Aksiya iştirakçıları: Donald Tusk gürcü xalqından üzr istəməlidir
Icma.az, Azertag saytına istinadən bildirir.
Tbilisi, 13 iyun, AZƏRTAC
Tbilisidə bir qrup fəal gənc və ictimaiyyət nümayəndəsi Polşanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.
AZƏRTAC xəbər verir ki, aksiya iştiakçıları Donald Tuskun Gürcüstanın Avropa İttifaqına (Aİ) üzv ölkələrə vizasız gediş-gəlişini məhdudlaşdırmaq və ya dayandırmaq üçün lobbiçilik etdiyini bildirən bəyanatına etiraz edirlər.
Aksiya iştirakçıları Polşa baş nazirinin gürcü xalqını təhqir etdiyinə görə üzr istəməsini tələb edirlər. Onlar bildirirlər ki, Polşa rəhbərliyinin gürcü xalqına qarşı ədalətsiz münasibəti ilk dəfə deyil. Bundan əvvəl də Polşalı həkimlərin sabiq prezident Mixeil Saakaşvilinin müalicə olunduğu “Vivamed” klinikasında gizli çəkilişlər apardıqlarını, yalan arayışlar təşkil etdiklərini, eləcə də dövlət və hökumət rəsmilərinin Gürcüstan hökumətinə qarşı ədalətsiz bəyanatlar səsləndirdiklərini bildirirlər.
Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk Gürcüstanla vizasız rejimin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı Aİ səviyyəsində razılaşma əldə etmək istədiyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


