ADYnin 2024cü ildə əsas nailiyyətləri FOTO
Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdən biri ölkənin nəqliyyat potensialının inkişaf etdirilməsi və beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir.
Ölkəmizin əlverişli coğrafi mövqeyi, Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşməsi bu hədəfə çatmaq baxımından müsbət amil olsa da, kifayət etmir. Bunun üçün bir tərəfdən beynəlxalq tranzit yük axınlarını təmin etmək məqsədilə ölkə daxilində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi, digər tərəfdən isə beynəlxalq dəhlizlərin keçdiyi ölkələrlə aktiv iş apararaq dəhlizlərin funksionallığının artırılması tələb olunur. Azərbaycan ərazisindən keçən tranzit daşımaların multimodal strukturu, yəni dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı vasitəsilə həyata keçirilməsi beynəlxalq müstəvidə çoxtərəfli əməkdaşlıq və koordinasiyanı zəruri edir.
Qeyd edilən istiqamətdə Azərbaycan tərəfindən həyata keçirilən uzunmüddətli strateji addımlar artıq öz bəhrəsini verməkdədir. Azərbaycan üzərindən tranzit daşımaların əsas “onurğa sütunu”nu dəmir yolları təşkil edir ki, 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər arasında neft və neft məhsulları 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricilərini 11% üstələyib. Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8%, ağac, sellüloz, kağız məhsullarında isə 26% artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89%, kimya sənayesi məhsulları 12%, daş kömür və digər yanacaq məhsulları 52% artım göstərib.
ADY Azərbaycan üzərindən keçən beynəlxalq dəhlizlərin inkişafında aparıcı rol oynayır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyd edilən tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərərək bu sahədə ölkəmizin beynəlxalq koordinasiya fəaliyyətinin əsas iştirakçılarındandır.
Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur. ADY formalaşdığı 2017-ci ildən Orta Dəhlizin aktiv iştirakçı və qurucularındandır. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan limanlarından keçməklə formalaşan əsas marşrutun fəaliyyətinin təmin edilməsi ilə yanaşı, Azərbaycan tərəfi bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının da formalaşdırılması üzrə əsas təşəbbüskar tərəf olmuşdur. Belə ki, tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək məqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin aktiv və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. Bununla yanaşı, 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılması məqsədilə sentyabr ayında Bakı şəhərində “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması işlərinə başlanılıb. İştirak etdiyimiz dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında üçtərəfli (“Middle Corridor Multimodal” LTD) və ikitərəfli (“BTKI Railways” LLC) birgə müəssisələr yaradılıb.
Bundan başqa, Horadiz–Ağbənd layihəsinin tamamlanması, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında yeni dəmiryol xəttinin çəkilməsi, Naxçıvan MR ərazisində dəmiryol şəbəkəsinin modernləşdirilməsi və Naxçıvan MR ilə Azərbaycanın digər hissəsi arasında dəmiryol əlaqəsinin təmin edilməsindən sonra yekun nəticədə Orta Dəhlizin daha bir qolu formalaşacaq.
2024-cü ildə Orta Dəhliz vasitəsilə konteyner daşımaları artıb
ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların sürətinin və səmərəliliyinin artırılması məqsədilə konteyner daşımalarının həcmi və payı ildən-ilə artırılır. 2024-cü il bu baxımdan əhəmiyyətli nəticələrlə yadda qalıb.
2024-cü ilin mart ayında Çinin Sian şəhərindən Orta Dəhlizlə Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit potensialında yeni mərhələ açıb. Davamlı tədbirlər, görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. 2024-cü il ərzində bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir. İnfrastruktur imkanlarımız bu il 1000 və 1000-dən artıq blok-qatarın Azərbaycan ərazisi ilə daşınmasına imkan verir.
Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bu, yerli sahibkarlara öz yüklərini Orta Dəhlizlə birbaşa Çinə göndərməyə şərait yaradır.
Bakı–Tbilisi–Qars dəmiryol xətti modernləşdirilərək yenidən istifadəyə verildi
Orta Dəhlizin əsas komponentlərindən biri olan BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə aparılan modernləşdirilmə işlərinin sürətləndirilməsi və yekunlaşdırılması üçün xətt vasitəsilə yükdaşımalar 2023-cü ilin may ayında müvəqqəti olaraq dayandırılmışdı. İşlərin sürətləndirilməsi sayəsində 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Modernləşdirmə işləri tamamlandıqdan sonra ötən il mayın 20-dən etibarən yükdaşımalar bərpa edilib.
Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin geniş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.
Modernləşdirmə işlərinin tamamlanmasının ardınca ötən il həm də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb. Yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərərək regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasına töhfə verəcək. Eyni zamanda, Marabda–Kartsaxi sahəsinin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ilə yanaşı, əldə edilən vəsaitdən Gürcüstan tərəfinə ayrılmış kredit borcunun tam olaraq geri ödənilməsini həyata keçirəcək.
Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində Gürcüstan və Qazaxıstan dəmir yolları ilə birgə təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” şirkəti də həlledici rola malikdir. Bu birgə müəssisə vasitəsilə vahid pəncərə yanaşmasının, stabil tarif siyasəti və səmərəli daşınma şərtlərinin tətbiqini təmin edilir. Eyni zamanda, 2024-cü ildə Çin dəmir yollarının törəmə şirkəti olan Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) birgə müəssisəyə qoşulması Orta Dəhliz üzrə daha təkmilləşmiş yanaşma, daha professional daşınma texnologiyalarını tətbiq etmək imkanlarına yol açır.
Orta Dəhlizin cənub qanadı hesab olunan Avrasiya Nəqliyyat Marşrutu beynəlxalq marşrutların diversifikasiyasını və əlavə yük axınlarının cəlb edilməsini təmin edərək Mərkəzi Asiya ölkələri, Əfqanıstan və Pakistan üçün yeni ticarət imkanları yaradır. Avstriya Dəmir Yollarının bu marşrutun inkişafına maraq göstərməsi Qərb-Şərq istiqamətində yüklərin daşınması potensialının reallaşdırılması üçün əlverişli zəmin yaradır.
Şimal-Cənub dəhlizinin strateji potensialının reallaşdırılması istiqamətində işlər davam etdirilir
Şimali Avropa, həmçinin Rusiya ilə Hind okeanını birləşdirmək üzrə böyük strateji əhəmiyyətə və tranzit potensialına malik Şimal-Cənub dəhlizinin inkişafı üçün Azərbaycan qonşu ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını 2024-cü ildə əhəmiyyətli dərəcədə genişləndirib.
Dekabr ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Bu Saziş üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq və daşıma həcmlərinin artım və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.
Paralel olaraq dekabr ayında ADY rəhbərliyi İrana səfər edərək bu ölkənin dəmiryol rəsmiləri ilə görüşüb və İranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələləri və icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılmasını, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planlarını müzakirə edib. Görüşdə Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
ADY Şimal-Cənub dəhlizinin inkişafı üçün də intensiv işlər görür. Ötən ilin sentyabr ayında Asiya İnkişaf Bankı ilə Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb.
ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının rekonstruksiyasını başa çatdırıb, ərazidə sürətli gömrük-keçid xidmətinin yaradılmasına nail olub. Rekonstruksiya çərçivəsində yük anbarı müasir standartlara uyğun təmir edilib, terminal lazımi texnika və təhlükəsizlik kameraları ilə təmin edilib. Həmçinin yüklərin çəkisini müəyyən etmək üçün tərəzi və sürətli internetlə təchiz olunmuş gömrük məntəqəsi yaradılıb.
Terminal multimodal daşıma xidmətləri təqdim edərək ekspeditor şirkətləri üçün yeni imkanlar yaradır. Qəbul edilən yüklərin daşınması və aşırılması üçün endirimli tariflər tətbiq olunur. Terminalın fəaliyyəti Şimal-Cənub dəhlizi üzrə tranzit yükdaşımaları ilin sonunadək 10-15% artırmağa imkan verib.
Terminalın potensialının Astara–Rəşt dəmiryol xətti istifadəyə verildikdən sonra daha böyük yük həcmi üçün reallaşdırılması planlaşdırılır.
Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.
Tranzit yükdaşımaların səmərəliliyinin artırılması istiqamətində islahatlar aparılır
ADY 2024-cü ildə beynəlxalq dəhlizlər üzrə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində fəaliyyətini davam etdirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib.
Bununla yanaşı, dəhlizlər vasitəsilə tranzit daşımalarının səmərəliliyinin artırılması üçün konteyner daşımalarının getdikcə daha çox ön plana çıxması fonunda ADY bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə, xüsusilə də qonşu Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstandakı mövcud təcrübələrə əsaslanaraq konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsinə start verib. Bu baxımdan dəhlizlər üzrə güclü ekspedisiya xidməti göstərən və dəhlizlərin inkişafına töhfə verəcək şirkətlərin mövcudluğu prioritetləşdirilib.
Bu istiqamətdə həyata keçirilən islahatlar çərçivəsində 1 noyabr 2024-cü ildən etibarən ADY-nin törəmə şirkətləri “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil edilib. Nəticədə “ADY Ekspress” MMC bütün funksiyaları öz üzərinə götürərək müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim etməyə başlayıb.
Azərbaycanın nəqliyyat qovşağına çevrilməsinə xidmət edən uzunmüddətli strategiya həyata keçirilir
Ümumiyyətlə, bütün qeyd edilən işlər 2024-cü ildə ADY-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri” sənədi ilə müəyyən olunmuş uzunmüddətli strategiyanın icrası çərçivəsində həyata keçirilir və ADY-nin qarşısında qoyulmuş hədəflərə nail olmağa xidmət edir. Əsas strateji hədəf Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaqla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək, 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdır.
Bu məqsədlə ADY öz fəaliyyətində əsas strateji yüklərin daşınmasına prioritet verilməsi, müştərilərlə işin səmərəli təşkili, dinamik tariflərin və effektiv endirim mexanizmlərinin tətbiqi, rəqəmsallaşma və optimizasiya, təchizat zənciri boyu fəaliyyətin genişləndirilməsi, yeni xidmətlərin göstərilməsi və yeni bazarlara çıxış, xarici tərəfdaşlarla əməkdaşlıq platformalarının – assosiasiya, konsorsium və birgə müəssisələrin qurulması istiqamətlərində strateji təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.