Icma.az
close
up
RU
Adı pendirdir, bəs dadı necə?

Adı pendirdir, bəs dadı necə?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Şora da bənzəri var, ucuz yağa da

Son illər ölkəmizdə pendir istehsalı və istehlakında əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər də ciddi narahatlıq doğurur. Bu, keyfiyyətsiz və saxta pendir məhsullarının bazara çıxarılması ilə bağlıdır. Məhsulun maya dəyərini azaltmaq üçün onun istehsalı prosesində təbii süd yağı əvəzinə bitki və ya palma yağından istifadə edilməsi daha çox nəzərə çarpır.

Təbii ki, bu cür pendir dad və keyfiyyət baxımından ticarət müəssisələrində narazılıqla qarşılanır. Belə halda təkcə istehlakçı hüquqları pozulmur, həm də istehsalçı reputasiyası zəifləyir. Ekspertlərin fikrincə, problem dövlət nəzarətinin gücləndirilməsi, laborator müayinələrin sistemli aparılması və istehlakçıların maarifləndirilməsi ilə aradan qaldırıla bilər.

Qeyd edək ki, respublikada pendir və digər süd məhsullarının keyfiyyətinə nəzarətin diqqət mərkəzində saxlanılmasına, istehsal müəssisələrində və satış məntəqələrində mütəmadi monitorinqlərin aparılmasına, standartlara cavab verməyən məhsullara qarşı inzibati tədbirlərin görülməsinə baxmayaraq, çox vaxt istehlakçı hüquqları pozulur. Bu, daha çox ticarət müəssisələrində istehlakçının məhsulun mənşəyi və tərkibi barədə düzgün məlumat ala bilməməsində, alıcı biganəliyi səbəbindən saxta və ya keyfiyyətsiz məhsul satılması haqqında müvafiq qurumlara məlumat verilməməsində, sağlamlığa təhlükə yaradan məhsulların satışının qarşısının alınmamasında özünü qabarıq büruzə verir.

Onu da qeyd edək ki, ölkədə pendir istehsalının artması təkcə daxili bazarın təminatı ilə məhdudlaşmır. Gələcəkdə Türkiyə, Rusiya, Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına da ixrac imkanlarının genişlənəcəyi gözlənilir. Bunun üçün məhsulun keyfiyyət səviyyəsinin və ixrac sertifikatlaşdırma sisteminin beynəlxalq standartlar əsasında tanınması qarşıya mühüm vəzifə kimi qoyulur. Dünyada “ağıllı qida sənayesi” tendensiyası artıq pendir istehsalında da tətbiq olunur. Azərbaycanda da bir sıra müəssisələrdə rəqəmsal idarəetmə sistemləri, avtomatlaşdırılmış süd analizatorları və enerji qənaətli soyutma texnologiyalarına üstünlük verilir. Bu, həm istehsalın səmərəliyini artırır, həm də məhsulun dayanıqlığını gerçəkləşdirir.

Pendir alarkən istehlakçının diqqəti və məlumatlılığı keyfiyyət təhlükəsizliyinin əsas zəncir halqalarından biridir. Əgər istehlakçı məhsulun etiketinə, saxlanma şəraitinə, istehsal tarixinə və orqanoleptik xüsusiyyətlərinə diqqət yetirirsə, bazarda keyfiyyətsiz məhsulların mövcudluğu azalır. Amma bunun əksinə də rast gəlinir. Məsələn, bu yaxınlarda Sevinc Qarayeva ad-soyadlı oxucu redaksiyamıza ünvanladığı məktubda bildirir ki, o, marketdən paketlənmiş formada pendir alarkən satıcıdan məhsulun etiketini istəyib və qəribə cavab eşidib: “Bizə (ticarət müəssisəsinə) belə göstərici-məlumat verilmir. Olsa belə, onu alıcıya göstərməyə ixtiyarımız yoxdur. Bir də ki, etiket sənə nə üçün lazımdır? Axı orada yazılanların doğru-düzlüyünə kim zəmanət verir? Amma mən pendirin dadına baxmaqla məhsulun keyfiyyətli olub-olmaması qənaətinə gələ bilirəm. Yaxşıdır, almağınızı da məsləhət bilirəm…”.

Sevinc Qarayeva malın üstünə yapışdırılan, üzərində məhsulun adını, qiymətini və digər parametrlərini göstərən yarlığın həm istehsalçının məsuliyyətinə, həm də istehlakçının sağlamlığına təminat üçün önəm daşıdığını satıcıya heç cür anlada bilməyib.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

İstehlakçıların yerli və beynəlxalq hüquqlarından biri də onların mal-məhsul haqqında müfəssəl informasiya almaları ilə bağlıdır. Alıcının o informasiyanı satıcıdan tələb etməsi isə onun qanuni haqqıdır. Bu məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda, eləcə də Avropa İttifaqının, bu istiqamətdə fəaliyyət göstərən digər beynəlxalq qurumların müvafiq sənədlərində öz ifadəsini tapıb. Nazirlər Kabinetinin 94 saylı qərarında, “Yeyinti məhsulları haqqında” Qanunda və digər qanunvericilik aktlarında ərzaq mallarının etiketlərində Azərbaycan və xarici dillərdə bu barədə müfəssəl informasiyanın – malın adı, tərkibi, buraxılma və saxlanılma tarixləri, istehsalçı müəssisənin harada yerləşməsi, əlaqə telefonları kimi göstəricilərin mütləq qeyd olunması vacibliyi bildirilib.

Buna baxmayaraq, müasir supermarketlərdə bəzi mallar, məsələn, pendir, yağ, konfet məhsulları qutularda qablaşdırılaraq satılır ki, bu da istehlakçı hüquqlarının pozulması, istehlakçının mal haqqında məlumat almaq hüququnun məhdudlaşdırılması deməkdir.

Azərbaycan hökuməti biznes qurumlarının səmərəli fəaliyyəti üçün hər cür əlverişli şərait yaradıb. Amma çox təəssüf ki, bir sıra hallarda bundan sui-istifadə edilir. Düzdür, son illərdə ölkədə istehlakçı hüquqlarının qorunması istiqamətində görülən müəyyən işlər diqqət çəkir. Lakin reallaşdırılmasına zəruri ehtiyac duyulan digər layihələrin icra olunması da zamanın tələbidir.

Nihat ƏLİYEV,
qida eksperti

Pendir sağlam həyat tərzinin mühüm qida komponentidir. Onun istehsalında və saxlanmasında keyfiyyət göstəricilərinə əməl olunması həm istehsalçının məsuliyyəti, həm də istehlakçının sağlamlığı üçün zəruridir. Bu baxımdan bəzi fikirləri oxucu diqqətinə yönəltmək yerinə düşər.

Əvvəl onu deyim ki, Azərbaycan süfrəsində ən önəmli məhsullardan olan və süd, eləcə də təbiətin digər nemətləri hesabına hasilə gətirilən pendir həm gündəlik qidalanmada, həm də milli mətbəxdə geniş işlədilir. Keyfiyyətinə, eyni zamanda, pəhriz əhəmiyyətinə görə ən faydalı süd məhsullarından sayılır. Pendir zülal, yağ, mineral duzlar, vitaminlər, fermentlər və bioloji fəal maddələrlə zəngindir. Tərkibindəki kalsium və fosfor sümüklərin möhkəmlənməsi üçün vacib rol oynayır, A və B qrup vitaminləri isə orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir. Yüksək kalorili bu məhsul xüsusilə uşaqlar, idmançılar və fiziki əmək fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli enerji mənbəyidir.

İstər ev şəraitində, istərsə də sənaye müəssisələrində pendir istehsalı bir neçə mərhələdən keçir. Bu məhsulun nəzərdə tutulan standarta uyğun hazırlanması istifadə olunan südün keyfiyyətindən, istehsal prosesinin düzgün həyata keçirilməsindən, əlavə olunan dadverici maddələrin seçilməsindən asılıdır. Bu göstəricilərə əsasən pendirlər bərk, yarımbərk, yumşaq, toz və ərinmiş olmaqla müxtəlif növlərdə hazırlanır. Dad fərqləri, saxlanma üsulları da məhz bu amillərlə müəyyən olunur.

Pendir alarkən hər bir istehlakçı, ilk növbədə, məhsulun keyfiyyətinə diqqət yetirməlidir. Çünki köhnə və düzgün saxlanılmayan pendir orqanizm üçün təhlükəli sayılır. Ən çox rast gəlinən problem isə pendirin üzərində kif göbələyinin əmələ gəlməsidir ki, bu da məhsulun yararsız hala düşməsindən xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, duzlu pendirlər ticarət şəbəkələrində 6–8 dərəcə temperaturda və 80–85 faiz nisbi rütubətdə saxlanılmalıdır. Hər 10-15 gündən bir çəlləklərin çevrilməsi məhsulun bərabər duzlanması və yetişməsi üçün zəruridir.

Saxlama zamanı pendirdə bir sıra kimyəvi dəyişikliklər baş verir: şəkərin miqdarı azalır, turşuluq əvvəlcə yüksəlir, sonra tədricən enir. Bəzi pendir növləri istehsal tarixindən etibarən 2–3 ay ərzində öz keyfiyyətini qoruyur. Ancaq duzlu suda saxlanılan pendirlər üçün bu, son hədd sayılır. Belə ki, daha uzun müddət ərzində pendir həddən artıq şor olur və dadını itirir. Mağazalarda isə soyuducu yoxdursa, məhsulun saxlanılma müddəti 5–10 günlə məhdudlaşır. Soyuducu şəraitində və xüsusilə qış aylarında bu müddət bir qədər uzanır: duzlu suda saxlanılan bərk pendirlərin 15 gün, qəlyanaltı növlərin 5 gün, ev pendirinin isə 1,5 gün ərzində istifadəsi məsləhət bilinir.

Ev şəraitində pendirin otaq temperaturunda saxlanılması zəruri hesab edilir. Məhsulun keyfiyyətini yoxlamağın sadə üsulu da var: əgər pendirdən kiçik bir parçası 90 dərəcə temperaturda dağılmırsa, deməli, o, keyfiyyətlidir. Əks halda, qabığın partlaması, kiflə örtülməsi, acılaşması və pis qoxu verməsi məhsulun yararsızlığını göstərir. Belə məhsulların satışı qanunla qadağan edilir.

Sonda isə qeyd edək ki, hər bir istehlakçı ticarət müəssisəsindən bu ağ neməti alarkən diqqətli olmalı, sağlamlığın keyfiyyətdən başladığını unutmamalıdır.

***

Beləliklə, ölkəmizdə süd sənayesinin modernləşməsi, regional istehsalın artması və keyfiyyət standartlarının tətbiqi diqqətdə saxlanılarsa, pendir istehsalı sahəsinin uzunmüddətli inkişafına zəmin yaranar. İstehlakçı hüquqlarının qorunması və məhsul təhlükəsizliyinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə isə önəm verilməsi Azərbaycan pendirinin həm daxili bazarda mövqeyini möhkəmləndirər, həm də beynəlxalq bazarlara çıxmaq potensialını gücləndirər.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see302

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see280

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see209

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see195

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see192

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see187

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see185

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see182

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see180

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see176

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see176

Novxanıda hotel yanır

19 May 2026 19:10see170

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see167

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see165

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see161

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see156

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see152

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see151

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see148

Meyvə şirəsi zərərlidir? Açıqlama

19 May 2026 20:38see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri