Icma.az
close
up
RU
“Akademik olmaq asandır...”

“Akademik olmaq asandır...”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fuad Əliyev – 75

Uzun illər tanıdığın, hətta yaxından dostluq etdiyin, yeri gələndə dərdləşdiyin, sevincini, kədərini bölüşdüyün insan haqqında yazmaq necə çətin imiş! Özü də belə bir vaxtda, ömrünün müdrik çağında, yubileyində yazı hazırlamaq, keçdiyi həyat yolundan müfəssəl danışmaq, iki kəlmə xoş söz demək, nələrisə yaddan çıxarmamaq ağır bir işdir. Amma hər halda çox qısaca da olsa xatirələrimi vərəqləyə bildim...

Gəncə (Kirovabad) Şəhər Pariya Komitəsinin Nizami rayonunda təbliğat və təşviqat şöbəsinin müdiri kimi üç-dörd ay idi ki, işə başlamışdım və humanitar sahənin – elm, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin bir növ kuratoru idim. Təbii ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Qərb bölgəsində yenicə yaradılmış Gəncə Elm Mərkəzinin direktoru vəzifəsi də bizim nomenklaturaya daxil idi. Bilirdim ki, AMEA şəhər rəhbərliyi ilə razılaşdırdıqdan sonra bu vəzifəyə əslən Gəncədən olan Fuad Əliyev adlı bir nəfəri məsləhət bilib.

...Qapı ehmalca aralandı. “Olar?” deyib səliqə ilə geyinmiş, 30–32 yaşlarında şümal, ağbəniz, xoşsifətli bir gənc içəri daxil oldu və şəstlə əl uzadıb “Fuad Əliyev” dedi.

Onunla sonralar dostluğa çevrilmiş ilk tanışlığımız, bax belə başladı.

İndi o görüşdən nə az, nə çox, düz 42 il vaxt keçib...

1950-ci il fevralın 1-də Gəncədə ziyalı ailəsində anadan olan Fuad Yusif oğlu Əliyev doğma şəhərində işə başlayana kimi 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdi, sonra zabit rütbəsində ordu sıralarında xidmət etmişdi, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmışdı, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdı. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdu.Yəni gənc alimin artıq çox maraqlı bir həyat yolu başlanmışdı. 1983-cü ildən bu günə kimi isə bütün həyat və fəaliyyəti Gəncə Regional Elmi Mərkəzi ilə bağlıdır. Qeyd edək ki, Fuad Əliyev 1992-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almış, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.

F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir.

Belə bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, akademik Fuad Əliyevin araşdırmalarının növbəti nəticələrindən biri kimi əldə olunmuş sintez birləşmələr bu gün bir çox dərman preparatlarının tərkibinə də daxildir. Belə ki, həmin sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir. Bu isə müasir dövrümüz üçün son dərəcə aktual bir məsələdir.

Akademik Fuad Əliyevin fəaliyyəti Azərbaycan dövləti və bilavasitə ölkə Prezidenti tərəfindən həmişə yüksək qiymətləndirilib. Belə ki, Fuad Əliyev 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına, 2006-cı ildə “Əməkdar Elm xadimi” adına layiq görülüb. 2020-ci ildə isə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, 140 elmi əsərin, 17 elmi ixtiranın və 8 monoqrafiyanın müəllifi olan Fuad Əliyev 1996-cı ildən Gəncə şəhər Ziyalılar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədr müavinidir.

Gəlin razılaşaq ki, belə bir dolğun, xalqına, dövlətinə faydalı ömür yaşamaq xoşbəxtliyi heç də hər kəsə nəsib olmur.

Fuad müəllim bütün varlığı ilə, özünün də dediyi kimi, canından artıq sevdiyi Gəncəyə bağlıdır. O, qədim şəhərin tarixini, dünənini əzbər bilir. Tarixi şəxsiyyətlər haqqında bölmə tərəfindən nəşr olunan kitabların sayı-hesabı yoxdur.

Akademik deyir ki, “Şərqin tarixən milli mədəniyyət və elm mərkəzlərindən biri kimi şöhrət qazanmış Gəncə şəhərinin elmi mühitində minilliklər boyu xalqımızın bir çox alimləri, mütəfəkkirləri, memarları öz yaratdıqları əsərləri ilə dünya elmində xüsusi yer tutmuş, xalqımıza böyük şöhrət gətirmişlər. Biz onları bütün dünyaya tanıtmalıyıq”

Ötən illər ərzində mərkəzin elmi və ictimai fəaliyyəti daha da genişlənmiş, elmi-tədqiqatların istiqamətləri müxtəlif sahələri əhatə etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin səyyar iclasları bəzən Gəncə şəhərində də keçirilir və Qərb bölgəsində elmi-tədqiqat işlərinin koordinasiya olunması, kadr hazırlığı, elm-təhsil-istehsalat problemlərinin həlli yolları müzakirə edilir, proqramlar hazırlanır.

AMEA-nın Gəncə Bölməsinin elmi fəaliyyəti respublikamızın hüdudlarından kənarda da yayılmaqdadır və bölmə beynəlxalq elmi əlaqələrini inkişaf etdirir. Yarandığı ilk illərdən Gəncə Bölməsinin elmi-tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiq edilməsi, müxtəlif nazirliklər arasında əlaqələrin yaranması ümumi işin inkişafına dəstək göstərir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, Gəncə Bölməsi tərəfindən “Nizami Gəncəvinin 870, 875 və 880”, “Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi”, “Mirzə Şəfi Vazehin 220 illik yubileyi” yüksək səviyyədə həyata keçirilmişdir. Nizami Gəncəvi və onun ölməz yaradıcılığı ilə bağlı akademiyanın nəşr etdiyi əsərlər onlarladır və bu gün də davam edir.Tədbirlərin isə sayı yox, hesabı yox.

Fuad Əliyev Gəncənin ictimai-siyasi həyatında çox yaxından iştirak edir. Elə doğma şəhərinə gəldiyi ilk günlərdən fəallığı ilə seçilib.

Yadigar Bədəlov, Gəncə Şəhər İcra hakimiyyətinin şöbə müdiri:

– Hörmətli akademikin Gəncənin elə bir sahəsi yoxdur ki, izi görünməsin. Fuad müəllim, sözün əsl mənasında, böyük ziyalı, öz sözü, fikri olan, maraqlı və faydalı təklifləri ilə daim diqqəti cəlb edən bir təşkilatın rəhbəridir. Bölmənin tədbirlərində tez-tez iştirak edirəm və hər dəfə də sonsuz məmnunluq hissi ilə geri dönürəm. Elmi müzakirələr, uzun müddət yaddaşlarda qalan çıxışlar, faydalı təkliflər son illər bölmənin necə böyük və səmərəli bir yol keçdiyini bir daha sübut edir. Fuad müəllimə bundan sonra da uzun ömür, elmi fəaliiyyətində uğurlar arzulayıram.

Fuad Əliyevi nəinki Gəncədə, eləcə də respublikada, hətta onun hüdudlarından kənarda çox sevirlər. Dostlarının sayı-hesabı yoxdur. Bilrsiniz, bu, nədən irəli gəlir? Sadəliyindən. Ona görə də ətrafındakı adamlar ən sadə müxtəlif peşə sahibləridir. Heç yadımdan çıxmır, bir dəfə dostlarımızdan biri yarızarafat, yarıciddi dedi ki, sən akademik adamsan, bəziləri ilə tez-tez ünsiyyətdə olmağın sənə yaraşmır, kənardan baxan nə deyər? Çox əsəbiləşdi. Dedi ki, “mən heç bilməzdim ki, dostlarım arasında insanları, sənin kimi rütbəsinə, vəzifəsinə görə seçənlər də varmış”. Sonra da qayıtdı ki, “yadında saxla, akademik olmaq asandır, insan olmaq çətin”.

Fuad Əliyev təbiətən laqeyd adam deyil. Nəzərindən heç nə qaçmır. Şəhərdə demək olar ki, xeyirdə-şərdə daim iştirak edir, rəhbərlik etdiyi kollektivin hər bir üzvünün problemləri ilə maraqlanır, köməklik göstərir.

Sara Əzizova, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, kimya üzrə fəlsəfə doktoru:

– Fuad müəllimin necə bir nüfuza sahib olduğunu bilmək üçün keçdiyi şərəfli həyat yoluna və elmi-təşkilati fəaliyyətinə nəzər yetirmək kifayətdir. Ömrünün böyük bir dönəmini AMEA-nın Gəncə Bölməsinə həsr edib və bunu həyatının mənası sayıb. Bölmə sədri vəzifəsinədək keçirdiyi şərəfli həyat yolu istedadlı, zəhmətsevər ziyalılar və gələcək nəsillər üçün bir örnəkdir. Təşkilatçılıq və rəhbərlik bacarığı hörmətli akademikin müsbət keyfiyyətlərindən biridir. Öz işini səmimi münasibətlər, ədalət, bərabərlik, qarşılıqlı hörmət və digər bu kimi müsbət etik tələblər çərçivəsində qurub. Rəhbərlik etdiyi AMEA-nın Gəncə Bölməsində elmi mühit və ilk növbədə, işgüzar münasibətlər diqqəti cəlb edir. Fuad müəllim böyük elmin ön sıralarında gedәn, zәhmәtә vә axtarışlara üstünlük verәn ziyalılardandır. Çoxillik sәmәrәli elmi-ictimai fәaliyyәti, әldә etdiyi bilik vә tәcrübә bundan sonra da cәmiyyәtimizә fayda verəcək. O, elmi maraq dairəsinin genişliyi və məhsuldar işləmək bacarığı, həssaslığı və xeyirxahlığı, anlamaq və yardımçı olmaq kimi gözəl insani keyfiyyətləri ilə Gəncə Bölməsi əməkdaşlarının və ölkənin geniş elmi ictimaiyyətinin rəğbətini qazanmışdır.

Həsən Məmmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə–Daşkəsən regional bölməsinin müdiri:

– Gəncənin xalqımızın tarixində, mədəniyyətində çox önəmli yeri var. Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz hər zaman qayğı ilə qorunur. Gəncənin digər özəlliyi isə dini dəyərlərimizə bağlılığıdır. Fuad müəllim Gəncə ziyalısı kimi daim dini icmaların fəaliyyəti, onların dini xurafatdan uzaq təbliği istiqamətində nəinki rəsmi tədbirlərdə, həmçinin yas mərasimlərində də ətraflı söhbətlər edir. Onun Səbzikar qəbiristanlığının tarix - memarlıq abidəsi kimi təmir olunaraq qorunub saxlanılması istiqamətində şəhər sakinlərinə müraciəti əsasında ərazinin memarlıq üslubunda hasarlanması, ehsan bulağının inşası Fuad müəllimi gəncəlilərin gözündə daha da ucaltdı.

...Axşamdır. Fuad müəllimlə çox sevdiyi Xan bağında uca çinarların arası ilə astaca addımlayırıq. Nə o danışır, nə mən. Sükutu telefon zəngi pozur. Danışanın kim olduğunu dərhal hiss edirəm. Oğlu Kənandır. Deyir, elə olur gündə bir neçə dəfə zəng edir, hal-əhval tutur. Bilir ki, səhhətimə qarşı bir qədər laqeyidəm. Sonra da payızdan ağacın budağında ilişib qalan və indi-indi fırlanaraq yerə düşən saralmış tənha yarpağı göstərərək tezcə də mövzunu dəyişir və “deyəsən Gəncədə bu il düz-əməlli qış olmayacaq” deyir...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 02:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri