı düşünürəm ki, qeyri-mümkündür. Yaş amili həlledicidir, həmçinin Ter-Petrosyan onu da yaxşı anlayır ki, reytinqi siyasətdə gəlib söz sahibinə çevrilmək üçün kifayət deyil. Reytinqi bir neçə faiz arasındadır".
Ermənistanın birinci prezidentinin seçkilərdə kimə dəstək verə bilməsinə gəlincə, R.Musabəyov deyib: "Ter-Petrosyanın vəziyyətinin çətinliyi ondan ibarətdir ki, nə Paşinyana dəstək vermək istəyindədir, onun tənqidçisidir, nə də Sarkisyan və Köçəryanla da tərəfdaş kimi çıxış etməsi məqbul deyil. Ona görə də həmişə kənarda qalır. Ümumiyyətlə, parlamentə keçmək ehtimalları çox cüzidir. Ortaya Köçəryana və Paşinyana yaxın olmayan hansısa bir koalisiya çıxsa, Ter-Petrosyan tərəfdarlarını özlərinə qatmaq istəyində olsalar, bəlkə də hansısa şans əldə edə bilərlər. Blok çərçivəsində keçmək üçün gərək 7 faiz səs toplayasan, təkbaşına partiya kimi isə 5 faiz tələb olunur. Onlar 5 faiz səs yığa bilmirlər. Amma indi kimləsə koalisya şəklində seçkiyə getdiyi halda, 7 fazilik barajı keçmək lazımdır. O da müşkül bir məsələdir".
Ter-Perosyanla Rusiya səfirinin görüşünə gəlincə, deputat hesab edir ki, Rusiya səfiri çalışır bütün siyasi mənzərini əhatə etsin: "Ter-Petrosyan erməni siyasi səhnəsində nüfuzlu bir şəxsdir, çəkisi həlledici olmasa belə, amma sözü eşidilir, müəyyən təsirə malikdir, ona görə Rusiya səfirliyi bu görüşləri keçirir. Anlayırlar ki, gedib Köçəryanla, Sarkisyanla görüşəndə Nikol Paşinyan hökumətində böyük qıcıq yaradır, hakimiyyət Ter-Petrosyanı özünə elə də təhlükə yaradan rəqib kimi görmür. Ona görə də bu cür görüşlərə göz yumurlar".
Bu arada qeyd edək ki, Ermənistan gələn il keçiriləcək parlament seçkilərində xarici müdaxilənin qarşısının alınması üçün Avropa İttifaqından yardım istəyib. Avropa İttifaqı artıq Ermənistana qonşu ölkələrdən dezinformasiya və müdaxilə kampaniyalarının qarşısını almaq üçün 15 milyon avro ayırıb.
R.Musabəyov Ermənistanda mümkün seçki təhdidləri ilə bağlı bildirib ki, Moldovada bu hal müşahidə edildi, Rusiyadan bir şəbəkə yaradılmşdı, həmin şəbəkə vasitəsilə eyni zamanda pulla seçiciləri ələ alaraq Maya Sandu hökumətinə qarşı səsverməyə sövq etmişdilər: "Bunun müqabilində Avropa İttifaqı nəzərə aldı ki, bir çox Moldova vətəndaşı Avropadadır, maliyyə ayırdı. Hökumət bunu edə bilmirdi, amma Aİ öz maliyyəsi ilə seçki məntəqələri yaratdı və xaricdə olan Moldova vətəndaşlarının səsvermə hüquqlarından faydalanmalarını təmin etdi. Nəticə isə belə oldu ki, Sandu öz ərazisində seçkiləri uduzdu, amma xarici səslər hesabına seçkiləri uddu və bununla da parlamentdə çoxluğu saxlaya bildi. Eyni zamanda, ruspərəst qüvvələr hansılar ki, pulla camaatı ələ almaq istəyirdilər, Moldovada onların da qarşısı xeyli alındı. İndi də bilirlər ki, Rusiya milyarderləri diasporanı fəallaşdıraraq öz məqsədlərinə çatmaq istəyirlər. Ermənistanda seçicilərin 60 faizi heç bir siyasi qüvvəyə dəstək vermək istəyində deyil. İndi onlar 200-300 min nəfərin pul müqabilində seçkilərə gətirib, Rusiyanın istədiyi partiyalara səs vermələrini təmin etməklə seçkilərin nəticəsini dəyişə bilərlər. Adambaşı 100 dollardan 200-300 min səs 30 milyon dollar pul edir. Elə də böyük vəsait deyil. Sadəcə olaraq o pulları çatdırmaq məsələsi var. Elə bir şəbəkə qurulmalıdır ki, onun vasitəsilə həm pul çatsın, həm də istədikləri nəticəni əldə etsinlər. Hiss olunur ki, bunun üçün daha çox dini şəbəkədən istifadə etməyə çalışırlar. Onsuz da hər bir kənddə bir keşiş var, o keşiş daim insanlarla əlaqədədir, yoxsullara yardımlar çatdırır, kimlərsə yardım gətirirsə, o da kilsə vasitəsilə çatdırılır. Onların gedib kimlərəsə "filankəsə seçkidə dəstək ver, əvəzində pul, yaxud ərzaq yardımı alacaqsan" demələri ilə seçkilərin nəticələrinə təsir etmələri mümkündür. Ona görə də Paşinyan milyarderləri həbs edib, keşişlərin də başın o dərəcədə öz problemlərinə qatır ki, onlar bu cür şəbəkə yaradıb, seçkilərə qoşulmağı ağıllarından çıxarsınlar. Mübarizə gedir, hər tərəf öz imkanlarından istifadə etmək istəyir, amma Avropa İttifaqı o cümlədən Rusiyadan həm təbliğatı, həm maliyyə imkanlarından istifadə edərək seçkilərə təsir imkanlarının qarşısını almaq üçün Paşinyana maliyyə dəstəyi də verə bilər. Artıq bu məqsədlə də 15 milyon avro ayrılıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















