Icma.az
close
up
RU
Amerikanın sonrakı ağlı

Amerikanın sonrakı ağlı

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

El arasında belə bir məsəl var: "Müsəlmanın sonrakı ağlı". Bunu müsəlmanlar özləri haqqında elə özləri deyib, ya başqaları, bilmirəm. Hər halda qınayıcı, hətta aşağılayıcı bir tondur. Mənası da məlumdur. İstənilən halda ifrat, həm də qəddar ümumiləşdirmədir.

Bəlkə bu yazının başlığındakı cümləni də ifrat və qəddar ümumiləşdirmə hesab edən olacaq. Ancaq, yox. Bu, xüsusi bir haldır.

Amerikalıların ağlına şübhə etmək ağılsızlıq olar. Ən azı ona görə ki, iki əsrdə belə bir dövlət yaradlb, superdövlətə çevirə bilmək yüksək ağılın məhsuludur. Ona görə də mənim cümləmdə ümumiləşdirmə yoxdur, çünki xüsusi haldan söhbət gedir. Həm də ağıldan da yox, inamdan bəhs edirik.

Bəli, Amerikalıların bir qismi 2020-ci ildə Co Baydenə inandılar, onu prezident seçdilər. Sözsüz, təkcə seçimin düzgünlüyü deyil, onun, ümumiyyətlə, seçilib-seçilmədiyi də şübhəli, hətta mübahisəli idi. Həm də faciəli dərəcədə mübahisəli!

Amerika Birləşmiş Ştatları nəhəng ölkədir, dünyanın ən böyük siyasi, iqtisadi və hərbi gücüdür. Hər nə qədər son dövrlər bir çox mövqelərində zəifləmə görünsə də, yenə də ABŞ Planetin 1 nömrəli dövləti olaraq qalır. Ən təəccüblüsü də elə budur: necə olur axı, belə nəhəng güc, məsələn, Bayden kimi belə zəif bir siyasi profilə əmanət edilir?

Fiziki baxımdan zəifliyini demirəm. O, başqa mövzudur. Dünyadakı ən böyük siyasi iqtidarı Amerikalılar siyasi iqtidarsıza etibar etmişdilər.

O zaman - 4 il bundan qabaq Donald Tramp üzərində mübahisəli qələbə qazanmaqla, Bayden ABŞ-a birinci zərbəni vurdu. Növbəti ağır zərbə etirazçıların Kapitoli təpəsinə - Konqres binasına məlum hücumu olmuşdu. Hücum edənlər Trampın tərəfdarları idi, bu, doğrudur. Amma hücumun səbəbinin Bayden olduğu mübahisəsizdir. Çünki seçildiyi şübhə doğururdu, ya da belə deyək: seçilmədiyi şübhə doğurmurdu.

Bax, o zaman Co Bayden həm Amerika seçki sisteminə, həm prezidentlik institutunun avtoritetinə, bütövlükdə Amerika demokrariyasına ən ağır zərbəni vurdu. Sonrakı dövrlərdə ölkənin daxili siyasəti bərbad günə düşdü, ölkənin borcları astronomik sürətlə artdı, qiymətlər qalxdı, irqi zəmində qarşıdurma böyüdü - bunlar hamısı öz yerində.

Amma ağır səhvlər xarici siyasətdə də davam etdi. Bu baxımdan, ən pis qərar dünyanı "özümüzünkü-özgələr" deyə iki yerə bölmək cəhdi idi. Baydenin qlobal qalmaqal doğurmuş o məşhur "Demokratiya sammiti" yadınızdan çıxmayıb yəqin. Ağ Ev sahibinin bu Planetar avantürası Dünya ölkələrini "demokratik olanlar və demokratik olmayanlar" deyə iki yerə bölmüşdü. O da yadımızda olar ki, Bayden Azərbaycanı bu sammitə dəvət etməmişdi, amma Ermənistanı dəvət etmişdi. Buna görə Azərbaycandakı müxalifət necə sevinmişdi! Elə düşünürdülər, hətta müxalifət liderləri elə danışırdılar, elə hava yaratmışdılar ki, elə bil sammitin ertəsi günü Pentaqon Bakıya desant göndərib, bu liderləri paraşütlə hakimiyyətə gətirəcəkdi.

İndi, gördüyünüz kimi, heç o sammiti yada salan da yoxdur. Nəinki kimin demokrat, kimin qeyri-demokrat olduğu, hətta o sammitin özü də Baydenin yadından çoxdan çıxıb. O zaman da bunun qlobal avantüra olduğunu, dünyaya xeyirdən çox zərər vurduğunu yazmışdım.

Təsəvvür edin: Bayden Türkiyəni dəvət etmədiyi halda, Ermənistanı öz aləmində "şərəfləndirmişdi". İndi Suriya qarışıb və həmin Bayden Orta Şərqdə nizam yaratmaq üçün Türkiyədən mədəd umur; ismarıclar, yardım çağırışları havada uçuşur.

Nə isə. Bunları da keçdik. Ən ağır, dünya üçün ən faciəli yanlış qərar Baydenin Ukrayna müharibəsinə səbəb olması idi.

Əlbəttə, hücum edən Rusiyadır, o başqa. Amma Ukraynada "müharibə partiyası" qurub, sonra da Volodimir Zelenskinin simasında Ukrayna hakimiyyətinə daşıyan Bayden oldu. Rusiyanı Ukraynaya hücum etməyə təhrik edib, bir müddət kənara çəkildi. İmkan verdi ki, Rusiya Ukrayna ərazilərini sürətlə işğal etsin. Vəd etdiyi silahı, pulu, siyasi dəstəyi göstərmədi. Ya gecikdirdi, ya tam vermədi, ya da heç vermədi. Ukraynalıları qırğına verdi, bu, öz yerində. Ukraynanı bir dövlət kimi qalıb-qalmamaq dilemması ilə üz-üzə qoydu, bu da bir başqa. Bütövlükdə Avropanı Rusiya işğalı təhlükəsinin, dünyanı qitələrarası müharibənin, hətta nüvə müharibəsinin ərəfsinə gətirib çıxardı.

Əfqanıstandan "qaçdı", orduya zərbə vurdu. Afrikanın bəzi bölgələrindən çəkildi. Rusiya ilə, Çinlə dialoqdan qaçdı. Türkiyə kimi müttəfiqi özündən uzaqlaşdırdı, narazı saldı. Avropa siyasəti tam bir fiasko! İsrail-Fələstin münaqişəsindəki mövqeyini hələ demirəm. Yaxın Şərq siyasəti iflas etdi. Qəzza böhranı vaxtı Təl-Əvivə uçan dövlət katibi Entoni Blinken belə bir qalmaqallı bəyanat verdi: "Mən bura bir yəhudi kimi gəlmişəm". Bu, Bayden diplomatiyasının necə bir iflas içində olduğunu göstərən cümlə idi.

Dəfələrlə Baydenə qarşı impiçment planları da quruldu; Amerika öz seçimində yanıldığını gec də olsa, anlamışdı. Ancaq bu, həmin o "sonrakı ağıl" məsələsi idi. Bununla belə Bayden növbəti seçkidə namizədliyini verdi; partiyasına və ölkə demokratiyasına bir zərbə də vurdu. Bir müddət seçki kampaniyasını apardı, sonra axır ki, biabırcasına uduzacağını görüb partiyasının təzyiqi altında geri çəkildi - daha bir zərbə. Vitse-prezidenti Kamala Harrisi öz yerinə namizəd göstərdi - yenə zərbə. Harris uduzdu - zərbə...

Bir sözlə, Baydenin bütün prezidentlik dövrü bir-birini əvəz edən, bir-birindən ağır nəticələr doğuran yanlış qərarlar seriyasıdır. O, yeni seçilmiş prezident Donald Trampla Ağ Evdə görüşəndə, bilirsiniz, nə dedi?! "Mən çalışacağam, hakimiyyətin keçidi yumşaq olsun",-dedi.

Görün, ölkəni hansı nöqtəyə gətirib ki, seçilmiş prezidentə hakimiyyətin yumşaq ötürülməsini vəd etməli olur.

Ölkədə hakimiyyət seçki yolu ilə dəyişirsə, əlbəttə, keçid də yumşaq olacaq. Niyə sərt olmalıdır ki?! Yoxsa Bsyden tərəfdarlarını Konqresə hücuma hazırlayıb?!

Bu "yumşaq keçid" vədi ilə prezident Bayden Amerika demokratiyasına daha bir sərt zərbə vurdu. Sanki söhbət hansısa "banan respublikası" haqda gedir. Bu, əslində həm də Amerika seçki sisteminin qüsurlu olduğuna diqqəti bir daha cəlb elədi.

Və nəhayət, Bayden oğlunu əfv etməklə Amerika tarixinin bəlkə də ən yanlış qərarını verdi. Zərbə vurmadığı bir Amerika ədliyyə sistemi qalmışdı, onun da etibarını sarsıdıb gedir.

Hakimiyyəti dövründə Baydeni dəstəkləmiş The New York Times qəzeti bu qərara həsr etdiyi köşə yazısında prezidenti kəskin tənqid edib. Qəzet yazır: "Administrasiyasının son günlərində cənab Baydeni hətta öz demokrat yoldaşları da (Demokrat Partiyasının üzvləri -red.) rədd edir".

Məqalədə yazılır ki, Baydenin öz oğlunu əfv etməsi tərəfdarlarını çox məyus edib: "Öz qohumunu əfv etməklə ədalət məhkəməsinə etimada vurulan zərbə onun (Baydenin -red.) pərəstişkarlarını şoka salıb. Çünki o, məhkəmənin işinə qarışmayacağı haqqında əvvəllər özünün verdiyi sözə xilaf çıxıb".

Co Baydenin partiyadaşı, Koloradodan seçilmiş senator Maykl Bennet NYT müxbirinə müsahibəsində prezidenti ağır ifadələrlə qınayıb.

Prezident Baydenin ağır cinayətlərdə təqsirləndirilən öz doğma oğlunu əfv etməsi haqqında suala cavabında senator Bennet belə deyib: "Oğluna sevgisi nə qədər böyük olursa-olsun, bu qərar onun öz şəxsi maraqlarını ölkə qarşısında məsuliyyətindən üstün tutmasına dair daha bir misaldır. Bu, məhkəmənin ədalətinə və ədalət mühakiməsi qarşısında hamının bərabər olmasına dair Amerikalıların inamını sarsıdır".

Əslində senator Maykl Bennetin sözlərindən sonra daha geniş şərhə ehtiyac qalmır. Sadəcə, bunu əlavə edək: Amerika mediasına müsahibə verən demokratlar indi ayılıb, etiraf edirlər ki, Co Bayden prezidentliyə namizədliyini, ümumiyyətlə, verməməli idi, namizədliyini geri çəkməkdə gecikməməliydi və sair.

Bir sözlə, Demokratların sonrakı ağlı...

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see560

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see331

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see315

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see300

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see266

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see246

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see212

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see203

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see194

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see193

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see190

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see189

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see187

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see179

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see178

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see177

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see172

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see169

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see155

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri