Icma.az
close
up
RU
Almaniya gəncləri silahlanmanı dəstəkləmirlər

Almaniya gəncləri silahlanmanı dəstəkləmirlər

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlində etirazlar Avropanın təhlükəsizlik siyasətində yeni çatlar yaradır

Son vaxtlar Avropanı bürüyən etirazların episentri Fransadan Almaniyaya doğru yerini dəyişib. Paris küçələrində sosial-iqtisadi narazılıqlar və gələcək qayğıları ilə alovlanan o üsyankar dalğa indi bütün gücü ilə Berlinə daşınıb. Almaniya bir çoxlarının yaddaşında tarix boyu müxtəlif ideyaların, qorxuların və ümidlərin toqquşduğu məkan kimi xatırlanır. Bu dəfə isə “səhnə”də Brandenburq qapısının ətrafından başlayan və şəhərin mərkəzi küçələrinə yayılan kütləvi izdiham görünür. 

Minlərlə gənc – universitet tələbələri, orta məktəb şagirdləri auditoriyaları tərk edərək hökumətin müdafiə siyasətinə və hərbi çağırışla bağlı yeni qaydalarına etirazlarını bildirmək üçün bir araya gəliblər. Müasir Almaniya cəmiyyəti uzun onilliklər ərzində formalaşmış sülhpərvər rahatlığından çıxıb sərt geosiyasi reallıqlarla üzləşərkən, bu keçidin ən ağır psixoloji və sosial yükü məhz müstəqil həyatın astanasında dayanan gənc nəslin çiyninə düşür.

Bu etirazların arxasında dayanan hadisələr zənciri, əslində bir gündə yaranmayıb. Avropada təhlükəsizlik arxitekturasının sarsılması, Rusiya–Ukrayna müharibəsinin yaratdığı yeni qorxular və Vaşinqtondan gələn müdafiə öhdəlikləri çağırışları Berlini tarixi dönüş nöqtəsinə gətirdi. Vaxtilə hərbi məsələlərə ehtiyatla yanaşan və ordunu cəmiyyətin kənarında saxlayan ölkə birdən-birə özünü yenidən silahlanma və şəxsi heyəti genişləndirmə zərurəti qarşısında gördü. Hökumətin qəbul etdiyi və ilin əvvəlindən qüvvəyə minən hərbi xidmətin modernləşdirilməsi haqqında qanun rəsmi sənədlərdə könüllülük prinsipini ön plana çəksə də, on səkkiz yaşına çatan hər gəncin doldurmalı olduğu anketlər və tibbi yoxlama mexanizmləri küçədəki gəncliyin gözündə tamamilə fərqli məna daşıyır. 

“The Gazette” nəşri yazır ki, Berlində baş verənlər bir siyasi mədəniyyətin sınağıdır. Nəşrin vurğuladığı kimi, etirazlar ölkənin müdafiə qabiliyyətini gücləndirmək istəyən dövlət ilə cəmiyyətin hərbiləşməyə qarşı dərin müqaviməti arasındakı kəskin fikir ayrılığını açıq şəkildə üzə çıxarır. İkinci Dünya müharibəsindən sonra Almaniyada yetişən nəsillərə məktəb partasından etibarən aşılanan əsas dəyər bir daha müharibəyə yol verməmək və silahlı gücə şübhə ilə yanaşmaq olub. İndi isə həmin təhsil sisteminin yetişdirdiyi gənclərə deyilir ki, sülhü qorumaq üçün yenidən əsgər olmaq, kazarmalara qayıtmaq və böyük hərbi büdcələri qəbul etmək lazımdır. Dövlət rəsmiləri və hərbi ekspertlər mövcud ziddiyyəti reallığın tələbi kimi izah etməyə çalışırlar. Rəsmi dairələr əmindirlər ki, güclü çəkindirmə mexanizmi olmadan ölkənin rifahını və demokratik quruluşunu qorumaq mümkün deyil. Halbuki kabinetlərdə hazırlanan strateji hesablamalar küçədə addımlayan on doqquz yaşlı bir tələbənin daxili dünyasına toxunanda soyuq və yad görünür...

Etirazçıların qəzəbini alovlandıran digər amil maliyyə resurslarının bölüşdürülməsi ilə bağlı ədalət hissidir. Müdafiə xərclərinin kəskin şəkildə artırılması və yüz milyardlarla avroluq fondların orduya yönəldilməsi gənclərin gündəlik həyatında hiss etdikləri çatışmazlıqlarla kəskin təzad yaradır. Böyük şəhərlərdə kirayə qiymətlərinin əlçatmaz həddə çatması, tələbə yataqxanalarının yetərsizliyi, məktəb binalarının təmirə ehtiyacı və ictimai nəqliyyatdakı problemlər gənc nəslin hər gün üzləşdiyi acı gerçəklikdir. Onlar hökumətin hərbi texnika və silah-sursat üçün milyardları asanlıqla tapdığını, lakin təhsil sisteminin yenilənməsinə və ya iqlim dəyişikliyi ilə mübarizəyə gəldikdə, büdcə məhdudiyyətlərindən danışdığını görəndə dərin məyusluq yaşayırlar. Müşahidə olunan narazılıqlar sadə bir iqtisadi mübahisədən çox-çox uzağa gedərək nəsillərarası etimad böhranına çevrilir. Yaşlı və orta nəsil siyasətçilər gənclərdən fədakarlıq və vətəndaş məsuliyyəti gözlədikləri halda, gənclər həmin siyasətçiləri onların gələcəyini girov qoymaqda ittiham edirlər. Pandemiya illərində evlərə qapanan, təhsil itkiləri yaşayan və iqtisadi qeyri-müəyyənlik içində böyüyən bu nəsil indi də hərbiləşmə dalğasının mərkəzində qaldığını hiss edir. 

Sonda bir məqamı da qeyd edək ki, Almaniyada müşahidə olunan etiraz dalğası parlament daxilindəki partiyalar üçün də ciddi sınağa çevrilib. Hökumət koalisiyası beynəlxalq tərəfdaşlarına verdiyi sözləri tutmalı, gələcək seçkilərdə səs verəcək milyonlarla gənc seçicini itirməməlidir. Müxalifət cinahında vəziyyət daha da mürəkkəbdir. Sol yönümlü qüvvələr tələbələrin tələblərini dəstəkləyərək sosial xərclərin artırılmasını və hərbi planların dayandırılmasını tələb edirlər. Mühafizəkar dairələr isə əksinə, mövcud addımların belə yetərsiz olduğunu və ölkənin müdafiə qabiliyyətini bərpa etmək üçün daha qətiyyətli qərarların vacibliyini müdafiə edirlər. Belə bir siyasi mənzərədə hökumətin seçdiyi aralıq yol, yəni könüllü xidməti təşviq etmək, lakin lazım gələrsə, məcburi mexanizmlərə qayıtmaq imkanı saxlamaq heç bir tərəfi tam razı salmır. Hərbiləşmə tərəfdarları modeli vaxt itkisi hesab edirlər. Gənclər isə, onu məcburiyyət kimi görürlər. Belə olan halda etimad boşluğu daha da genişlənir və küçə etirazları siyasi gündəmin ayrılmaz hissəsinə çevrilir.

Hüseyn SULTANLI, 
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin məsləhətçisi

Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri, eləcə də transatlantik münasibətlərin dəyişən xarakteri ilə əlaqələndirilən “geosiyasi oyanış” prosesi davam etdiyi bir vaxtda, daxili problemlər Aİ üçün ciddi çağırış olaraq qalır. Sentyabrın ortalarından etibarən Avropanın müxtəlif ölkələrində başlayan və bu günədək davam edən etiraz aksiyaları “Avropa”nın üzləşdiyi problemlərin yalnız “xarici” xarakter daşımadığını nümayiş etdirir. Narazılığın miqyası baxımından görünməmiş bu dalğa həmin ölkələrin hökumətlərinin sosial təminat, yaşayış xərcləri, gənclər arasında işsizlik və miqrasiya da daxil olmaqla, ölkədaxili həyati əhəmiyyət daşıyan məsələlərə yanaşmasında ciddi problemlərin mövcudluğuna işarə edir. Aİ ölkələrinin getdikcə daha geniş dairəsinə yayılan son etiraz aksiyalarında məhz bu tendensiyanın nəticələri özünü göstərir. Məsələn, Xorvatiya və Avstriyada etirazçılar dövlət büdcələrində hərbi xərclərə həddindən artıq vəsait ayrılmasına, vətəndaşların gündəlik həyatda üzləşdikləri problemlərin isə əsassız şəkildə diqqətdən kənarda saxlanılmasına açıq etiraz ediblər. Bu problemlərə əməkhaqlarının səviyyəsi ilə yanaşı, təhsil müəssisələrinə investisiya qoyuluşu kimi sahələr də daxildir. Həmin sahələrin diqqətdən kənarda qalması həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olur. Bu sahələrə ardıcıl olaraq illər boyu kifayət qədər investisiya yatırılmaması qlobal inflyasiyanın, xüsusilə də enerji qiymətlərindəki artımın fonunda daha qabarıq şəkildə üzə çıxıb. Nəticədə, sadə avropalıların siyasətçilərə və hökumətlərinə olan etimadı ciddi şəkildə sarsılıb.

Avropa siyasətçilərinin qarşısında həlli çətin, lakin gələcək üçün həlledici əhəmiyyət daşıya biləcək bir vəzifə dayanır. Onlar xarici əlaqələrlə bağlı sahələrə investisiyalarla müvafiq daxili siyasət istiqamətləri arasında tarazlığı təmin etməyin daha səmərəli yollarını təcili şəkildə tapmalıdırlar.

Nəzrin ELDARQIZI 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri