AHİK in VIII qurultayı keçirilib, yeni nizamnamə təsdiqlənib FOTO
Icma.az, Apa.az saytına istinadən bildirir.
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII qurultayı keçirilib.
APA xəbər verir ki, tədbirdə qurultay nümayəndələri, dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq təşkilatların və bir sıra ölkələrin həmkarlar ittifaqının rəhbərləri iştirak ediblər.
Qurultayın gündəliyinə Konfederasiyanın 2018-2025-ci illər üzrə fəaliyyəti haqqında hesabat, Təftiş komissiyasının hesabatı, yeni Nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2024-cü ildə və bu ilin 11 ayı ərzində 300 minə yaxın üzvə dəstək göstərilib. Onun sözlərinə görə, hazırda 209 şəhid ailəsinin 378 övladı Konfederasiya və üzv təşkilatların himayəsindədir. Sədr qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün zəruri informasiya texnologiyaları infrastrukturu qurulub.
Hesabat məruzəsində Konfederasiyanın əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin yaradılması, əməyin təhlükəsizliyi, Baş Kollektiv Sazişdən irəli gələn öhdəliklərin icrası, gender, gənclər, idman və təhsil sahəsində görülən işlər barədə geniş məlumat verilib. Bununla yanaşı, təkmilləşdirilmə tədbirləri və struktur islahatlarının həyata keçirildiyi, “Kurort” Turizm İnformasiya Mərkəzi, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi, “Həmkarların Sağlam Gələcəyi Naminə” İctimai Birlik və “Çağrı Mərkəzi” kimi yeni qurumların yaradıldığı, həmçinin “Buzovna”, “Bilgəh”, “Abşeron”, “Kurort Naftalan” və “Günəşli” sağlamlıq mərkəzlərində şəraitin yaxşılaşdırıldığı diqqətə çatdırılıb.
Konfederasiya sədri 2025-2027-ci illər üzrə AHİK-in İnkişaf Strategiyasının icrasının gedişi, rəqəmsallaşma prosesi, şəffaflıq, əlçatanlıq və operativliyin təmin olunması məqsədilə yollayışların verilməsinin elektronlaşdırılması, “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç”, bu gün start verilən “AHİK Plus” və digər sosial layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, əmək hüquqlarının müdafiəsi ilə yanaşı, “yaşıl iqtisadiyyat”a keçid, süni intellekt dövründə iş yerlərinin qorunması, layiqli iş yerinin təmin edilməsi, sosial tərəfdaşlığın gücləndirilməsi AHİK-in əsas hədəfləri sırasındadır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Baş Kollektiv Sazişə əsaslanan sosial tərəfdaşlığın inkişafı nəticəsində əldə olunan uğurlardan bəhs edib, ölkəmizdə həyata keçirilən davamlı sosial-iqtisadi islahatların həmkarlar ittifaqlarının da səmərəli fəaliyyətinə və üzvlərinin rifahının yüksəldilməsinə əlverişli şərait yaratdığını diqqətə çatdırıb.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, qanunvericiliyin beynəlxalq əmək standartlarına uyğunlaşdırıldığını vurğulayıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Saziş artıq yekunlaşmaq üzrədir. O çıxışı zamanı vurğulayıb ki, Baş Kollektiv Saziş sosial tərəfdaşlığın inkişafını təmin edən əsas sənədlərdən biridir və əmək bazarında planlı, dayanıqlı və şəffaf münasibətlərin formalaşmasına xidmət edəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək işçi hüquqlarının qorunmasında, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın işində AHİK-in rolundan danışıb, qurumun təşəbbüslərinin, eləcə də kollektiv saziş mexanizmlərinin təkmilləşdirilməsi və sosial tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətinin ölkəmizdə həyata keçirilən sosial siyasəti dəstəklədiyini bildiriblər.
Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianqlın və Beynəlxalq Əmək Təşkilatı İşçilərin Fəaliyyəti Bürosunun direktoru Oliver Röpkenin qurultaya videomüraciəti izlənilib.
Həmçinin qurultayda çıxış edən Pan-Avropa Regional Şurasının sədri İqor Zubku, Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ərgün Atalay, Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde, Türkiyə Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveçi, Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin sədri Gezim Kalaya və Türkiyə Metal İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının sədri Uysal Altundağ AHİK-in beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələri və Azərbaycanın sosial dialoq modelini müsbət qiymətləndirib, qurultayın işinə uğurlar arzulayıblar.
Sonra Təftiş komissiyasının hesabatı dinlənilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təftiş Komissiyasının sədri Tural Qasımov bildirib ki, hesabat dövründə həmkarlar ittifaqlarına 739,480 ərizə və şikayət daxil olub. Onun sözlərinə görə, bütün ərizə, şikayət və müraciətlərə baxılıb, onların 96%-dən 10.5%-i müsbət nəticələnib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Məmməd Həsənov çıxış ediliblər.
Müzakirələrdən sonra AHİK-in qurultaylararası dövr üzrə və Təftiş komissiyasının hesabatları, eləcə də yeni Nizamnaməsi təsdiq olunub, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib. Bununla da AHİK-in VIII Qurultayı işini başa çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Dekabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















