ADA Universiteti kommunikasiya dizaynı və şəhərsalma üzrə yeni ixtisaslarını təqdim edib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 30 yanvar, AZƏRTAC
ADA Universiteti bakalavr ixtisaslarının sırasına daha ikisini əlavə edərək, İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təqdim etdiyi proqramların sayını artırıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 30-da universitetin Dizayn və memarlıq fakültəsinin kommunikasiya dizaynı və şəhərsalma üzrə yeni ixtisasları təqdim edilib. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, şəhərsalma və dizayn sahəsində müasir biliklərə, dünya təcrübəsinə malik, ən son yanaşmalardan xəbərdar mütəxəssislərə ehtiyac var. Yeni ixtisasları təqdim etməkdə məqsəd yerli peşəkarlar yetişdirərək bu ehtiyacı qarşılamaqdır.
Vurğulanıb ki, memarlıq sahəsi İtaliya-Azərbaycan Universitetinin fakültələri sırasına bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə daxil edilib. Bu fakültə İtaliyanın Milan Politexnik Universiteti (“Politecnico di Milano”) ilə birgə əməkdaşlıq çərçivəsində təqdim edilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Azərbaycan memarlıq sahəsində yeni dövrün başlanğıc nöqtəsindədir. Yaşayış yerlərinin inkişafı əhalinin həyat keyfiyyətinin artırılmasına, urbanistik mühitin yaxşılaşdırılmasına təsir etdiyinə görə bu prosesi düzgün idarə etməyi bacaran kadrlara ehtiyac var. Kommunikasiya dizaynı və şəhərsalma üzrə yeni proqramlar vasitəsilə bu istiqamətdə uğurlu addımlar atılacaq.
İtaliyanın ölkəmizdəki səfiri Luka Di Canfrançesko çıxışında İtaliya-Azərbaycan Universiteti layihəsini ölkələr arasında dostluğun təzahürü, bilik, mədəniyyət, təcrübə mübadiləsi kimi qiymətləndirib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, yeni ixtisaslar ikitərəfli münasibətlərin təhsil yolu ilə gücləndirilməsinə töhfədir. Burada yetişəcək milli kadrlar müasir dövrün tələblərinə cavab verərək ölkə urbanizasiyasına yaradıcı yanaşmalar ortaya qoyacaqlar.
Tədbir zamanı proqramların məzmunu və kurrikulumu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, proqramlar bilik və təcrübənin balanslı şəkildə ötürülməsinə yönəlmiş layihəəsaslı tədris metoduna malikdir. Bu, gənclərə şəhər və daha geniş ərazilərin infrastrukturunun planlaşdırılmasını və idarə olunmasını, şəhərlərin iqlim dəyişikliyinə qarşı davamlılığının təmin edilməsini əhatə edən bilik və bacarıqlar aşılayacaq.
Açılış mərasimi zamanı "Dizayn və memarlıq fakültəsi 1 yaşında" adlı videoçarx nümayiş etdirilib. Videoda italyan dekan və onun müavinləri bildiriblər ki, fakültə bir il ərzində indiyədək iki bakalavr proqramı təqdim edib. Bu gün təqdim olunan ixtisaslar sayəsində isə onların sayı dördə çatıb. Müəllimlər nəzərə çatdırıblar ki, burada aldıqları təhsil gənclərin dövlət və özəl qurumlardan iş təklifləri almalarına dəstək göstərəcək, onları yerli və xarici əmək bazarı üçün rəqabətədavamlı kadr kimi yetişdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 30 Yanvar 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















