Icma.az
close
up
RU
Alnımızın qırışlarındakı məmləkət...

Alnımızın qırışlarındakı məmləkət...

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Çoxundan layiq olsa da, Nobel ala bilməyən Kunderanın məşhur romanında etiraz da vardı, etiraf da: bir yandan vətəni tərk etməyən bir inadkar ziyalının necə məhrumiyyətlərə qatlaşdığını göstərir, digər tərəfdənsə, həm də hərdən hətta etiraza da mənəvi aktdan və əxlaqi seçimdən çox "siyasi biznes” kimi baxan, guya kənardan eks-ölkələrindəki siyasi proseslərə dəstək verən, yönəldən, idarə edən ötən əsr bəzi Şərqi Avropa siyasi mühacirlərinin ideoloji-siyasi planda necə kritik məzmunda və aciz durumda olduğunu göstərirdi: hətta o vaxt da elə olurdu, dəqiq bilinmirdi ki, kimin təyinatı nədir...  

Amma yazıçıının "pıçıldamaq” istədiyi yeganə fikir deyildi bu. Təkrar-təkrar dönüb xatırladığım həmin romandan vaxtilə daha çox əxz etdiyim ideya bilirsiniz, həm də nə oldu? Bəzi əski rejimlərdə "təhlükəsizlik strukturları” özləri ləyaqətli vətəndaşlar - insanlar üçün ən böyük təhlükəyə çevrilirmiş: Kundera bu məqamda artıq pıçıldamırdı, haray çəkirdi ki, fərqli düşünənlər, buna da hazır olun! Amma nə gözəl ki, roman dərc olunandan bir neçə il sonra bir çox xüsusiyyətlərinə görə faşist rejimlərindən geri qalmayan, demək olar, sonuncu totalitar sovet-sosialist rejimləri də payızda yarpaqlar solaraq ağacdan töküldüyü kimi hamısı biri-birinin ardınca çökdü...     

Demə, hamısı deyilmiş, bundan da dəhşətlisi varmış: bunu Milan Kundera da duyurdu, hərçənd, onun Avropa mühiti qeyrilərilə müqayisədə həmişə daha liberal olub. Amma demə, təkcə repressiv rejimlər, hökumətlər yox, həm də repressiv cəmiyyətlər də olurmuş... 

Sovetin Stalin dönəmindən, eləcə də başqa repressiv dövlətlərin tarixindən oxuduqlarımdan da belə şey tutdum ki, belə rejimlərdə cəmiyyətlər özləri repressiv alətə çevrilirmiş, məsələn, Sovetlər adamı "xalq düşməni” elan edib, özü yana, yaxınlarını da repressiv cəmiyyətin ixtiyarına buraxır, sanki, "ardı sizlikdir!” deyirlərmiş! "Xalq düşmənləri”nin özlərinisə məhbəslərdə, həbs düşrgələrində hətta kriminallarla "təsir” edir, incidirmişlər: ağıllı adamlar nahaq demir ki, rejimlər, ölkələr olur, bilmirsən, məhbəs həyatın bu üzündədür, yoxsa o biri? Bilmirsən, rahatlıq haradadır, məhbəsdə, yoxsa ki, "çöldə”?..

Stalin düşərgələrindəki məhbuslar haqqında çox oxumuşam - mövzu hamıya azı Soljenitsındən tanışdır. Belədəsə, bir keçmiş məhbus xatırlayırdı ki, kriminallar bunları çox incidirmiş və qərara gəlirlər ki, onlarçün bir ədəbi veriliş-tamaşa hazırlasınlar. Necə olursa, düşərgənin rəhbərlyi də razılıq verir. Tamaşa hazırlanır və göstərilir! Məhbus xatırlayırdı ki, bundan sonra kriminalların onlara münasibəti dəyişibmiş. 

Deməli, sənətin tərbiyəedici gücünün olmaması haqda deyilənlər də tamam doğru deyilmiş, hərdən, sənət nəyisə dəyişir. 

Sovet vaxtı bir roman da vardı, gürcü yazıçısı Nodar Dumbadzenin "Ağ bayraqlar”ı. Yeri gəlmiş, yazıçının o vaxtkı "Mən, nənəm, İliko və İllarion” əsəri az qala, ədəbi "janr”a çevrildi, neçə adam bu "üslub”da yazdı. Oxuyanda, eləcə sonradan təkrarən beynimizdən keçirəndə ağlımıza bilirsiniz, nə gəlirdi? Çabua Amirecibi kimi artıq klassikə çevrilən ədiblərə sayğımla bahəm, fikirləşirəm ki, Dato Tutaşxia - filan kim şişirtmələr lazım deyil, Nodarın qəhrəmanları daha çox gürcü idi, gürcülər onlara, onlarsa gürcülərə daha çox bənzəyirdilər. Bunu erməni Qrant Matevosyan haqda da deyərdim. Nodar, hətta Qrant haqda da düşünəndə, istər-istəməz, çox yığcam ifadə gəlir ağlıma: sadəlikdə böyüklük! Deyəsən, rəhmətlik Bəxtiyar Vahabzadənin sovet vaxtındakı bir kitabının adıydı; belədəsə, o, bu ifadəni Robert Rojdestvenski haqqında yazmışdı deyəsən...

Bunları həm də ona görə deyirəm ki, ölkənin əsas "aktor”ları təkcə hakimiyyətlər, hökumətlər, partiyalar, müxaliftçilər deyil, həm də cəmiyyət, insanlar, vətəndaşlardır. Sonuncular bəlkə də hamısından daha önəmlidir və bəlkə hər şey onda alınır ki, cəmiyyət - vətəndaşlar bunu istəyir, çünki daim yazır və deyirik ki, heç bir hakimiyyət, ya müxalifət öz cəmiyyətindən - xalqından güclü ola bilməz. 

Hərdən görürsən, hamı reallıqlardan gileylənir, guya irrasional şəkildə olsa da, dəyişiklik istəyir. 

Gözəldir! Amma illər ərzində nə gördük? Fəhləsindən jurnalistinə, siyasətçisinə qədər soruşardıq: bəylər, həqiqi yeniliyə həvəsiniz və marağınız, həqiqətən yenilikçi insanlara dəstəyiniz nədir, heç diqqətiniz, sayğınız oldumu? 

Ən əsası: özünüzü ciddi yeniliklərə hazər görürsünüzmü?       

Əlbət, hamıya aid deyil, amma əsl yenilik, çox təəssüf, təkcə kimisə sancmaqla, aşağılamaqla, hətta "yola salmaq”la da olmur. Az olubmu dünyada "İvan getdi, Andrey gəldi” məsələsi? 

Ortada yeni ideya, alternativ təklif olmalıdır. Əvvəl müəyyən qrup inanmalıdır, daha sonra məsələ cəmiyyətə təqdim olunmalı, əsas da onu həyata keçirməkçün hərəkət olmalıdır. 

90-cı illərdə hətta "siyasət adamları”na belə başa sala bilmirdik ki, ideoloqlar, jurnalistlər yalnız ictimai rəyi dəyişə və uzağı fokuslaşdıra bilər, məsələnin dinamik tərəfi artıq siyasətçilərin, siyasi fəalların, həm də cəmiyyətin işidir...

Hamıya aidiyyəti yox, amma siyasətə, hətta siyasi jurnalistikaya teatr kimi yanaşsan, sonda həqiqətən "teatr” olacaq.

Böyük Platon da deyirdi ki, hər şey oyundur, amma hərfi mənada başa düşmək lazım deyil. Siyasətə daha çox "teatr” kimi yanaşdıq və axırda betəri oldu: nəniki teatra, hətta "bir aktyorların teatrı”na çevrildi! İndi ölkə siyasəti az qala, kiçik, rabitəsiz "siyasi gölməçə”lərə çevrilib, onun hətta böyük milli məsələlər naminə "böyük göl”ə çevrilməsi görünmür. "Alma almaya bənzər” filmi yadınızdamı? Orada "Bu, elə səhralıqdır ki,  üfüqlərində də keçici qırmızı bayraq görünmür” deyilirdi...   

Deyirlər ki, şükür, sosial şəbəkə-filan var. Nə olsun? Şəxsən yoxam orada, amma kənardan sanki hiss edirsən ki, orada yazılanları da bəlkə daha çox bəzi güc strukturlarının əməkdaşları oxuyur, kimsə nəsə etmək, nəyisə dəyişməkçün oxumur, yaxud da öyrənmir onları.  

Ona görə çoxunda böyük hesabla daha nəinki kimsəyə, heç nəyəsə belə maraq xüsusən inam qalmayıb. İllər öncə bir rejissorumuz dedi ki, pəncərədən baxıram və fikirləşirəm ki, bir teatr adamı kimi mən burada oyun qururam, yoxsa küçədə müxalifətçilər? 

Bəli, müxalifətçilərimiz bundan çox, xeyli incimişdi, hətta qeyzlənmişdilər, amma prinsipcə, düz deyirdi, hərçənd, demokratiya mütəxəssisləri etirazlara teatrallıq qatmağı da tövsiyyə edir. Bir keçmiş polyak dissidenti xatırlayırdı: "Aksiyaların qarşısını almaqçün qurulan polis kordonunda xüsusi itlərdən də istifadə edirdilər və onlar polislərin özlərindən də qorxuluydu. Düşünürdük, necə edək, neyləyək? Axırda aksiyaya kolbasayla yollandıq. Polis kordonu ilə üzləşəndə kolbasaları atdıq itlərin qabağına və sanki onlar bunu gözləyirmiş! Kordon pozuldu, cərgə dağıldı, nəinki bizi, hətta polisləri də gülmək tutdu”.          

Yox, sizi, nə bilim, aksiya keçirməyə, polis itlərinə kolbasa atmağa çağırmırıq: zəhrimar, az qala, ət qiymətinədir, yeməyə tapmırıq, ondan qala, itə atmağa ola! Həm də it var, insanların çoxundan yaxşı gündədir, çünki it də olmaq olar, əsas odur sahibin yaxşı olsun... 

Yeri gəlmiş, əvvəl insanlar bir şeyin qiymətinə diqqət çəkəndə "filan şey od qiynmətinədir” deyirdisə, indi də "ət qiymətinədir” söləyirlər...  

Belədəsə, siyasətin dinamik tərəfi iflic olub, qalıb kinematik tərəfi. Kinematikasa daha çox təsvirdir, görüntüdür: həyat və ya energetika yoxdur, hər şey ahıl və xəstə adamın zarımasını xatırladır yaxşı halda.

Bir ciddi cəhd də görünmür. Adamın yadına yenə də Nazim Hikmət düşür, əlbəttə, siyasət adamından çox şair Nazim: bəli, sən yanmasan, mən yanmasam, biz yanmasaq...  

Amma insanları da anlamaq olur: adamı elə bezdirir, elə peşman edir, hətta elə sındırırlar ki, ağlından yalnız bircə sual keçir: Dəyərmi buna?.. 

Təsəlli, ibrət də budur ki, Nazim heç vaxt özündən soruşmadı bunu, hərçənd, nəinki doğma Türkiyədə, heç məcbur olub sığındığı Rusiyada özünkü olmadı, yad sayıldı: "Ben bir ceviz ağacıyam Gülhanə parkında”.

Adam özü də parkda ağac olmaq istəyir. Bilirsız, niyə? Parkdakı ağacları tamam baltalamırlar, onların nə vaxtsa, göyərmək ümidləri qalır...

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Mart 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see525

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see307

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see298

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi FOTO

22 İyun 2026 13:29see262

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

22 İyun 2026 13:28see262

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see238

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb

22 İyun 2026 18:01see231

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?

22 İyun 2026 09:56see229

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see216

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see216

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see196

Qaraciyər nəqli əməliyyatı keçirən aktyorun son halı FOTO

22 İyun 2026 22:45see178

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see178

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see172

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see170

Kollecə direktor təyin edildi

22 İyun 2026 10:15see169

Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq

23 İyun 2026 00:22see163

Azərbaycanda yeni klub yaradıldı Region Liqasında oynayacaqlar

22 İyun 2026 16:22see159

Fransa İraq matçında fırtına xəbərdarlığı Tribunalar boşaldıldı

23 İyun 2026 02:10see154

Aaron Remzi “Oksford Yunayted”i çalışdıra bilər

22 İyun 2026 20:49see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri